Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-414/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi E.Bünyadov küçəsi ev 11də qeydiyyatla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 4(003)-226/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçağ ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə saat 23:45 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən “Murad” kafesinin qarşısında heç bir əsaslı səbəb olmadan küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüş söyüb təhqir edib cibində olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfatməişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs belinin sol yan nahiyəsindən bir zərbə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən Yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şüvəlan-Buzovna yolunda yerləşən avtoyuma məntəqəsində işləyib ailəsini dolandırmışdır. 08 iyun 2021-ci il tarixdə saat təxminən 10 radələrində avtoyuma məntəqəsindən çıxıb yaşadığı qəsəbədə “Əli-Ayağı ziyarətgahı”-na düşən yolda sol hissədə yerləşən “Murad” kafesinə gedib təxminən 3-4 bakal pivə içmişdir. Həmin zaman kafedə tanımadığı başqa şəxslər də olmuşdur. Saat 23:40 radələrində kafe bağlanana yaxın olduğundan, o, hesabını ödəyib kafedən çıxmışdır. Bundan sonra kafenin yaxınlığında olan zaman kafedən tanımadığı bir oğlan və bir qız çıxmış, kafedən çıxan həmin qızla olan oğlan onun yanından keçən zaman çiyni ilə onun çiyninə toqquşmuşdur. O, bu zaman həmin şəxsə demişdir ki, “asta ol da, nə olub”. Həmin şəxs cavabında “sən özün asta ol” deyərək nalayiq söyüş söydüyündən, o da onu əli ilə itələyib söymüşdür. Bundan sonra həmin şəxs – sonradan adını bildiyi Zərərçəkmiş şəxs sol əli ilə onun sağ yanağından zərbə ilə itələyərək üzərinə hücum çəkib onu yerə yıxmış və ona bir neçə dəfə zərbə vurmuşdur. O, həmin an Nurlandan yaxasını çəkib uzaqlaşmaq üçün ayağa durmağa çalışmış, lakin Nurlan yenə də onu vurmuş və o da Nurlanı vurmuşdur. Orada olan səs-küyə gələn tanımadığı şəxslər onları ayırmağa çalışmış, lakin həmin zaman o, əsəbi və içkili halda olduğundan, arxa sağ cibində olan özünə məxsus qatlanıb açılan gümüşü rəngli baçağı açaraq Nurlanın üzərinə getmişdir ki, onu vursun, lakin Nurlan çevrildiyindən, bıçaq zərbəsi Nurlanın belinin sol hissəsindən dəymişdir. Nurlan bıçağı gördüyü üçün qaçmağa başlamış, o da onun arxasınca qaçmış, orada olan şəxslər onları sakitləşdirmişlər. Bıçağı da elə orada yerə atmış və bundan sonra yaşadığı evə getmişdir. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. 09 iyun 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları gələrək onu 2-ci PŞ-nə aparmışlar. İlk dəfə törətdiyi bu əməldən peşmandır, hazırda Nurlan ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və onun ondan heç bir şikayəti yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 08 iyun 2021-ci il tarixdə axşam saatlarında dostu Şahid1 və Əlinin münasibətdə olduğu Şahid2 ilə Buzovna qəsəbəsi H.Eyvazov küçəsində yerləşən “Murad” kafesində doğum gününü qeyd edib yeyib-içmişlər. Saat 23:40 radələrində kafe bağlanana yaxın olduğu üçün isə masa arxasından durmuşlar. Həmin zaman Əli bir az arxada gəlirmiş. O isə Arzu ilə “Murad” kafesindən çıxıb piyada üzü əsas yola tərəf hərəkət edən zaman onunla üz-üzə gələn, adını sonradan bildiyi Əlizahab onun sağ çiyninə toxunmuşdur. Həmin zaman Əlizahab ona “asta ol da, nə olub” demiş, o da onun özünə asta olmasını demiş və əsəbiləşib Əlizahabın ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra Əlizahab onu əli ilə itələdiyindən, o, Arzuya dəymiş, eyni zamanda Əlizahab da onu nalayiq söyüşlə söymüşdür. O, həmin vaxt əsəbi olduğundan, özünü cilovlaya bilməmiş və əli ilə Əlizahabın yanağından itələyib üzərinə hücum çəkərək onu yerə yıxıb bədəninin müxtəlif yerinə yumruqla vurmuş, Əlizahab isə ayağa durub uzaqlaşmağa çalışmışdır. Orada olan şəxslər onları ayırmağa çalışmışlar. Bu zaman Əlizahab arxa cibindən çıxartıdığı bıçaqla onun qarnından zərbə vurmaq istəmiş, o, zərbədən yayınmaq üçün fırlanmaq istəyəndə bıçaq onun belinin sol hissəsindən dəymişdir. O, həmin an ağrı hiss etmişdir. Ara sakitləşdikdən sonra dostu Əli onu taksi ilə 26 saylı BŞX-na aparmış, xəstəxana onu qəbul etmədiyindən, TTY maşını ilə 3 saylı KŞX-na aparmışlar. Həmin gün bıçaq yarası tikilmiş və həmin gündən etibarən 15 iyun 2021-ci il tarixədək xəstəxanada qalıb müalicə almışdır. Hadisə təxminən 5 dəqiqə çəkmiş, həmin vaxt o, Əlizahaba qarşı nalayiq ifadələr işlədib söyüş söyməmişdir. Hazırda səhhəti yaxşıdır, Əlizahab ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Əlizahaba yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. 08 iyun 2021-ci il tarixdə münasibətdə olduğu Şahid2 ilə birlikdə Nurlan üçün ad günü qeyd etmək məqsədi ilə Buzovna qəsəbəsində yerləşən “Murad” kafesinə gedərək orada yemək yeyib çay içmişlər. Həmin gün saat 23:40 radələrində kafe bağlanana yaxın olduğu üçün masa arxasından durmuşlur. O, bir az arxada qalıb hesabı vermiş, Arzu ilə Nurlan isə kafedən çıxıb yavaş-yavaş hərəkət etməyə başlamışlar. O da kafedən çölə çıxmış, kafenin sahibi kafeni bağlamışdır. Bu zaman Nurlanın əvvəlcədən kafedə oturan, adını sonradan bildiyi Əlizahab adlı şəxs ilə sözlə mübahisə etdiklərini, sonra isə Nurlanın Əlizabahın üstünə hücum çəkərək yerə yıxıb vurduğunu görmüşdür. O və orada olan digər şəxslər Nurlangilə yaxınlaşıb onları sakitləşdirsələr də, Əlizahab cibindən gümüşü rəngli bıçağı çıxarıb Nurlanı vurmaq istəmiş, lakin Nurlan fırlandığından, bıçaq zərbəsi Nurlanın belindən dəymişdir. Daha sonra isə çıxıb getmişdir. O, Nurlanı dərhal tanımadığı taksi ilə 26 saylı BŞX-na aparmış, xəstəxana onu qəbul etmədiyindən, X3 maşını ilə 3 saylı KŞX-na aparmışlar. Həmin gündən etibarən Nurlan 15 iyun 2021-ci il tarixədək xəstəxanada qalıb müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 qızı göstərdi ki, o, Şahid1 ilə təxminən 10 ildir ki, yaxın münasibətdədir, Əlinin dostu Zərərçəkmiş şəxs da tanıyır. 08 iyun 2021-ci il tarixdə o, Nurlan və Əli Nurlan üçün ad günü qeyd etmək məqsədi ilə Buzovna qəsəbəsində yerləşən “Murad” kafesinə gedərək orada yemək yeyib çay içmişlər. Həmin gün saat 23:40 radələrində kafe bağlanana yaxın olduğu üçün masa arxasından durmuşlar. Həmin zaman Əli bir az arxada gəlirmiş. O isə Nurlan ilə “Murad” kafesindən çıxıb piyada üzü əsas yola tərəf hərəkət edən zaman onlarla üz-üzə gələn bir nəfər şəxs Nurlanın sağ çiyninə toxunmuşdur. Həmin zaman adını sonradan bildiyi Əlizahab adlı şəxs Nurlana “asta ol da, nə olub” demiş, Nurlan da cavabında “sən özün asta ol” demiş və əsəbiləşib onun ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra Əlizahab Nurlanı əli ilə itələyəndə Nurlan ona dəymiş, eyni zamanda Əlizahab da Nurlanı nalayiq söyüşlə söymüşdür. Nurlan özünü cilovlaya bilməmiş, əli ilə Əlizahabın yanağından itələyib üzərinə hücum çəkərək yerə yıxıb onun bədəninin müxtəlif yerlərinə yumruqla vurmuşdur. Həmin vaxt Əlizahab ayağa durub uzaqlaşmaq istəmiş, orada olan şəxslər, eyni zamanda o və Əli də Əlizahabla Nurlanı ayırmağa çalışmışlar. Bu zaman Əlizahab arxa cibindən çıxartıdığı bıçağ ilə Nurlanın qarnından zərbə vurmaq istəyəndə Nurlan zərbədən yayınmaq üçün fırlanmış və bıçaq Nurlanın belinin sol hissəsindən dəymişdir. Həmin zaman ara sakitləşmiş və Əli Nurlanı taksi ilə 26 saylı BŞX-na aparmış, xəstəxana Nurlanı qəbul etmədiyindən, TTY maşını ilə 3 saylı KŞ-na aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 iyun 2021-ci il tarixli 613 nömrəli rəyində göstərilmişdir ki, X1 bədəni üzərində bel nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən onun 3 saylı ŞKX-na müraciətindən az əvvəl törənmiş, qərarda göstərilən 08 iyun 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 09 iyul 2021-ci il tarixli 3/1136 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 74,00 (yetmiş dörd) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, o, baş vermiş mübahisənin yerini əl işarələri ilə göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən, o, baş vermiş mübahisənin yerini əl işarələri ilə göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs üzləşdirmə zamanı ifadələrini bir birlərinin üzlərinə deyərək həmin xüsusatları təsdiq etmişlər. İş materiallarından görünür ki, baş vermiş dava-dalaşın görüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarından görünür ki, bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin MSS kamerasına təhvil verilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 06 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq Əlizahaba yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi onun özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 09 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - baş vermiş dava-dalaşın görüntüsünü əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut - Xəzər RPİ-nin MSS kamerasına təhvil verilmiş bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 74,00 (yetmiş dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının çəkməsinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - baş vermiş dava-dalaşın görüntüsünü əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut - Xəzər RPİ-nin MSS kamerasına təhvil verilmiş bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 74,00 (yetmiş dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-414/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-414/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver