Məhkəmə qərarları › İş №1(003)-42/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-42/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-42/2025 27.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və LCG Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan bağ evinin pəncərəsinin dəmir barmaqlığını çıxardaraq plastik pəncərəni sıxıb açma yolu ilə evin saxlanc yeri olan yaşayış sahəsinə qanunsuz daxil olaraq dəyəri 30 manat olan 1 ədəd samovar, dəyəri 10 manat olan 1 ədəd "sony" markalı DVD aparatı, dəyəri 30 manat olan şüşə armudu stəkanlar, hər birinin içərisində 6 ədəd xurustal stəkanlar olmaqla dəyəri 600 manat olan 3 qutu, dəyəri 300 manat olan xurustal dəst, ümumi dəyəri 500 manat olan 2 ədəd kiçik ölçülü çərçivənin içərisində olan qadın rəsmləri, ümumi dəyəri 300 manat olan 6 ədəd güldan, ümumi dəyəri 800 manat olan 4 ədəd kişi və qadın qol saatı, ümumi dəyəri 400 manat olan bijuteriya, ümumi dəyəri 600 manat olan 4 ədəd farfordan olan kiçik ölçülü qız heykəlləri daşıyıb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 3570 manat məbləğində maddi zərər vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan bağ evindən oğurluq etməmişdir. Zərərçəkmiş şəxs bağ evindən baş vermiş oğurluq hadisəsi zamanı, yəni yanvar və fevral ayları ərzində o, Mayak bağlarında usta kimi işlədiyi mənzillərdə olmuşdur. Zərərçəkmiş şəxsi tanımır, əvvəllər də görməmişdir. Saxlanılan zaman etiraf ifadəsi vermək üçün əlqolu bağlanıb döyülmüşdür. Ona edilən təzyiqlərə dözməyərək oğurluq etməsini etiraf etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən bağ evi ona məxsusdur və həmin evdə yaşayış yoxdur. Sonuncu dəfə 2024-cü ilin yanvar ayının 25-də həmin bağ evinə getmiş və evdə hər şey qaydasında olmuşdur. Naməlum şəxs və ya şəxslər bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındıraraq plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq evindən oğurluq etmişlər. Ona ümumilikdə 3570 manat zərər vurulmuşdur. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid qeyd etdi ki, ailələrinə məxsus Mərdəkan qəsəbəsi, Telman küçəsi ev 9\29 ünvanında yerləşən bağ evinə 2024cü ilin yanvar-fevral ayları ərzində naməlum şəxs və ya şəxslər bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındıraraq plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oğurluq etmişlər. Oğurluq hadisəsi nəticəsində ümumilikdə 3000 manatdan artıq zərər vurulmuşdur. Əlavə olaraq evdə olan yumşaq mebel dəstini kəsici alətlə deşǝrǝk 3800 manat dəyərində ziyan vurmuş və yararsız vəziyyətə salmışlar. Məhkəmə iclasında çağırılaraq ifadəsi alınmış Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı X6 bildirdi ki, Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsi, Telman küçəsi ev 9\29 ünvanında yerləşən bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq oraya baxış keçirmiş və bu barədə protokol tərtib etmişdir. Hadisə yerinə baxış zamanı kriminalistika şöbəsinin əməkdaşı Ruslan Lətifov və hal şahidi iştirak etmişdir. Kriminalist tərəfindən hadisə yerindən əl-barmaq və ovuc izləri götürülmüşdür. Lakin texniki səbəblərdən protokolda əl-barmaq izlərinin götürülməsini qeyd etməmişdir. Məhkəmə iclasında iştirak edən Kriminalistika Şöbəsinin mütəxəssisi Lətifov Ruslan verdiyi ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsi, Telman küçəsi ev 9\29 ünvanında yerləşən bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq oraya Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı X6 ilə birlikdə baxış keçirilməsində iştirak etmiş və hadisə yerində olan plastik pəncərədən əl-barmaq və ovuc izləri götürmüşdür. Əl-barmaq və ovuc izlərini götürmək üçün şəffaf rəngli yapışqan lentdən (skoçdan) istifadə etmişdir. Azərbaycan Respublikası CPM-nin: 236.4-cü maddəsinə görə hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir; 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Göründüyü kimi təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilən zaman video çəkiliş aparılmasa da, 2 nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Bundan başqa hadisə yerinə baxış protokolunun tərtibinə dair CPM-nin 236.6-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, hadisə yerinə baxış istintaq hərəkəti prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan həyata keçirildiyindən xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol sübut kimi qəbul edilə bilməz və sübutlar siyahısından çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11\2-2992\2024 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs bağ evindən baş vermiş oğurluq hadisəsi zamanı götürülmüş əl izlərindən 06 ədədi xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu (04 dəfə) və böyük barmağı ilə, sol əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 234.1 maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixində cəzasının onu ilə azad olunmuşdur; - İş üzrə təyin olunmuş məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/922 saylı rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsində yerləşən 9/29 saylı bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd yapışqanlı lent kəsikləri üzərində olan 03 ədəd əl-barmaq və 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq və 02 ədəd ovuc izi xx.xx.1989-cu ildə Naxçıvan MR-da anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (02 dəfə), böyük barmağının (02 dəfə), sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir; - Hadisə yerlərində kriminalistika xidməti əməkdaşlarının mütəxəssis kimi iştirak etmələrinin 2024-cü il üzrə qeydiyyatı jurnalının 17-ci səhifəsinin 133 nömrəli qeydindən görünür ki, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində oğurluq faktı ilə bağlı olaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı N.Ağamirzəyev və mütəxəssis R.Lətifov 03 ədəd “skoç”da 05 ədəd əl-barmaq və ovuc izləri götürmüşlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2023-cü il tarixində cəzasının sonu ilə cəzadan azad edilib) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM- 56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar