Məhkəmə qərarları › İş №1(003)-426/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-426/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-426/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 04 senyabr 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xətai rayonu Nəsirəddin Tusi küçəsi ev 19 mənzil 78-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutub torpaq sahəsini hasarlayaraq üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparmaqla mülkiyyət hüququnu pozmuşdur. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs 2019-cu ildən başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən, X1 mülkiyyətində olan, 387, 388, 389, 390, 391 və 392-ci sahələrdə yerləşən 0,72 ha və 393 və 394-cü sahələrdə yerləşən 0,24 ha torpaq sahəsinin 2,5 sot sahəsini özbaşına tutub zəbt edərək torpaq sahəsinin üzərində hüdudlarını əhatə edən mişar daşından hasar və zəbt etdiyi torpaq sahəsinin hüdudları daxilində yaşayış evi inşa etməklə tikinti və quraşdırma işləri apararaq hazırki dövrə qədər davam edən cinayətlə əhatə olunan quraşdırma işləri görərək X1 torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun yaşadığı evin həyətinə bitişik, əvvəllər Qaradağ rayonuna aid olmuş “Qafqaz” düşərgəsinin ərazisi olmuşdur. Həyat yoldaşı Billurə Talıbovanın babası təxminən 1965-ci illərdə həmin ərazidə olmuş düşərgə üçün özünə məxsus olan iki sot yarım sahəni tikərək düşərgəyə gələnlər üçün duş kimi istifadəyə vermişdir. O, 2005-ci ildən 2018-ci ilə qədər həmin əraziyə nəzarət etmişdir. 2011-ci ildən həmin düşərgənin rəhbəri kimi tanıdığı Rəşad adlı şəxs ona ayda 100 manat maaş vermədiyi üçün, o, həmin ərazidə 2,5 sot torpaq sahəsini zəbt etmiş və orada 2 otaq tikərək yaşamağa başlamışdır. İki dəfə yerin sahibinə müraciət etmişdir ki, ona çatası 15.000 manat pulu versinlər, lakin onlar onun pulunu verməmişlər. Həmin əraziyə nəzarət etməyə başladığı 2005-ci ildən başlayaraq iki il ərzində ona Kamran adlı şəxs hər ay üçün 100 manat maaş vermişdir. Lakin iki ildən sonra onlar onun maaşını dayandıraraq ona demişlər ki, “həmin yeri tikəndə sənin pulunu bütünlüklə verəcəyik”. Sonradan onun pulu verilmədiyinə görə, o, 2019-cu ildən başlayaraq həmin sahədə 2 sot yarım yeri özbaşına olaraq zəbt edib orada tikinti işləri aparmağa başlamış, tikmək istədiyi evin hüdudlarını müəyyən edib maddi imkanı olandan-olana hasar çəkmiş, son aylarda isə orada tikintiquraşdırma işlərini qurtararaq ev tikmişdir. Lakin onun həmin yerə heç bir sənədi yoxdur, torpaq sahəsini qanunsuz olaraq özbaşına zəbt etmiş və orada tikinti-quraşdırma işləri aparmışdır. Başa düşür ki, o, qanunsuz olaraq tikinti işləri aparmışdır, hər hansı bir sənədi yoxdur, lakin yaşamağa heç bir yeri olmadığından bu addımı atmışdır. Məhkəmənin gedişində özbaşına tikilini könüllü şəkildə söküb zəbt etdiyi torpaq sahəsini boşaltmışdır. Özü 28 aprel 1992-ci ildən 01 fevral 1993-cü ilədək Ağdərə, Goranboy istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs bütün bunların nəzərə alınaraq barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.1-ci bəndi tətbiq edilərək onun təqsirləndirildiyi hazırkı cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, onun adına 17 mart 2005-ci il tarixdə 0,72 hektar və 22 mart 2005-ci il tarixdə isə 0,24 hektar torpaq sahəsi ayrılmış və həmin sahələrə dair torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə verilmişdir. Həmin sahələr Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşir və bir-birinə bitişik sahələrdir. Təxminən 3 ildir ki, İntiqam adlı şəxs həmin sahədə 2,5 sot torpaq sahəsini qanunsuz və özbaşına olaraq zəbt etmiş və orada tikinti işləri aparmışdır. Dəfələrlə İntiqamın ona məxsus hasarı söküb yerində tikinti aparmasının qarşısı alınmış, hasarlar bərpa edilmiş, lakin o, qanunsuz əməllərini təxminən 5-6 dəfə davam etdirmiş və bunun nəticəsində İntiqam ona 5.000 manat məbləğində maddi ziyan vurmuşdur. O, həmin pulu ustalara təmir xərcləri üçün vermiş, əmlakına, yəni daşlarına heç bir ziyan vurulmamışdır. İntiqam ilə bu barədə söhbət etdikdə və ondan hansı əsasla həmin sahəni zəbt etməsini soruşduqda, o, demişdir ki, həmin torpaq sahəsi onun dədə-baba torpaqlarıdır. Əslində isə İntiqamın zəbt etdiyi sahəyə dair heç bir sənədi yoxdur. Buna görə də bu barədə onun tanışı Şahid2 01 iyun 2021-ci il tarixdə ərizə ilə Xəzər rayon Polis idarəsinə müraciət etmiş və həmin araşdırma ilə bağlı izahat verərək torpaq sahələrinin ona məxsus olduğunu təsdiqləyən, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin surətlərini də araşdırma zamanı təqdim etmişdir. İntiqamın heç bir sənədi olmadığı halda, ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək tikinti işləri aparmışdır. Məhkəmənin gedişində İntiqam özbaşına tikilini könüllü şəkildə söküb zəbt etdiyi torpaq sahəsini boşaldaraq onunla barışıq əldə etmişdir. Hazırda onun İntiqamdan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İntiqama yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, tanışı X1 adına 17 mart 2005-ci il tarixdə 0,72 hektar və 22 mart 2005-ci il tarixdə isə 0,24 hektar torpaq sahəsi ayrılmış və həmin sahələlər dair torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə verilmişdir. Həmin sahələr Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşir. Həmin sahələr bir-birinə bitişik sahələrdir. Bildirmişdir ki, təxminən 3 ildir ki, İntiqam adlı şəxs həmin sahədə 2,5 sot torpaq sahəsini qanunsuz və özbaşına olaraq zəbt etmiş və orada tikinti işləri aparmışdır. Dəfələrlə İntiqamın hasarı söküb yerində tikinti aparmasının qarşısı alınmış, hasar bərpa edilmiş, lakin o, qanunsuz əməllərini təxminən 5- 6 dəfə davam etdirmiş və bunun nəticəsində İntiqam onlara 5.000 manat məbləğində maddi ziyan vurmuşdur. İntiqamla bu barədə söhbət etdikdə və ondan hansı əsasla həmin sahəni zəbt etməsini soruşduqda, o, demişdir ki, həmin torpaq sahəsi onun dədə-baba torpaqlarıdır. Əslində isə həmin şəxsin zəbt etdiyi sahəyə dair heç bir sənədi yoxdur. Buna görə də o, bu barədə 01 iyun 2021-ci il tarixdə ərizə ilə Xəzər rayon Polis idarəsinə müraciət etmiş və həmin araşdırma ilə bağlı izahat da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, tikinti işləri ilə məşğul olur. Xəzər rayonu Buzovna qəsəbəsində dostu X2 məxsus 0,24 ha torpaq sahəsinə 2013-2014-cü illərdə hasar çəkmişdir. Həmin vaxt orada qonşuluqda yaşayan İntiqam adlı şəxs ona yaxınlaşaraq həmin tikintidə fəhləlik etmək istədiyini və gecə tikintiyə nəzarət etmək istədiyini demiş, o da onun maddi vəziyyətinin yaxşı olmadığını görüb onunla razılaşmışdır. Fəhləliyindən əlavə, gecə növbəsinə görə aylıq onun istədiyi kimi ona 100 manat pul vermişdir. Tikinti bitdikdən sonra da təxminən üç ilə yaxın aylıq 100 manatı İntiqama o vermişdir. Belə ki, işi ilə əlaqədar olaraq o, 3 ay həmin əraziyə gedə bilməmiş, lakin üç aydan sonra oraya gedəndə İntiqama birdəfəlik olaraq 300 manatı vermişdir. Bundan sonra Füzuli ona demişdir ki, həmin hasarın içində hər hansı bir tikinti yoxdur, ora boş sahədir və bu səbəbdən də onun mühafizəçiyə ehtiyacı yoxdur. O da bunu İntiqama demiş və bildirmişdir ki, artıq ona pul verməyəcəkdir, torpağın sahibi mühafizə üçün pul vermir və demişdir ki, o da artıq torpaq sahəsinə nəzarət etməsin. Təxminən 2 il bundan əvvəl onlara məlum olmuşdur ki, İntiqam hasarı dağıdaraq torpaq sahəsinə daxil olaraq özü üçün qanunsuz olaraq ev tikmək istəyir. Onlar bunu bildikdən sonra həmin torpaq sahəsinə gedərək İntiqamın hərəkətlərinin qarşısını almışlar, lakin İntiqam yenə də hərəkətlərini təkrar etmiş və onların sözlərinə məhəl qoymayıb təxminən 2 sotdan artıq bir sahəni zəbt edərək orada özü üçün ev tikmişdir. İntiqamın mühafizəni təmin etməsinə görə onların ona pul vermədiklərini deməsi tamamilə yalandır, təkrar olaraq bildirir ki, o, İntiqama mühafizə üçün üç ilə yaxın aylıq 100 manat vermişdir. Cinayət işinə əlavə olunmuş, torpağın mülkiyyətə verilməsinə dair JN-19308D, KOD 00301016 - şəhadətnamədən görünür ki, 12 fevral 2005-ci il tarixli, 4-Ə-1/108, 4-Ə-1/109, 4-Ə- 1/111, 4-Ə-1/112, 4-Ə-1/113 və 4-Ə-1/114 saylı alqı-satqı müqavilələri ilə Buzovna qəsəbəsində yerləşən 387, 388, 389, 390, 391 və 392-ci sahələrdə yerləşən 0,72 ha torpaq sahəsi fərdi yaşyış evinin tikintisi üçün X1 mülkiyyətinə verilmişdir. Cinayət işinə əlavə olunmuş, torpağın mülkiyyətə verilməsinə dair JN-19445D, KOD 00301016 - şəhadətnamədən görünür ki, 12 fevral 2005-ci il tarixli, 4-Ə-1/120 və 26 fevral 2005-ci il tarixli, 4-Ə-1/157 saylı alqı-satqı müqavilələri ilə Buzovna qəsəbəsində yerləşən 393 və 394-cü sahələrdə yerləşən 0,24 ha torpaq sahəsi fərdi yaşyış evinin tikintisi üçün X1 mülkiyyətinə verilmişdir. Baxış keçirilməsi haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev Buzovna qəsəbəsi R.Axundov küçəsi ev 43 ünvanında yerləşir. Həmin evə giriş küçədən dəmir darvazadan keçir. Evin arxasında olan boş 2,5 sot torpaq sahəsində 4x6 metr olan tikinti işləri aparılmış və yaşayış evi inşa edilmişdir. İş üzrə hadisə yerinə baxış protokolu və fotoşəkillər, torpağın mülkiyyətə verilməsinə dair JN-19308D, KOD 00301016 nömrəli və JN-19445D, KOD 00301016 nömrəli şəhadətnamələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ifadəsi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-204/2021 saylı 07 aprel 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs X3 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 13 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, məhkəmənin gedişində İntiqam özbaşına tikilini könüllü şəkildə söküb zəbt etdiyi torpaq sahəsini boşaldaraq onunla barışıq əldə etmişdir. Hazırda onun İntiqamdan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq İntiqama yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 1992-ci ildən 01 fevral 1993-cü ilədək Ağdərə, Goranboy istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 fevral 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutub torpaq sahəsini hasarlayaraq üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparmaqla mülkiyyət hüququnu pozması faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında dövlət ittihamçısı göstərdi ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə yanaşı, CM-nin 188.2-ci maddəsi ilə də tövsif edilmişdir. CM-nin 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaq səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 188.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Çıxarış” əsasında X1 mülkiyyətində olan 2,5 sot torpaq sahəsini mişar daşından hasar və zəbt etdiyi torpaq sahəsinin hüdudları daxilində yaşayış evi inşa etməklə zərərçəkmişin həmin torpaq sahəsi üzərində mülkiyyət və istifadə hüququnu pozmuşdur. Cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs torpaq sahəsini özbaşına hasarlamaqda niyyəti orada fərdi yaşayış evinin tikinti işlərini aparmaq olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs torpaq sahəsini qanunsuz tutmaqla kifayətlənməyərək, orada fərdi yaşayış evi üçün tikinti işlərini aparması ilə bağlı əməli CM-nin 188.2-ci maddəsi ilə tam əhatə olunur. CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə, bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Hazırkı iş üzrə isə CM-nin eyni maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə cinayətlərin məcmusu ilə cəza təyin etmək təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırmaqla yanaşı, cinayət qanunvericiliyinin tələblərinə uyğun deyildir. Eyni zamanda, 30 sentyabr 2015-ci il tarixli Qanunla CM-nin 188-ci maddəsi yeni redaksiyada verilmişdir. Belə ki, əvvəlki redaksiyada CM-nin 188-ci maddəsində tövsifedici əlamətlər olmadan “Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə”-yə görə cinayət məsuliyyəti təsbit edilmişdisə, hazırda qüvvədə olan redaksiyada CM-nin 188.2-ci maddəsi həmin Məcəllənin 188.1-ci maddəsinə münasibətdə xüsusi norma kimi qəbul edilməlidir. CM-nin 17.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Qeyd olunmalıdır ki, cəzanın məqsədləri baxımından da, az ağır cinayətlər kateqoriyasına aid olan CM-nin 188.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan CM-nin 188.1-ci maddəsini əhatə edir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə tam əhatə olunduğundan və bu maddə ilə də təqsirləndirilən şəxsə ittiham elan edildiyindən, irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə CM-nin 188.1-ci maddəsi xaric edilməli və onun barəsində CM-nin 188.2-ci maddəsi ilə ittihamın müdafiəsi təmin edilməlidir. Bu baxımdan Təqsirləndirilən şəxs rəqəmlə ifadədə CM-nin 188.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə ehtiyac qalmır, onun Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 188.1-ci maddəsi xaric edilməli və onun barəsində CM-nin 188.2-ci maddəsi ilə ittihamın müdafiəsi davam etdirilməlidir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının təklifi qəbul edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan həmin Məcəllənin 188.1-ci maddəsi xaric edilməli törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə tövsif edilməli və onun barəsində CM-nin 188.2-ci maddəsi ilə ittiham davam etdirilməlidir. Zərərçəkmiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, hazırda İntiqama qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və barışmalarının nəzərə alınaraq İntiqama yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 28 aprel 1992-ci ildən 01 fevral 1993-cü ilədək Ağdərə, Goranboy istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etməsini bildirdi və məhkəməyə ərizə təqdim edib barəsində amnistiya aktının tətbiq olunaraq cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, maddi ziyan yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona irəli sürülmüş ittihamdan həmin Məcəllənin 188.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar