Məhkəmə qərarları › İş №1(003)-434/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-434/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-434/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1995-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2001-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, fərdi əmək fəaliyyəti ilə məşğuı olan, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, Xəzər rayonu, Buzovna qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 15 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən “Luks Plaza” adlı şadlıq sarayında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında aralarında baş vermiş mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona ənsə nahiyəsinin hematoması, sağ saidin, döş qəfəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər xəsarət yetirməklə xuliqanlıq cinayətini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 15 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən “Luks Plaza” adlı şadlıq sarayında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında aralarında baş vermiş mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona ənsə nahiyəsinin hematoması, sağ saidin, döş qəfəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər xəsarət yetirməklə xuliqanlıq cinayətini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında onun toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində bəy masasında olduğu vaxt zalda qonaqların foyeyə çıxdığını və kimlərinsə dava-dalaş saldığını görmüş və o, məsələnin nə olduğunu aydınlaşdırmaq üçün oraya getmişdir. O, hadisə vaxtı heç kimə, eləcə də Anara xəsarət yetirməmişdir. X6 xəsarət yetiribyetitməməsi barədə heç bir məlumatı yoxdur. O, Anara heç bir xəsarət yetirməmiş, Anara həmin xəsarətlərin kimlər tərəfindən yetirməsi barədə heç bir məlumatı yoxdur. İlkin olaraq Anar əsəbi olduğu üçün ona xəsarəti onlar tərəfindən yetirildiyini bildirmiş, əslində isə Anara xəsarət yetirməmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında onun toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində bəy masasında olduğu vaxt zalda qonaqların foyeyə çıxdığını və kimlərinsə dava-dalaş saldığını görmüş və o, məsələnin nə olduğunu aydınlaşdırmaq üçün oraya getmişdir. Həmin vaxt Anarın qardaşı Ramalı tutaraq əlindəki şüşə butulka ilə vurmaq istədiyini görmüşdür. Onların yanına getmiş və Anarı tutaraq saxlayarkən onlar əlbəyaxa olmuşlar. Bundan sonra Anar yerə əyilərək əlindəki şüşə butulkanı yerə vuraraq sındırmış və onun sağ ayaq nahiyəsindən əlindəki şüşə ilə vurmuşdur. Bundan sonra orda olan şəxslər ona köməklik göstərmişlər və onu Mərdəkan qəsəbəsində yerləşən 26 saylı BŞXna aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” adlı şadlıq sarayında baş vermiş, o, hadisə vaxtı xəsarət almış, ona xəsarəti Anar yetirmişdir. Belə ki, Anar əlindəki şüşə parçası ilə onun bud nahiyəsindən vuraraq xəsarət yetirmişdir. O, hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. Anar yalan danışmış, o, Anara heç bir xəsarət yetirməmişdir. X6 xəsarət yetirib-yetitməməsi barədə heç bir məlumatı yoxdur. O, Anara heç bir xəsarət yetirməmiş, Anara həmin xəsarətləri kimlərin yetirməsi barədə heç bir məlumatı yoxdur. İlkin olaraq o, əsəbi olduğu üçün ona xəsarəti hər iki qardaşın yetirdiyini bildirmiş, əslində isə onu şüşə ilə Anar vuraraq xəsarət yetirmişdir. Asif ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qardaşı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində o, administratorla söhbət etdiyi vaxt foyedən səs-küy gəlmiş və o, foyeyə çıxdıqda davadalaş olduğunu görmüşdür. Hadisə vaxtı o, heç kimi, eləcədə Anarı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Anara həmin xəsarətləri kimlərin yetirməsi barədə heç bir məlumatı yoxdur. O, Anarın əlində şüşə butılkanı görməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qardaşı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində o administratorla söhbət etdiyi vaxt foyedən səs-küy gəlmiş və o, foyeyə çıxdıqda Asifin zalın girişində olan divanın üstünə çıxdığını və anası Mətənatin onu sakitləşdirməyə çalışdığını görmüşdür. Anar isə əlində şüşə butulka ilə uca səslə söyüş söyərək qışqırmışdır. O, Anarı sakitləşdirmək üçün yaxınlaşdıqda əlbayaxa olmuşlar, Anar əlindəki şüşə butulka ilə onun kürək nahiyəsindən bir zərbə vurmuşdur. Onun kürək nahiyəsindən bərk ağrı olduğu üçün o, oradan uzaqlaşmışdır. Bir qədər sonra həyat yoldaşı Güllübəyim boğazından qan axan halda onun yanına gəlmiş və onun halı pisləşmişdir. Xəstəliyi ilə əlaqədar onun halı pisləşmiş və o, yerə çökmüşdür. Bundan sonra olanlardan xəbəri olmamışdır. Sadəcə olaraq bir müddət sonra ona bildirmişlər ki, Anar qardaşı Kamalı şüşə ilə vurub xəsarət yetirmiş və qardaşını xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında baş vermiş, o, hadisə vaxtı xəsarət almış, ona xəsarəti Anar yetirmişdir. Belə ki, Anar əlindəki şüşə butulka ilə onun kürək nahiyəsindən bir zərbə vurmuşdur. O, hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. O, Anara heç bir xəsarət yetirməmişdir. Anara həmin xəsarətləri kimlərin yetirməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında bibisi nəvəsi Kamalın toy məclisində iştirak etmişdir. Qeyd etmişdir ki, Kamal həm də qardaşının qaynıdır. O, həmin toyda bir qədər araq içmişdir. Təxminən saat 21 radələrində toyda olan zaman şadlıq sarayının zalının qapısının qarşısında dava-dalaş düşdüyünü görmüşdür. Məsələyə aydınlıq gətirmək üçün gedən zaman o, Ramala dəyib yerə yıxılmışdır. Daha sonra hadisə yerində onu vurmuşlar, lakin kimin vurduğunu görməmiş, belə ki, o, toyda spirtli içkini çox içmişdir. Onu vuran şəxslər Ramal və Kamal olmamışdır. Hadisə vaxtı o, DİN 102 qaynar xəttinə müraciətində bildirmişdir ki, toyda onu döymüşlər. O, ibtidai istintaq zamanı Ramalın adını çəksə də, Kamalın adını çəkməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında bibisi nəvəsi Kamalın toy məclisində iştirak etmişdir. Qeyd etmişdir ki, Kamal həm də qardaşının qaynıdır. O, həmin toyda bir qədər araq içmişdir. Təxminən saat 21 radələrində toyda olan zaman şadlıq sarayının zalının qapısının qarşısında qardaşı Asifi Telman adlı şəxsin vurmasını görmüş, o, qardaşına kömək üçün qardaşının yanına gedən zaman bəyin qardaşı Ramal ilə onun mübahisələri düşmüşdür. Mübahisə zamanı onun ayağı sürüşmüş və o, yerə yıxılmışdır. Bundan sonra Asif ilə Telmanı orada olan şəxslər zaldan çıxarmışlar. Bundan sonra o, yerdə olan zaman Ramalın qardaşı Kamal da gələrək Ramal ilə birlikdə onu təpikləyərək döyməyə başlamışlar. Həmin vaxt o, nə edəcəyini bilməmiş və yerdən şüşə parçası götürərək Kamalın ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra o, restorandan bayıra çıxmış və qardaşı Asıfi götürərək oradan uzaqlaşmışdır. Həmçinin o, DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayının içərisində baş vermiş, o, hadisə vaxtı xəsarət almış, ona xəsarəti Kamal və Ramal qardaşları yetirmişlər. Belə ki, onlar onun bədəninə təpiklə vuraraq xəsarət yetirmişlər. O, hadisə vaxtı yerdən şüşə parçası götürərək Kamalın ayaq nahiyyəsindən xəsarət yetirmişdir. Ona xəsarəti Ramal və Kamal vuraraq yetirmişdir. Telman onun qardaşı Asifi vuraraq xəsarət yetirmişdir. Sadəcə olaraq o, ilkin ərizə yazarkən əsəbi olduğu üçün orada olan şəxslərin yəni Zamin, Orxan, Telman və digərlərinin onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Əslində isə ona xəsarəti Ramal və Kamal yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 qızı bildirdi ki, Zərərçəkmiş şəxs onun həmyerlisi və baldızının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində kütləvi dava olmuş və orada olan şəxslər Asif və Telmanın dava etdiklərini, kütləvi dava da bəyin vurulduğunu bildirmişlər. O, hadisə yerinə getməsə də, Anarın qardaşını sakitləşdirdiyini görmüş, lakin, Anarın kimi tərəfindən vurulduğunu, eləcə də Kamalın kimisə vurduğunu görməmişdir. Hadisə vaxtı o da, xəsarət almış, lakin ona xəsarət yetirən şəxsi görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 qızı bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmyerlisi və baldızının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində toyda olduğu zaman dava-dalaş düşmüşdür. Orada olanlar bildirmişlər ki, Anar ilə Asif dava-dalaş salmışdır. Dava-dalaş düşdüyünə görə toyda olan qonaqlar toydan tez çıxdıqlarından o masaların üzərində qalan yeməkləri yığmışdır. Bu vaxt Anarla Asif foyedən içəriyə girmiş və Asif orada olan kreloda əyləşmişdir. Anar isə şüşə butulka götürərək masanın üstündə sındırmışdır. O Anarın üstünə gedib onu sakitləşdirmək istəyərkən onun əlindəki şüşə butulka onun boğaz nahiyəsini kəsmişdir. Bundan sonra onun halı pisləşmiş və dili qatlanaraq o özündən getmişdir. Qohumları ona köməklik edərək onu ayıltmağa çalışmışlar. O ayılanda isə orada olan şəxslərdən eşitmişdir ki, bəyi Anar şüşə ilə vurub xəsarət yetirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında baş vermiş, o hadisə vaxtı xəsarət almış, ona xəsarəti Anar yetirmişdir. Belə ki, Anarın əlində şüşə parçası olmuş və o Anarı sakitləşdirmək istiyərkən Anarın əlindəki şüşə onun boğaz nahiyəsini kəsmişdir. O hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. Onun boynu kəsildikdən sonra onun dili qatlanmış və o huşunu itirmişdir. Bundan sonra qohumları onu ayıltmaq istiyərkən dilini çıxarmağa çalışmışlar. Odur ki, o alt çənənin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan alt çənənin yumşaq toxumalarının əzilməsi xəsarətlərini həmin vaxt almışdır. O, məhkəmə-tibbi ekspertizasından müayinədən keçərkən həyacanlı olmuş və nə dediyini xatırlamır. Onu yalnız Anar şüşə parçası ilə vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisində iştirak etmişdir. O, həmin toyda bir qədər araq içmişdir. Təxminən saat 21 radələrində toyda olan zaman onun rəqs etdiyi oyun havasını Telman adlı şəxs saxlatdırmış, o, Telmana yaxınlaşaraq nə üçün onun havasını saxlatdırdığını bildirdikdə Telman onun sifət nahiyyəsindən bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra toyda olan şəxslər onu restorandan çıxarmışlar və təxminən 15 dəqiqə onu restorana buraxmamışlar. Daha sonra Telman onun yanına gəlmiş və restoranın qarşısında küçədə ona badalaq verərək onu yerə yıxmış və yumruqla başından bir zərbə vurmuş, təpiklə isə ayağına və belinə zərbələr vurmuşdur. O, ayağa qalxana kimi Telman qaçaraq getmişdir. Bundan sonra o, restorana qalxmaq istəyərkər qardaşı Anar yanına gəlmiş və onlar taksi çağıraraq oradan uzaqlaşmışlar. Yolda olarkən qardaşı DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayının içərisində baş vermiş, o, hadisə vaxtı xəsarət almış, ona Telman xəsarət yetirmiş, o, hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilmişdir. Məmməd onu toya dəvət etdiyindən o, həmin gün toyda iştirak etmişdir. Təxminən saat 21 radələrində Məmməd və onun həyat yoldaşı Mətanət ona yaxınlaşaraq Anarın içki içərək mübahisə yaratdığını bildirmiş və ondan xahiş etmişdir ki, böyük kimi Anarı sakitləşdirsin. Bundan sonra o, restoranda Anarın yanına getmiş və Anarın qardaşı Asif ilə mahnı üstündə mübahisə yaratdığını görmüşdür. O, Anarı sakitləşdirmək üçün onu restoranın zalından çıxarmış və mübahisə yaratmamağını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilmişdir. Məmməd onu toya dəvət etdiyindən o, həmin gün toyda iştirak etmişdir. Təxminən saat 21 radələrində Məmməd və onun həyat yoldaşı Mətanət ona yaxınlaşaraq Anarın içki içərək mübahisə yaratdığını bildirmiş və ondan xahiş etmişdir ki, böyük kimi Anarı sakitləşdirsin. Bundan sonra o, restoranda Anarın yanına getmiş və Anarın qardaşı Asif ilə mahnı üstündə mübahisə yaratdığını görmüşdür. O, Anarı sakitləşdirmək üçün onu restoranın zalından çıxarmış və mübahisə yaratmamağını xahiş etmişdir. O, Anarı sakitləşdirən zaman Asif qəflətən onun başının arxa nahiyyəsindən yumruqla zərbə vurmuş və qaçmışdır. Bundan sonra o, əsəbləşmiş və toydan çıxaraq yaşadığı evə getmişdir. Sonradan o, öyrənmişdir ki, o, toydan gedəndən sonra Anar Kamalın ayaq nahiyyəsini kəsərək ona xəsarət yetirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o, baş nahiyəsindən xəsarət almış, ona xəsarəti Asif yetirmişdir. Belə ki, o, Anarı sakitləşdirmək istiyərkən Asif qəflətən onun başının arxa hissəsindən bir yumruq zərbəsi vurmuş və qaçmışdır. Hadisə vaxtı o, heç kimə heç bir xəsarət yetirməmişdir. Asif Məmmədzadə yalan danışmış, o, Asifə heç bir xəsarət yetirməmişdir. Əksinə Asif onun baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Asifə həmin xəsarətləri kimlərin yetirməsi barədə heç bir məlumatı olmamışdır. Ona Asif xəsarət yetirmişdir. O, məhkəmə-tibbi ekspertizasından keçərkən bildirmişdir ki, o, Anarı sakitləşdirərkən Asif onu vurmuşdur. Ola bilsin ki, ekspert həkim ilə bir-birlərini düzgün başa düşməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında oğlu Kamalın toy məclisi keçirilmişdir. O, evə qazan gətirməyə getmiş, qayıdan zaman məclisdə dava olduğunu görmüşdür. O, mübahisənin sonuna gəlib çatdığı üçün kimin kimi vurduğunu görməmişdir. O, Anarın Kamalı şüşə ilə vurmasını heç kimə deməmiş, müstəntiqə elə bir ifadə verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında oğlu Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində toyda çaxnaşma düşmüş, qohumları olan Anarın içkili olduğunu və mübahisə yaratdığını görmüşdür. Toyda qonaq qismində olan dostu Telmandan xahiş etmişdir ki, Anarı sakitləşdirsin. Bundan bir qədər sonra o oğlu Kamalın ayağından kəsik yarası aldığını görmüşdür. Sonradan ona məlum olmuşdür ki, Anar Kamalın ayağından şüşə ilə zərbə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Kamalı Mərdəkan qəsəbəsində yerləşən 26 saylı BŞX-na aparmışlar. Bildirmişdir ki, qohumlar arasında mübahisə olmuşdur və onun heç kimdən heç bir şikayət və tələbi yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o heç bir xəsarət almamış, o heç kimə heç bir xəsarət yetirməmişdir. O həmin vaxt kimlərinsə dalaşdığını görməmiş, sadəcə olaraq hadisədən sonra Anarın oğlu Kamalın ayaq nahiyəsindən şüşə ilə vuraraq xəsarət yetirdiyini öyrənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid5 bildirmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilmişdir. Məmməd onu toya dəvət etdiyindən o, həmin gün toyda iştirak etmişdir. Təxminən saat 21 radələrində o, toyda mübahisə olduğunu görmüş və toydan çıxaraq yaşadığı evə getmişdir. Sonradan onu polis şöbəsinə çağırmışlar və toyda Anar adlı şəxsin bəyi, yəni Məmmədin oğlu Kamalı ayaq nahiyəsindən şüşə ilə vurub xəsarət yetirməsini öyrənmişdir. O, ümumiyyətlə hadisə vaxtı toyda olmamış, o, heç kimə heç bir xəsarət yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materillarında olan 1/2643 nömrəli, 15 noyabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan xx.xx.2021-ci il tarixli 84660 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Vətən Müharibəsi X1 Xəzər rayon şöbəsində üzv kimi qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1554 saylı ekspert rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər — sağ əlin 2 ədəd, sağ bud venasının və sağ bud əzələsinin zədələnməsi, ağrı sindromu ve nərəkət məhdudluğu ilə müşayiət olunan sağ budun 2 ədəd dərin kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun "X9" X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1557 saylı ekspert rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – bel nahiyəsinin qançırı, ağrı sindromu və hərəkət məhdulğu ilə müşayiət olunan bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1559 saylı ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — ənsə nahiyəsinin hematoması, sağ saidin, döş qəfəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YUNGUL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaqda təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisində təxminən saat 21 radələrində qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında yaranan mübahisə zamanı qarşılıqlı olaraq dalaşmışlar. Bildirir ki, hazırda onlar barışmışlar və onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamda özlərini məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi qohumluq faktına əsaslanmış və təqsirləndirilən şəxsləri müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza üzrə cəzaçəkmənin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə islah işləri cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə islan işləri cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza üzrə cəzaçəkmənin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 20 %-i dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 120 manat məbləğində vəsait və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 120 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar