Məhkəmə qərarları › İş №1(003)-408/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-408/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-408/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 14 mart 1990-cı il tarixdə Laçın rayonunun Qalaça kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Laçın rayonunun Qalaça kəndində qeydiyyatda olan və ünvan 1də faktiki yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli zərərvurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni sahə yaşayış massivində usta fəaliyyəti ilə məşğul olan tanışları Şahid ilə Zərərçəkmiş şəxs təmir işi ilə bağlı məsələni müzakirə edən zaman Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək kobud şəkildə təhdidedici əl-qol hərəkətləri edərək onunla və Şahid ilə aşağılayıcı formada danışmasına əsəbiləşərək şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs bir dəfə çənə nahiyəsindən yumruqla qəsdən vuraraq sonuncuya alt çənə sümüyünün sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid onun dostudur və o, Elgizi 15 ildir ki, tanıyır. 2022-ci ilin may ayının əvvəllərində Elgiz onun qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs santexnika işlərinin görülməsi işini tapmış, həmin şəxslə görüşmüşlər, lakin Teymur sonradan işi qəbul etsə də, dostu Elgizi həmin işdən kənarlaşdırmışdır. Buna görə də, 17 may 2022-ci il tarixində axşam saatlarında o, Elgizin Mərdəkan qəsəbəsində yerləşən evinə getmiş və Elgiz yenidən ona bu barədə danışmışdır. O da Elgizə təklif etmişdir ki, gedib qonşuluqda yaşayan Teymurla bu barədə söhbət edib Temurdan xahiş etsinlər ki, Elgizi işə aparsın. O və Elgiz birlikdə saat 19.00 radələrində Teymurun Mərdəkan qəsəbəsində yaşadığı ünvana gedərək çayxanaya gedib çay içib söhbət etmək üçün onu bayıra çağırmışlar. Söhbət edə-edə Teymurun evindən 200-300 metr getdikdən sonra o, Teymurdan niyə görə belə haqsızlıq etməsini xəbər alan zaman Teymur nalayiq ifadələr işlədib onlarla mübahisə etmiş, əl-qol hərəkətləri ilə, eləcə də, onlara hədə-qorxu gələrək qohumlarının polis orqanlarında işləməsini, onların başına oyun açacağını bildirmiş və Elgizin, həmçinin onun ünvanına nalayiq ifadələr işlətmiş, sonra isə onu və ailə üzvlərini söymüşdür. Buna görə də, baş vermiş mübahisə zaman Teymur əl-qol hərəkətləri ilə danışdığına, onlarla aşağılayıcı formada danışdığına və ailə üzvlərini söydüyünə görə o, əsəbiləşərək Teymurun sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra Elgiz onları ayırmış, daha sonra onlar evlərinə getmiş və münaqişəni davam etdirməmişlər. Hadisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt yanlarında bir nəfər olmuşdur. Törətdiyi əməldən peşmandır, Teymur ilə barışmaq üçün dəfələrlə cəhd göstərmiş, lakin Teymurun ona təklif etdiyi şərtlər onu qane etmədiyi üçün barışığa nail ola bilməmişdir. Hazırkı açıq məhkəmə iclasında bir daha Teymura müraciət edərək onunla barışmaq istədiyini bildirir və bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Mərdəkan qəsəbəsi Yeni sahədə yaşayır və santexnik işləri ilə məşğul olmaqla dolanır. 2022-ci ilin may ayının əvvəllərində qonşuluqda yaşayan Elgiz ona yaxınlaşaraq santexnik işlərinin olduğunu və həmin işlərin görülməsini ondan xahiş etmişdir. O də usta kimi həmin evə baxış keçirib və ev sahibi ilə ümumi işin görülməsi üçün 5500 manata danışmışlar. Həmin vaxt Elgiz məbləğin 50 faizini istəmiş, lakin o, buna etiraz edərək Elgizə bildirmişdir ki, o, ona yalnız fəhlə pulu verə bilər. Elgiz də ilk əvvəl onunla razılaşmış, lakin sonradan Elgizin fikrini dəyişməsini eşidib və Elgizlə söhbət zamanı o, həmin evdə santexnika, elektrik işlərini görməyəcəyini bildirmişdir. Bundan sonra, işlərini görəcəyi ev sahibi onu dəvət edərək işləri görməyini ona həvalə etmiş və o, həmin ev sahibinin evində işləməyə başlamışdır. 17 may 2022-ci il tarixində axşam saatlarında o, Mərdəkan qəsəbəsində evində olan zaman Elgiz və dostu Əlabbas evinə gələrək onu söhbət etmək üçün bayıra çağırıb evindən 200-300 metr kənara aparmışlar. Küçədə Elgiz və onun dostu Əlabbas onunla mübahisə yaradaraq demişlər ki, “Sən niyə görə belə hərəkət edibsən və Elgizi həmin santexnika işlərindən kənarlaşdırmısan”. Bundan sonra aralarında baş vermiş mübahisə zamanı Əlabbas qismən arxa tərəfə keçərək sifətinin sağ çənə nahiyəsinə bir dəfə yumruqla zərbə vurmaqla ona qəsdən bədən xəsarəti yetirmişdir. Əlabbas onu vuran zaman o, üzbəüz Elgiz ilə söhbət edirmiş. Həmin hadisə nəticəsində onun çənəsi sınmışdır. Sonradan onlar ayrılmışlar və o polisə müraciət etmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt yanlarında bir nəfər olmuşdur. Əlabbas ona müraciət edərək barışmaq istədiyini bildirsə də, o, onunla barışmamışdır, ondan şikayətçidir, çünki, aldığı xəsarətlə bağlı müalicəsinə 10000 (on min) manat pul xərcləmiş, lakin Əlabbas ona dəyən ziyanı ödəməmişdir. Buna görə də Əlabbasa törətdiyi əməlinə görə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid da təqsirləndirilən şəxa Təqsirləndirilən şəxs ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 may 2022-ci il tarixli 546 nömrəli rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – alt çənə sümüyünün sınığı küt ğşya təsirindən törənmiş, törənmə müddti onun “BonaDel” Klinikasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 17 may 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bu sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 02 sentyabr 2022-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli zərərvurma cinayətini törətməsi məhkəmə baxışı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmaq üçün dəfələrlə cəhd göstərməsini, məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 (oyuz) iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə baxışı zamanı 15 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar