Məhkəmə qərarları › İş №1(003)-430/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-430/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-430/2025 13.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 5 kağız bükülüdə tütünlə qarışdırılmış formada cəmi 1,02 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək üzərində “Pueblo” yazısı olan siqaret qutusunun içərisindəki 6 ədəd siqaret giləsinin arasında yerləşdirib gömrük nəzarətindən gizlətmiş, J2 078 saylı İstanbul - Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən 04 iyun 2025-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən “X7 Hava Limanı”nın CİP zalında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük nəzarəti məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və qeyd edilən narkotik vasitə həmin tarixdə gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, uzun illərdir ki, şəxsi ailə sürücüsü kimi işləyir. 2025-ci ilin may ayında sürücüsü olduğu ailənin xanımının müayinə və müalicəsi ilə bağlı Türkiyənin İstanbul şəhərinə getmişdir. Həmin xanımla birlikdə gedib həm yüklərinin daşınmasında köməklik etməli, həm də Türkiyədə maşın kirayələyib onu xəstəxanaya, oradan otelə və gedəcəyi yerlərə aparıb-gətirməklə məşğul olmuşdur. 19 may 2025-ci il tarixdə İstanbula getmişlər. Həmin gün avtomobil icarəsi şirkətindən maşın kirayələmişdir. Yağış yağdığından və maşın kirləndiyindən bir neçə dəfə yuyucuya getmişdir. Əvvəllər bir müddət narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Bu səbəbdən də marixuananın iysini tanıyırmış. 30 may 2025-ci il tarixdə maşını yuyucuya verdikdə marixuana qoxusu hiss etmişdir. Orada olan şəxslərdən ona da istifadə etməsi üçün marixuana vermələrini xahiş etmişdir. Oradakı adını bilmədiyi işçidən 1 bükümünü 150 TL-yə cəmi 6 ədəd siqaret kağızına bükülmüş marixuana almışdır. İstanbul hava limanında olarkən Duty Free adlı mağazadan 1 bloku 30 avroya “Pueblo” adlı siqaret almışdır. Həmin siqaretlərdən bir neçə qutusunu İstanbulda olduğu zaman çəkmiş, bir hissəsi isə qalmışdır. Marixuana bükümlərini aldıqdan sonra, cibində olan siqaret qutusuna qoymuşdur. Qutunun içərisində də bir neçə ədəd siqaret olmuşdur. Maşını yuduzdurduqdan sonra, həmin qutunu maşına digər siqaretlərin yanına qoymuşdur. Sonrakı günlər işləri çox olduğu üçün aldığı marixuanadan çəkə bilməmişdir. 03 iyun 2025-ci il tarixdə geri qayıtmalı imiş. Maşını aparıb icarə şirkətinə təhvil verən zaman aldığı marixuana bükülülərindən birini götürüb çəkmişdir. Qalanını elə siqaret qutusunda saxlayıb şəxsi əşyaları olan çantasına atmışdır. 04 iyun 2025-ci il tarixdə “X7 Hava Limanı”na çatmışdır. Təyyarədən endikdən sonra, çıxışa doğru getmişdir. Hava Limanında baqajı gözləmək üçün qalmış, bir qədər gözləyib baqajları götürmüş və gömrük nəzarəti zonasına yaxınlaşmışdır. Orada baqajları rentgenə qoyub keçmək istəyəndə rentgen qurğusunun qarşısında əyləşən gömrükçü şəxsi əşyalarını çıxarıb oradakı xüsusi qaba qoymağını və həmin qabı da rentgen qurğusuna qoymağını demişdir. O da, məcbur qalıb üzərindəki bütün əşyalarını çıxarıb qaba yerləşdirib rentgenə qoymuşdur. Bu zaman marixuana yerləşdirdiyi siqaret qutusundan aşkar edilmişdir.. Əlavə olaraq Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını və ağır xəstə atasının himayəsində olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 04 iyun 2025-ci il tarixdə “X7 Hava Limanı”nda xidmətdə olan zaman İstanbul - Bakı aviareysi ilə Azərbaycan Respublikasına gələn adını sonradan bildiyi, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs gömrük nəzarəti məntəqəsinə yaxınlaşdıqda əl yükü olan çantasını rentgen qurğusuna qoysa da, üzərində olan əşyaları qoymadan metalaxtaran detektordan keçmək üçün çərçivəyə yaxınlaşmışdır. Bu zaman onu digər gömrük əməkdaşı saxlamış və şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan qara rəngli plastmas qabı verərək üzərindəki bütün şəxsi əşyaları qaba yerləşdirib rentgen lentinə qoymalı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibində olan şəxsi əşyalarını çıxarıb qaba yerləşdirib rentgen lentinə qoymuş və daha sonra, metalaxtaran detektordan keçmişdir. Qutunun içərisində telefonlar, qol saatı və siqaret qutusu var idi. Siqaret qutusunun içərisində siqaret gilələri görünsə də, diqqətlə baxıb bəzi siqaretlərin ölçüsünün normal siqaretlərdə olduğu kimi eyni qalınlıqda yox, bir tərəfinin qalın, bir tərəfinin incə olduğunu müəyyən etmişlər. Bu görüntü kustar üsulla düzəldilən büküm formasına bənzədiyi üçün həmin əl yüklərinə yoxlama keçirmək qərarına gəlmişlər. Bu barədə məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs əl yüklərinə yoxlama keçirməli olduğunu deyilmişdir. Bundan sonra, yoxlama zamanı iştirak etməsi üçün iki nəfər hal şahidi çağırmışlar. Təqsirləndirilən şəxs məxsus şəxsi əşyalara yoxlama keçirmiş və üzərində “Pueblo” yazısı olan siqaret qutusunun içərisindəki 6 ədəd siqaret giləsinin arasında yerləşdirərək gömrük nəzarətindən gizlədilmiş formada 5 kağız bükülüdə tütünlə qarışdırılmış formada spesifik qoxuya malik qurudulmuş marixuana narkotik vasitəsinə oxşar maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid4 bildirdi ki, X7 Aeroportunda "xxxx" MMC-də yuyucu maşın operatoru vəzifəsində işləyir. 04 iyun 2025-ci il tarixdə xidmət apardığı zaman gömrük əməkdaşları ona yaxınlaşaraq hava limanının cip zalında İstanbul şəhərindən gələn bir sərnişinin əl yüklərinə yoxlama keçirməli olduğunu bildirib ona və iş yoldaşı Şahid3 hal şahidi qismində iştirakı etməyi təklif etmişdir. Onlar razılaşıb hava limanının cip zalına gedərək orada əl yüklərində yoxlama keçirilməsi nəzərdə tutulan sərnişinin əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Cavid Sadıqoxun əl yüklərinə yoxlama keçirildikdə üzərində “Pueblo” yazısı olan siqaret qutusunun içərisindən qəhvəyimtil rəngli kağıza bükülmüş bükülülər aşkar edilmişdir. Həmin predmetlər cəmi 5 ədəd idi və siqaret qutusunun içərisindəki siqaret gilələrinin arasında yerləşdirilmiş vəziyyətdə olmuşdur. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış X7 Aeroportunda "xxxx" MMC-də yuyucu maşın operatoru vəzifəsində işləyən Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin əməkdaşı Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə CM-nin 206.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır; - xx.xx.2025-ci il tarixli “yoxlama keçirilməsi və götürmə haqqında” protokoldan aydın olur ki, yoxlama başlamazdan əvvəl X3 məxsus olan yüklərə yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri izah edilmişdir. Keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd üzərində “Pueblo” yazısı olan siqaret qutusunun içərisindən 6 ədəd siqaretlərin arasında gizlədilmiş 5 ədəd müxtəlif ölçülü bükümlərdə kəskin qoxuya malik marixuanaya bənzər predmet aşkar edilmişdir. Aşkar edilən 5 ədəd büküm elektron tərəzidə çəkildi və çəkisinin təqribən 4 qram təşkil etdiyi məlum oldu; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/824/2025 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs o.imza...” yazılar olan bir ədəd qəhvəyi rəngli kağız paketdə bir ədəd üzərində “PUEBLO” yazılan siqaret qutusunda olan 6 (altı) ədəd siqaretin içərisi yalnız tütündən ibarətdir. Həmin paketin içərisində bir ədəd üzərində “PUEBLO” yazılan siqaret qutusunda olan 5 (beş) ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda tütün və ümumi çəkisi 1,02 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən ksutar üsulla hazırlanmıç narkitk vasitə - qurudulmuş marixuanadır. (Qeyd: Marixuananın təmiz çəkisi 1,02 qram, tədqiqata sərf edildi 0,25 qram, qalıq – 0,77 qram); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-i tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 isifadə etmə halları olub. lakin, müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Gğrük Komitəsinin İstintaq Şöbəsinin müstəntiqi Y.Bağırov tərəfindən Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibinə 1939-cu il təvəllüdlü atası Firudin Sadıxov, 1950-ci il təvəllüdlü anası Dinarə Sadıxova daxildir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TƏBİB PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 27 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, X5 27 nömrəli şəhər poliklinikasında beyin insultu, parkinson xəstəliyi, sakitlik tremoru, koqnitiv pozulmalarla, kənar şəxsin qulluğu, xroniki beyin işemiyası və sair xəstəliklərlə bağlımütəmadi olaraq ambulator və stasionar müalicə alır. Xəztənin kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi- cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 206.2-ci maddəsinə görə Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə—cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə və ya cinayətin predmetin dəyərinin altmış faizindən səksən faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində kənar şəxsin daimi qulluğuna ehtiyacı olan ağır xəstə atasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cinayətin predmeti olan narkotik vasitənin cuzi miqdarda olmaqla ictimai təhlükəlilik dərəcəsinin az olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan və şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 70 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə alınmalı, cinayət işi üzrə maddi sübut olan 0.77 qr qurudulmuş marixuana və “PUEBLO” yazısı olan siqaret qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində yaşayış yeri üzrə probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 70 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə alınsın. Cinayət işi üzrə maddi sübut olan 0.77 qr qurudulmuş marixuana və “PUEBLO” yazısı olan siqaret qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar