Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-422/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində doğulmuş, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 No-li Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarına” və həmin Qaydaların 1N-li əlavəsinin 6-cı bəndinin tələblərinə əməl etməyərək 14 mart 2023-cü il tarixdə hər biri 100 nominallıq 300 ədəd əskinasdan ibarət, 30000 ABŞ dollarının 20000 ABŞ dolları hissəsini əyninə geyindiyi şalvarın sağ və sol ciblərinə, 10000 ABŞ dolları hissəsini isə çantaya yerləşdirib saxlayaraq, ümumilikdə xeyli miqdar təşkil edən 51000 manat məzənnəsində 30000 ABŞ dolları pul vəsaitini həmin tarixdə “J277” saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən “Heydər Əliyev” Beynəlxalq Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvandan ailəsi ilə birlikdə yaşayır. Türkiyə Respublikasının Ərzincan şəhərində yerləşən Binəli Yıldırım Universitetinin 1-ci kurs tələbəsidir. Bibisinin yoldaşı Şahid1 qohumu olan Hümmətova Rüqəyya onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün Türkiyə Respublikasının Ankara şəhərində uzun müddətdir müalicə almışdır. Müalicə çox xərc tələb etdiyi üçün qohumlar arasında pul yığaraq Türkiyəyə göndərmək qərara gəlmişlər. Bu məqsədlə qohumlar arasında 40000 ABŞ dollar məbləğində pul yığılmışdır. O, 14 mart 2023-cü il tarixdə təhsil məqsədi ilə Türkiyə Respublikasına getməli olduğu üçün yığılmış pulu Türkiyəyə aparmaq üçün ona vermişlər. O isə həmin pulu İstanbul şəhərində yaşayan Şahid1 oğlu Kamrana verməli idi. O, Hava Limanına getməmişdən öncə evdə olarkən 20000 ABŞ dollarını bel çantasına, yerdə qalan 10000 ABŞ dollarını əyninə geyindiyi şalvarın sol, digər 10000 ABŞ dollarını isə sağ cibinə qoymuşdur. Pulu ona verərkən bibisinin yoldaşı Şahid1 Türkiyəyə apardığı pul barədə gömrükdə bəyannamə yazmalı olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə bibisinin yoldaşı Şahid1 onu Türkiyə Respublikasına yola salmaq məqsədi ilə Bakı X4na gətirmişdir. O, bibisinin yoldaşı Şahid1 düzgün başa düşmədiyi üçün gömrük nəzarəti zamanı 40000 ABŞ dollarından yalnız 10000 ABŞ dollarını gömrük nəzarətinə şifahi şəkildə bəyan etmiş, yerdə qalan 30000 ABŞ dolları isə gömrük yoxlaması zamanı gömrük əməkdaşları tərəfindən ona məxsus bel çantasından və əyninə geyindiyi şalvarın sol və sağ ciblərindən aşkar olunmuşdur. Hava Limanında gömrük nəzarəti zamanı əşyaları rentgen qurğusunun üzərinə qoyan zaman, gömrük əməkdaşları ondan üzərində və çantasında xarici valyuta vəsaitinin olub-olmamasını soruşduqda, bel çantasında 10000 ABŞ dollarının olduğunu bildirmişdir. Daha sonra o, bel çantasına və üzərinə gömrük yoxlaması həyata keçirilməsi üçün yoxlama otağına aparılmışdır. Orada videoçəkiliş vasitəsi ilə bel çantasına yoxlama keçirilmiş və gömrük nəzarətinə bəyan etdiyi 10000 ABŞ dollarından əlavə, bəyan etmədiyi 10000 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunmuşdur. Daha sonra üzərində şəxsi yoxlama aparılmış və əyninə geyindiyi şalvarın sol və sağ ciblərindən gömrük nəzarətinə bəyan etmədiyi, hər birindən 10000 ABŞ dolları olmaqla, ümumilikdə 20000 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilmişdir. O, ilk dəfə idi ki, xəstə uşağın müalicəsi məqsədi ilə qohumlar arasında yığılmış 40000 ABŞ dolları məbləğində pulu xaricə aparmışdır. Pulu verən zaman bibisinin yoldaşı Şahid1 Türkiyəyə apardığı pul barədə gömrükdə bəyannamə yazmalı olduğunu desə də, zənn etmişdir ki, gömrükdə soruşulandan sonra bu barədə nəsə yazmalıdır. Gömrük əməkdaşları çantasında və üzərində nə qədər pul vəsaitinin olması barədə soruşan zaman üzərindəki pulun yalnız 10000 ABŞ dolları məbləğində olan hissəsini şifahi şəkildə bəyan etdiyini, yerdə qalan 30000 ABŞ dolları barədə isə bir söz demədiyini qeyd etmişdir. İlk dəfə cinayət əməli törətmişdir.Törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Qeyd olunanlar nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvandan ailəsi ilə birlikdə yaşayır. İyirmi ildən artıq müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bibisi qızının nəvəsi Hümmətova Rüqəyya onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün Türkiyə Respublikasının Ankara şəhərində müalicə alır. Müalicəsi uzun müddət çəkdiyi, həmçinin çox xərc tələb etdiyi üçün qohumlar arasında pul yığaraq uşağın müalicəsi üçün Türkiyəyə göndərməyə qərara gəlmişlər. Bu məqsədlə qohumlar arasında 40000 dolları məbləğində pul yığılmışdır. Qaynının oğlu Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə təhsil məqsədi ilə Türkiyə Respublikasına getməli olduğu üçün yığdıqları pulu ona verərək göndərmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs pulu İstanbulda yaşayan Şahid1 oğlu Kamrana verməli, Kamran isə onkoloji xəstə olan Rüqəyya Hümmətovanın atası Turala verməli idi. Evdə olarkən Təqsirləndirilən şəxs 20000 ABŞ dollarını bel çantasına, yerdə qalan 10000 ABŞ dollarını əyninə geyindiyi şalvarın sol, digər 10000 ABŞ dollarını isə sağ cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə Şahid1 qaynının oğlu Təqsirləndirilən şəxs Türkiyə Respublikasına yola salmaq məqsədi ilə Bakı X4na gətirmişdir. Təqribən saat 18 radələrində Ceyhun zəng edərək Türkiyə Respublikasına aparmaq istədiyi 40000 ABŞ dollarının gömrük nəzarəti zamanı gömrük əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bank və ya poçt vasitəsi ilə göndərilən zaman komissiya haqqı çox olduğu üçün pulu qaynının oğlu Təqsirləndirilən şəxs verərək göndərmək qərarına gəlmişlər. Məhkəmə iclasında işi üzrə şahid qismində dindirilən Şahid3 oğlu bildirmişdir ki, 14 mart 2023-cü il tarixdə xidməti vəzifəsini Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı X3 yerləşən “Terminal-1” gömrük postunda həyata keçirimişdir. Həmin gün saat 18 radələrində Bakı-İstanbul aviareysi ilə gedən Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən bel çantasını stasionar rentgen qurğusunun üzərinə qoymuşdur. Onunla birlikdə xidmət edən gömrük əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs bel çantasında nə qədər xarici valyuta vəsaiti olduğunu soruşduqda 10000 ABŞ dolları məbləğində pul vəsaitinin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bel çantasına və üzərinə gömrük yoxlaması həyata keçirilmək üçün yoxlama otağına dəvət edilmişdir. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs məxsus bel çantasına gömrük yoxlaması keçirilən zaman gömrük nəzarətinə şifahi şəkildə bəyan etdiyi 10000 ABŞ dollarından əlavə, gömrük nəzarətinə bəyan edilməmiş 10000 ABŞ dolları da aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış və əyninə geyindiyi şalvarın sol cibindən 10000 ABŞ dolları, həmçinin sağ cibindən 10000 ABŞ dolları olmaqla, ümumilikdə 20000 ABŞ dolları aşkar edilmişdir. Gömrük yoxlaması zamanı aşkar edilmiş, gömrük nəzarətinə şifahi şəkildə bəyan edilmiş 10000 ABŞ dollarından əlavə, 30000 ABŞ dolları Təqsirləndirilən şəxs iştirakı ilə protokol əsasında qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Ceyhun oğlu eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan, Dövlət Gömrük Komitəsi Baş Mühafizə Xidmətindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X4 gömrük postuna təhkim olunmuş mühafizəçi, gömrük xidməti kapitanı Şahid3 tərəfindən tərtib edilmiş 14 mart 2023-cü il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, video çəkiliş vasitəsi ilə keçirilmiş gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs məxsus üzərində “idabag” sözü yazılmış qara rəngli bel çantasından gömrük nəzarətinə şifahi bəyan etdiyi 10000 ABŞ dollarından əlavə, gömrük orqanına bəyan etmədiyi 100 ədəd hər biri 100 ABŞ dolları nominalında 10000 ABŞ dolları olmaqla, ümumilikdə 20000 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Baş Mühafizə Xidmətindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X4 gömrük postuna təhkim olunmuş mühafizəçi, gömrük xidməti kapitanı Şahid3 tərəfindən tərtib edilmiş 14 mart 2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, video çəkiliş vasitəsi ilə keçirilmiş şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol cibindən gömrük nəzarətinə bəyan etmədiyi 100 ədəd hər biri 100 ABŞ dolları nominalında 10000 ABŞ dolları, həmçinin sağ cibindən gömrük nəzarətinə bəyan etmədiyi 100 ədəd hər biri 100 ABŞ dolları nominalında 10000 ABŞ dolları olmaqla, ümumilikdə 20000 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 aprel 2023-cü il tarixli, 5/440 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 400 ədəd 100 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Culfa rayonunun Yaycı kəndində yaşadığı müddət ərzində özünü intizamlı aparmış və müsbət davranışlarına görə öz həmyaşıdlarının və kənd camaatının dərin hörmətini qazanmışdır. Fiziki Cəhətdən sağlamdır, məhəllədə və kənddə keçirilən tədbirlərdə, idman yarışlarında yaxından iştirak etmişdir. Yaycı kəndində yaşadığı müddət ərzində qonşular və kənd camaatı tərəfindən onun barəsində Yaycı kənd icra nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, 14 mart 2023-cü il tarixdə hər biri 100 nominallıq 300 ədəd əskinasdan ibarət, 30000 ABŞ dollarının 20000 ABŞ dolları hissəsini Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ və sol ciblərinə, 10000 ABŞ dolları hissəsini isə çantaya yerləşdirib saxlayaraq, ümumilikdə xeyli miqdar təşkil edən 51000 manat məzənnəsində 30000 ABŞ dolları pul vəsaitinin aşkar edilərək götürülməsi faktı özünün və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur, onun cəmiyyətdən təcrid olunmadan da cəza çəkməsi və islah olunması mümkündür. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumilikdə dəyəri 30 000 ABŞ dolları pul onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəs isə cinayətin predmeti olan 30 000 ABŞ dolları pul dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə 30 000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.1.2-ci maddəsi əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.1.2-ci maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.1-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxsdan götürülmüş 30 000 ABŞ dolları pulun müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Belə ki, həmin məbləğ Cinayət Məcəlləsində əmlak xarakterli cəza kimi nəzərdə tutulmuş cərimə cəzasının yuxarını həddindən də böyükdür. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxsi ifrat yükə məruz qoyacaqdır. Məhkəmə Dövlət Gömrük Komitəsinin Maliyyə və təhcizat idarəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş ümumilikdə 30 000 ABŞ dolları pul əskinaslarına dair münasibət bildirərək hesab edir ki, həmin pul hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri – 70,00 (yetmiş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Cinayət işinin materialları olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinsin və ona cinayətin predmetinin dəyərinin (51 000 manat) 40 faizi miqdarında olmaqla 20 400 (iyirmi min dörd yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsın barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübütlar-Dövlət Gömrük Komitəsi Maliyyə və təchizat idarəsində saxlanılan 30 000 ABŞ dolları pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxsa qaytarılsın. Təqsirləndirilən şəxsdan 70,00 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Cinayət işinin materialları olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-422/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-422/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver