Məhkəmə qərarları › İş №1(003)-417/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-417/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-417/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, onun nümayəndəsi – “Pro-Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 29 iyun 1998-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Liman şəhəri M.Ə.Sabir küçəsi ev 173/3-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 may 2021-ci il tarixdə saat 20 radələrində qohumu Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21120” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz istiqamətindən Binə qəsəbəsi mərkəzinə doğru Ə.İsazadə küçəsində “Tac” mebel salonunun yaxınlığında bir istiqamətli, iki zolaqlı avtomobil yolunun soldan birinci zolağı ilə 60 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməmiş və ehtiyatsızlıqdan yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq tərəfi ilə vuraraq piyada Zərərçəkmiş şəxs1 alın gicgah nahiyəsinin, sağ gözətrafı nahiyəsinin, sağ sağrı nahiyəsinin qançırları, sağ və sol dirsəyin sıyrıqları, sağ qamış sümüyünün, sol incik sümüyünün qapalı sınıqları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almasına, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21120” markalı **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin zədələnməsi nəticəsində 270 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 13 may 2021-ci il tarixdə saat 20 radələrində bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21120” markalı **-TE-*** dövlət qeydiyyat naişanlı avtomobillə Binə qəsəbəsi Sovxoz istiqamətindən Binə mərkəzinə doğru yolun soldan sağa doğru 1-ci zolaqla saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən “Tac” mebel dükanına çatmamış təxminən 15 metr məsafədən bir qadının yolun sol tərəfindən yolun mərkəzində yerləşən beton səkinin üzərinə və oradan da avtomobilin hərəkətdə olduğu zolağa çıxmasını görmüşdür. Təhlükəni hiss edib qarşısını almaq məqsədilə əyləci sıxaraq maşını sola doğru qaçırsa da xeyri olmamış, nəticədə avtomobilin qabaq hissəsi ilə həmin piyadanı vurmuşdur. Dərhal avtomobili saxlayıb düşmüş və piyadaya yaxınlaşmışdır. Həmin vaxt avtomobildə ondan başqa avtomobilin sahibi bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs2 də olmuşdur. Avtomobildə başqa heç kim, həmçinin əlavə yük olmamışdır. Elvin təcili yardıma zəng etmiş, təcili yardım maşını gəlib həmin piyadanı xəstəxanaya aparmış, o isə polis əməkdaşları ilə birlikdə hadisə yerində qalmışdır. Onu da qeyd edir ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır, lakin onun hadisə zamanı idarə etdiyi avtomobilə etibarnaməsi olmamışdır, avtomobilin sahibi Zərərçəkmiş şəxs2 hadisə zamanı onunla birlikdə maşının salonunda olmuşdur. Özü sükan arxasında ayıq olmuş, avtomobil də texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən sonra bilmişdir ki, vurulan piyada Zərərçəkmiş şəxs1dır. Hadisə zamanı Yeganə tək olmuş, hadisə baş verəndən sonra Yeganənin yanına Şahid2 yaxınlaşmış, sonradan öyrənmişdir ki, Yeganə hadisədən əvvəl ora Ceyhunun idarə etdiyi avtomobildə gəlmiş, yolu isə tək keçmişdir. Yeganə Bakı şəhərində yerləşən “X3” adlı klinikada müayinə olunmuş, klinikaya 836 manat ödəmiş, ödəniş qəbzinin surətini polisə təqdim etmişdir. Əlavə olaraq Yeganə ondan 3000 manat tələb etmiş, o da ona bildirmişdir ki, Vətən müharibəsi iştirakçısıdır, döyüş bölgəsindən şəhidlərin çıxarılmasında vətənə xidməti olub, müharibədən qayıdandan sonra Bakı şəhərində kirayədə qalır, aylıq maaşı da azdır, ona görə aybaay imkan daxilində köməklik edə bilər. Yeganə isə razılaşmamış, barəsində müxtəlif instansiyalara şikayət etmiş, ünvanına təhqiramiz sözlər işlətmiş, alçaltmışdır. Ona görə də öz təhlükəsizliyi üçün Yeganə və ailəsi ilə əlaqə saxlamır. Hadisə zamanı özü xəsarət almamış, Zərərçəkmiş şəxs2 ilə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda Elvinin ondan heç bir şikayəti yoxdur. Digər Zərərçəkmiş şəxs1 ilə barışmaqdan ötrü isə dəfələrlə cəhd etmiş, lakin barışıq əldə edə bilməmişdir. Mülki iddianı etiraf etmir, çünki, hadisədən dərhal sonra təcili tibbi yardım maşınının Yeganəni apardığı “X3” adlı klinikaya tələb olunan 836 manatı ödəmiş, ona bundan sonra heç bir problemin olmadığı deyilmiş və onlar ayrılmışlar. Sonradan Yeganənin ailə üzvləri Yeganəni həmin klinikadan çıxarıb digər müalicə müəssisələrinə aparmış, müalicəsinə çoxlu pul xərclədiklərini, xəstənin sağalması üçün baha qiymətə ərzaq məhsulları aldıqlarını, həmçinin Yeganənin iş qabiliyyətini müəyyən müddətə itirməsi nəticəsində əmək haqqından və məşğul olduğu repetitorluq fəaliyyəti ilə qazanacağı xeyli məbləğdə pul vəsaitindən məhrum olmasını bildirib ona qarşı qəbul edə və ödəyə bilməyəcəyi tələblər irəli sürmüş, hətta onun ünvanına təhqiramiz sözlər işlədib hədə-qorxu gəlmişlər. 2016-cı ildə həqiqi hərbi xidmətdə olduğu N nömrəli hərbi hissə komandanlığı onun ailəsinə “Təşəkkürnamə” göndərmişdir. 44 günlük Vətən müharibəsində iştirak etmişdir, qazidir, Azərbaycan Vətən Müharibəsi X1 üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs bütün bunların nəzərə alınaraq barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.1, 1.2 və 9.1-ci bəndləri tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 13 may 2021-ci il tarixdə saat təxminən 20 radələrində tanışı Ceyhunun idarə etdiyi maşınla Binə qəsəbəsi Südçülük sovxozu deyilən əraziyə gəlmişdir. “Tac” mebel salonu ilə üzbəüz yolun kənarında maşını saxlayaraq əks istiqamətə doğru adi yerişlə yolu keçməyə başlamışlar. O, adi yerişlə yolun mərkəzində yerləşən beton səkinin üzərindən keçib yola bir neçə addım atmış və bundan sonra nə baş vermişdirsə, heç nəyi xatırlamır. Sonra da ona məlum olmuşdur ki, onu yol keçərkən Təqsirləndirilən şəxs adlı sürücü idarə etdiyi avtomobillə vurmuşdur. Hadisədən sonra xəstəxanaya yerləşdirilmiş, borc alıb xəstəxana xərclərini özü çəkmişdir. Tibbi ekspertiza rəyində qeyd olunan xəsarətləri həmin yol-nəqliyyat hadisəsi zamanı almışdır. Bundan sonra təqsirləndirilən şəxs onunla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Halbuki, o, indiyə qədər öz müalicəsinə xeyli məbləğdə pul xərcləmişdir, müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir. Hazırda işləyə bilmədiyinə görə çox böyük çətinliklə dolanır, zəruri ehtiyaclarını ödəyə bilmir. Təqsirləndirilən şəxsin indi ona etdiyi təkliflər isə onu qane etmir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qarşı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunların nəzərə alınaraq mülki iddiasının tam təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, “VAZ-21120 markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 13 may 2021-ci il tarixdə saat 20 radələrində özünü pis hiss etdiyindən qaynı Mehmandan avtomobili idarə etməsini xahiş etmiş, o da avtomobildə salonda onun yanında oturmuşdur. Mehmanla birlikdə həmin avtomobillə Binə qəsəbəsi Sovxoz istiqamətindən Binə mərkəzinə doğru yolun soldan sağa doğru 1-ci zolaqla saatda təxminən 60 km sürətlə hərəkətdə olarkən “Tac” mebel dükanına çatmamış bir qadının yolun sol tərəfindən yolun mərkəzində yerləşən beton səkinin üzərinə və oradan da avtomobilin hərəkətdə olduğu zolağa çıxmasını görmüşlər. Mehman təhlükəni hiss edib qarşısını almaq məqsədilə əyləci sıxmış, idarə etdiyi maşını sola doğru qaçırsa da xeyri olmamış, nəticədə avtomobilin qabaq hissəsi ilə həmin piyadanı vurmuşdur. Hadisədən dərhal sonra Mehman avtomobili saxlamış və onlar birlikdə düşüb piyadaya yaxınlaşmışlar. O, təcili yardım maşını çağırmışdır. Hadisə zamanı avtomobildə başqa kimsə, həmçinin əlavə yük olmamış, Mehman sükan arxasında ayıq olmuşdur. Mehmanın avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Ona məxsus avtomobilə etibarnaməsi olmasa da, o, özü hadisə zamanı Mehmanın yanında avtomobilin salonunda olmuşdur. Avtomobil də texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Onlar hadisədən sonra bilmişlər ki, vurulan piyada Zərərçəkmiş şəxs1dır. Hadisə zamanı Yeganə tək olmuş, hadisə baş verəndən sonra Yeganənin yanına Şahid2 yaxınlaşmışdır. Hadisə zamanı onun avtomobilinə dəymiş 270 manat maddi ziyanı Mehman tam şəkildə ödəyərək onunla barışmışdır. Buna görə də hazırda onun Mehmandan heç bir şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Mehman barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 13 may 2021-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Toyota Pirus” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə mərkəzindən sovxoz istiqamətində saatda 50 km sürətlə gedərkən bir qadın piyadanın onun idarə etdiyi avtomobilin yolunu keçib iki yol ayrıcının ortasında olan beton yoldan qarşı yola keçmək üçün dayandığını görmüşdür. Həmin qadın avtomobilin yaxınlaşmasına əhəmiyyət verməyib qəfildən özünü yola atmış, yolda “VAZ-21120” markalı, **-TE-*** dövlət qeydiyyat naişanlı avtomobilin sürücüsü həmin piyadanı görüb vurmamaq üçün əyləci sıxaraq avtomobili sola doğru qaçırsa da xeyri olmamış, nəticədə avtomobilin qabaq hissəsi ilə onu vurmuşdur. O, hadisəni görən kimi idarə etdiyi avtomobili saxlayıb hadisə yerinə yaxınlaşmış, sonradan öyrənmişdir ki, vurulan qadın piyada yolu tək keçən Zərərçəkmiş şəxs1dır. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs və onun yanında Zərərçəkmiş şəxs2 adında digər bir şəxs də hadisə yerində olmuşdur. Az keçməmiş TTY maşını və polis hadisə yerinə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş MTEnın 27 iyun 2021-ci il tarixli 520 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın gicgah nahiyəsinin, sağ gözətrafı nahiyəsinin, sağ sağrı nahiyəsinin qançırları, sağ və sol dirsəyin sıyrıqları, sağ qamış sümüyünün, sol incik sümüyünün qapalı sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı ŞKX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 13 may 2021-ci il tarixli YNH-nə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 30 iyun 2021-ci il tarixli 8/1333 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən” VAZ-21120” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədovun tərtib etdiyi 13 may 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan göründüyü kimi, 13 may 2021-ci il tarixdə saat 20 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21120” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu Binə qəsəbəsi Sovxoz istiqamətindən Binə mərkəzinə avtomobil yolunda saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən yolu keçən piyada Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan atomobilin ön hissəsi ilə vurmuşdur. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Protokolda eyni zamanda hadisə yerinin yaxınlığında, ətrafda TŞ kameralarının və obyektlərin kameralarının olmaması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədovun tərtib etdiyi 13 may 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan göründüyü kimi, hadisədən sonra “VAZ-21120” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol farası çatlamış, ön alın şüşəsi çatlamış, ön sağ şüşəsiləni qırılmışdır. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 23 iyul 2021-ci il tarixli, 016-86001-1221 saylı məktubundan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən 29 iyun 1998ci ildə anadan olmuş Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə (07 may 2031-ci il tarixədək müddətə etibarlı olan) BD 403383 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş 13 may 2021-ci il tarixli 1/1345 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs 13 may 2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ- 21120” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü ona qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X2 tərəfindən 02 mart 2021ci il tarixdə verilmiş 7293 nömrəli Vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X1 Lənkəran rayon şöbəsində üzv kimi qeydiyyatdadır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildə həqiqi hərbi xidmətdə olduğu N nömrəli hərbi hissə komandanlığı onun ailəsinə “Təşəkkürnamə” göndərmişdir, 44 günlük Vətən müharibəsində iştirak etmişdir, qazidir, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 18 iyun 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməyərək hadisənin qarşısını almaq üçün əyləci sıxdığını, maşını sol tərəfə istiqamətləndirdiyini, lakin hadisənin qarşısını ala bilmədiyi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, onun bu ifadəsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 2016-cı ildə həqiqi hərbi xidmətdə olduğu N nömrəli hərbi hissə komandanlığının onun ailəsinə “Təşəkkürnamə” göndərməsini, 44 günlük Vətən müharibəsində iştirak etməsini, qazi olduğunu, Azərbaycan Vətən Müharibəsi X1 üzvü olduğunu, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilməsini, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsini, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini bildirdi və məhkəməyə ərizə təqdim edib barəsində amnistiya aktının tətbiq olunaraq cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.1, 1.2 və 9.1-ci bəndləri tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ-21120” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən onun sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq 2400 (iki min dörd yüz) manatın, həmçinin onun sağlamlığına vurulmuş xəsarət nəticəsində çəkdiyi əlavə xərclərin miqdarı olaraq 5085 (beş min səksən beş) manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə iclasında təqdim edilmiş sənədlərlə iddia tələbi 2159,00 (iki min yüz əlli doqquz) manat hissədə sübut edildi (iş materiallarına əlavə edilmiş sənədlərə əsasən - orta sümüklərdə orteosintezə görə müayinəyə görə ödənilmiş 1000 manat, diz oynağının rentgenoqrasiyasına görə ödənilmiş 37 manat, diz oynağının müayinəsinə görə ödənilmiş 30 manat, çiyin oynağı və boyun fəqərələrinin müayinəsinə görə ödənilmiş 46 manat, diz oynağının R 2 proyeksiyasına görə ödənilmiş 30 manat və daha 30 manat, xəstə avansına görə 730 manat, müxtəlif müayinələrə görə 70 manat və 186 manat), iddia tələbi qalan hissədə məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçının səhhətinə dəymiş maddi ziyana görə 2159,00 (iki min yüz əlli doqquz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 2189,00 (iki min yüz səksən doqquz) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, qalan hissədə mülki iddia rədd edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) cəmi 330,00 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.1, 1.2 və 9.1-ci bəndləri tətbiq edilərək Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Maddi sübut - Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ-21120” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçının səhhətinə dəymiş maddi ziyana görə 2159,00 (iki min yüz əlli doqquz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 2189,00 (iki min yüz səksən doqquz) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 330,00 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar