Məhkəmə qərarları › İş №1(003)-408/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-408/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-408/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1991-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X15 yerləşən fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İbtidai istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şüvəlan- Buzovna yolunun kənarında yerləşən “Arzu” restoranının yaxınlığında Zərərçəkmiş şəxs həyat yoldaşı X3sqanması səbəbindən aralarındakı şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs məxsus olmaqla, həyat yoldaşı İrina Nağıyevaya idarə etmək üçün verdiyi “Yaquar” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs gizlədib saxladığı və həmin avtomobildə olduğunu əvvəlcədən gördüyü kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib gəzdirərək üzərində saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şüvəlan-Buzovna yolunun kənarında yerləşən “Arzu” restoranının yaxınlığında Zərərçəkmiş şəxs həyat yoldaşı X3sqanması səbəbindən aralarındakı şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs həmin gün orada saat 15 radələrində qanunsuz olaraq əldə edib gəzdirməklə üzərində saxladığı kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən həmin ov bıçağının tiyəsi ilə Zərərçəkmiş şəxs Abdüulla oğlunu qəsdən bir dəfə vuraraq ona sol qulağının kəsilmiş yarası, həmçinin həmin bıçağın dəstəyi ilə bir dəfə sol əlindən vuraraq ona sol əlin səthi əzilmiş yaraları ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, İrina Nağıyeva ilə əvəllər bir yerdə, yəni X13 institutunda işləmişlər. Hadisə baş verən vaxtı da İrina ilə birlikdə müştərinin evinə heyvan müayinə etmək üçün getmişlər. Ora getməmişdən qabaq İrinanın həyat yoldaşı İrinaya zəng etdiyi üçün müştərinin ünvanından çıxdıqdan sonra “Arzu” restoranının yaxınlığında gedəcəklərmiş. Həmin vaxt İrinanın halı pisləşdiyi üçün avtomobili o idarə etmişdir. İrinanın həyat yoldaşı deyən yerə çatdıqdan sonra avtomobildən düşmək üçün avtomobili saxlamış, həmin zaman İrinanın əri Cəlal çöl tərəfdən avtomobilin şüşələrini yumuruqlamağa başlamış, avtomobil yolun hərəkət hissəsində olduğu üçün avtomobili idarə edərək yolun kənarına çəkmək istəmiş, avtomobil gedə-gedə Cəlal avtomobilin üzərinə dırmaşmış və lyuk hissəsindən içəri daxil olmuş, sağa-sola təpiklər atmağa başlamış, o, avtomobili saxlamış, aşağı düşən zaman Cəlal özünə aid və avtomobildə olan bıçağı götürərək onun üzərinə hücum etmiş, “öldürəcəm sizi” demiş, o isə Cəlalın əlindən bıçağı alıb kənara tullamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Onun bədənində olan xəsarətlərin isə avtomobilin lyukundan içəri daxil olarkən yarandığını düşünür. O, İrina ilə təxminən iki ilə yaxın bir müddət ərzində birlikdə işləmişlər. Aralarında ancaq işgüzar münasibətlər olmuşdur. Həmçinin hadisə baş verən vaxta qədər zərərçəkmiş şəxsi tanımamış, birinci dəfədir ki, görmüşdür. İrina həyat yoldaşı olduğunu dediyi üçün avtomobili saxlamışdır. Hadisə baş verən yerə gedərkən ilkin olaraq avtomobili İrina idarə etmiş, sonra isə özünü piss hiss etdiyi üçün o idarə etmişdir. Həmin avtomobili birici dəfədir ki, idarə etmişdir. Həmçinin bıçaq sol tərəfdə, yəni sürücü oturan tərəfdə avtomobilin ayaqaltı hissəsində olmuşdur. Həmçin bıçağın avtomobildə olduğunu əvvəlcədən görmüşdür. Avtomobildən düşdükdən sonra Cəlal sürücü oturacağına oturaraq bıçağı götürmüş və sizə öldürəcəm ifadəsini işlətmişdir. O isə dediyi kimi Cəlalın əlindən bıçağı alaraq kənara tullamışdır. O, Cəlala heç bir xəsarət yetirməmişdir. Ola bilər ki, Cəlal lyukdan avtomobilin salonuna daxil olarkən və ya bıçağı onun əlində alan zaman xəsarət almışdır. Hadisə zamanı Cəlalın əlindən aldığı bıçağı əvəllər İrina ilə Cəlalın yaşadığı evdə görmüşdür. Avtomobilə bıçağı kimin qoymasını bilmir, yəqin ki, Cəlal qoymuşdur. Hadisə yerinə polislər gəldikdən sonra üz-başı qan içində olduğu üçün qorxub hadisə yerindən qaçmışdır. Cəlal lyukdan içəri daxil olarkən, daha doğrusu avtomobilin salonuna tam daxil olmadan lyukdan əlləri ilə tutaraq ona və İrinanaya əyaqları ilə zərbələr endirmişdir. Hadisə vaxtı Cəlalı sakitləşdirməyə çalışsa da, Cəlal ona “mənim arvadımın yanında nə gəzirsən” deyib onun üzərinə hücum etmişdir. Həmçinin Cəlalın dediyi yerə getməkdə məqsədi İrinanı ora aparmaq və avtomobili təhvil vermək olmuş, başqa bir niyyəti olmamışdır. Avtomobildən düşdükdən sonra isə İrina oradan uzaqlaşmış, avtomobilin çölündə Cəlalla arasında oln münaqişəni görməmişdir. Hadisə ictimai yerdə olduğu üçün sonradan oraya çoxlu sayda adam toplaşmışdır. Hadisədən qabaq isə yuxarıda göstərdiyi bıçağı heç vaxt üzərində daşımamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zaman verdiyi ifadə elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs bildirmişdir ki, X4 iş yoldaşıdır. Belə ki, İrina ilə birlikdə «Koroğlu» metrostansiyası yaxınlığında yerləşən «X13 İnstitutunda» işləyir. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində İrina ilə birlikdə İrinaya məxsus onun idarə etdiyi «Yaquar» markalı 99- NS-027 dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərdəkan qəsəbəsi, «Arzu» restoranı yaxınlığında yerləşən evlərdən birinə xəstə heyvana baxmağa getmişdir. Qeyd olunan ünvana gedib xəstə heyvana baxdıqdan sonra həmin ünvandan çıxmışlar. Bir qədər sonra «Arzu» restoranının yaxınlığında olan işıqforda Buzovna qəsəbəsi istiqamətinə dönmək üçün dayanarkən qəflətən bir nəfər kişi avtomobilin qabaq sağ qapısının şüşəsinə zərbə ilə vurub onları söyüb təhqir etməyə başlamışdır. Həmin vaxt o istəmişdir ki, avtomobildən düşüb həmin şəxsdən nə baş verməsini soruşsun. İrina isə həmin şəxsin əri Cəlal olduğunu və Cəlalın onları öldürəcəyini, avtomobili tez sürməyini bildirmişdir. Artıq həmin vaxt işıqforun yaşıl işığı yandığından o avtomobili hərəkət etdirməyə başlamışdır. Cəlal isə tullanaraq avtomobilin üzərində olan açıq lyukdan tutmuşdur. Belə ki, həmin vaxt avtomobilin şüşələri bağlı olsa da lyuk açıq olmuşdur. Daha sonra Cəlal avtomaşının lyukundan içəri daxil olmuşdur. Həmin vaxt Cəlal onu və İrinanı ayağı ilə üz və baş nahiyyələrindən vurduğundan avtomobil ilə qəza törətməsin deyə məcbur olub avtomaşını dayandırmış və avtomobildən yerə düşmüşlər. İrina onların dalaşacağını bilib oradan uzaqlaşmışdır. Avtomobildən yerdə olarkən Cəlal onunla mübahisə edərək üstünə gəlib onu vurmuş, daha sonra Cəlal avtomobildə olan suvenir bıçağı götürüb onu vurmaq istədiyindən o Cəlaldan qabaq həmin bıçağı götürüb Cəlalın onu vurmasının qarşısını almağa çalışmışdır. Həmin vaxt bıçağın dəstəyi Cəlalın əlinə, tiyəsi isə qulağına dəydiyindən o bıçağı yerə atıb qaçaraq oradan uzaqlaşmışdır. Həmçinin həmin vaxt dindirilərkən verilən suallara cavab olaraq Cəlala hər hansı bir xəsarət yetirmədiyini, hadisə zamanı orada İrina, Cəlal, eləcədə ətrafda tanımadığı şəxslər olduğunu, həmçinin hadisədən bir neçə gün qabaq eyni qada ilə irina ilə birlikdə xəstə heyvana baxıb qayıdarkən İrinanın idarə etdiyi avtomobildə olan Cəlala məxsus sözü gedən bıçağı İrina evdə gizlətmək üçün götürmüş, çünkü Cəlalın bir neçə dəfə avtomobildə həmin bıçaqla onu hədələdiyini bildirmiş, o da bıçağı irina əlində aparmasın və heç kim görməsin deyə alıb kəmərinin arasına qoymuş, İrinagilə çatarkən evdə gizltməsi üçün İrinaya vermişdir. Sonradan həmin bıçağın avtomobilə hansı formada qoyulmasından xəbəri olmamışdır. Hadisə günü Cəlal avtomobildən həmin bıçağı götürmək istəyərkən bıçağın avtomobildə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ifadəsindək zidiyyətlərlə bağlı bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verərək hadisələrin mahiyyətini tamamilə qavramamış və ola bilsin ki, həyəcanlı olduğu üçün düzgün ifadə verməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ortancıl uşağı DSP xəstəsi olduğuna görə daha tez inkişaf etməsi üçün onu hər bazar günü günorta yeməyinə qədər at sürməyə aparır. Uşağını həmişəki kimi at sürməyə aparıb evə qoyduqdan sonra yoldaşı İrina ona zəng edərək avtomobili dayanacağa qoymaq istədiyini bildirmişdir. Bundan bir qədər sonra isə ona mesaj yazaraq müştərinin yanına pişiyə baxmağa getdiyini demişdir. O isə İrinaya istirahət günü olduğunu, uzaq başı pişiyə baxığı üçün 20 manat pul qazanacağını, onların isə pula ehtiyacı olmadığını bildirmiş, lakin İrina ertiraz etarək getmək üçün təkid etmişdir. İrinanın bu davranışları onda şübhə yaratdığı və dəfələrlə zəng etsə də telefonu açmadığı üçün taksi sifariş edərək onun hər zaman müştərinin yanına getdiyi “Arzu” restoranının yanına getmişdir. Ora çatdıqdan sonra avtomobilin orada olmadığını görüb İrinaya zəng edərək harada olmasını soruşmuş, İrina isə artıq evə getdiyini bildirmişdir. Bu zaman avtomobilinin böyük sürətlə dəniz tərəfindən gəldiyini görmüşdür. Bundan sonra avtomobil gəlib işıqforun qırmızı işığında dayandıqdan sonra avtomobilə yaxınlaşaraq İrinanın tək olmadığını görüb avtomobilin şüşəsindən vuraraq avtomobildən düşmələrini istəmişdir. Onlar isə əksinə qaza basaraq oradan uzaqlaşmaq istəmişdir. O, əlini avtomobilin lyukuna ataraq oradan yapışmış, avtomobil isə həmin vəziyyətdə sürülməyə davam etmişdir. O isə çətinliklə lyukdan özünü avtomobilin salonuna saldıqdan sonra hazırda məhkəmə iclasında təqsirləndirilən şəxs qismində oturmuş şəxs onu boğmağa başlamışdır. O, isə çətinliklə də olsa güc edərək avtomobili saxlamasına nail olmuş və avtomobil yolun ortasında dayanmışdır. O isə avtomobilin qapısını açıb çıxdıqdan sonra adamlar yığılışmış, təqsirləndirilən şəxs isə həmin vaxt digər qapını qaçaraq nəsə axtarmağa başlamış, sonra isə İrinadan “ver onu mənə, ver onu mənə” dedikdən sonra İrina çantasından bıçaq çıxardaraq ona vermiş və o, həmin bıçıqla onun üzərinə hücum etmişdir. O isə sambo idman növü ilə məşğul olduğuna görə özünü itirmədən onunla dava eləməyə başlamış, təqsirləndirilən şəxs isə onu bıçaqla vurmağa çalışmışdır. Bıçağı havada ona tərəf fırladarkən o, əli ilə bıçaqdan tutub saxlamış, təqsirləndirilən şəxs isə bundan sonra oradan qaçıb getmişdir. Sonra isə hadisə yerinə polis gəlmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, əvəllər təqsirləndirilən şəxsi tanımamış, birinci dəfə həmin hadisə vaxtı görmüşdür. Hadisə baş verən vaxtı sükan arxasına təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onu boğduğu üçün avtomobilin qapısını açaraq onu kənara itələmiş, sonra isə özü də bayıra çıxmışdır. Hadisə vaxtı istifadə olunan məlum bıçaq isə ona məxsus olmuş, dostları tərəfindən 25 yaşı münasibəti ilə ona hədiyyə verilmişdir. O, qeyd olunan bıçağı hər zaman evdə saxlamışdır. Məlum bıçağı heç vaxt avtomobilə qoymamış, dediyi kimi evdə saxlamışdır. Bıçağın evdən necə götürülərək avtomobilə qoyulmasından isə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs birinci bıçaqla onu vurmağa çalışarkən bıçağı tutmuş, təqsirləndirilən şəxs isə bıçağı ondan almaq istəyərkən bıçaq qulağına dəyərək kəsmişdir. Polis əməkdaşları ora gələrkən isə təqsirləndirilən şəxs oradan qaçmışdır. Sonradan uşaqları ilə söhbət edərkən təqsirləndirilən şəxsin uzun müddətdir ki, həyat yoldaşı ilə münasibətinin olmasını öyrənmişdir. Hadisə baş verən vaxtı o, kiməsə qarşı nəlayiq ifadələr işlətməmiş, təqsirləndirilən şəxsin də o cür ifadələr işlətməsinini hazırda xatırlamır. Həmçinin hadisə vaxtı təqsirləndirilən şəxsə avtomobilin içərisində bir-birlərinə qarşılıqlı olaraq yumruqla zərbələr vurmuşlar. Təqsirləndirilən şəxsin üz-başında olan qan isə çox güman ki, təqsirləndirilən şəxsin yox, onun qanı olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və qanuna uyğun olaraq cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə baş verən gün xidmətdə olduğu 15 saylı piyada marşurutunda, Mərdəkan bağlar adlanan ərazidə, postun mərkəzində xidmət aparan zaman “Arzu” restoranının yanında olan işıqforun qırmızı işığında “Jaquar” markalı avtomobilin gözlədiyini, başqa bir vətəndaşın isə yumuruqla avtomobilin şüşəsinə vurduğunu və sözlə nəsə dediyini, yəni münaqişəli bir vəziyyətin yarandığını görmüşlər. Sonra isə həmin avtomobil hərəkətə başlayarkən çöldə olan vətəndaş özünü avtomobilin üzərinə atmış, həmin vəziyyətdə də avtomobil üzü Buzovna qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamış, dərhal yanında olan xidmət yoldaşı ilə birlikdə yarana biləcək daha ciddi bir hadisənin qarşısını almaq üçün hadisə yerinə yaxınlaşmışlar. Həmin vaxt ərazidə avtomobil sıxlığı olduğu üçün onların arxasınca xidməti avtomobillə gedə bilməyəcəklərini görüb xidməti avtomobili onlardan 15-20 metr aralıda saxlayıb piyada getmişlər. Ora çatan vaxt təqsirləndirilən şəxs əlində bıçaqla dayanmışdır. Onlar ora çatana kimi onlar artıq dalaşmışdılar. Onları görən kimi həmin vətəndaş əlində olan bıçağı ataraq qaçıb yaxınlıqda olan həyətə girmiş və həmin həyətin arxa qapısından qaçmışdır. Onlar isə hadisə yerində olan bıçağı götürmüşlər. Onlar birbaşa dava-dalaşı müşahidə edə bilməmişlər. Sadəcə ora çatarkən zərərçəkmiş şəxsin üzündə qan və xəsarətlər olmuşdur. Təqsirləndirilən şəxsin üzündə isə cüzi yumruq izləri olmuşdur. Ora çatanda ətrafda qadın olmamışdır. Çox güman ki, onlar ora çatana kimi uzaqlaşıb getmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, münaqişəni birbaşa müşahidə edə bilməsələr də uzaqdan təqsirləndirilən şəxsin zərərçəkmiş şəxə qarşı bıçaqla xəsarət yetirməyə çalışdığını görmüşlər. Həmçinin hadisə baş verən vaxt orada çoxlu insanlar olmuş və münaqişə edən tərəfləri aralaşdırmağa çalışmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, hadisə baş verən gün müştərisi ona zəng edərək gəlib pişiyinə baxmasını istəmişdir. Pişik həmin müştərininn öz pişiyi yox, küçə pişiyi olmuş və müalicədən qabaq onu tutmaq lazım olmudur. O, buna görə iş yoldaşından ona kömək etmək üçün onunla getməsini xahiş etmişdir. Onlar pişiyə baxıb qayıtdıqdan sonra əri ona zəng edərək hara getdiyini, harada olduğunu soruşmuşdur. Onlar hadisə baş verən yerə çatıb işıqforun qırmızı işığında saxlayan zaman əri çöldən maşına yaxınlaşaraq avtomobilin pəncərəsini döyəcləməyə başlamışdır. Həmin vaxt sükan arxasında iş yoldaşı olmuşdur. O isə qabaq sərnişin oturacağında oturmuşdur. Həmin vaxt əri hirsli və qeyri-adekvat olduğu üçün onlar orada sürüb getməyə qərar vermişlər. Bu zaman əri maşının üzərinə dırmaşaraq avtomobilin lyuk hissəsindən içəri daxil olmuşdur. Belə ki, avtomobilin lyuku həmin zaman açıq olmuşdur. Əri ilə Emin avtomobilin içərisində dalaşmağa başlamış, o avtomobildən çıxmış və oradan uzaqlaşmışdır. Verilən suallara cavab olaraq İryina Nağıyeva bildirmişdir ki, hadisə baş verən vaxta qədər Eminlə bağlı ailəsində heç bir problem olmamışdır. Avtomobildə bıçaq olmasını hadisə baş verən gün görmüşdür. Belə ki, həmin bıçaq qabaq sərnişin oturacağı tərəfdə olan avtomobilin qapısının cib hissəsində olmuşdur. Bıçaq onlara məxsus olmuş, ərinə kimsə suvenir kimi hədiyyə etmiş və hər zaman evdə saxlanılmışdır. Avtomobilə isə neçə düşməsi ilə bağlı məlumatı yoxdur. Eminlə Cəlal avtomobildən düşəndən sonra da dalaşmağa başlamış və bir-birlərinə vurmağa başlamışlar. O isə heç bir hadisə baş verməməsi üçün yuxarıda qeyd etdiyi bıçağı götürərək çantasına qoymuşdur. Emin isə arxası ilə gələrək bıçağı ondan almışdır. Bıçağı avtomobildən düşən zaman götürərək çantasına qoymuşdur. Eminin bıçaqla Cəlalı vurmasını isə görməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 1269 nömrəli ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində üzərində aşkar edilmiş xəsarətlər - sol qulağın kəsilmiş yarası kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq); sol əlin səthi əzilmiş yaraları isə küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-ballistik ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 3-16-16/2-3/2071 nömrəli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarında olan: - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, barəsində xx.xx.2023-cü il tarixdə 12352/23 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Şm.DRES qəsəbəsində saxlanılaraq MSY-nə təhvil verilmişdir. - cinayət törətməkdə şöbhəli olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə, saat 00:30-da Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnikleytenantı Neman Şirinov tərəfindən tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-577/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 27 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmışdır. -məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. -Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli həmin qərarla Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.03 və 228.4-cü maddələrinə tövsif edilmişdir. -Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələri ilə yeni ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsin əməlinin cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif edilməsi, bu dəyişikliklərlə cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsdiq edilməsi və qətimkan tədbirinin dəyişdirilməsi haqqında Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-də istintaqı aparılmış ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Orxan Qnyazov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ittiham aktındakı tövsiflə müqayisədə Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə, yəni Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələrinə tövsif edilmiş və bu dəyişiklərlərlə ittiham aktı təsdiq edilmiş, Təqsirləndirilən şəxs barəsində Xəzər rayon məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbirinə xitam verilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası ƏN- nin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilərək barəsində «başqa yerə getməmək» haqqnda iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 128 və 228.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və tutulduqda 3 saylı istintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, barəsində RPİ-nin CAŞ-də xx.xx.2024-cü il tarixdə 13116/24 saylı axtarış işi açılmış vət. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq PŞ-nə gəldiyi üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında 3 saylı İstintaq Təcridxanasında daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bir nəfər kişi cinsli şəxsin əlində daşıdığı bıçağı şalvarının arxasına keçirdərək bel hissəsinə qoyduğu və yanında bir nəfər qadınla yoluna davam etməsi görünür. Təqsirləndirilən şəxs videoda görünən və bıçağı daşıyan şəxsin özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.” Azərbaycan Respublikası Xidməti və mülki silah haqqında Qanunun 2.6-cı maddəsinə əsasən “Soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddəələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə Xəzər RPİ-də maddi sübut kimi saxlanılan 01 ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 21 (on iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər RPİ-də maddi sübut kimi saxlanılan 01 ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 23 saata görə 138 manat, ümumilikdə 318 (üç yüz on səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs X11 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar