Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-429/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şri-Lanka Demokratik Sosialist Respublikasının Puttalam şəhərində doğulmuş, Şri- Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şri-Lanka Demokratik Sosialist Respublikası, Puttalam şəhərində qeydiyyatda olan və Şri-Lanka Demokratik Sosialist Respublikası, Boundary yolu, Çenkaladi qəsəbəsi, Battikaloa rayonu ünvanında yaşayan, barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbayca Respublikasında yaşamaq və işləmək məqsədilə, Malayziya Respublikası vətəndaşı olmadığı halda özünə məxsus olmayan “Satyaselan Vijiyan” ad və soyadı ilə və özünə məxsus olmayan fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, Malayziya Respublikasına məxsus A61333475 nömrəli pasportu əldə edib, 30 may 2025-ci il tarixdə R90601 nömrəli Küveyt- Bakı avia-reysi ilə Küveyt Dövlətindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Heydər Əliyev” X8 sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 15:12-də həmin pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Küveyt Dövlətindən Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, onun təqdim etdiyi Malayziya Respublikasına məxsus A61333475 nömrəli pasportun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxta olması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şri-Lanka Demokratik Sosialist Respublikasının Puttalam şəhərində yaşayır. 2025-ci ilin əvvəllərində ailəsinə qazanc əldə etmək üçün Azərbaycan Respublikasına gəlmək istəmişdir. Şri-Lanka vətəndaşı olan Ravi adlı tanışı ona Azərbaycan Respublikasına getmək üçün saxta Malayziya pasportu düzəldə biləcəyini, bunun müqabilində isə 4500 Malayziya pulu, təxminənə 1000 ABŞ dolları tələb etdiyini demişdir. O, da razılaşaraq həmin məbləği Raviyə vermişdir. Bundan sonra, 24 mart 2025-ci il tarixdə Ravi onu Şri-Lanka pasportu ilə Malayziya Federasiyasına göndərmiş, təxminən bir ay sonra isə özü də həmin ölkəyə gəlmişdir. 21 may 2025-ci il tarixdə Ravi ona Malayziya pasportunu təqdim etmişdir. Bu saxta pasportu aldıqdan sonra onun əsasında 21 may 2025-ci il tarixdə X11 Respublikasına getmiş və orada bir neçə gün qalmışdır. Daha sonra Katmandu–Küveyt– Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. Hava Limanında yerləşən sərhəd nəzarət bölməsində Malayziya pasportunu dövlət sərhəddindən keçmək üçün sərhəd nəzarətçisinə təqdim etmişdir. Lakin təqdim edilmiş pasportun başqasına məxsus olması aşkar edildiyindən, 30 may 2025-ci il tarixdə sərhəd nəzarəti orqanları tərəfindən saxlanılmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X12 Aeroportu” sərhəd nəzarəti şöbəsində nəzarətçi işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 2025-ci il 30 may tarixində saat 09:00-dan 20:00-dək xidmət üzrə təyinata əsasən, X12 X14 X7 1 bölməsində “gəlmə xətti” üzrə “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə cəlb olunmuşdur. Xidmətdə olduğu müddətdə, Terminal 1-in uçub gəlmə xəttində Küveyt–Bakı aviareysi ilə Küveyt Dövlətindən Azərbaycan Respublikasına gələn şəxs tərəfindən təqdim edilmiş Malaziya pasportunun rəsmiləşdirilməsi zamanı sənəddəki fotoşəklin həmin şəxsə oxşamadığı və sənədin özgəsinə məxsus olması ilə bağlı şübhələri yaranmışdır. Bu barədə dərhal növbə rəisi X2 məruzə etmişdir. Növbə rəisi dərhal ora yaxınlaşaraq təqdim edilmiş Malaziya pasportunu təkrar yoxlamış və sənədin özgəsinə məxsus olduğunu müəyyən etmişdir. Sonra müəyyən olunmuşdur ki, təqdim edilmiş pasportun sahibi əslində Təqsirləndirilən şəxs adlı şəxsdir. Bu barədə dərhal aidiyyəti üzrə məruzə olunmuş və nəticədə qeyd olunan şəxs saxlanılmışdır. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X12 Aeroportu” sərhəd nəzarəti şöbəsində “növbə rəisi” işləyən X3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1, 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyevin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 30 may 2025-ci il tarixdə saat 15:12 radələrində R90601 nömrəli Küveyt-Bakı aviareysi ilə Küveyt Dövlətindən Azərbaycan Respublikasına gələn, 23 aprel 1996-ci ildə Malayziya Federasiyasının Kedah şəhərində anadan olmuş X9 X13 Limanı sərhəd nəzarəti şöbəsində «sənədlərin yoxlanışı» sərhəd naryadına tədim etdiyi A61333475 nömrəli Malayziya pasporu rəsmiləşdirilən zaman pasportda olan fotoşək təqdim edən şəxsə oxşamadığı üçün özgəsinə məxsus olması şübhə doğurdundan sərhəd naryadı tərəfindən saxlanılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə texniki, məhkəmə portret ekspertizasının xx.xx.2025-cü il tarixli, 5/578-3/635 nömrəli ekspert rəyindən məlum olur ki, təqdim olunmuş Satyaselan Vijiyan adına olan A61333475 nömrəli Malaziya Respublikası ümumvətəndaşlıq pasportunun blankı mətbəə çap üsulu ilə hazırlanmışdır, xüsusi mühafizə vasitələrlə təchiz olunmuşdur və Malaziya Respublikasının ümumvətəndaş pasportu ilə eynilik təşkil edir. Təqdim edilmiş pasportun vərəqlərində hər-hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir, tamlığı pozulmamışdır. Tədqiqata təqdim edilmiş P0025031 nömrəli pasportunun surətindəki fotoşəkildə və SNM-də quraşdırılmış müşahidə sistemi vasitəsi ilə çəkilmiş fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş P0025031 nömrəli pasportunun surətindəki fotoşəkildə, SNM-də quraşdırılmış müşahidə sistemi vasitəsi ilə çəkilmiş fotoşəkildə və təqdim edilmiş A61333475 nömrəli pasportdaki fotoşəkildə müxtəlif şəxslər əks olunmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Maddi sübut kimi tanınma haqqında 03.0.2025-ci il tarixli qərardan aydın olur ki, A61333475 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pasport cinayət işinin materiallarında saxlanılmalı, 520 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 29,318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CMnin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 520 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınan A61333475 nömrəli pasport cinayət işinin materillarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saat vaxta görə 55 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-429/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-429/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver