Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-423/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonunun Xatınlı ərazi dairəsi Xatınlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında video-görüntü vasitəsilə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində mübahisə edərək, əlində olan mismar çıxaran linglə Zərərçəkmiş şəxs sol qolundan vurmuş, əlləri ilə boğazını sıxıb onu divara vuraraq, Zərərçəkmiş şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran boynun nöqtəşəkilli qansızması, sol əlin qançırı, sol saidin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil bilək oynağının yumşaq toxumalarının əzilməsi və gərilməsi bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Tovuz rayonunun Xatınlı kəndində qeydiyyatdadır, lakin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayır. Rəsmi iş yeri yoxdur, fərdi işlə məşğul olur. Əvvəl ailəli olmuş, birinci arvadından 3 qız övladı vardır. 2014-cü ildə birinci arvadı X1 rəsmi ayrılmış, 3 övladına aliment verir, övladları hazırda Tovuz rayonunda anaları ilə birlikdə yaşayırlar. 2014-cü ildə Bakı şəhəri Binə qəsəbəsi Südçülük sovxozunda özünə həyət evi tikmiş, ikinci dəfə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Aygün də əvvəllər ailəli olmuş, onlar evlənəndə Aygünün yanında 3 yaşında övladı da olmuşdur. Aygünün xahişi ilə o, həmin uşağa atalıq hüququ vermiş, onu öz adına sənədləşdirmişdir. Hazırda özünə məxsus evi satıb əvvəlki arvadından olan uşaqlara pay vermək istəyir, çünki onun hazırda 13 min manat aliment borcu vardır. Lakin Aygün və atası Məhiyəddin buna razı deyil, ona mane olurlar. 22 may 2021-ci il tarixdə səhər saat 08 radələrində yaşadıqları evdə mətbəxdə olan zaman Aygün onun mobil telefonunu ondan icazəsiz götürüb övladlarının şəkillərini öz atasına göndərirmiş, o, buna etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Aygün əlinə plastik boru götürərək onun üstünə gələndə o da evdə olan mismar çıxaran dəmiri öz əlinə götürüb özünü müdafiə etmək istəmişdir. Aygün plastik boru ilə onun başına bir dəfə vurmuş, o, Aygünün əlindən tutub onu yerə yıxmış və plastik borunu onun əlindən almışdır. Bundan sonra ayaq üstə dayanan vaxt Aygün onu əli ilə itələmiş, o da divara dəyərək yerə yıxılmış və bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. Sonra hadisə barədə DİN “102” zəng mərkəzinə məlumat vermişdir. Hadisə təxminən 30 dəqiqə çəkmiş, həmin vaxt yanlarında başqa kimsə olmamışdır. Hadisə zamanı əlində mismarçıxaran dəmir olmuşdur, lakin həmin alətlə o, özünü müdafiə etmişdir. Aygünü döymək niyyəti olmamış, ona xəsarət yetirməmişdir. Mismarçıxaran aləti evdən götürmüş, həmin alətlə özünü müdafiə etmiş, hadisədən sonra onu hara atdığını bilmir. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır, özünü təqsirli bilmir, ona görə də barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun ikinci əridir. 2017-ci ildə ailə qurmuşlar, bu nikahdan bir övladı vardır. Neçə vaxtdır ki, Habil Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evlərini satmaq istəyir, lakin o, buna razı deyil, bu səbəbdən də aralarında dəfələrlə mübahisələri olmuş, hazırda da həmin mübahisələr davam edir. 22 may 2021-ci il tarixdə səhər saat 08 radələrində yaşadıqları evdə olan zaman Habil ona demişdir ki, “öz telefonunu mənə ver, mənim uşaqlarımın şəkilləri orada var”. O isə telefonu Habilə verməmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Habil onun telefonunu zorla əlindən almış, əlinə mismarçıxaran dəmir alaraq telefonunu sındırmaq istəmişdir. Bundan sonra Habil telefonunda olan kartı çıxarmış və telefonu ona qaytarmışdır. Həmin vaxt aralarında dava düşmüş, Habil əlində olan dəmir parçası ilə onun əlinin üstündən bir dəfə vurmuş, əli ilə boğazından tutaraq boğmaq istəmişdir. O, həmin vaxt Habili əli ilə itələmiş, Habil döşəmənin üstünə yıxılmışdır, yerdən duraraq onu yenidən boğmaq istəmişdir. Bundan sonra o, DİN “102” zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı əlində plastik boru olmayıb, plastik boru ilə Habilin başından vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Habil onu boğmaq istədikdə onu itələmiş, Habil döşəmənin üstünə yıxılmışdır. Həmin vaxt Habil xəsarət almamış, lakin sonradan qollarını divara sürtmüş və ona demişdir ki, “səni polisə verib şərləyərəm”. Habil ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir, bunun üçün də ona törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 may 2021-ci il tarixli 497 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - boynun nöqtəşəkilli qansızması, sol əlin qançırı, sol saidin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil bilək oynağının yumşaq toxumalarının əzilməsi və gərilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən 22 may 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşmə protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs əri Habilin hadisə zamanı əlində olan mismarçıxaran ilə onun əlinin üstündən bir dəfə vurduğunu, əli ilə boğazından tutaraq boğduğunu, divara vurduğunu Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan və 12 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun ifadəsi zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu cür ifadə verməsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edib barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı göstərdi ki, iş materiallarında olan 12 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonunun Hərbi Tribunalının 15 iyul 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin ”A” bəndi və 42-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası təxirə salınmış, Azərbaycan Respublikası Milli Məclisinin 10 dekabr 1999-cu il tarixli Amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs azad edilmiş və həmin cəzanı çəkməmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 11.6-cı maddəsinə əsasən 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər barəsində Amnistiya qərarının 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi tətbiq edilmir. Lakin Təqsirləndirilən şəxs Bakı Qarnizonunun Hərbi Tribunalının 15 iyul 1999-cu il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını hökmün icrasının təxirə salınması səbəbindən cəzaçəkmə müəssisəsində çəkmədiyindən və Azərbaycan Respublikası Milli Məclisinin 10 dekabr 1999-cu il tarixli Amnistiya qərarına əsasən azad edildiyindən, hazırda onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 9.1-ci maddəsinin tətbiq edilməsinə həmin qərarın 11.6-cı maddəsi ilə müəyyən edilmiş məhdudiyyət maneə ola bilməz. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 15 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-423/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-423/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver