Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-404/2021 18.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu Tatarməhlə ərazi dairəsi Mirzəqurbanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsi nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə saat 16.30 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsində yerləşən məzar daşları düzəldilən sexin yaxınlığında küçədə əvvəllər qeyri-rəsmi ər-arvad kimi yaşadığı X2 qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs görərək, şəxsi münasibətlərin pozulması zəminində sonuncu ilə mübahisə etməyə başlamış və mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək və sol əlinin barmağını buraraq, Zərərçəkmiş şəxs qəsdən sol bazunun, sol əlin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin 2-ci barmağının yumşaq toxumalarının şişkinliyi fonunda əzilməsi ilə xarakterizə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Neftçala rayonu Tatarməhlə ərazi dairəsi Mirzəqurbanlı kəndində qeydiyyatdadır, lakin 3-4 ildir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsində nömrəsiz fərdi evdə kirayədə qalır. X3 ilə 9 ilə yaxın qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Təxminən 2 həftə əvvəl Elxanın yaşadığı evə gedərək onun adına götürdüyü iki ədəd mobil telefonun və televizorun kreditini ödəmədiyi üçün ona öz iradını bildirmiş, Elxan isə guya bundan xəbərsiz olduğunu və kredit ödənişlərini pulu olmadığı üçün verə bilmədiyini demişdir. Bir neçə gün əvvəl isə Elxanın hazırda birlikdə yaşadığı Zərərçəkmiş şəxs ona zəng edərək Elxanı narahat etməməyini demiş və onu telefonda söyüb təhqir etmiş, o da əsəbiləşdiyi üçün Samirəni təhqir etmişdir. 05 iyun 2021-ci il tarixdə saat 16.30 radələrində Naxçıvan küçəsi ilə yaşadığı evə gedən zaman Samirə və qızı Aysel ona yaxınlaşan kimi Samirə heç bir söz demədən boğazından tutub onu yerə yıxmışdır. O, ayağa qalxdıqda isə Aysel saçından tutub yolaraq onu təkrar yerə yıxmışdır. Yerdə uzanıqlı vəziyyətdə olan zaman isə hər ikisi əlləri ilə və təpiklə onun bədəninin müxtəlif yerlərindən zərbələr endirmişlər. Həmin vaxt küçədən keçən tanımadığı şəxslər onlara yaxınlaşaraq ayırmışlar. Hadisə təxminən 10 dəqiqə çəkmişdir. Yerə yıxılandan sonra hadisə zamanı qulağında olan qızıl sırğaları da açılıb itmişdir. Həmin sırğalarda üç yarım qram qızıl olmuşdur və onları iki ay olar ki, Salyan rayonunda qızıl dükanından 350 manata almışdır. Hadisə zamanı Samirəni və Ayseli vurmamış, onlara xəsarət yetirməmişdir. Ayselin əlində mobil telefon görməmişdir. Bütün bunlara baxmayaraq, ilk dəfə törətdiyi bu əməldən peşman olaraq məhkəmə baxışı zamanı Samirə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Samirənin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Masallı rayonu Alışanlı kəndində qeydiyyatdadır, təxminən bir ilə yaxındır ki, Bakı şəhəri Buzovna qəsəbəsi Naxçıvan küçəsi nömrəsiz fərdi evdə yaşayır. X3 ilə 3 ilə yaxındır ki, tanışdır, təxminən bir ildir ki, ailə kimi bir yerdə yaşayırlar. Elxanın əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs onları narahat edir, mütəmadi olaraq onlara müxtəlif bəhanələrlə zəng edərək arada mübahisə yaratmağa çalışır, hətta yaşadığı ünvana da dəfələrlə gəlib səs-küy salmışdır. 05 iyun 2021-ci il tarixdə isə evdə olmadıqları vaxt Ülkər yenə də onların ünvanına gələrək nalayiq ifadələr deyərək getmişdir. Həmin gün saat 16.30 radələrində Naxçıvan küçəsi ilə qızı Aysel ilə birlikdə yaşadıqları evə gedərkən yolda Ülkərlə rastlaşmışlar. Ülkər onları görən kimi, səbəbsiz yerə səs-küy salmış, o, ona sakit olmağı və kənara çəkilməyi demiş, Ülkər isə onun və qızı Ayselin ünvanına uca səslə nalayiq sözlər dediyi üçün, o, sol əli ilə onun ağzının üstündən vurmuşdur ki, sakit olsun. Ülkər isə sol əlini tutub 2-ci barmağını burmuş, ağrıdan o, qışqırmışdır. Bu zaman Aysel Ülkərin saçlarından tutub yolmuş, Ülkər də Ayselin saçlarından tutmuş və həmin vaxt hər ikisi yerə yıxılmışdır. Yerə yıxılan kimi isə ətrafda olan şəxslər onlara yaxınlaşaraq ayırmışlar. Həmin vaxt Ülkərin qulağında sırğa olmayıb, görməmişdir. Hadisə təxminən 15 dəqiqə çəkmişdir. Məhkəmənin gedişində Ülkər onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Ülkərdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Ülkər barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, anası Samirə X1 ilə bir ildir ki, ailə kimi bir yerdə yaşayır. Elxanın əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs onları narahat edir, mütəmadi olaraq ailəsi ilə mübahisə yaratmağa çalışır, hətta yaşadıqları ünvana da dəfələrlə gəlib səs-küy salmışdır. 05 iyun 2021-ci il tarixdə isə evdə olmadıqları vaxt Ülkər yenə də onların ünvanına gəlib nalayiq ifadələr deyərək getmişdir. Həmin gün saat 16:30 radələrində Naxçıvan küçəsi ilə anası Samirə ilə birlikdə gedərkən yolda Ülkərlə rastlaşmışlar. Ülkər onları görən kimi, səbəbsiz yerə səs-küy salmağa başlamış, anası ona sakit olmağını və kənara çəkilməyini demiş, Ülkər isə onların ünvanına uca səslə nalayiq sözlər dediyi üçün anası sol əli ilə onun ağzının üstündən vurmuşdur ki, sakit olsun. Ülkər isə onun anası Samirənin sol əlini tutub 2-ci barmağını burmuş, anası ağrıdan qışqırmışdır. Bu zaman o, Ülkərin saçlarından tutub yolmuş, Ülkər də onun saçlarından tutmuş və o, sağ tərəfli yerə yıxılmışdır. Yerə yıxılan kimi isə ətrafda olan şəxslər onları ayırmışlar. Hadisə vaxtı Ülkər onun əlində olan “Redmin not 9” markalı mobil telefonunu yerə vurub zədələmişdir. O, həmin telefonu 2020-ci ilin sentyabr ayında Bakı şəhərində telefon dükanlarından birindən 670 manata almışdır. Telefon tamamilə zədələnib, onu işlətmək mümkün deyil. Hadisə təxminən 15 dəqiqə çəkmiş, həmin vaxt Ülkərin qulağında sırğa olmayıb, görməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 iyun 2021-ci il tarixli 587 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol bazunun, sol əlin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin 2-ci barmağının yumşaq toxumalarının şişkinliyi fonunda əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 05 iyun 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ 2-ci PŞ-nin təhqiqatçısı Arif Rzayevin tərtib etdiyi 05 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, 05 iyun 2021-ci il tarixdə saat 17 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsində yerləşən məzar daşları düzəldilən sexin yaxınlığında küçədə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid arasında dava-dalaş baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş 07 iyul 2021-ci il tarixli üzləşmə protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün onlara hücum etməsini, onları yüksək səslə təhqir etməsini, eyni zamanda əlləri ilə vuraraq bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirməsini, sol əlin 2-ci barmağını buraraq əzdiyini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Şahid arasında keçirilmiş 07 iyul 2021-ci il tarixli üzləşmə protokolundan göründüyü kimi, Şahid Təqsirləndirilən şəxs özünün onlara hücum etməsini, onları yüksək səslə təhqir etməsini, eyni zamanda onun saçından tutaraq yerə yıxmasını, əlləri ilə vuraraq bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirməsini, anası Samirənin sol əlinin 2-ci barmağını buraraq əzdiyini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan və 10 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 18 avqust 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Alədin qızının, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 16 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat, məhkəmə baxışı zamanı 06 saat) cəmi 96,00 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 96,00 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Məhkəmənin hakimi Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-404/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-404/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver