Məhkəmə qərarları › İş №1(003)-403/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-403/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-403/2021 13.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi kanal massivi yeni sahədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2021-ci ilin mart ayının ortalarında yaşadığı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi kanal massivi yeni sahədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan istixanada əkib yetişdirməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək, onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin əməkdaşları tərəfindən 31 may 2021-ci il tarixdə, saat 17:20 radələrində Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi kanal massivi yeni sahədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan istixanaya videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, tərkibində narkotik maddələr olan 6 (altı) ədəd, yəni xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi 1790,0 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən bir ilə yaxın müddətdə tanımadığı şəxslərdən narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etmişdir. Lakin son vaxtlar qurudulmuş marixuananın əldə edilməsi ona çətinlik yaratdığından, qərara gəlmişdir ki, özündə olan və əvvəllər çəkmək üçün əldə etdiyi marixuanaların arasından az-az yığıb saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətyanı sahədə əkib özü üçün qurudulmuş marixuana hazırlasın. 2021-ci ilin mart ayının ortalarıında ona məxsus həyətyanı sahədə olan istixanada çətənə bitkisinin toxumlarını səpmiş, sonra o, həmin toxumlardan çıxan 6 ədəd kola qulluq etməyə başlamışdır. 31 may 2021-ci il tarixdə saat 15 radələrində Türkan qəsəbəsi kanal massivi yeni sahədə yerləşən yaşadığı evin yaxınlığında yolun kənarında olarkən mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini təqdim edib Xəzər RPİ CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda, o, onlara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ-nin inzibati binasına dəvət etmiş, o da onlarla birlikdə oraya getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübhəli bilindiyi üçün gətirilmişdir. Polis əməkdaşlarının və hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin işltirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya maddə aşkar olunmamışdır. O, həmin vaxt polis əməkdaşlarına səmimi olaraq yaşadığı Türkan qəsəbəsi kanal massivi yeni sahədə yerləşən evinin həyətindəki istixanada narkotik vasitə olan çətənə kolları əkdiyini bildirmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin və aqronomun iştirakı ilə ona məxsus həyətyanı sahəyə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər və o, orada yerləşən istixanasının içərisində əkdiyi çətənə kollarını göstərmişdir. Oradan ümumilikdə 6 ədəd çətənə kolu aşkarlanmışdır. Bundan sonra onun, dəvət olunmuş vəkil və aqronomun iştirakı ilə aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış və bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düz yazıldığı üçün hamı kimi o da həmin protokolu imzalamışdır. İlk dəfə törətdiyi əməli səmimi etiraf edir və peşmançılıq çəkir. Himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ CAŞ-nin əməliyyat müvəkkili Şahid1 Rauf oğlu göstərdi ki, Xəzər rayonu Türkan qəsəbəsi kanal massivi yeni sahədə yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə dərhal əməliyyat qrupu yaradılmış, bundan sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu ilə birlikdə Türkan qəsəbəsinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı Türkan qəsəbəsi Kanal massivi yeni yaşayış massivində küçədə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirmiş və onu Xəzər RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə Polis idarəsinə getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla idarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ İŞ-nin müstəntiqi polis kapitanı Ruslan Məmmədova həvalə edilmiş və Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyi təklif edilmiş, o isə üzərində qanunla qadağan olunmuş heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı Tükan qəsəbəsi Kanal massivi yeni yaşayış sahəsində yerləşən evinin istixanasında çətənə bitkisi əkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə vermiş, daha sonra isə müstəntiq Ruslan Məmmədov tərəfindən aqronom mütəxəssis dəvət olunmuş və Etibar Paşayevin hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə həyətyanı sahəyə baxış keçirtmək üçün Təqsirləndirilən şəxs yaşadığı Türkan qəsəbəsi kanal massivi yaşayış sahəsinə getmişlər. Təqsirləndirilən şəxs məxsus Türkan qəsəbəsi kanal massivi yaşayış sahəsinin həyətyanı sahəsində videoçəkilişlə onun, müstəntiq Ruslan Məmmədovun, Xəzər RPİ CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2, müdafiəçi Bəhruz Səfərovun, aqronom mütəxəssis Mərdan Tağıyevin və saxlanılan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin həyətyanı sahəsində olan istixanadan ümumilikdə 6 ədəd narkotik tərkibli bitki aşkar olunaraq götürülmüşdür. Baxışda iştirak edən aqronom mütəxəssis həmin kollara baxaraq onların çətənə kolları olduğunu və aqrotexniki qulluq göstərilməsini bildirmişdir. Baxış aparılması barədə protokol tərtib olunmuş və ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 Rauf oğlunun göstərdiklərini təsdiq etdi. Cinayət işinə əlavə olunmuş alim-aqronom X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu Türkan qəsəbəsi kanal massivi yeni sahədə baxış keçirilərkən aşkar olunmuş 06 ədəd narkotik xassəli bitki koluna aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməbioloji ekspertizasının 01 iyun 2021-ci il tarixli, 7/510 saylı rəyi ilə müəyyən edilmişdir ki: Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "vət. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsindən aşkar olunmuş maddi sübutlar" yazılar və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 6 (altı) ədəd, ümumi çəkisi - 1790,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Qeyd: Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi – 1790,0 qram, tədqiqata sərf edildi cəmi – 0,12 qram (hər obyektdən 0,02 qram), qalıq – 1789,88 qram. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı, qırx altı) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 08 iyun 2021-ci il tarixli, 1791 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 31 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. İş materiallarında olan baxış və götürmə aparılması haqqında 31 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Türkan qəsəbəsi kanal massivi yeni sahədə yerləşən ünvanın həyətyanı sahəsindəki istixanadan 06 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisi aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 31 may 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd CD diskə keçirilmiş 24 iyun 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Xəzər RPİ CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Rauf oğlunun, Xəzər RPİ CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Lakin, Təqsirləndirilən şəxs yaşadığı Türkan qəsəbəsi kanal massivində yerləşən həyətyanı sahəsinin istixanasında çətənə kolları əkdiyini bildirmişdir. Videogörüntü 03 dəqiqə 32 saniyə davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 31 may 2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd CD diskə keçirilmiş 24 iyun 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Xəzər RPİ CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Rauf oğlunun, Xəzər RPİ CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2, Bitkimühafizəsi və X6-Tədqiqat İnstitutunun alim-aqronomu X1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən Türkan qəsəbəsi Kanal massivi yaşayış sahəsinin həyətyanı sahəsində baxış keçirilməsi və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən istixanda əkib yetirşdirdiyi çətənə kollarını təqdim etmişdir. Ümumilikdə istixanadan 06 ədəd çətənə bitkisinə bənzər bitki aşkar olunmuş və sayılaraq kökündən çıxarılmışdır. Dəvət olunmuş aqronom Mərdan Tağıyev həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu və aqrotexniki qaydada həmin bitkilərə qulluq olunduğunu bildirmişdir. Videogörüntü 04 dəqiqə 59 saniyə davam etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həyətindən götürülmüş 06 (altı) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 1790,0 qram olan narkotik tərkibli çətənə bitkisi maddi sübut kimi tanınmış və hazırkı ümumi çəkisi 1789,88 qram olan 06 (altı) ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkisi Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 iyun 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 02 iyun 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixə qədər şübhəli şəxs qismində 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi kanal massivi yeni sahədə yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut – Xəzər RPİ-də saxlanılan – Təqsirləndirilən şəxs həyətindən götürülmüş 06 (altı) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 1790,0 qram olan narkotik tərkibli çətənə bitkisi və hazırkı ümumi çəkisi 1789,88 qram olan 06 (altı) ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 66,46 (altmış altı, qırx altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 20 iş saatına görə cəmi 120,00 (bir yüz iyirmi) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə cəmi 120,00 (bir yüz iyirmi)manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) iki gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi kanal massivi yeni sahədə yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Xəzər RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs həyətindən götürülmüş 06 (altı) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 1790,0 qram olan narkotik tərkibli çətənə bitkisi və hazırkı ümumi çəkisi 1789,88 qram olan 06 (altı) ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 66,46 (altmış altı, qırx altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 120,00 (bir yüz iyirmi) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 120,00 (bir yüz iyirmi) manat olmaqla cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar