Məhkəmə qərarları › İş №1(003)-420/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-420/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-420/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 185-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şimal Dres qəsəbəsi Komsomol küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş formada narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 fevral 2023-cü il tarixdə saat 14:00-da Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsində yerləşən Şimal Dres dairəsinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf sellofan bükümdə olmaqla, təmiz çəkisi 0,595 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrə aludə olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə 01 büküm narkotik vasitə “kakos” (heroin) almışdır. xx.xx.2023-cü il tarixdə saat 14:00-da Xəzər rayonu Şimal Dres qəsəbəsində yerləşən Şimal Dres dairəsinin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib ondan adını soruşduqda o da onlara özünü təqdim etmişdir. Bundan sonra onları onu 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün PŞ-nə gətirilmişdir. Hüquqlarının müdafiəsi üçün şöbəyə vəkil dəvət edilmiş, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmış, lakin üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş başqa heç bir maddə, əşya aşkar edilməmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırıb götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxumuş, protokolu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırıldığı zərfi o və digər iştirakçılar imza etmişlər. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, 07 fevral 2023-cü il tarixdə saat 14:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, sahə inspektoru, polis mayoru Şahid2 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Xəzər rayonu Şimal Dres qəsəbəsində yerləşən Şimal Dres dairəsinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən şöbə rəisinin adına raport yazılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkilişlə müdafiəçinin, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə saat Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra müdafiəçi Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə aid olub-olmamasını və özünə qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs də narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən özünə qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 08 fevral 2023-cü il tarixli 6/746 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “AR DİN Arayışlar üçün № 157” möhür əksi, “....Təqsirləndirilən şəxs..” və s. sözlər imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,595 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 0,595 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq: 0,545 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (yüz on) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2104 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,595 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,545 qramı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Quliyev X1 rayon məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək CM-nin 23-1-ci madəsinə əsasən 1 (bir) il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarından həmçinin görünür ki, cinayət işi üzrə məhkəmənin baxış iclaslarının vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 1(003)-420/2023 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə könüllü olaraq məhkəməyə gəlmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 1(003)-420/2023 saylı qərarı ilə həmin iş üzrə icraat təzələnmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,545 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 8 iş saatına görə 48,00 (qırx səkkiz) manat olmaqla ümumilikdə 168,00 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,545 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110,00 (yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X2 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 48,00 (qırx səkkiz) manat olmaqla ümumilikdə 168,00 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar