Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-402/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu Novxanı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN PX Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə səhər saatlarında xadimə kimi işlədiyi Bayrak X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən evinin yataq otağındakı saxlanc yeri olan dolabın siyirməsinə qanunsuz daxil olaraq sonuncuya məxsus və hər biri Almaniya istehsalı olmaqla 01 ədəd dəyəri 3500 manat təşkil edən qızıl üzük, 01 ədəd dəyəri 23.000 manat təşkil edən qızıl üzük, 01 ədəd dəyəri 1500 manat təşkil edən qızıl boyunbağı, 01 ədəd dəyəri 9500 manat təşkil edən qızıl klon və Türkiyə istehsalı olan 01 ədəd dəyəri 800 manat təşkil edən qızıl klon, Almaniya istehsalı olan dəyəri 2.000 manat təşkil edən 01 ədəd qızıl üzük və Almaniya istehsalı olan dəyəri 3.000 manat təşkil edən 01 ədəd qızıl klonu gizli olaraq talayıb zərəçəkmiş şəxs Bayrak X1 ümumilikdə 43.300 (qırx üç min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 6 il Ə.Qarayev adına uşaq xəstəxanasında xadimə işləmişdir. Əmək haqqı az olduğuna görə 2022-ci ilin sentyabr ayından öz istəyi ilə işdən çıxmışdır. O vaxtdan işsiz olmuşdur. Orada işlədiyi vaxtlarda Bayrak X2 tanımışdır. Belə ki, Eda həmin xəstəxanaya qohumunu gətirmiş və Aygünə həmin vaxtlarda demişdir ki, evində xadimə işlədir, həlilik işləyir, öz nömrəsini ona versin, sonra lazım olsa onunla əlaqə saxlayar. Aygün də mobil nömrəsini ona vermişdir. 2022-ci ilin dekabr ayının axırlarında ona zəng vurub işsiz olduğunu bildirmiş və xahiş etmişdir ki, iş olsa ona xəbər etsin. 2023-cü ilin yanvar ayının 1-də Aygünə zəng vurub bildirmişdir ki, sabah onun evinə gəlsin, onunla işi olacaq. O, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə onun Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bağ evinə getmişdir. Həmin gün onun evində görüşmüş və Eda ona bildirmişdir ki, “səni öz evimdə xadimə kimi işə götürmək istəyirəm, əgər işləmək istəsən burda da qalarsan, anam da burada yaşayır, xəstədir, gözləri görmür, həm də ona köməklik edərsən, əmək haqqın da 1000 manat olacaq”. Aygün əmək haqqı ilə razılaşmış, lakin ona bildirmişdir ki, onun da evdə ailəsi var, burada qala bilməz, gündəlik gedib-gələ bilər. Eda da onun bu fikri ilə razılaşmış və ona bildirmişdir ki, arada işi ilə əlaqədar yoldaşı ilə birlikdə Lənkəran rayonuna gedir, həmin vaxtlarda gəlib onun evində qala bilərsə, evdə anası da tək qalmaz, həmçinin buna görə ona əlavə hörmət də edəcək. Aygün də onun bu fikri ilə razılaşmışdır. Beləliklə xx.xx.2023-cü il tarixdən orada işləməyə başlamış, hər gün saat 8-də orada olmuş, axşam saat 18-də isə işdən çıxıb evə qayıtmışdır. Eda və yoldaşı Lənkəran rayonunda olan zaman o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında evin yataq otağındakı dolabın sirməsindəki qızıl əşyalardan oğurlayıb Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən Lombarda girov qoyub pul götürmüşdür. Belə ki, həmin dolabdan bir ədəd balaca halqalardan ibarət qızıl boyunbağı, iki ədəd qızıl klon və üç ədəd ayrı-ayrı formada, yəni biri qaşlı və ikisi isə sadə halqa formasında olan qızıl üzükləri oğurlamışdır. Onlardan bir ədəd balaca halqalardan ibarət qızıl boyunbağı, bir ədəd qızıl klon və bir ədəd sadə halqa formasında olan qızıl üzüyü Zabrat qəsəbəsindəki Lombardda işləyən İsmayıl adlı şəxsə verərək girov saxlamış və ona uyğun olaraq 1060 manat pul götürmüşdür. Həmin pulu öz borclarına vermişdir. xx.xx.2023-cü il tarixdə Eda və yoldaşı Lənkəran rayonundan evə gəlmişlər, həmin vaxt o, mağazada olmuşdur, Eda ona zəng vurmuş və o, aptekdə olduğunu, uşağı üçün dərman almaq üçün getdiyini bildirmişdir, 10-15 dəqiqədən sonra onun evinə getmiş, yolda mağazadan Edanın anası üçün albalı şirəsi almışdır. Edanın qızılların yerində olmadığını biləcəyini düşünərək, ona uşağının xəstə olduğunu, ona görə evə getməli olduğunu bildirmişdir. Eda ona icazə vermiş və Aygün evə getmişdir. Səhəri gün onun evinə işə getmiş, ora çatdıqdan sonra Eda ondan yataq otağındakı dolabın sirməsindən bir ədəd qızıl boyunbağı, iki ədəd qızıl klon və iki ədəd qızıl üzüyünün yerində olmadığını bildirmişdir. Aygün ona qızıllardan xəbəri olmadığını bildirmiş, lakin Eda onu çox sorğu-suala tutmuş və ona demişdir ki, “bu evdə səndən başqa kənar adam olmamışdır, qızıllarımı sən oğurlamısan”. Aygün bundan sonra hiss etmişdir ki, Eda artıq ondan şübhələnib, ona görə ona bildirmişdir ki, qızıllardan birini, yəni bir ədəd halqa formasında olan üzüyü götürüb Zabrat qəsəbvəsindəki lombarda qoyub ehtiyacı olduğuna görə pul götürmüşdür. Eda ona lombardın yerini göstərməsini demişdir. O, Eda və onun həyat yoldaşı həmin lombarda getmiş, orada işləyən İsmayıl adlı şəxsdən xahiş etmişdir ki, xx.xx.2023-cü il tarixdə lombarda bir ədəd qızıl üzük girov qoyub pul götürmüş, onun pulunu qaytarır, əvəzinə həmin üzüyü ona versin. Bu zaman İsmayıl onların yanında Aygünə demişdir ki, “yadımdadır ki, sən həmin gün mənə üç ədəd, yəni bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon və bir ədəd qızıl üzük verdin, əvəzinə mən sənə həmin qızıllara uyğun 1060 manat pul verdim, əgər götürmək istəyirsənsə pulunu tam ödə qızılları da səhər gətizdirim gəl məndən götür”. Bundan sonra Eda onunla qzıllara görə mübahisə etmiş və polisə zəng edib məlumat verəcəyini bildirmişdir. O, Edaya yalvarmış və polisə məlumat verməmməsi üçün xahiş etmişdir. Daha sonra o, bankomatdan 500 manat pulu çıxardaraq qızılları lombarddan çıxartmaq üçün İsmayıla gətirmiş, lakin İsmayıl ona müdriyyətin icazə vermədiyini, pulu tam ödədikdən sonra qızılları çıxarda biləcəyini bildirmişdir. O, pul tapacağına və qızılları lombarddan çıxardacağına dair Edaya söz versə də, bunu edə bilməmiş, bu səbəbdən də utandığından və qorxundan geri qayıtmamış, telefonu da yaddından çıxardaraq onların avtomobilində qoymuşdur. Bundan sonra Eda və həyat yoldaşı onunla əlaqə saxlaya bilməmişlər. xx.xx.2023-cü il tarixdə evdə olduğu zaman yoldaşının telefonuna zəng gəlmiş və onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. O, 1-ci PŞ-nə getmiş və orada izahat vermiş, lakin əvvəl etdiyi oğurluğu etiraf etməmişdir. Ondan sonra onu sərbəst buraxılmışdır. Edanın evindən oğurladığı halqa formasında olan üzüklərdən birini, düzbucaqlı formasında qaşı olan üzüyü və üzərində simli toxunuşu olan urək formalı klonu özündə saxlamış, onlardan qaşlı üzüyü götürüb xx.xx.2023-cü il tarixdə Zabrat qəsəbəsindəki lombarda getmiş və həmin üzüyü verib yenidən pul götürmək istəmişdir, lakin İsmayıl bu dəfə ona pul verməmişdir. Ona görə də məcbur olub Nərimanov rayonuna getmiş, Nərimanov metro stansiyasının yaxınlığında yerləşən “Karat Lombard”a yaxınlaşıb həmin üzüyü girov qoyaraq 140 manat pul götürmüşdür. Həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə Zabrat qəsəbəsindəki lombarda borclu qaldığı qalıq 660 manat pulu ödəmiş və qızılları həmin gün götürmüşdür. Elə həmin gün oradan götürdüyü qızılları yenə də Nərimanov metro stansiyasının yaxınlığında yerləşən “Karat Lombard”a gedib həmin qızılları orada 1200 manata satmışdır. Səhəri gün Edanın evindən oğurladığı üzərində simli toxunuşu olan urək formalı klon və bir ədəd sadə üzüyü “Karat Lombard”a 247 manata satmışdır. Oradan aldığı pulu da öz borcuna vermişdir. Etdiyi oğurluqla bağlı heç kimə məlumat verməmişdir. O, ilk dəfə törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmiş və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 85, mənzil 144/145 həyat yoldaşı ilə birlikdə yaşayır. İşi ilə əlaqədar olaraq çox vaxt Şağan qəsəbəsindəki evində olmur. Evinin təmizlik işlərini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs həvalə etmişdir. Aygün onun evində xx.xx.2023cü il tarixdə işləməyə başlamışdır. Onunla hər ayda 400 manat olmaqla əmək haqqı vermək və həftənin altı günü səhər saat 09:00-dan 18:00-dək işləmək şərti ilə razılaşmışlar. Bu müddət ərzində bir neçə dəfə evə gəlmiş və hər bir şeyin qaydasında olduğunu görmüşdür. xx.xx.2023-cü il tarixdə işi ilə əlaqədar olaraq həyat yoldaşı ilə birlikdə Lənkəran rayonuna getmişdir, həmin müddət ərzində Aygün evini təmizləməli olmuşdur. xx.xx.2023-cü il tarixdə evə qayıtmış, lakin həmin vaxt Aygün evdə olmamışdır. Yoldaşı ona zəng vurub harada olduğunu soruşmuş, o, isə bildirmişdir ki, aptekdədir, 5-10 dəqiqəyə gələcəkdir. Təxminən 10 dəqiqədən sonra Aygün gəlmiş, lakin aptekdən heçnə almamış və onlara uşağının xəstə olduğunu, evə getməli olduğunu bildirmişdir. Həmin vaxt aygün çox həyəcanlı olmuşdur. Onlar Aygünəevə getməyə icazə vermişlər. Ondan sonra o, üzərində olan qızıl əşyalarını yataq otağındakı dolabın sirməsindəki qutunun içərisinə qoymaq istəyərkən həmin qutuda ona aid olmayan bəzək əşyaları olan bijuteriyalar və digər qızıl əşyaları həmin qutunun içərisində görmüşdür. O, şübhələnmiş, diqqətlə baxmış və müəyyən etmişdir ki, nənəsindən ona miras qalmış dəyəri 3500 manat olan 01 ədəd Almaniya istihsalı olan qızıl üzük, dəyəri 23.000 manat olan 01 ədəd Almaniya istihsalı olan qızıl üzük, dəyəri 1500 manat olan 01 ədəd Almaniya istihsalı olan qızıl boyunbağı, dəyəri 9500 manat olan 01 ədəd Almaniya istihsalı olan qızıl klon və dəyəri 800 manat olan 01 ədəd Türkiyə istehsalı olan klon yerində yoxdur, bununla bağlı heç bir yerə müraciət etməmişdir. Səhəri gün Aygün onun evinə gələn zaman o, Aygünə məsələni danışmış və əgər qızılları götürübsə gətirib qaytarmasını və onun barəndə heç bir yerə müraciət etməyəcəyini bildirmişdir. Aygün əvvəlcə etiraf etməsə də daha sonra uşağı xəstə olduğuna görə, ehtiyacı olduğuna görə bir ədəd qızıl üzüyü götürdüyünü və Zabrat qəsəbəsində lombarda qoyub pul götürdüyünü etiraf etmişdir. Daha sonra onlar Aygünlə birlikdə Zabrat qəsəbəsinə həmin lombarda getmişlər. Orada işləyən İsmayıl adlı şəxslə görüşmüş və Aygün ona demişdir ki, “üç gün bundan əvvəl sizə bir ədəd qızıl üşük verib pul götürmüşəm, indi pulu qaytarıb qızılı geri götürmək istəyirəm”. İsmayıl da ona demişdir ki, “əgər qızılı götürmək istəyirsinizsə bir gün əvvəl xəbər etmək lazımdır”. Bundan sonra Aygün onunla rus dilində danışmağa başlamışdır. O, rus dilində İsmayıla demişdir ki, “mən sizə üç gün bundan qabaq qızıllar vermişəm, onlardan ancaq bir ədəd üzüyü bunların yanında mənə qaytararsız”. İsmayıl da ona demişdir ki, “sistemdə yoxlayıb aydınlaşdırım, görüm ki, sən mənə neçə ədəd qızıl əşya vermisən”. Təxminən 15 dəqiqədən sonra müəyyən olmuşdur ki, Aygün İsmayıla 01 ədəd qızıl üzük, 01 ədəd qızıl klon və 01 ədəd qızıl boyunbağı vermişdir və onun müqabilində ondan 1060 manat pul götürmüşdür. Bunu eşidən zaman Aygün ona yalvarmış və polisə məlumat verməsini, sabah saat 10-a kimi qızıllarını qaytaracağına dair söz vermişdir. Daha sonra Aygünün telefonu onların avtomobilində qaldığına görə onunla əlaqə saxlaya bilməmişlər. Bundan sonra Aygün bir daha geri qayıtmamışdır. Bu səbəbdən də o, DİN-in 102 xidmətinə zəng vurub hadisə ilə bağlı məlumat vermişdir. Olğurluq hadisəsi nəticəsində ona ümumilikdə 43.300 (qırx üç min üç yüz) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, şikayətçidir. Məhkəmə iclasında Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi ev 16-da ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ildir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 90 ünvanında yerləşən Lombardda zərgər qiymətləndiricisi kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi lombarda gələrək özünə məxsus qızıl əşyalarını girov saxlayıb pul götürmək istədiyini bildirmiş və 01 ədəd balaca halqalardan ibarət qızıl boyunbağı, 01 ədəd çevrə formasında sadə qızıl üzük və 01 ədəd ürək formasında qızıl klon gətirmişdir. İsmayıl da onun gətirdiyi qızılları tərəzidə çəkmiş, əyarı 585 olan boyunbağı ilə klon birlikdə çəkisi 13,9 qram, üzük isə əyarı dəqiq oxuna bilinmədiyinə görə onu 750 əyarlıq kimi hesablamış və çəkisi 5,7 qram olmuşdur. Bundan sonra Aygünə bildirmişdir ki, gətirdiyi qızıllara görə ona 1060 manat pul verə bilər, Aygün də onunla razılaşmışdır. İsmayıl qəbz, yəni girov bileti yazaraq qızılları ondan rəsmi qaydada götürmüş və ona 1060 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman Aygün və yanında bir nəfər Türk vətəndaşı olan qadın və bir nəfər də kişi işlədiyi lombarda gəlmişlər. Aygün ona yaxınlaşıb bildirmişdir ki, “xx.xx.2023-cü il tarixdə bura bir ədəd qızıl üzük girov qoyub pul götürmüşəm, onun pulunu verib götürmək istəyirəm, həmin qızıl yanımda gələn qadına məxsusdur”. İsmayıl ona bildirmişdir ki, “sən mənə üç ədəd qızıl əşya verib 1060 manat pul götürmüsən”. Bu zaman Aygünlə birlikdə gələnlər Aygünlə mübahisə etməyə başlamışlar, ona bildirmişlər ki, “bizə niyə yalan danışırsan, bura üç ədəd qızıl vermisən, lakin bizə bir ədəd deyirsən”. Həmin qadın, yəni Zərərçəkmiş şəxs İsmayıla polisə məlumat verəcəyini bildirmiş, Aygün isə ona yalvarmağa başlamış və bildirmişdir ki, polisə məlumat verməsin, onu bağışlasın ki, onlara yalan danışıb, məsələni sabah həll edəcək. İsmayıl Aygünə bildirmişdir ki, qızıllar burada saxlanılmır, ödəniş tam olunmalıdır ki, sabah həmin qızılları gətirsinlər. Aygün onunla razılaşmış və birlikdə getmişlər. Təxminən bir neçə dəqiqədən sonra onlar qayıtmışlar və Aygün İsmayıla 500 manat pul vermiş və ona demişdir ki, qalan pulu da sabah gətirib qızılları götürəcək. İsmayıl ona bildirmişdir ki, sabah saat 12-də gəlib ödənişi tam edib qızıllarını götürər. Səhəri gün onlardan heç kim gəlməmiş və İsmayıl da yenidən həmin qızılları geri qaytarmışdır. xx.xx.2023-cü il tarixdə Aygün lombarda gəlmiş və ona bildirmişdir ki, qalan pulu düzəldə bilməmişdir, xahiş etmişdir ki, verdiyi 500 manat pulunu geri qaytarsın və qızıllar da burda qalsın. İsmayıl müdriyyətlə danışmış, razılıq verilməmiş və 500 manat pulu da geri qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yenidən Aygün lombarda gələrək qalan pulu gətirmiş, İsmayıl saat 12-də qızılları gətizdirmiş, Aygün də saat 12-dən sonra gəlib qızılları ondan götürmüşdür. Bu barədə özündə qeydlərini də aparmış, həmin qeydləri istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs qızılları ona verəndə bildirmişdir ki, qızıllar özünə məxsusdur və ehtiyacı olduğuna görə pul götürmək istəyir, o, da həmin qızılları tərəzidə çəkmiş və həmin qızılların çəkisinə uyğun olaraq ona 1060 manat pul vermiş, bununla bağlı qəbz, yəni girov bileti tərtib etmiş, həmin qəbzin surətini araşdırmaya təqdim etdiyini bildirmişdir. Klounun üzərində Bulqari brend markanın yazısı var idi. Qiyməti təxminən 9500 ola bilər. Məhkəmə iclasında Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Binəqədi rayonu, F.Şahbazov küçəsi ev 48-də ailəsi ilə birlikdə yaşayır. Təxminən 5 ildir ki, lombard fəaliyyəti ilə məşğul olur. Bakı şəhərinin bir neçə yerində lombard işlədir. İşlətdiyi lombard yerləri “Karat Lombard” adı ilə fəaliyyət göstərir. Onlardan biri də Nərimanov rayonu ərazisində, Nərimanov metro stansiyasının yaxınlığında yerləşir. Belə ki, o, lombardda yalnız qızıl müqabilində müştərilərə girov qoyulan qızılın məbləğinə uyğun olaraq pul verir. Bundan başqa müştəri qızıl satmaq istəyəndə qızılın alışını da təmin edir, həmin qızıllar lombardda qiymətləndirilir və ona uyğun olaraq müştəriyə pul verilir. O, həmin qızılları yararsız qızıl qiymətinə alıb, yəni lom qiymətinə alır və hər bir qramına görə bir manat gəlir əldə etmək məqsədi ilə digər alıcılara yarasız qızıl qiymətinə satır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, onun işlətdiyi Nərimanov metro stansiyasının yaxınlığındakı lombarda müştəri kimi gəlib qızıl girov qoyaraq pul götürmüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs girov qoymaq üçün bir ədəd düzbucaqlı formasında böyük qaşı olan üzük gətirib girov qoymuş və qızılın çəkisinin müqabilində ona 140 manat pul verilmişdir. Bundan başqa Aygün xx.xx.2023-cü il tarixdə ümumi çəkisi 13,8 qram olan 585 əyarlı bir ədəd ürək formasında qızıl klon və qızıl boyunbağı və çəkisi 5,6 qram olan 750 əyarlı bir ədəd sadə formada qızıl üzük gətirmiş, özünə məxsus olduğunu bildirərək satmaq istədiyini bildirmişdir. Lombardda işləyən işçisi də həmin qızılların əyarına və çəkilərinə görə Aygünə 1200 manat pul vermişdir. Aygün yenidən xx.xx.2023-cü il tarixdə həmin lombarda gələrək ümumi çəkisi 4,7 qram olan 585 əyarlı 01 ədəd ürək formalı qızıl klon və bir ədəd sadə qızıl üzük gətirərək özünə məxsus olduğunu deyərək satmış və ona həmin qızılların çəkisinin müqabilində 247 manat pul verilmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs alınmış qızıllar bir gün sonra tanımadığı müştərilərə satılmışdır. Təqsirləndirilən şəxs hər dəfə fərqli qızıllar gətirdiyini, bəzən elə olmuşdur ki, girov qoyduğu qızılın pulunu ödiyib daha sonra digərini girov qoyub yenə də pul götürürmüşdür. Təqsirləndirilən şəxs onun işlətdiyi lombarda girov qoyaraq pul götürdüyü və satdığı qızılların hansı ölkə istehsalı, antik və ya xeyli miqdarda dəyəri olduğunu bilməsi barədə verilən suala cavab olaraq bildirmişdir ki, lombardda qızıl girov saxlanılarkən və ya alınarkən tərəzidə onun çəkisini və əyarını nəzərə alır. Qızılların üzərində olan qaşların və ya bahalılığını nəzərə almır, eləcə də antikliyinə görə qiymətləndirmir. Təqsirləndirilən şəxs onun işlətdiyi lombarda xx.xx.2023-cü il tarixdə girov qoyduğu bir ədəd düzbucaqlı formasında böyük qaşı olan üzüyün, xx.xx.2023-cü il tarixdə satdığı ümumi çəkisi 13,8 qram olan 585 əyarlı bir ədəd ürək formasında qızıl klon və qızıl boyunbağı və çəkisi 5,6 qram olan 750 əyarlı bir ədəd sadə formada qızıl üzüyün, eləcə də xx.xx.2023-cü il tarixdə satdığı ümumi çəkisi 4,7 qram olan 585 əyarlı 01 ədəd ürək formalı qızıl klon və bir ədəd sadə qızıl üzüyün oğurluq yolu ilə əldə olunması barədə məlumatı olmadığını, Aygün əvvəllər hər dəfə ona qızıl gətirərək girov qoymuş və əvəzinə pul götürmüşdür, yəni əvvəllər ona qızıl satmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-96/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd gümüşü rəngli metaldan, üzərində bir ədəd böyük ölçülü sarımtıl rəngli qaş, 02 ədəd şəffaf qaş olan üzük – üzərində 585 əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,74 qramdır, böyük ölçülü qaş qiymətli qaşlara aid deyil, 02 ədəd ağ rəngli şəffaf qaş brilyantdır, hər birinin ölçüsü 0,015 karat, 4/3 keyfiyyətlidirlər. Üzüyün üzərində zavod üsusu ilə hazırlanmanın səciyyəvi xüsusiyyətləri (üzərində olan damğanın dəqiqliyi, qaş tutacaqlarının və naxışlarınnın simmetrikliyi və s.) yoxdur, üzük kustar üsulla hazırlanmışdır, ona görə də üzüyün istehsal yerini və ilini müəyyən etmək mümkün deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində 585 əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 6,74 qram üzüyün 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 592,0 manat müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə dəymiş maddi ziyanın qismən ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə dəymiş maddi ziyanın qismən ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (90 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 210 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-402/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-402/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver