Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-405/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əlgülşad oğlunun, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Füzuli rayonunun Qacar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonunun Qacar kəndində qeydiyyatda olmaqla, ünvan 1də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 may 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən adsız kafenin qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs Əlgülşad oğlu ilə əlbəyaxa olaraq qəsdən sonuncuya əlləri ilə alının və burunun sıyrıqları xəsarətlərini yetirmiş, daha sonra isə dişləri ilə dişləyərək Zərərçəkmiş şəxs sağ bazunun və kürək nahiyəsinin əzilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, hazırda heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs Əlgülşad oğlu ilə təxminən 5 il olar ki, dostluq edir. 08 may 2022-ci il tarixdə saat 14 radələrində Binə qəsəbəsi ərazisində olarkən təsadüfən Hüseyn ilə rastlaşmışdır. Hüseyn mağazaya getdiyini deyərək bir şey istəyib-istəmədiyini soruşmuş, o, heç nə istəmədiyini demiş, lakin onun üçün pivə ala bilib-bilməyəcəyini soruşmuşdur. Bundan sonra Hüseyn ilə o, orada olan adını xatırlamadığı kafeyə daxil olmuş və masanın arxasına keçib əyləşmişlər. Hüseyn özünə və ona bir bakal pivə sifariş vermişdir. Həmin ərəfədə Hüseyn ilə ortaq tanışları olan Taleh kafeyə gəlib başqa bir masanın arxasında əyləşmişdir. Hüseyn Taleh üçün də çay sifariş vermiş, daha sonra yemək yeyəcəyini bildirərək Talehə yemək yeməyi təklif etmişdir. Yemək gələnə kimi Hüseyn yaxınlıqda olan mağazadan yarım litrlik araq alıb qayıtmış və onlar yeyib-içmişlər. Həmin vaxt kafedə olan Aytac adlı qız ofisiant onların masasına qulluq etməkdən imtina etmişdir. Hüseyn bunun səbəbini soruşduqda o, Hüseynə demişdir ki, Aytacla araları dəymişdir və ona görə onlara qulluq etmir. Bu, Hüseynin xoşuna gəlməmiş və onlar mübahisə etməyə başlamış, kafedə əlbəyaxa olmuşlar. Taleh onları ayıraraq onu küçəyə çıxarmış, Hüseyn də onların arxasınca küçəyə çıxmışdır. Hüseyn onun üzərinə gələrkən o, Hüseynin kürək nahiyəsindən və sağ qol nahiyəsindən dişləmişdir. Hüseyn isə onun sifət nahiyəsindən bir kəllə zərbəsi vurmuşdur. Həmin vaxt ətrafda olan şəxslər hadisənin səs-küyünə yığışmış və onları aralamışlar. O, oradan uzaqlaşaraq yaşadığı evə getmiş, mətbəxdəki masanın üzərindən bıçaq götürərək qolunun içərisində gizlətmişdir. Həmin vaxt atası evdə olduğu üçün onun arxasından gələrək evə qayıtmağını bildirmişdir. O, içkili olduğu üçün atasına məhəl qoymamış və kafeyə tərəf getmişdir. Bu zaman atası da onun dalınca gəlmişdir. Yolda olarkən o, Hüseyni polis əməkdaşlarının şöbəyə apardığını bilmiş və içkili olduğu üçün evdən götürdüyü bıçaqla özünün qarın nahiyəsinə vuraraq özünə xəsarət yetirmişdir. Bundan sonra təcili tibbi yardım gələrək onu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Törətdiyi əməldən peşman olaraq Hüseyn ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Hüseynin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Əlgülşad oğlu göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 5 il olar ki, dostluq edir. 08 may 2022-ci il tarixdə saat 14 radələrində Binə qəsəbəsində şirniyyat almaq üçün mağazaya gedərkən təsadüfən Elvin ilə rastlaşmış, mağazaya getdiyini deyərək bir şey istəyib-isətmədiyini soruşmuşdur. Elvin də mağazadan heç nə istəmədiyini bildirmiş, ardınca onun üçün pivə ala bilib-bilməyəcəyini soruşmuş, o da ala biləcəyini bildirmişdir. Bundan sonra mağazaya getməyərək Elvin ilə həmin yerdə olan adını xatırlamadığı kafeyə daxil olmuş və masanın arxasına keçib əyləşmişlər. Elvin üçün bir bakal pivə sifariş vermişdir. Həmin vaxt Elvin ona təklif etmişdir ki, bir bakal da özü üçün sifariş versin. O da Elvinin sözü ilə özü üçün də bir bakal pivə sifariş vermişdir. Həmin ərəfədə Taleh adlı başqa bir tanışları kafeyə gəlib digər bir masanın arxasında əyləşmişdir. O, Taleh üçün də çay sifariş vermişdir. Daha sonra yemək yeyəcəyini bildirərək həm Elvinə, həm də Talehə yemək yeməyi təklif etmiş, onlar yeyəcəklərini bildirmiş və onlara da yemək sifariş vermişdir. Yemək gələnə kimi yaxınlıqda olan mağazadan yarım litrlik araq alıb kafeyə geri qayıtmiş, oturub yeyib-içmişlər. Bir qədər sonra Elvin heç bir səbəb olmadan onun üzərinə stəkan qaldıraraq onu vurmağa cəhd eləmiş, Taleh Elvini tutub saxlamışdır. O da oturub bir yerdə yemək yediklərini Elvinin nəzərinə çatdıraraq bunun nə hərəkət olduğunu soruşmuş, lakin Elvin heç bir söz demədən onun boğaz nahiyəsindən yapışmışdır. O, Elvini itələmiş, Taleh də Elvini çəkib kafedən çölə çıxartmışdır. Bunun ardınca o da kafedən çölə çıxmış və Elvindən nə üçün üstünə stəkan qaldırdığını soruşarkən Taleh onu tutub saxlayaraq dava-dalaşın lazım olmadığını bildirmişdir. Bu zaman Elvin arxa tərəfdən əvvəlcə onun kürək nahiyəsini, ardınca isə sağ qol nahiyəsini ağzı ilə möhkəm dişləyib ona xəsarət yetirmişdir. O, Talehə Elvinin onu dişlədiyini deyərək onu buraxmasını istəmişdir. Taleh də onu buraxmış və o, kəllə ilə bir dəfə Elvinin sifət nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları, eləcə də ətrafda olan şəxslər hadisənin səs-küyünə yığışmışlar. Polis əməkdaşları onu xidməti avtomobillə 3-cü Polis şöbəsinə aparmışlar. Onu apararkən polis əməkdaşlarına günahın Elvində olduğunu əsas gətirərək nə üçün onu aparmadıqlarını soruşmuşdur. Lakin bununla bağlı ona bir söz deyən olmamışdır. Həmin ərəfədə onu sakitləşdirməyə çalışan Rüfət adlı şəxsi də onunla birlikdə 3-cü Polis şöbəsinə aparmışdırlar. O, şöbədə olarkən eşitmişdir ki, hadisədən təxminən bir saat yarımdan sonra Elvin özünə bıçaqla xəsarət yetirib və xəstəxanaya aparılmışdır. Hazırda Elvin ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, o, onunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 08 may 2022-ci il tarixdə təxminən saat 16 radələrində evdə olduğu zaman oğlu Elvin üst-başı qanlı vəziyyətdə evə gəlmiş və uca səslə Hüseynin onu vurduğunu bildirmişdir. Elvindən nə baş verdiyini soruşduqda Elvin Hüseynin onu vurduğunu deyərək Polis şöbəsinə gedəcəyini bildirmişdir. O, Elvini sakitləşdirmiş və onunla birlikdə Polis şöbəsinə getmək üçün evdən çıxmışdır. Onlar PŞ-nə gedərkən Binə qəsəbəsində yerləşən “Aymarket”in qarşısında Elvin onun əlindən çıxaraq yolun qarşı tərəfinə keçmiş və ona “özünü öldürmək istiyir, Hüseyn nə üçün onu vurdu” deyərək üzərindən bıçaq çıxarıb qarın nahiyəsinə bir zərbə vurmuşdur. O, tez Elvinin yanına gedərək əlindəki bıçağı almış və kənara atmışdır. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş və təcili tibbi yardım çağıraraq Elvini 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Əlgüşad oğlunu yaşadığı Binə qəsəbəsindən tanıyır. Belə ki, Hüseyn onunla qonşuluqda yaşayır və uşaqlıqdan onların münasibətləri vardır. Elvini isə Binə qəsəbəsi sakini kimi təxminən 5 ildir ki, tanıyır. 08 may 2022-ci il tarixdə saat 14 radələrində Binə qəsəbəsində adını xatırlamadığı kafeyə daxil olmuş və masa arxasına keçib çay sifariş etmişdir. Həmin vaxt kafədə digər masada tanışları Hüseynin və Elvinin əyləşdiklərini görüb onlarla görüşdükdən sonra öz masasına keçmiş və Hüseyn onun üçün bir bakal pivə sifariş vermişdir. Hüseyn öz masasına yemək sifariş vermişdir və onu da öz masasına dəvət etmişdir. Yemək gələnə kimi Hüseyn yaxınlıqda olan mağazadan yarım litrlik araq alıb kafeyə geri qayıtmış, birlikdə yeyib-içmişlər. Həmin vaxt kafedəki qız ofisant onların masasına qulluq etməyəcəyini bildirmişdir. Qızın bu hərəkəti Hüseynin xoşuna gəlməmiş və Hüseyn kafenin sahibinə bu barədə bildirdikdə Elvin Hüseynə bildirmişdir ki, kafedəki qızla arası dəydiyindən qulluq etmək istəmir. Bundan sonra Hüseyn ilə Elvin mübahisə edərək masadan durub əlbəyaxa olmuşlar. O, ayırmaq üçün Elvini küçəyə çıxarmış, Hüseyn də onların arxasınca küçəyə çıxmışdır. Elvin və Hüseyn küçədə dalaşmağa başlamış, o isə onların arasında qalaraq onları ayırmağa çalışmışdır. Ətrafda çoxlu adam olmasına baxmayaraq, heç kim onları ayırmağa köməklik göstərməmişdir. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları, eləcə də ətrafda olan şəxslər hadisənin səsküyünə yığışmışlar. Polis əməkdaşları X2 aparmış, o isə yaşadığı evə getmişdir. Bundan sonra eşitmişdir ki, Elvin özünə bıçaq zərbəsi vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, hadisə baş verməmişdən 3 gün əvvəl Elvin adlı şəxs işlədiyi kafeyə gəlmiş və yanında olan bir nəfər xanımın kafedə ofisant kimi işləyə biləcəyini soruşmuşdur. Həmin qadın iki qızının olduğunu və küçələrdə qaldığını bildirərək ondan köməklik istəmişdir. Lakin o, həmin qadının işləyə bilmədiyini görmüş və ona iş verməmişdir. Buna baxmayaraq, həmin qadın hər gün səhərlər kafeyə gəlir və ac olduğu üçün kafedə yemək yeyərək bir müddət orada olurmuş. Elvin isə hər gün gələrək kafedə yemək yeyir və pivə içirmiş. 08 may 2022-ci il tarixdə təxminən saat 14 radələrində Elvin və yanında iki nəfər tanımadığı şəxs kafedə əyləşib yemək sifariş etmişlər. Bir qədər sonra həmin şəxslərdən biri ilə Elvin uca səslə mübahisə etməyə başlamışdır. O, mübahisəni görmüş və onları kafədən küçəyə çıxarmışdır. Həmin şəxslər küçədə dalaşmağa başlamışlar. Daha sonra polis əməkdaşları gəlmiş və həmin şəxsləri ayıraraq oradan uzaqlaşdırmışlar. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 13 may 2022-ci il tarixli 507 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının, burunun sıyrıqları, küt əşya (əşyalar) sağ bazunun və kürək nahiyəsinin əzilmiş yaraları isə küt əşya (ola bilsin dişləmə nəticəsində) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 08 may 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 21 iyun 2022-ci il tarixli Qərardan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əlgülşad oğlunun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs Əlgülşad oğlu tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 17 avqust 2022-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun ondan heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, X1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə (ibtidai istintaqda 10 saat və və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-405/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-405/2022
19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver