Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-421/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüş, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu bazarı”nın yaxınlığında nömrəsiz fərdi evdə kirayənişin yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-127/2023 saylı 04 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-214/2023 saylı 27 aprel 2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə heroin əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,802 qram qəhvəyi rəngli tozşəkilli və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,451 qram, ümumi təmiz çəkisi 1,253 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə tutulduqdan sonra Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş, MSY-nin əməkdaşları tərəfindən kameraya yerləşdirilməmişdən əvvəl üzərinə baxış keçirilərkən əynində olan qəhvəyi rəngli gödəkçənin astarının sağ tərəfindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ümumi təmiz çəkisi 1,253 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, o, narkotik istifadəçisidir, narkotik vasitəni Maştağa və Suraxanı qəsəbələri ərazisində tanımadığı şəxslərdən öz şəxsi İstifadəsi üçün alır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən "kakos" kimi tanıdığı iki ədəd bükümdə narkotiki 35 manata almışdır. Aldığı narkotikin bir hissəsini istifadə etmiş və qalan hissəsini isə gələcəkdə istifadə etməyi üçün əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutulan zaman həmin narkotik vasitə cibində olmuşdur, lakin fürsət tapıb onu cibindən çıxardıb tullaya bilməmişdir. Ona görə də əlini cibinə salmış və barmağı ilə cibinin astarını cırıb iki ədəd bükümü gödəkçəsinin astarına salmışdır. Fikirləşmişdir ki, tutulsa üzərinə baxacaqlar, narkotik vasitə cibindən çıxsa cəzası ağırlaşar, ona görə ağlına belə gəlmişdir ki, üzərinə baxanda yəqin ki, ciblərini yoxlayacaqlar. Heç düşünməmişdir ki, gödəkçənin astarına kimi baxacaqlar. Niyyəti olmuşdur ki, həmin narkotiki üzərində saxlasın, tutulsa, həbsxanada gizlin istifadə edəcək. Polis əməkdaşları onu Xəzər RPİ-nin MSY-nə aparıb orada onu kameraya yerləşdirməmişdən əvvəl üzərinə baxış keçirmişlər. Gödəkçənin sol cibi cırılmış olduğuna görə polisin əli onun gödəkçəsinin astarına keçmiş və həmin bükümlər onun əlinə dəymişdir. Polis əməkdaşı şübhələnmiş və əlini onun gödəkçəsinin cibinın cırılmış yerindən astarına salıb həmin bükümləri çıxarmışdır. Bu barədə polis əməkdaşları tərəfindən akt tərtib olunmuş və aktı bütün iştirakçılar imzalamışlar. Əməlindən səmimi peşman olmuşdur. Polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və ya psixoloji təsirlərə məruz qalmamışdır. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, özü bir neçə ildir ki, narkotik vasitə heroindən istifadə edir, lakin hazırda üstündə aşkar edildiyi deyilən həmin narkotik vasitə heroin ona məxsus deyildir. Polis Şöbəsinə gətirilərkən üstündə narkotik vasitə olmamışdır. Orada polis əməkdaşları ona təzyiq göstərmiş, həmin 01 büküm narkotik vasitə heroin videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə həmin vaxt heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmiş, sonradan isə prokurorluğa ərizə ünvanlamışdır. Özünü təqsirli bilmir. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin MSY-nin məsul növbətçisi polis, baş serjanti Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə MSY-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Elvin Ağayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə tutulmuş və MSY-nə təhvil verilmişdir. Tərəfindən Təqsirləndirilən şəxs qəbul edildikdən sonra kameraya yerləşdirilməmişdən əvvəl üzərinə baxış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən bir ədəd alışqan, bir ədəd gümüşü rəngli üzük, bir ədəd dirnaqtutan, şalvarın sol yan cibindən isə bir ədəd qara rəngli pul kisəsi aşkar olunaraq ondan təhvil alınmışdır. Bundan başqa, əynindəki qəhvəyi rəngli gödəkçənin ciblərinə tərəfindən baxış keçirilən zaman gödəkçənin sağ yan cibi cırılmış olduğundan əli gödəkçənin astarına keçmiş və hiss etmişdir ki, orada nəsə var. O, həmin şübhəli bildiyi əşyanı çıxarmış və görmüşdür ki, siqaretin gümüşü rəngli kağızına bükülmüş iki ədəd bükümdür. Aşkar olunmuş bükümlərlə əlaqədar Təqsirləndirilən şəxs sual vermiş və o, cavab vermişdir ki, həmin bükümlərdə "kakos" kimi tanıdığı narkotik vasitədir. Bu barədə tərəfindən akt tərtib olunmuş və həmin akt onun, MSY-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmin bükümləri açıb içərisinə baxmış və aşkar etmişdir ki, həmin bükümlərin içərisində qəhvəyi rəngli naməlum maddə var. Sonra onları yenidən bükmüş və bir ədəd ağ rəngli kağız zərfə qoymuş, möhürləmiş, özü, MSY-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra araşdırma aparılması üçün həmin bükümlərin Xəzər RPİ-nin İŞ-nə həvalə edilməsindən ötrü raportla RPİ-nin rəisinə məruzə etmiş və tərtib olunmuş akt və içərisində iki ədəd büküm olan zərflə birlikdə RPİnin NH-nə təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərində baxış aparılan zaman ona qarşı tərəfindən hər-hansı fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin MSY-nin polis nəfəri, polis baş serjantı Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Xəzər RPİ-nin MSY-də Təqsirləndirilən şəxs kameraya yerləşdirilməmişdən əvvəl üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd alışqan, bir ədəd gümüşü rəngli üzük, bir ədəd dirnaqtutan, bir ədəd qara rəngli pul kisəsi aşkar olunaraq ondan təhvil alınmışdır. Bundan başqa, əynindəki qəhvəyi rəngli gödəkçənin astarından iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilərək götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1324 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 43" dairəvi möhür əksi, "(imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,802 qram və 0,451 qram, ümumi təmiz çəkisi 1,253 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Ümumi çəkisi 1,253 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,100 qramı tədqiqata sərf edilmiş, 1,153 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2064 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyartorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,253 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 1,153 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 05 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də istintaqı aparılan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrinə tövsif edilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi, ayrıca cinayət işi ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissələrində göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamdan həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələri xaric edilərək həmin xüsusatlar üzrə barəsində cinayət təqibinə xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni ittiham elan edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək qüvvədə saxlanılmış, Xəzər RPİ-nin İŞ-də istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 29,120,181 və 228-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaqı davam etdirilməsi üçün Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs, lakin məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə əsassız cəlb edilməsi barədə müraciəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə əlavə edilərək baxılmasından ötrü məhkəməyə göndərilmiş, Təqsirləndirilən şəxs həmçinin izah edilmişdir ki, cinayət işi məhkəmə baxışında olduğundan, iş üzrə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə Əsasən cəzadan azad edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə uyğun olaraq, Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq daşıması faktı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması aşkar edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xəzər RPİ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, Xəzər RPİ-də olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə sonradan da şikayət etməmiş, bir müddət sonra isə cinayət məsuliyyətinə əsassız cəlb edilməsi barədə prokurorluğa müraciət ünvanlamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-127/2023 saylı 04 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-214/2023 saylı 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 1 (bir) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,153 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 114,00 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 07 iş saatına görə 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 162,00 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 1 (bir) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,153 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 114,00 (yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 162,00 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-421/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-421/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver