Məhkəmə qərarları › İş №1(003)-424/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-424/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-424/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə narkotik vasitə olan heroini ümumilikdə 20 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımışdır. 25 iyul 2022-ci il tarixdə, saat 02:00 dəqiqədə Xəzər RPİ-nin ÇPAnın 11-ci tağımının əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi qəbiri Oktyabr küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gətirilmişdir. 1-ci Polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda qara rəngli kağıza bükülü 2 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,105 qram olmaqla ümumi təmiz çəkisi 0,345 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5-6 ay olar ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. 24 iyul 2022-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün iki büküm narkotik vasitə heroin almışdır. 25 iyul 2022-ci il tarixdə, gecə saat 02 radələrində Mərdəkan qəsəbəsində yerləşən evinə gedərkən polis əməkdaşları yaxınlaşaraq onu Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş ilə üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, da üzərində olan iki büküm heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Polis bölməsində ona qarşı fiziki təsir və güc tətbiq olunmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, DİN-nin ƏÇPA-nin 11-ci patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. 25 iyul 2022-ci il tarixdə, saat 02 radələrində 9644 saylı patrulda iş yoldaşı Şahid3 və Şahid1 ilə birlikdə xidmətdə olarkən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsində bir nəfər şəxsin özünü şübhəli olduğunu görüb ona yaxınlaşmışlar. Həmin şəxs narkotik vasitənin qəbulunda şübhəli olduğu üçün həmin şəxsi saxlayaraq Xəzər RPİ-nin 1-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Polis şöbəsində təhqiqatçı tərəfindən videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli kağızına bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını demişdir. Bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid DİN-nin ƏÇPA-nin 11-ci patrul bölüyünün polis nəfəri Şahid1 məhkəmə zamanı və ifadəsi elan olunmuş şahid DİN-nin ƏÇPA-nin 11-ci patrul bölüyünün polis nəfəri Şahid3 istintaq zamanı Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunmuş şəxsi axtarış zamanı istifadə olunmuş videogörüntü olan DVD diskə baxış keçirilməsi barədə 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki,baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəlcə üzərində hər hansı bir qadağan olunmuş predmet və ya qadağan olunmuş əşya olubolmaması, varsa təqdim etməsi təklif olunur. Bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 2 ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. Polis əməkdaşları tərəfindən həmin bükümlərin içərisində nə olması barədə soruşulmuş və bu zaman o, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və 24 iyul 2022-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli, 6/4016 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” dairəvi möhr əksi olan, “Narkotik vasitə tərəfindən qablaşdırılmış” sözlər, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdəki ayrı-aurılıqda təmiz çəkilsi 0,240 qram, 0,105 qram ümumi təmiz çəkisi - 0,345 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş“Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahsına (Siyahı l) daxildir. Ekspertiza tədqiqatına 0,08 qram sərf edildikdən sonra 0,265 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 26 iyul 2022-ci il tarixli, 4088 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 04 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu tətbiqi edilərək üzərində 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 14 yanvar 2021-ci ildə cəza müddəti bitmişdir, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya idarəsinin 15dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 23 gün hissəsindən azad olunması barədə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarı 14 yanvar 2021-ci il tarixdə Xəzər rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olsa da, məhkumun 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi barədə hökm icraata daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən 20 dekabr 2019-cu il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin vaxtdan əlavə cəza olaraq təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti hesablanmağa başlanmış, 26 oktyabr 2022-ci il tarixə, yəni Təqsirləndirilən şəxs həbs olunduğu tarixə cəzanın 2 il 10 ay 06 gününü çəkmiş, 1 ay 24 günü çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 26 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 27 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 29 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 28 oktyabr 2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 26 oktyabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək həbsdə olduğu ümumilikdə 1 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəylinin 27 iyul 2022-ci il tarixli Maddi sübut kimi tanınmaq haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,265 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəylinin 02 avqust 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,265 qramın Xəzər RPİ-də saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,265 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait X1, 36 (otuz altı) manat məbləğində vəsait Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə əlavə cəza olaraq təyin olunmuş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 26 oktyabr 2022-ci il tarixə çəkilməmiş qalan 1 (bir) ay 24 (iyirmi dörd) günü hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə o, 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 26 oktyabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək həbsdə olduğu ümumilikdə 1 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,265 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülə olan 01 ədəd disk cinayə işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar