Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-429/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan və barəsində «başqa yeri getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq qanunsuz olaraq döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı patronu əldə edib özündə saxlamaqla, BC851 saylı Bakı-İstanbul aviareysi ilə uçub getmək üçün 11 yanvar 2023-cü il tarixdə X3 Aeroportuna gələrkən həmin patronu yük çantasındakı kiçik kosmetika çantasında qanunsuz olaraq daşıyaraq gəzdirmiş, həmin gün saat 23:50 radələrində T1 X1 Baş İdarəsinin X-RAY qurğusunda yoxlamadan keçən zaman ona məxsus qara rəngli yük çantasında olan kiçik kosmetika çantasından həmin idarənin əməkdaşları tərəfindən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı patron aşkar olunub götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə il olar ki, anası ilə birlikdə yaşayaraq online kosmetika satışı ilə məşğul olaraq övladını dolandırmışdır. Himayəsində 1 yaşında oğlu var. Evdə siqaret çəkə bilmədiyi üçün tez-tez yaşadığı mənzilin yaxınlığındakı bağçaya düşərək siqaret çəkmişdir. 2022-ci ilin avqust ayının təqribən 27-i siqaret çəkmək üçün yenidən bağçaya getmişdir. Baxçaya gedərkən yaxınlıqda olan zibil qutusunun yanında parıldayan bir əşya görmüşdür. Yaxınlaşan zaman parıldayan əşyanın patrona bənzədiyini görmüşdür. Zibil qutusunun yanında olduğu üçün onun yararlı olduğu ağlına belə gəlməmişdir. Düşünmüşdür ki, qızların çoxu boynuna patrona bənzər boyunbağı taxırlar. Evdə qara ipə bənzər boyun bağına taxıb istifadə etməyi düşünmüşdür. Sonradan o, həmin patronu evdə pəncərənin qarşısında qutuda olan lazımsız kosmetik əşyaların içərisinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə online aviabilet alaraq rəfiqəsi ilə birlikdə Türkiyəyə bilet almışlar. Türkiyəyə getməkdə məqsədi isə orada həm müayinə olmaq həm də orada iş tapıb qalmaq olmuşdur. O, anasından yük çantasını yığmasını xahiş etmişdir. Anası onun çantasını yığarkən hazırda istifadə etdiyi kosmetik qabın əvəzinə patronu qoyduğu lazımsız kosmetik qabı yük çantasına qoymuşdur. Rəfiqəsi ilə birlikdə xx.xx.2023-cü il tarixdə 23:30 radələrində Türkiyəyə uçmaq üçün X3 hava limanına gəlmişlər. Taksidən yük çantalarını götürmüşlər. Hava limanına daxil olduqdan sonra rəfiqəsi X-RAY qurğusundan keçmişdir. Daha sonra o, yük çantasını həmin qurğuya qoymuşdur. Təxminən saat 23:50 radələrində X-RAY qurğusundan keçdikdən sonra monitorda əyləşən ATBİ-nin əməkdaşı ona yük çantasında şübhəli əşya olduğunu bildirmişdir. Cavab olaraq onda şübhəli heç nə olmamasını demişdir. Dərhal əməkdaşlar onun yük çantasına baxış keçirtmişlər. Baxış keçirtdikdən sonra yük çantasında olan 01 ədəd patronu ATBİ-nin əməkdaşları aşkar edərək aktlaşdırmışlar. Onlar aktlaşdırdıqdan sonra polis əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları ilə birlikdə Hava NPİ-nə gəlmişdir. O, patronu götürərkən heç bir məqsədinin olmadığını, bu haqda bilmədiyini, anası kosmetik qablarını səhv saldığı üçün lazımsız kosmetik qabı yük çantasına qoyduğunu, qanunsuz döyüş sursatlarını gəzdirməyində cinayət məsuliyyəti olduğunu bilmədiyini, patronu 2022-ci ilin avqust ayında siqaret çəkmək üçün yaşadığım binanın yanında baxçaya getdiyi zaman bağçanın yaxınlığında olan zibil qutusunun qarşısından tapdığını bildirmişdir. İlk dəfə cinayət əməli törətdiyini, əməlindən peşman olduğunu, himayəsində bir yaşında bir azyaşlı uşağının və yaşlı anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, qızı Vüsalə ilə 1 il olar ki, bir yerdə yaşayırlar. Vüsalə həyat yoldaşından ayrıldıqdan sonra onunla yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə Vüsalə Türkiyə Respublikasına rəfiqəsi ilə bilet alaraq xx.xx.2023-cü il tarixdə gedəcəyini bildirmişdir. Onun getməsini istəməsə də səhhətinə görə həm də ki, burada maddi vəziyyətlərinin pis olduğu üçün üstünə çox getməmişdir. Vüsalə ona bildirmişdir ki, əgər iş tapıb qalsa gəlib 1 yaşlı oğlunu da aparacaq. xx.xx.2023-cü il tarixdə Vüsalə ondan yük çantasını yığmağını xahiş etmişdir. Sonra Vüsalə ondan köhnə kosmetik qabındakı əşyalarını yeni kosmetik qabına qoymasınıda xahiş etmişdir. O, Vüsalənin köhnə kosmetik çantasının içərisində olan əşyalarını yeni kosmetik çantasına yerləşdirmişdir. Vüsalə ilə görüşüb onu hava limanına yola salmışdır. O, köhnə kosmetik çantasında patron olduğunu görməmişdir. Əgər patronu görsəydi dərhal polis idarəsinə bu haqda məlumat verəcəyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Aviasiya Təhlüləsizliyi İdarəsinin Aviasiya Təhlükəsizliyi Xidmətinin inspektoru Şahid2 bildirmişdir ki, 2020-ci ildən hazırki işində xidmət edir. Tərtib olunmuş qrafikə əsasən 11 yanvar 2023-cü il tarixdə X3 Aeroportunun T-1 Terminalında gecə saat 20:00-də növbəni qəbul etmişdir. Həmin gün onun funksional vəzifəsi terminala daxil olan sərnişinlərin və digər şəxslərin üzərinə baxış keçirməkdən ibarət olmuşdur. Həmin gün onunla birlikdə xidmətdə olan Ağazadə Farid xx.xx.2023-cü il tarixdə təqribən 23:50 radələrində “Pegasus” BC 851 saylı Bakı-İstanbul aviareysinin sərnişinlərini yoxlamadan keçirərkən, Ağazadə Farid sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs əlində götürdüyü çantadan, yoxlamadan keçirərkən, əşyaların arasında patrona oxşar predmetin görüntüsünü müəyyən etmiş və çantaya baxış keçirmək üçün onu çağırmışdır. Dərhal bu barədə qrup rəhbəri Fəda İsgəndərova məlumat vermişlər. Fəda İsgəndərov ora gəldikdən sonra çantadakı əşyaları çıxarıb baxdıqda, çantadan 01 ədəd patron aşkar olunmuşdur. A.Cədərova təlimata əsasən xüsusi nəzərdə tutulmuş otaqda həmin xanınım üzərinə şəxsi baxış keçirmiş, X- RAY qurğusu vasitəsilə baxış keçirdikdən sonra əlavə heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra təlimata uyğun olaraq Fəda İsgəndərov bu barədə növbə rəisi və polisə məlumat vermiş və akt tərtib etmişlər. Həmin şəxsi akt və maddi sübutla birlikdə araşdırma aparılması üçün polis əməkdaşına təhvil vermişlər. O, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin təqdim etdiyi 01 (bir) ədəd “CD-R” diskdəki görüntü ilə tanış olduğunu, görüntüdən də video çəkiliş xx.xx.2023-cü il tarixdə saat 23:59-dan başladığının göründüyünü, lakin, Təqsirləndirilən şəxs əl çantasından patronu görüntü başlamamışdan əvvəl götürüb təhvil verdiyini, görüntülərdə isə patronu təhvil verdikdən sonra Təqsirləndirilən şəxs məxsus çantada hər-hansı başqa bir qanunla qadağan edilən əşyanın olub-olmamasını yoxlamağının öz əksini tapdığını, yəqin ki, texniki səbəblərdən patronun aşkar edilməsi görüntülərdə öz əksini tapmadığını bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X2 və X4 mahiyyəti üzrə eyni məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini tam təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 25 yanvar 2023-cü il tarixli 3/71 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 5,45X39 mm kalibrli olmaqla, həmin kalibrə malik «AK- 74», «AKS-74», «AKS-74U» modelli avtomatlarda, «RPK-74» əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, patrondur, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır. İş materiallarından görünür ki, bir ədəd 5,45X39 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patron maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər Hava NPİ-də saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31 yanvar 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnun istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq döyüş sursatı hesab olunan zavod üsulu ilə hazırlanmış bir ədəd 5.45 mm kalibrli “AK 74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patronu əldə edib, özündə saxlayıb, daşıyıb, gəzdirməsi cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq çəkməsini, himayəsində 1 yaşında bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Hava NPİ-də saxlanılan bir ədəd 5.45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 06 ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Maddi sübut – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Hava NPİ-də saxlanılan bir ədəd 5.45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s.konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs 64,00 (altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxsnun hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-429/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-429/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver