Məhkəmə qərarları › İş №1(003)-414/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-414/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-414/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 18 fevral 2025-ci il tarixdə saat 21:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində Sabunçu keçidində Zərərçəkmiş şəxs idarə etdiyi ona məxsus “Mersedes Vito” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçiilük sovxozu adlanan ərazidə yerləşən “Laçın” marketin yaxınlığına qədər gəldiyi vaxt avtomobilin salonundakı sərnişinlərin hamısı düşüb getdikdən sonra Zərərçəkmiş şəxs məxsus avtomobilin salonunda sürücünün oturacağı ilə salon arasındakı boşluğa qoyulmuş içərisində 1.600 manat məbləğində nağd pul, 350 manat dəyərində bujeteriya əşyaları və sənədlər olan qara rəngli bel çantasını gizlin götürməklə avtomobili bir neçə dəqiqədən sonra “Laçın” marketin yerləşdiyi həmin ərazidə 160 saylı xətt avtobusunun dayanacağının yaxınlığında saxladıb düşüb özü ilə apardığı həmin çantanın içərisindən Zərərçəkmiş şəxs məxsus 1.600 manat məbləğində pulu və 350 manat dəyərində büjuteriya əşyalarını götürüb çantanı içərisində olan sənədlərlə birlikdə oradakı zibil qutusuna atıb getməklə ələ keçirdiyi pulu və büjuteriyanı satmaqla əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs ümumilikdə 1.950 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,438 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 03 aprel 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Behbudov küçəsində yerləşən 136 nömrəli tam orta məktəbin yaxınlığına kimi daşımış, həmin gün orada saat 15:30 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 3-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparmaqla üzərinə şəxsi baxış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,438 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə saat 21:25 radələrində Bakı şəhəri, Sabunçu rayon ərazisində Sabunçu keçidində “Vito” markalı avtomaşına minib Binə qəsabəsində gəlmişdir. O, maşında olan zaman məktəbli çantasına oxşar çantanı görmüşdür. Maşında olan bütun sərnişinlər düşəndən sonra həmin çantanı oğurlamaq qərarına gəlmişdir. Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən “Laçın” marketin yanında sürücüdən maşını saxlamağını bildirmiş, maşın dayananda bir manat verib maşından düşmüşdür. Maşından düşəndə həmin çantanı götürüb 160 saylı marşut avtobusun son dayanacağı istiqamətində getmişdir. Həmin vaxt hava qaranlıq imiş. O, yolun kənarında həmin çantanı açaraq içərisinə baxmış, çantanın içində 1.600 manat pul olduğunu görmüşdür. O, həmin pulu va qızıla bənzər əşyaları götürmüş, çantanı və içindəki sənədlərlə birlikdə 160 sayı sərnisin avtobusun son dayanacağındakı zibil qutusuna atıb oradan getmişdir. O, həmin pulu özünün şəxsi işlərinə xərcləmiş, götürdüyü qızıla bənzər əşyaların bujeteriya olması bildikdən sonra yolun kənarına atmışdır. Bundan başqa 03 aprel 2025-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, R.Behbudov küçəsində yerləşən 136 nömrəli tam orta məktəbin yaxınlığında hərəkət edən zaman iki nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək üzərində qanunsuz olaraq hər hansı bir əşya və predimet olub-olmaması barədə sorğu-sual etmişlər. Bu zaman o, əynində olan şalvarının cibində şəxsi istifadəsi üçün alıb saxladığı bir büküm psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra onu 3-cü Polis Şöbəsinə aparmışlar. Saxlanılarkən və Xəzər RPİ-nin 3-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə İsmayıllı rayonundan yaşadığı evə doğru şəxsi avtomobili olan “Mersedes Vito” markalı sərnişin avtobusu ilə gələrkən Sabunçu körpüsünün yanındakı dayanacaqdan 6 nəfər şəxsi 1 manat müqabilində Binə qəsəbəsinə aparmaq üçün mindirmişdir. Binə qəsəbəsinə çatdıqda həmin şəxslər müvafiq olaraq müxtəlif dayanacaqlarda düşmüşlər. Sonuncu sərnişini isə Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Kral” dönər evinin yaxınlığında avtomobildən düşürdüb yaşadığı evə gəlmişdir. Evdə avtomobildən əşyalarını götürərkən içərisində 1.600 manat nəğd pul və 350 manat dəyərində büjuteriyalar olan qara rəngli bel çantasının olmadığını görmüşdür. Yoldaşından çantanın harada olmasını soruşduqda o, çantanı sürücünün arxa oturacağı ilə sürücünün arasındakı hissəyə araya qoyduğunu bildirmişdir. Sonra o, yenidən avtomobilə baxmış və çantanı orada görməmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona 1.950 manat maddi ziyan dəymiş, maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 15:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, R.Behbudov küçəsində yerləşən 136 nömrəli tam orta məktəbin yaxınlığında o və iş yoldaşı Şahid2 ərazidə xidmət apararkən narkotik vastənin istifadəsində şübhəli olan “Azad” adlı şəxsə videoçəkilişlə yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan da özünü təqdim etməsini istədikdə həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ondan üzərində qanunsuz hər hansı bir əşya və predimet olması soruşulduqda həmin şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Ondan götürülmüş həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra onu Xəzər RPİ-nin 3-cii PŞ-ə dəvət etmişlər. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-də olan zaman ona qarşı hər hansı psixoloji və fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxs qarşı hər-hansı fiziki zorakılıq və ya psixi təsir edilməmişdir İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, oğurluq hadisəsi ilə bağlı fakta əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - 03 aprel 2025-ci il tarixli əməliyyat qrupunun yaradılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın yoxlanılması üçün Xəzər Rayon Polis İdarəsinin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisininin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-Cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20-də tutulmuşdur; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Behbudov küçəsində yerləşən 136 nömrəli tam orta məktəbin yaxınlığında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, videoçəkiliş aparmaqla üzərinə şəxsi baxış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş kütlə aşkar edilərək götürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/1255/2025 saylı 04 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N:244" dairəvi möhür əksi, "(imza) Təqsirləndirilən şəxs" yazısı, imzalar olan zərfdəki 01 ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,438 qram olan ağ kristalilc maddə kustar üsulla hazırlanmiş psixotrop maddə-metamfetamindir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanın qarşısında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 05 aprel 2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, CM-nin 177.1-ci maddəsi ilə olan HK-1-757 saylı material ilə birləşdirilmişdir; - Əməlin tövsif edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən CM-nin 177. 1 və 234.1-ci maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 iyun 2025-ci il il tarixli, 3549 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - İfadənin yerində yoxlanılması barədə 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, o, istintaqa verdiyi ifadələrini bir daha təsdiq edərək hadisənin yerlərini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 yanvar 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1 və 66.5-ci maddələri ilə təqsirli hesab edilərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 66.5-ci maddəsi ilə təqsirli hesab edilərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 26 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci (xx.xx.2025-ci il tarixli dəyişikliyə qədər olan redaksiyada) maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,438 qram olan psixotrop maddə – metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi hesab olunur; 18.4.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində (CM-nin 234.1-ci maddəsinə münasibətdə) cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,388 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 114 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,388 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk cinayət işinin materillarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Təqsirləndirilən şəxs hüquqlarının: ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən sərf etdiyi vaxta görə 275 (iki yüz yetmiş beş) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar