Məhkəmə qərarları › İş №1(003)-41/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-41/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-41/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Mustafayev küçəsi ev 16 A, mənzil 11də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi H.Əliyev prospektində yerləşən “xxxx” MMC-yə məxsus qapalı şəraitdə fəaliyyət göstərən anbarda mülki şəxs kimi mühafizəçi işləmiş Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzündən bir dəfə qəsdlə sillə ilə vuraraq sonuncuya sol gözaltı nahiyənin solğun qonuru rəngli pinmentasdiya sahəsi olan qançır izi və solğun çəhrayımtıl-göyümtül rəngli zərif çapıq toxuması əzilmiş yaradan ibarət dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 20 il olar kı, dostu Şahinin qaynı olduğu üçün tanıyır. O, 2012-ci il tarixdən 2020-ci ilin iyun ayına kimi “xxxx” MMCdə X2 növbə rəisi vəzifəsində işləmişdir. X2 növbə rəisi vəzifəsində işləsə də onun xüsusi rütbəsi olmamış və işləri mülki şəxs kimi aparmışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs onun işlədiyi “xxxx” MMC-yə mühafizəçi kimi işə düzəlmişdir. Zərərçəkmiş şəxs də xüsusi rütbəsi olmamışdır. Rəşad onun tanışı, eləcə də Rəşadın kürəkəni olan Şahinin vasitəsi ilə işə düzəlmiş və postlara növbəyə çıxmiş, bu işin qarşılığında 500 manat əmək haqqı almışdır. O, həmin zaman işləyəndə onun vəzifəsi postları yoxlamaq olmuşdur. Rəşad işlədiyi müddətdə MMC-nin digər işçilərinə şər və böhtan atmaqla məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə o, postları yoxlamaq üçün Xəzər rayonu Binə qəsəbəsində yerləşən “xxxx” MMC-yə məxsus anbardakı posta gəlmişdir. Həmin postun giriş qapısında Rəşad olmuş və həmin anbarda iki post olmuşdur. Rəşad həmin yerdə nəzarət buraxılış məntəqəsinin postunda xidmət aparmışdır. Postu yoxlamağa gedəndə özünə məxsus “Opel” markalı, **-LT-*** nömrə nişanlı avtomobili ilə getmiş, bu zaman qapını Rəşad açmış və o, avtomobillə içəri daxil olmuşdur. O, Rəşadla salamlaşmış, avtomobili idarə edərək içəridə olan digər postu gedib yoxlamış və geriyə Rəşadın olduğu posda qayıtmışdır. Rəşadın olduğu postda olan zaman onlar söhbət etmişlər. Söhbət zamanı Rəşadın işçilərə qarşı şər və böhtan atması səbəbindən aralarında sözlə mübahisə yaranmış, həmin vaxt Rəşad orada ona qarşı bildirmişdir ki, “guya o, Rəşadın var-yoxuna söymüşdür”. Bu zaman o, Rəşadın həmin sözünə görə Rəşadın üz nahiyəsindən bir dəfə sillə ilə vurmuş, lakin buna baxmayaraq, Rəşad ona qarşı heç bir fiziki güc göstərməmişdir. Sonra o, Rəşada digər posta getməsini demişdir. Həmin gün bir qədər sonra Rəşadın anası Xanımnisə oraya gəlmişdir. Xanımnisə gələndən sonra ona bildirmişdir ki, oğlu Rəşadın necə insan olmasını yaxşı bilir. Bundan sonra Xanımnisə oğlu Rəşadı oradan götürüb çıxıb getmiş, Rəşad getdikdən sonra isə o, Rəşadın dayandığı posta başqa bir şəxsi təyin etmiş və oradan çıxıb getmişdir. Bir daha bildirir ki, Rəşad ona şər və böhtan atmış, o, yalnız Rəşadın ona dediyi sözə görə, yəni guya o, Rəşada qarşı var-yox söyüşü söyməsinə görə yalan danışmamasını deyib üz nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Rəşadı nə bıçaq, nə də ki, otaqda olan əşyalarla döyməmiş, öz aralarında təxminən 30 dəqiqə söhbət etmiş, söhbətlərindən sonra ona sillə ilə vurması təxminən 2-3 dəqiqə olmuşdur. Bundan başqa, Rəşadın əmək haqqı 500 manat olmuş və əlavə iş saatı olduqda əlavə pul almışdır, O, Zərərçəkmiş şəxs əmək haqqını alıb Şahid3 verməmişdir. Rəşadın dayandığı post bazanın girişində olan post olmuş, həmin postdan başqa orada digər başqa post olmuş və həmin postda da mühafizəçi olmuşdur. Digər post Rəşadın dayandığı postdan xeyli aralıda olmuş, o Rəşadla sözlə mübahisə edən zaman digər post aralıda olduğundan, onların mübahisə etdiyi yer görsənməmişdir. Rəşaddan üzr istəyərək barışmaq istəsə də, Rəşad onunla barışmamışdır. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, əvvəllər “X6” MMC-də mühafizəçi işləmiş, lakin 2015-ci il tarixdə iş yeri ixtisara düşdüyü üçün işdən çıxmış və şəxsi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin mart ayında evdə olan zaman kürəkəni Şahid4 ona təklif etmişdir ki, “xxxx” MMC-nin mühafizə xidmətinin rəis müavini Təqsirləndirilən şəxs onun tanışıdır, orada mühafizəçi kimi onu işə düzəltmə şansı var, lakin qarşılığında 2000 manat pul lazım olacaqdır. O da Şahinlə razılaşmış və MMC-də mühafizəçi kimi işə düzəlmək istədiyini demişdir. Şahinin ona etdiyi təklifə görə işə düzəlməyi üçün anası Şahid1 Lənkəran rayonunda 2000 manat pulu Şahinə vermişdir ki, aparıb pulu Təqsirləndirilən şəxs versin, o da onu mühafizəçi kimi işə düzəltsin. Onlar pulu verdikdən sonra xx xxxxx 2020-ci il tarixdə o, işə qəbul olunmuşdur. İşə düzələn zaman bilmişdir ki, işinin qarşılığında hər ay 500 manat əmək haqqı alacaqdır. O, bir ay 500 manat əmək haqqı almış, digər ay isə Ziyad ona demişdir ki, əmək haqqı kartında əlavə pul var, həmin pulu çıxarmaq lazımdır. O, Ziyadla birlikdə əmək haqqı yüklənən kartını bonkamata salaraq əlavə 500 manat olmasını görmüş və həmin pulu çıxardaraq Ziyada vermişdir. Çünki, Ziyad ona demişdir ki, əlavə yüklənmiş 500 manat pul Şirkətin Departamentinin rəisi Şahid3 çatacaq. Sonradan anası özünə sosial yardım düzəltmək üçün aidiyyəti quruma müraciət edəndə bilmişdir ki, onun əmək haqqı 500 manat yox, 1000 manatdır. Lakin o, bu barədə Ziyada heç nə deməmiş və işinin başında olmuşdur. Onun işi mühfizəçi işi olmuş və o, hər ayın 15 günü işdə olmaqla həmin 15 gün ərzində həm gecə, həm də gündüz növbədə olmuşdur. O, “xxxx” MMC-nin bayraq postu deyilən Binə qəsəbəsindəki, bazasında mühafizədə durmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 21 radəsində Binə qəsəbəsində yerləşən MMC-nin bazasında xidmətdə olan zaman Ziyad içkili vəziyyətdə onun dayandığı posta tanışı Əsədlə birlikdə gəlmişdir. Həmin zaman Əsəd Ziyada məxsus “Opel” markalı avtomobili idarə etmiş, Ziyad avtomobildən düşüb onun xidmət apardığı posta yaxınlaşaraq onun olduğu mühafizə otağına gəlmişdir. Ziyad muhafizə otağına daxil olan zaman ona demişdir ki, guya o, Ziyadı Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarına tutdurmuş və onunla mübahisə etməyə başlamışdır. O, Ziyada rəis müavini kimi hörmət etmiş ona cavab qaytarmamışdır. Lakin Ziyad bundan istifadə edərək mühafizə otağının içərisində onu təpik, yumuruq və otaqda olan əşyaları başına və bədəninə vurmaqla döyməyə başlamışdır. Ziyadın əlindən çıxıb qaçmaq istədikdə Ziyad otaqda olan bıçağı götürüb onun arxasıyca tullamış və bıçaq onun kürək nahiyəsindən dəymişdir. Ziyad bıçağı ona qarşı atsa da, lakin bıçaq onun əynində olan gödəkcəni zədələmişdir. Bundan sonra o, anası Xanimnisəyə zəng edərək bildirmiş ki, mühafizə rəisinin müavini Ziyad onu postunda döymüşdür. Ziyad onunla mühafizə otağının qarşısında üz-üzə dayanaraq söhbət edəndə o, Ziyada bildirmişdir ki, onun kürəkəninin tanışı olduğundan, ona qarşı fiziki güc göstərməyəcək. Lakin buna baxmayaraq, Ziyad yenə də onun boğazından tutaraq boğmağa başlamış və o, boğulduğunu hiss edəndə əli ilə Ziyadı itələyib özündən aralaşdırmışdır. Bundan sonra anası həmin yerə gəlmış və onun nə vəziyyətdə olmağını görmüşdür. Ziyad onun anasını görəndə anasına yalvararaq bağışlanmağını xahiş etmişdir. Sonra anası və o, yaşadığı evə gəlmişlər. Bunun səhəri günü Ziyad onun kürəkəni Şahinlə birlikdə onların evinə gəlmişlər. Həmin zaman o, evdə olmamış, anası Ziyaddan nə səbəbə onu döyməyini soruşanda Ziyad bildirmişdir ki, guya o, Ziyadın telefonlarına cavab vermədiyinə görə o onu döymüşdür. Sonra o, evə gəlmiş və Ziyadın Şahinlə birlikdə onlara gəlməsini bilmişdir. Bundan sonra anası kürəkəninə zəng edərək Ziyadı geri çağırmış və o, evin həyətində Ziyad və Şahinlə həyətdə görüşüb söhbət etmişdir. Söhbət zamanı Şahin demişdir ki, Ziyad onu döyübsə yaxşı etmişdir. O da bundan əsəbiləşərək hər ikisini evdən qovmuşdur. Ziyadın ona qarşı etdiyi hərəkətlərə görə o, Departamentin rəisi Şahid3la əlaqə saxlamış və demişdir ki, Təqsirləndirilən şəxs içkili vəziyyətdə onun olduğu posta gələrək onu döymüşdür. Şahid3 gəlib evdə ona baş çəkəcəyini demiş və “xxxx” MMC-yə getməməyini tapşırmışdır. Bundan bir neçə gün sonra qohumu Asif Məmmədov “xxxx” MMC-yə gedərək Şahid3la görüşmüş və həmin zaman Şahid3 qohumu Asifə demişdir ki, MMC-nin daxilində onun döyülməyi barədə araşdırma aparılır, nəticəsi barədə məlumat verəcəklər. xx xxxx 2020-ci il tarixdə o, kürəkəni Şahin, rəis müavini Təqsirləndirilən şəxs, Ziyadın tanışı Əsəd, əmisi oğlu Asif və əmisi Tərlan “Günəşli” sanatoriyasında görüşmüşlər. Görüş zamanı Ziyad ondan üzr istəmiş və işə çıxmağını ona bildirmişdir. Bu zaman o, Ziyada bildirmişdir ki, üz-gözü şişkin vəziyyətdədir, ərizəni yazıb işdən çıxacaqdır. Ziyad ona məzuniyyətinə imza etməyini demiş, lakin o, MMC-yə getməyəcəyini bildirmişdir. Həmin ərəfələrdə o, eləcə də anası Ziyadla və qeyriləri ilə onun döyülməyini araşdırmış, lakin müsbət hal olmadığı üçün, 5 ay sonra polisə, daha sonra müvafiq hüquq-mühafizə orqanlarının rəhbərliyinə və ölkə rəhbərliyinə şikayətlər etmişdir. Anası “xxxx” MMC-nin rəhbərinə onun döyülməyi ilə bağlı müraciət məktubları göndərmişdir. O, xəsarət almağı ilə bağlı həmin vaxt heç bir tibb müəsisəsinə rəsmi olaraq müraciət etməmişdi, çünki “xxxx” MMC-nin departamentinin rəisi Şahid3 onu arxayın salmışdır ki, o, MMC daxilində məsələni həll edəcək və ona köməklik edəcəklər. Ona dəymiş ziyan indiyə qədər ödənilməmiş, təqsirkarlar barədə heç bir ölçü götürülməmiş, istintaq birtərəfli aparılmış, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 qanunsuz əməllərinə düzgün hüquqi qiymət verilməmiş, çoxsaylı şikayətlərinə baxmayaraq, Təqsirləndirilən şəxs və Şahid3 məsləhəti ilə guya səhhətinin bərpasından ötrü işə çıxmayaraq evdə olduğu halda ona niyə işdə olması barədə yalandan tabel doldurularaq əmək haqqı ödənilməsi, işə düzələrkən ondan 2000 manat pul alınması, işlədiyi dövrdə isə əmək haqqı kartına 500 manat əvəzinə 1000 manat pul köçürülməsi və hər ay həmin pulun 500 manatının Təqsirləndirilən şəxs tərəfindən guya rəisə verilmək adı ilə ondan geri alınması faktları araşdırılmamışdır. Buna görə də o, çox narazıdır, Ziyad ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir və törətdiyi əmələ görə Ziyada ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Rəşad əvvəllər “X6” MMC-də mühafizəçi işləmiş, lakin 2015-ci ildə iş yeri ixtisara düşdüyü üçün işdən çıxmış və şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin mart ayında evdə olan zaman kürəkəni Şahid4 onlara təklif etmişdir ki, “xxxx” MMC-nin mühafizə xidmətinin rəis müavini Təqsirləndirilən şəxs onun tanışıdır, orada Rəşadı mühafizəçi kimi işə düzəltmə şansı var, lakin qarşılığında 2000 manat pul lazım olacaqdır. O da Şahinlə razılaşmış və onun dediyi MMC-də oğlunu mühafizəçi kimi işə düzəltməsini demişdir. Bundan sonra o, Şahinə 2000 manat pul vermişdir ki, Rəşadı işə düzəltsin. Bundan bir neçə gün sonra Rəşad “xxxx” MMC-də mühafizəçi işinə düzəlmiş və işə başlamışdır. Oğlu həmin işə görə 500 manat əmək haqqı almışdır. O isə özünə sosial yardım düzəltmək istəyəndə bilmişdir ki, oğlunun əmək haqqı 500 manat yox, 1000 manatdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radəsində evdə olan zaman oğlu ona zəng edərək demişdir ki, işlədiyi MMC-nin departamentinin rəis müavini içkili vəziyyətdə gələrək onu postda döymüşdür və o, onun əlindən qaça bilmir. Bundan sonra o, oğlunun iş yerinə getmiş və görmüşdür ki, həqiqətən də Rəşad rəis müavini Təqsirləndirilən şəxs tərəfindən vəhşicəsinə döyülmüş və üz-gözü qançır vəziyyətindədir. Sonra o, məsələni özü aydınlaşdırmaq istəmiş, lakin buna nail ola bilmədiyi üçün polisə oğlunun döyülməyi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, 2017-ci ildə “xxxx” MMC-də SƏTƏMM departamentinin rəisi vəzifəsində işləmişdir. Onun işi əməyin mühafizəsi texniki təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi və mühafizə departementinin rəhbəri olmuşdur. Lakin hazırda o, həmin MMC-də işləmir, öz ərizəsi əsasında xx xxxx 2020-ci il tarixdə işdən azad olmuşdur. Zərərçəkmiş şəxs onun işlədiyi MMC-də mühafizəçi işləmişdir. Onun işə götürülməsinə səbəb Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs MMC-də növbə rəisi vəzifəsində işləmişdir. 2020-ci ilin mart ayında Rəşadın anası Xanımnisə onun iş yerinə gəlmiş və ona demişdir ki, oğlu Rəşad posta çıxan zaman Ziyad tərəfindən döyülmüşdür. Bu zaman o, Xanımnisəyə öz daxili çərçivəsində araşdırıb məlumat verəcəyini demişdir. Sonra isə o, həmin ərazidə xidmət aparan mühafizəçilərlə fərdi söhbətlər aparmış, lakin heç bir dava-dalaşın olmaması ona şifahi məlum olmuşdur. Bundan əlavə, o, Zərərçəkmiş şəxs xidmət apardığı posta nəzarət edən videomüşahidə kameralarına baxmış, lakin orada heç bir dava-dalaşın olmadığını aşkar etmişdir. Həmin görüntülər 1 ay müddətdən sonra sistemdən öz-özünə silinmiş və yenilənmişdir. O, heç kimdən pul almamış, eləcə də pul qarşılığında heç kimi işə düzətməmişdir. Zərərçəkmiş şəxs ona qarşı dedikləri tam yalan və böhtandır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, o, Zərərçəkmiş şəxslə 2012-ci il tarixdə ailə həyatı qurmuş, onların birgə nigahdan 3 azyaşlı övladları olmuşdur. Rəşad 2020-ci ilin aprel ayında “xxxx” MMC-yə mühafizəçi kimi işə düzəlmiş, 15 gün gündüz növbəsində, 15 gün isə gecə növbəsində işləmişdir. xx xxxx 2020-ci il tarixdə o, evdə olan zaman təxminən saat 21 radəsində Rəşad evə zəng etmiş və ona demişdir ki, anası, yəni onun qaynanası Xanımnisəyə desin ki, mühafizə rəisinin müavini Ziyad Məmmdov onun postuna içkili vəziyyətdə gəlmiş və onu orada döymüşdür. Bundan sonra o, bu barədə qaynanasına demiş və qaynanası evdən çıxaraq Rəşadın işlədiyi Binə qəsəbəsində olan postuna getmişdir. Bundan bir qədər sonra Rəşad anası ilə birlikdə evə gəlmişdir. Evə gələn zaman görmüşdür ki, Rəşadın əynində olan gödəkcənin arxa hissəsində olan dərisi qismən cırılmış və üz-gözü şişkinlik vəziyyətindədir. Həmin zaman Rəşadın bədənində ağrılar olmuş, Rəşad həmin ağrılardan əziyyət çəkmişdir. Sonra isə Pəşad bildirmişdir ki, mühafizə rəisinin müavini Təqsirləndirilən şəxs işdə olan zaman içkili vəziyyətdə gəlmiş və orada onu döymüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən Şahid4 Məmməd oğlu göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Rəşad əvvəlki iş yerindən ştat ixtisarı ilə əlaqədar işdən azad edildikdən sonra bir müddət özünə məxsus şəxsi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Rəşadı tanışı - “xxxx” MMC-də növbə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs vasitəsilə mühafizəçi vəzifəsinə işə düzəldə biləcəyini Rəşada və qaynanası Xanımnisəyə təklif etmiş, onlar buna razılıq verdikdən sonra o, Ziyaddan bu barədə xahiş etmiş və Ziyad da təmənnasız olaraq Rəşadı sözügedən işə düzəltməyə kömək etmişdir. Bu zaman o, Rəşaddan və ya Xanımnisədən hər hansı məbləğdə pul almamış və heç kəsə də pul verməmişdir. Bununla bağlı Rəşad və Xanımnisənin dedikləri yalan və böhtandır. Rəşad həmin MMCdə təxminən on aya qədər işləmiş və sonra işdən azad edilmişdir. Hadisədən sonra Ziyad Rəşaddan üzr istəyərək barışmaq istəsə də, Rəşad hansısa səbəblərə görə onunla barışmamışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və bu barədə protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadə yerində toxlanılmış və bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyəsinin solğun qonuru rəngli piqmentasiya sahəsi ola bilsin qançırı izi və solğun çəhrayımtıl-ğöyümtül rəngli zərif çapıq toxuması isə ola bilsin əzilmiş yara izi olub küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx xxxx 2020-ci il tarixdə və şəraitdə yetirilməsi istisna olunmur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, xx xxxxxxxx 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs müxtəlif instansiyalara çoxsaylı müraciətlər edərək istintaqın birtərəfli aparılmasından, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 qanunsuz əməllərinə düzgün hüquqi qiymət verilmədiyindən, Təqsirləndirilən şəxs və Şahid3 məsləhəti ilə guya səhhətinin bərpasından ötrü işə çıxmayaraq evdə olduğu halda ona niyə işdə olması barədə yalandan tabel doldurularaq əmək haqqı ödənilməsi, işə düzələrkən ondan 2000 manat pul alınması, işlədiyi dövrdə isə əmək haqqı kartına 500 manat əvəzinə 1000 manat pul köçürülməsi və hər ay həmin pulun 500 manatının Təqsirləndirilən şəxs tərəfindən guya rəisə verilmək adı ilə ondan geri alınması faktlarının araşdırılmamasından şikayətlər etmişdir. Lakin istintaq orqanı həmin müraciətlərə heç bir münasibət bildirməmişdir. Ona görə də məhkəmə zərərçəkmiş şəxsin həmin müraciətlərinə müvafiq reaksiya verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar