Məhkəmə qərarları › İş №1(003)-415/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-415/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-415/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab olunan evin həyətinə darvazanın qıfılını sındırmaqla qanunsuz daxil olaraq oradan ayaqaltı qurğu üçün istifadə olunan 1 kvadrat metri 7 manat olmaqla ümumilikdə qiyməti 665 manat olan 95 kvadrat metr metal iskələni və 1 metrinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan 30 metr uzunluğunda 2x2,5 mm ölçülü su motorunun elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 725 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər bir dəfə oğurluq etdiyinə görə məhkum olunmuş, təxminən 10 ildən çoxdur ki, azadlığa çıxmış, həm usta kimi, həm də fəhlə kimi ayrı-ayrı yerlərdə işləyərək ailəsini dolandırmışdır. Maddi vəziyyəti ilə əlaqədar olaraq 19 may 2022-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı evin yaxınlığında yerləşən tanıdığı Zəhra adlı şəxsə məxsus evin həyətinin darvazasının qıfılını sındıraraq həyətə daxil olmuş və həyətdə torpağın üzərində olan ayaqaltı qurğu üçün istifadə olunan 19 ədəd metal lesanı və su motorunun elektrik naqilini götürüb küçəyə çıxmış və həmin əşyaları yaşadığı evin yaxınlığında olan məişət tullantıları qablarının yanında gizlətmişdir. 20 may 2022-ci il tarixdə, səhər saatlarında həmin əşyaları oradan götürüb yoldan keçən avtomaşınlardan biri ilə metal qəbulu məntəqəsinə aparıb 24 manata satmış, oğurladığı əşyaları təhvil verdiyi zaman onları oğurladığını heç kimə deməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra həmin hadisənin onun tərəfindən törədildiyi müəyyən edilmiş və o, törətdiyi əməli etiraf etmişdir. Törətdiyi əməldən peşmandır, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı hələlik ödəyə bilməmiş və onunla barışıq əldə edə bilməmişdir. Ona bir qədər möhlət verilərsə, zərərşəkmiş şəxsə dəymiş ziyanı hər ay yüz manat olmaqla hissə-hissə ödəyə biləcəkdir. Himayəsində üç azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 4 ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır. 20 may 2022-ci il tarixdə saat 08:30 radələrində aşkar etmişdir ki, naməlum şəxs həyətinin giriş qapısının üzərində olan qıfılı sındırmaqla yaşadığı evin həyətinə daxil olub və orada qapının qarşısında torpağın üzərinə yığdıqları ayaqaltı qurğu üçün istifadə olunan 1 kvadrat metri 7 manat olmaqla ümumilikdə qiyməti 665 manat olan 95 kvadrat metr metal iskələ və 1 metrinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan 30 metr uzunluğunda 2x2,5 mm ölçülü su motorunun elektrik naqilini oğurlamışdır. Bununla bağlı dərhal “102” zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 725 manat, qıfılın sındırılması nəticəsində isə ona əlavə olaraq 5 manat ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, zərərçəkmiş şəxslə barışmamışdır. Bunun nəzərər alınaraq dəymiş ziyanın ödənilməsində ona köməklik göstərilməsini, əks təqdirdə təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvfiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, təxminən bir il olar ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində Qala yolunun üstündə metal alqı-satqısı ilə məşğul olur. 20 may 2022-ci il tarixdə təxminən saat 13 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun işlədiyi yerə gələrək özü ilə gətirdiyi elektrik naqilinə sarınmış vəziyyətdə olan doğranılı halda metal lesaları ona göstərib həmin metalların özünə məxsus olduğunu və metal kimi satmağa gətirdiyini bildirmişdir. O, Elmanın gətirdiyi metalı tərəziyə qoyub çəkmiş və ümumilikdə ona 24 manat pul verərək almış, sonradan həmin əşyaları Dərnəgül qəsəbəsində yerləşən metal əritmə zavoduna satmışdır. Həmin əşyaların cinayət yolu ilə əldə edildiyini bilməmişdir, əgər bu barədə məlumatı olsaydı, heç vaxt Elmandan həmin metalları almazdı. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 07 aprel 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 42-1-ci maddəsinə əsasən hökmün icrası 01 (bir) il müddətə təxirə salınmış, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən əmlakı müsadirə olunmaqla 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.1-ci bəndinə əsasən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 24 may 2022ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 26 may 2022-ci cu il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaqda 15 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar