Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-403/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə saat 22:00 radəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 234 №-li tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs kobud danışdığından aralarında baş vermiş mübahisə zamanı şəxsi münasibətlərin pozulması zəmnində təpik və yumuruqları ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrindən vuraraq yerə yıxmış, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağ üst göz qapağının, sağ gözaltı nahiyyənin, bel nahiyyəsinin qançırları, sağ və sol dirsəyin sıyrıqları, burun sümüyünün və sağdan almacıq sümüyünün yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 avqust 2023-cü il tarixdə təxminən saat 21:30 radələrində o, Buzovna qəsəbəsində yerləşən parka getmişdir ki, bir az dincəlsin. Orada gəzişərkən üzdən tanıdığı Orxana rast gəlmişdir. Onlar bir yerdə gəzişə-gəzişə həmin gün saat 22 radələrində parkın yaxınlığında olan 234 №-li orta məktəbin həyətinə gəlmişlər. Burada o, 2 oğlan və 2 qızı görmüşdür. Onlar həmin 4 nəfərə yaxınlaşanda onlardan qızlar və sonradan adını bildiyi Əli ayaqüstə durmuşlar, sonradan adını bildiyi Teymur isə pilləkənlərin üstündə oturmuşdur. O, Əliyə müraciət edərək soruşmuşdur ki, «sizi narahat etmirik?». Əli kobud tərzdə cavab vermişdir ki, «nəsə lazımdır?». O, Əliyə yaxınlaşmışdır ki, onunla kobud danışmasının səbəbini soruşsun. Bu vaxt Teymur ayağa duraraq onu kənara çəkmiş və onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt qızlar məktəbin həyətinin çıxışına tərəf getmişdirlər. Teymur onunla mübahisə edərkən 2 dəfə yumruqla onun sifətindən vurmuş və məktəbin həyətindən çıxışa tərəf qaçmağa başlamışdır. O, Teymurun dalınca qaçmış, lakin ona çata bilməyib Orxanın yanına qayıdan zamanı Əli onun üstünə hücum etmiş və onlar dalaşmışlar. Həmin vaxt Əli ilə onun davalarına Orxan qarışmamış və kənarda durub baxmışdır. Dava vaxtı o, Əlini bir neçə dəfə yumruqla sifətindən vurub yerə yıxmışdır. Bu vaxt kənarda idman edən tanışı Qafar onların yanlarına gəlmiş və onları aralamağa başlamışdır. Qafar onları araladıqdan sonra park tərəfdən onların yanlarına iki nəfər tanımadığı cavan şəxs gəlmiş və o, oradan çıxıb getmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 avqust 2023-cü il tarixdə 22:30 radələrində o, dostu Şahid5, sinif yoldaşı Şəbinə Şıxəliyevə və Səbinənin rəfiqəsi Mədinə birlikdə Buzovna qəsəbəsində yerləşən 234 №-li orta məktəbin həyətində pilləkənin üstündə oturub söhbət edirmişlər. Bu vaxt onlara 5 nəfər cavan oğlan yaxınlaşmış, onların qabaqlarında dayanıb diqqətlə onlara baxmağa başlamışlar. Onlar içkili adamlara oxşayırdılar. Onlardan 2 nəfər, yəni adlarını bildiyi Kamal və Orxan dəqiq bilir ki, Buzovna qəsəbəsində yaşayırlar. Qalan 3 nəfərin harada yaşamalarını bilmir və birinin adı Qafardır, digər 2 nəfərin isə adlarını bilmir, lakin sifətdən həmin 2 nəfəridə görsə tanıyar. O, həmin şəxslərə müraciət edərək soruşmuşdur ki, “nə tazımdır?”. Onlardan Kamal ona «problem axtarırsan?» deyərək onun üstünə gəlmişdir. O, ayaqüstə durmaq istəmiş və bu vaxt Kamal onun sifətinə yumruq atmışdır. Lakin həmin yumruq onun sifətinə dəyməmişdir. O, ayağa duranda Orxan ona yaxınlaşaraq bildirmişdir ki, «onlara baş qoşma, onlar içkilidirlər?). O, sakitləşəndə Teymur ayağa duraraq həmin şəxslərin arxa tərəfinə keçmişdir ki, həmin şəxsləri fikirlərini yayındırsın və qızları oradan aralaşdırsın. Bu vaxt həmin şəxslərdən adını bilmədiyi və saqqalı olan şəxs əlində bıçaq Teymurun üstünə qaçaraq hüçum etmişdir. Teymur bıçağı görüb kənara qaçmışdır. Həmin vaxt qızlar oradan kənara getməyə başlamışdırlar, qalan 4 nəfər isə onunla dayanıb Teymura və həmin saqqallı şəxsə baxmışdırlar. Bu vaxt həmin saqqalı şəxs geri əlində bıçaq onun tərəfə gəlmişdir və ona bıçaqla hədə-qorxu gəlməyə başlamışdır. O, bıçağı görüb yavaş-yavaş arxaya çəkilməyə başlamışdır, həmin saqqallı şəxs isə onun üstünə gəlmişdir. Onun fikri həmin bıçaq əlində olan şəxsdə olmuş və bu zaman sağ yan tərəfdən onun sifətindən almacıq nahiyyəsindən kimsə yumruqla zərbə endirmişdir. Onun gözləri qaralmış və o, yerə yıxılmışdır. Həmin vaxt onu təpiklərlə vurmağa başlamışdılar. Lakin, konkret olaraq kimin vurmasını bilmir, çünki yumruq zərbəsindən sonra ətrafı görməmişdir. Bir azdan sonra o, özünə gələrək ayaqüstə durmuş və məktəbin həyətindən çıxmağa başlamışdır. Bu vaxt həmin 5 nəfər şəxs onu söyə-söyə bildirmişdilər ki, «sənin dostun Teymuru axtarırıq, o, səni atıb qaçdı». O, həmin şəxslərə əhəmiyyət verməyərək məktəbin həyətindən çıxmışdır. Bu vaxt həmin şəxslərdən Orxan ona yaxınlaşaraq ona köməklik etmək istədiyini bildirmişdir, hətta maşına oturub evə aparmasını təklif etmişdir. Həmin avtomaşın qara rəngli «Lada Priora» markalı idi, lakin nömrəsini bilmir. Avtomaşını Orxan idarə edirdi. O, Orxanın köməyindən və təklifindən imtina edərək özü evlərinə getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 27 avqust 2023-cü il tarixdə o, idman etmək məqsədi ilə yaşadığı evə yaxın olan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 234 saylı tam orta məktəbin həyətinə təxminən saat 21:30 radəsində getmişdir. Orada o, təxminən 30 dəqiqə məşq etmiş və bu zaman görmüşdür ki, təxminən 30 metr aralıda kimlərsə mübahisə edir. Bu zaman o, ora yaxınlaşmış və görmüşdür ki, Kamal kimləsə dartışır. Sonra isə görmüşdür ki, sonradan adını bildiyi Əli yerdə uzanmış vəziyyətdədir. O, Əlini yerdən qaldırmış və görmüşdür ki, Kamal orada yoxdur. Bundan sonra o, Əliyə köməklik edəcəyini demişdir və öz mobil nömrəsini ona vermişdir ki, nə lazım olsa məlumat versin. Bundan sonra ora Əlinin bir neçə tanışı gəlmiş və o, çıxıb getmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, X9 və Şahid5 tanıyır, onlarla bir məktəbdə oxumuşdur. 27 avqust 2023-cü il tarixdə o, və rəfiqəsi X4 ilə birlikdə təxminən saat 20:30 radələrində Buzovna parkında görüşmüşlər və saat 21-ə kimi gəzişmişlər. Sonra onlar parkda olan skamyaların birində oturmuşlar. Bu vaxt onların yanlarına məktəb yoldaşları Əli və Teymur gəlmişdilər və onlar oturub biraz söhbət etmişdir. Həmin vaxt onların yanlarına tanışları Emil Alıyev və Şahid4 gəlmişdilər və onlarla görüşüb getmişdilər. Bundan sonra o, Mədinə, Əli və Teymur durub yaxınlıqda olan 234 №-li orta məktəbin həyətinə gəlmişlər və burada pilləkənlərin üstündə oturaraq söhbət etməyə başlamışlar. Həmin gün təxminən saat 22 radələrində o, görmüşdür ki, onlar tərəfə təxminən 4-5 nəfər şəxs gəlir. O, və Mədinə ayağa durub demişlər ki, «bizə tərəf oğlanlar gəlir» və təklif etmişlər ki, çıxıb getsinlər. Həmin vaxt həmin 4-5 nəfər onlara yaxınlaşmışlar və görmüşdülər ki, qızlar tək deyil və yanlarında oğlanlar vardır. Həmin şəxslər onlara yaxınlaşanda o, hiss etmişdir ki, onlar içkili vəziyyətdədirlər. Həmin şəxslərdən biri Əliyə müraciət edərək soruşmuşdu ki, «sizi narahat etmirik?». Əli öz növbəsində onlardan soruşmuşdu ki, «sizə nəsə lazırndır?». Belə olduqda həmin şəxslərdən biri Əliyə müraciət edərək bildirmişdi ki, «Problem axtarırsan?». Həmin vaxt həmin şəxs Əliyə yaxınlaşmış və Teymur ayağa qalxmışdır. Teymur və həmin şəxs aralarında söz mübahisəsi başlamışdır və Teymur həmin şəxsi itələmişdir. Əli ona demişdir ki, «siz gedin» və o, Mədinə ilə bir yerdə oradan aralanmağa başlamışlar. Onlar aralanan zaman o, səs eşitmiş və çevrilib baxanda görmüşdür ki, Teymur onunla Mədinənin yanlarından qaçaraq məktəbin həyətindən çıxmışdır. Həmin vaxt həmin 4-5 nəfər Əliyə yaxınlaşmış və Əli ona və Mədinəyə əli ilə işarə etmişdir ki, «çıxın gedin». O, və Mədinə birlikdə məktəbin həyətindən çıxmışlar. Onlar məktəbin həyətindən çıxdıqdan sonra parka yaxınlaşan zaman Emili və Muradı görmüşlər. O, Emil və Murada demişdir ki, «Əli məktəbin həyətində qaldı və yanınıda tanımadığımız 4-5 nəfər vardır». Emil və Murad məktəbin həyətinə tərəf qaçdılar, o və Mədinə isə parkda gözləməyə başladılar. Bir neçə dəqiqədən sonra Emil, Murad və Əli onlar tərəfə gəldiklərini görmüşdür. Emil, Murad və Əli onlara yaxınlaşanda o və Mədinə görmüşdülər ki, Əlinin paltarları tozlu vəziyyətdədir və hiss olunurdu ki, Əlini yerə yıxıb təpikləmişlər. Sonra Emil və Murad Əlini götürüb çıxıb getmişlər, o və Mədinə isə evə getmişlər. Hadisədən 2-3 gün sonra Teymur, Emil və Murad onlara, yəni ona və Səbinəyə söyləmişlər ki, Əlini məktəbin həyətində döymüşlər, lakin kim və neçə nəfər döyməsi barədə onlara bir söz deməmişlər. Həmçinin Teymur bildirmişdir ki, həmin tanımadıqları şəxslərin birinin əlində bıçaq olmuşdur və Teymur buna görə hadisə yerindən qaçmışdır. Lakin, qeyd etmişdir ki, o, məktəbin həyətində olan zaman və oradan Mədinə ilə çıxıb gedən zaman həmin 4-5 nəfərin heç birində bıçaq görməmişdir. Aparılmış ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X7 eyni məzmunlu ifadə verərək X2 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 27 avqust 2023-cü il tarixdə təxminən saat 22 radələrində o və dostu X5 rayonu, Buzovna qəsəbəsində yerləşən parkda gəzişən zaman onun xalası oğlu Teymur, sonuncunun dostu Əli və onların yanlarında Səbinə və Mədinə ilə rastlaşmışlar. Onlar görüşüb bir az söhbət etdikdən sonra o, Emillə bir yerdə çıxıb getmişlər, onlar isə 234 №lİ orta məktəbin həyətinə getmişlər. Həmin gün saat təxminən 22:30 radələrində o, Emillə parkda olan zaman Səbinə və Mədinəni görmüşdür. Səbinə onlardan soruşmuşdur ki, «siz getməyəcəksiniz ora?». O, soruşmuşdur ki, «haraya?» və Səbinə cavab vermişdi ki, “234 №-li məktəbin həyətinə”. O, Səbinədən soruşmuşdur ki, «nə olub?» və Səbinə cavab vermişdi ki, Əlini döyürlər. O, Emillə bir yerdə qaçmışlar 234 №-li orta məktəbin həyətinə və burada görmüşlər ki, Əli və 5-6 nəfər kişi vardır. Onlar soruşmuşlar ki, «nə olub?». Onlara həmin şəxslərdən biri demişdir ki, «söz-söhbət olub». Həmin vaxt Əlinin danışmağa halı yox idi. Həmin vaxt Əlinin gözü şişmiş, burnundan qan axırdı. O, Emillə bir yerdə Əlini götürüb “Favorit marketiin» yanına gəlmişlər ki, Əli üz-gözünü yusun. Sonra onlar Əlini evlərinə aparmışlar və oradan çıxıb öz evlərinə getmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 27 avqust 2023- cu il tarixdə təxminən saat 21 radələrində o, Əli ilə zəngləşmiş və parkda görüşmək haqqında razılaşmışlar. O, qohumu Muradın dostu Emillə bir yerdə Buzovna parkına gəlmişlər. Burada onlar məktəb yoldaşı Səbinə və onun rəfiqəsi Mədinə ilə rastlaşmışlar. Aralarında olan söhbət zamanı o, Səbinə və Mədinəyə bildirmişdir ki, Əlini gözləyir. Bu vaxt yanlarına əvvəl Murad, sonra isə Əli gəlmişdir. Sonra onlar hamısı 234 №-li orta məktəbin həyətinə gəlmişlər. Burada o, Emilə və Murada demişdi ki, «əgər darıxırlarsa özləri gedib gəzə bilərlər». Bundan sonra Emil və Murad onların yanlarından çıxıb getmişdilər. O, Əli, Səbinə və Mədinə məktəbin həyətində oturub söhbət etmişlər. Həmin gün saat 22 radələrində onların yanlarına 5-6 nəfər oğlan yaxınlaşmış və o, görmüşdür ki, həmin oğlanlar sərxoş vəziyyətdədirlər. Həmin oğlanları o, tanımırdı. Həmin oğlanlardan biri qızlara müraciət edərək demişdi ki, «nə edirsiniz?». Sonra həmin şəxs Əlidən adını soruşmuşdur. Əli öz adını demiş və həmin şəxsdən soruşmuşdur ki, «nə olub?». Həmin şəxs Əliyə demişdi ki, «nəsə olmalıdır ki?» və bundan sonra Əlinin üzərinə hücum çəkmişdir. O, Əli ilə divarın yanında dayanmışlar və həmin şəxslər onların qabaqlarında dayanmışlar. Həmin şəxs Əlinin üzərinə hücum edən zaman o, həmin şəxsi əli ilə geri itələmişdir. Həmin vaxt Səbinə və Mədinə onlardan sağda həmin şəxslərin arxa tərəfində dayanmışlar. O, həmin şəxsi itələdikdən sonra onların aralarından arxa tərəflərinə keçmişdir. Bu vaxt o, görmüşdür ki, həmin şəxslərdən 3 nəfəri onun tərəfinə qaçırlar. Həmin 3 nəfərdən biri bıçaq çıxardaraq onun üstünə gəlmişdir. O, bıçağı görüb kənara qaçmışdır. Həmin şəxs onun arxasınca qaçmağa başlamışdır. Orada çıxış bir yerdən olduğuna görə o, çıxışa tərəf qaçmış və oradan stadion tərəfə qaçmağa davam etmişdir. O, yolda olan ağacın dibində dayanmış və görmüşdür ki, qızlarda bıçağı görüb qaçırlar. Qızlar ona demişdilər ki, həmin şəxsin əlində bıçaq görmüşlər və buna görə də, qorxub qaçırlar. O, fikirləşmişdir ki, həmin vaxt Əli digər tərəfə qaçmışdır. O, qızlarla məktəbin həyətindən çıxmış, qızlar parkın yanında olan binaların yanında qalmışlar, o, isə binanın arxasında olan mağazaya getmişdir ki, siqaret alsın. Mağaza bağlı olduğuna görə o, qızların yanlarına qayıtmışdır. Qızlar ona demişdilər ki, həmin şəxslər onu axtarırlar. Oradan o, «Favorit» marketə getmişdir ki, siqaret alsın. «Favorit» marketdən siqaret aldıqdan sonra o, çıxıb evə getmişdir. O, fikirləşmişdir ki, Əlidə hadisə yerindən qaçmışdır. Sonralar ona məlum olmuşdur ki, məktəbin həyətində Əlini döymüşlər. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2023cü il tarixli, 1043 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ üst göz qapağının, sağ gözaltı nahiyyənin, bel nahiyyəsinin qançırları, sağ və sol dirsəyin sıyrıqları, burun sümüyünün və sağdan almacıq sümüyünün yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun «X15” X16 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* saylı cinayət işi üzrə AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2023-cü il tarixli axtarışda olan şəxsin protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Kamal tərəfindən ona dəymiş ziyanın ödənildiyi, Kamala qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən xx.xx.1993-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 17 saata görə 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X10 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-403/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-403/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver