Məhkəmə qərarları › İş №1(003)-427/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-427/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-427/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Kubin kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni yaşayış sahəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 15:44 radələrində etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz E220 Minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən Bakı şəhər istiqamətinə sağdan 2-ci hərəkət zolağında 90 km/saat sürətlə hərəkət edib sağdan birinci hərəkət zolağına keçmək üçün avtomaşının sürətini 40 km/saata endirərək 1-ci hərəkət zolağına daxil olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni sağa doğru apardığı manevr zamanı hərəkət təhlükəsizliyini təmin etməyərək mövcud şəraitdə avtomobilin qabaq sağ qanadı ilə onunla eyni istiqamətdə sağdan 1-ci hərəkət zolağında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi "Changan CS 95" markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla sağ yan hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağ bud sümüyünün yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid bədən xəsarətləri, "Changan CS 95" markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin Şahid sağ və sol gözaltı nahiyyəsinin, sol bazunun, sol saidin qançırları, sol əlin, sağ saidin, sağ budun sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdə saat 15:44 radələrində etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz E220 Minik" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən Bakı şəhər istiqamətinə sağdan 2-ci hərəkət zolağında hərəkət edib sağdan birinci hərəkət zolağına daxil olarkən manevr qaydalarını pozmuş və maşınının qabaq sağ qanadı ilə onunla eyni istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi "Changan CD 95" markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş maddi ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində qeyd etdi ki, “Changan CS 95" markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində həmin avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətindən şəhər istiqamətinə gedən yolda hərəkətdə olarkən sağdan 2-ci zolaqda hərəkət edən "Mercedes" markalı avtomaşın sağa manevr edərək onun avtomobilini vurmuş, sonra isə avtomobili yolun kənarında olan dirəyə dəymişdir. Hadisə nəticəsində ayağı sınmışdır. Ona dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında verdiyi ifadəsi elan olunmuş şahid ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:10 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi "Changan CS 95" markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətində gedən 4 zolaqlı yolda sağdan 1-ci zolaqda hərəkət edən zaman yerüstü piyada keçidinin yaxınlığında sağdan 2-ci zolaqda hərəkət edən "Mercedes" markalı avtomaşın sağa manevr etmişdir. İsmət Abbasov idarə etdiyi "Changan CS 95" markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol qabaq tərəfi ilə "Mercedes" markalı avtomaşının sağ qabaq tərəfini vurmuş, sonra isə avtomobil yolun kənarında olan dirəyə dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 607 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bud sümüyünün yerdəyişən sınığı aşkar edildi. Qeyd edilən xəsarət küt əşya təsirindən onun ATU X2 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi törənməsi isitisna olunmur və dərcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəbə olan az ağır zərərvurmaya aididir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 619 saylı rəyindən görünür ki, Şahid bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə olan 1/3054 nömrəli xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 8/2992 nömrəli rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilən səbəblərə görə Mercedes Benz E 220 markalı avtomobilin sağdan 1-ci zolaqdan sağa istiqamətləndiyi andan toqquşmaya kimi 2-3 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 2-3 metrdən böyük olmuşdur. Mercedes Benz E 220 markalı avtomobilin sağdan 1-ci zolaqdan sağa istiqamətləndiyi andan toqquşmaya kimi 2-3 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığından Changan CS95 markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Zərərçəkmiş şəxs Changan CS95 markalı avtomobil hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış zolaqda 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1- ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz E220 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsi xahiş etmişdir. xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər RPİ-nin DYŞ-nin xx.xx.2023-cü il tarixli, 14/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ vardır və heç bir məhduduiyyəti yoxdur Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən alınmış TŞ N-133 saylı videokameranın qeydə aldığı 1 ədəd DVD diskdə olan görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, məlum yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətindən mərkəz şəhər isitiqamətinə gedən yol qeyd edilən müşahidə kamerasının təsir zonasındadır. Videogörüntüdə qeyd edilən saat 06:46 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz minik E 220" markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağdan 2-ci zolaqla 90 km/saat sürətlə hərəkət etməsi, sürət həddi 70 km/saat olan 1-ci zolağa dönmək istəməsi, bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi "Changan CS 95" markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması müəyyən edilir. Video görüntünün davamında hadisə yerinə yoldan keçən çoxsaylı şəxslərin toplaşması müşahidə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263.1-ci maddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut kimim tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, "Mercedes Benz minik E 220" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.3-cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 263.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimim tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, "Mercedes Benz minik E 220" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar