Məhkəmə qərarları › İş №1(003)-419/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-419/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-419/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1979-cu ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 213.2.1. və 213.2.2. maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1. və 177.2.3. maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının çəkilməmiş hissəsi təyin edilən cəzaya birləşdirilib qəti olaraq 2 ay 19 gün müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Qaradəmirçi ərazi dairəsi, Qazıqurdalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala yaşayış massivi, E.Hüseynov küçəsi, yeni tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi - 0,583 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 14 may 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala yaşayış massivinə kimi daşımış, həmin gün saat 18:45-də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala yaşayış massivi, E.Hüseynov küçəsində yerləşən yaşadığı nömrəsiz evin yaxınlığında piyada hərəkətdə olarkən Xəzər RPİ-nin PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq həmin vaxt orada üzərinə video çəkiliş aparılmaqla keçirilən baxış zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan gizli cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş xeyli miqdarda, yəni təmiz çəkisi - 0,583 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetaminin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüş və o saat 19:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə ay olar ki, «şüşə» dediyi psixotrop maddə metamfetamindən istifadə edirmiş. Öz istifadəsi üçün psixotrop maddələri müxtəlif yerlərdən alıb istifadə edirmiş. Sonuncu dəfə 14 may 2025-ci il tarixdə, səhər saatlarında öz istifadəsi üçün psixotrop maddə almaq məqsədi ilə Bakı şəhəri, Suraxanı qəsəbəsinə getmişdir. Orada adını bilmədiyi şəxsdən 10 manat müqabilində siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 büküm psixotrop maddə metamfetamini alıb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan gizli cibinə qoyub yaşadığı Qala qəsəbəsi, Yeni Qala yaşayış massivinə gəlmişdir. Elə həmin gün, yəni 14 may 2025-ci il tarixdə, saat 18:45-da yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin istifaldəsində şübhəli olduğu üçün saxlanıldığını ona bildirərək vidio çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmişlər. Keçirilən şəxsi axtarış zamanı üzərində narkotik vasitələrin, psixotrop maddələrin və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olduğu təqdirdə könüllü şəkildə təqdim edilməsi ona təklif edilmiş, o da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan gizli cibinə qoyduğu siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci PŞ-nə aparıb hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil Bəhruz Səfərovun iştirakı ilə videoçəkiliş vasitəsi ilə X4 üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərində şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri- qanuni əşya varsa təqdim etməyini bildirmişlər. O da əynində olan tünd göy rəngi şalvarın sağ yan cibimdən 5 manat pulu, sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd «Bakı Kartı», 01 ədəd «Kapital Bank» kartını, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən «Samsung» markalı telefonunu çıxararaq təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin 01 büküm psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Eyni zamanda təqsirləndirilən şəxs bildirmişdir ki, əməlindən səmimi peşmançdır, yalnız psixotrop maddəni öz istifadəsi üçün almış, heç vaxt satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 14 may 2025-ci il tarixdə alınmış məlumat əsasında məlum olmuşdur ki, «Allahyar» adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, «Allahyar» adlı şəxs xx xxxxxxxx 1979-cu ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, məhkum olunmuş, Bərdə rayonu, Qaradəmirçi ərazi dairəsi, Qazıqurdalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala yaşayış massivi, E.Hüseynov küçəsi, yeni tikilidə yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs psixotrop maddələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 14 may 2025-ci il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala yaşayış massivi, E.Hüseynov küçəsində yerləşən yaşadığı evin yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs qeyd olunan yerdə saat $8:45 radələrində müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib videoçəkilişlə üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tünd göy rəngli cins şalvarın sağ yan gizli cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün 14 may 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı, təsadüfən tanış olduğu şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin büküm götürülmüş və Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı tərəflərindən götürülmüş 01 ədəd büküm X4ə təhvil verilmişdir. X4 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X4 Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirdiki onun üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya və ya maddə yoxdur. Şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi yaradacaq qeyri qanuni əşya aşkar edilməmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 analoji ifadə verməklə Şahid1 ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il saat 18:45 radələrində 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs Qala qəsəbəsi, Bağlar massivində piyada hərəkətdə olarkən saxlanılaraq həmin vaxt orada üzərinə video çəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü təqdim edərək içərisində psixotrop maddə şüşə olduğunu və həmin şüşəni öz istifadəsi üçün tanımadığı şəxsdən Suraxanı qəsəbəsində 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddi sübutla birlikdə saat 19:00-da Xəzər RPİ- nin 1-ci PŞyə aparılmışdır. 14 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi barədə” protokola əlavə edilmiş sübut növü olan 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, əlavə edilmiş sübut növü olan 01 ədəd DVD diskə baxış keçirtdim. Baxış zamanı müəyyən edildi ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkklili polis baş leytenantı Şahid1 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkklili polis leytenantı Şahid2 onlar tərəfindən xx.xx.2025-ci il tarixdə saat 18:45-də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala yaşayış massivində saxlanılmış Təqsirləndirilən şəxs’ oğluna özlərini təqdim edərək üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməyini təklif edirlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan gizli cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü təqdim edərək psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün 10 manata Suraxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. “Şəxsi axtarış, baxış və götürmə haqqında” protokola əlavə edilmiş sübut növü olan 01 ədəd DVD diskə baxış keçirtdim. Baxış zamanı müəyyən edildi ki, Xəzər RPİ-nin 1-ci PŞnin əməliyyat müvəkklili polis baş leytenantı Şahid1, Xəzər RPİ-nin 1-ci PŞ- nin əməliyyat müvəkklili polis leytenantı Şahid2, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşya və predmet olmadığını bildirmiş, şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə saxlanılarkən keçirilmiş şəxsi axtarış zamanı polis əməkdaşlarına təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 15 may 2025-ci il tarixli, 6/1820 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°157» dairəvi möhür əksi olan «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut...» və.s. soyadlar, imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 20 may 2025-ci il tarixli, 2965 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorlardan birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs götürülmüş 0,583 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,483 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır, onun üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan iki ədəd disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət təmin olunmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bərəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 213.2.1. və 213.2.2. maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1. və 177.2.3. maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının çəkilməmiş hissəsi təyin edilən cəzaya birləşdirilib qəti olaraq 2 ay 19 gün müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlavə cəzasının müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlaması və daşıması özünün səmimi etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən törədiyi əməli etiraf etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Cinayət qanunvericiliyin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır (CM-nin 18.2.1-ci maddəsi). Residivin müəyyən edilməsi zamanı CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır (CM-nin 18.4-cü maddəsi). Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur (CM-nin 83.3-cü maddəsi). Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır (CM-nin 83.4-1-ci maddəsi). İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi qeyd edilsə də, məhkəmə hesab edir ki, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 213.2.1. və 213.2.2. maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1. və 177.2.3. maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının çəkilməmiş hissəsi təyin edilən cəzaya birləşdirilmiş, o, qəti olaraq 2 ay 19 gün müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əlavə cəzasının müddəti isə xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Belə olan halda isə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən irəli gələn hal odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə hökmlərin məcmusu ilə birləşdirilimiş əlavə cəza müddətinin başa çatmasından məhkumluğun ödənilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş müddətlər bitmədiyindən o, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edilməklə yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu halda əməlində cinayətlərin təhlükəli residivi yaranır, bu da CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, bundan nəticə çıxarmayaraq məhkumluğu olduğu dövrdə yenidən qəsdən cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) tələblərini rəhbər tutub barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 24 sentyabr 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq qalmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan ümumi təmiz çəkisi 0,483 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 110 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə 2 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "başqa yerə getməmək haqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan 0,483 qram psixotrop maddə - metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar