Məhkəmə qərarları › İş №1(003)-44/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-44/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-44/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 4(003)-40/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 17 yanvar 2023-cü tarixdən hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılmış və 08 dekabr 2023cü il tarixdə orada ölmüş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,849 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsinə qədər saxlamaqla daşımış, 17 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Xəzər rayonu Binə qəsəbəsi Hicran Hasilov küçəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara dəri ilə üzlənmiş qutuda siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,849 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı təzyiq altında verdiyi ifadəsində özünü təqsirli bildiyini göstərmiş, lakin hazırda ibtidai istintaq zamanı vermiş olduğu həmin ifadədən imtina edir və əsil həqiqəti söyləyərək bildirir ki, 17 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində Binə qəsəbəsində yerləşən “Bazarstore” marketin qarşısında olarkən polis əməkdaşları onu saxlayaraq 3-cü Polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşları onu döyərək psixotrop maddəni zorla boynuna qoymuşlar. Axşam saat 20 radələrində videoçəkilişlə üzərində axtarış aparılmış və guya psixotrop maddəni 18 manata almağını, 3 gün cibində gəzdirdiyini, istifadə etmədiyini bildirmişdir. Halbuki, bütün bunlar hamısı yalandır. Patının 1 qramı 120-150 manatdır, heç kəs onu ona 20 manata satmaz. “Bazarstore” marketin qarşısında o özü polis sahə inspektoru Şahid2 yaxınlaşıb onunla görüşmək istəyəndə maşından Kənan müəllim və başqa 2-3 nəfər düşüb gələrək qolundan tutub onu maşına əyləşdirmişlər. Nəyə görə onu tutduqlarını soruşduqda demişlər ki, “belə lazımdır, sroka getməlisən”. Bundan sonra onu PŞ-nə aparıb orada ona təzyiq altında öz diktələri ilə izahat yazdırmaq istəmişlər, lakin müstəntiq onu dindirərkən, o, heç nəyi etiraf etməmişdir. Polisdə olarkən müayinə olunmamışdır, ondan heç analiz də götürməmişlər. PŞ-də üzərinə baxış keçirilərkən vəkil də iştirak etmişdir. 6 dəfə kadr dəyişdirilmiş, 7 dəfə döyülmüş, hətta çəkiliş zamanı özünə xəsarət də yetirmiş, boyun damarını kəsmiş, stəkanı sındırıb qarnından özünə xəsarət yetirmişdir. Sonuncu çəkiliş zamanı narkotikin ona məxsus olduğunu etiraf etməyə məcbur olmuş və xəsarətlə bağlı bildirmişdir ki, boynunu əynindəki idman pencəyinin zamoku cızmışdır. X2 təhvil verəndə xəsarətlərini görüblər, bununla bağlı prokurorluqda araşdırma aparılmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində telefon olmamışdır. Polis şöbəsinin bütün əməkdaşları tərəfindən döyülmüşdür. Əvvəllər məhkum olunduğuna görə polislər plan doldurmaq üçün onu yenidən “sroka” göndərmək istəyirlər. Özünü təqsirli bilmir, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında şahid qismində dindirilən Xəzər RPİnin 3-cü PŞ-nin sahə inispektoru, polis mayoru Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs ərazi sakinidir, narkotik vasitə istifadəçisidir. 17 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində əməliyyat tapşırığı ilə bağlı Binə qəsəbəsinin mərkəzində Hicran Hasilov küçəsində “Bazarstore” marketin qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılan zaman o özü şalvarının cibindən bir büküm metamfetamin və bir bükümdə limon duzunu çıxarıb təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Tutularkən Təqsirləndirilən şəxs özünə heç bir xəsarət yetirməmişdir, ola bilsin ki, o, əvvəllər özünə xəsarət yetirmişdir. Polis şöbəsində də ona heç bir xəsarət yetirilməmişdir, tərəflərindən saxlanılarkən boğazında xəsarət olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən onu şərləmək istəsəydilər narkotikin satışı ilə, ya da oğurluq işi ilə rəsmiləşdirərdilər. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir, onun öz xəsarətləri ilə bağlı MSY-nə məlumat veribvermədiyini, xəsarətlərlə bağlı araşdırma aparılıb-aparılmadığını bilmir. Onlar Təqsirləndirilən şəxs MSY-nə təhvil verdikdən sonra çıxıb getmişlər. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında şahid qismində dindirilən Xəzər RPİnin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru X1 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/304 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 244” dairəvi möhür əksi olan, şübhəli şəxs Təqsirləndirilən şəxs sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,849 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,849 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq: 0,799 qram. Limon duzunun təmiz çəkisi – 0,748 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,698 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Bir ədəd bükümdə təmiz çəkisi 0,748 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına və güclü təsir edən maddələr və onların külli miqdarının habelə zərərli maddələri siyahılarına daxil deyildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,849 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin qalıq qalmış – 0,799 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş mateiallarında olan məhkəmə-narkoloji ekspertizasının aktından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müayinə olunmaq üçün xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsi X3 Tibbi Yoxlamaya gətirilməsinə baxmayaraq, ekspertin verdiyi suallara cavab verməkdən qətii surətdə imtina etmişdir. Bu səbəbdən X3 Tibbi müayinənin keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-397/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə stasionar məhkəmə-narkoloji ekspertiza təyin edilmiş, Təqsirləndirilən şəxs üzrə stasionar məhkəmə-narkoloji ekspertizasının keçirilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5ə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli 19/51-279 saylı məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-397/2023 saylı qərarının icrasından ötrü Təqsirləndirilən şəxs “Respublika Narkoloji Mərkəzi” X5ə təqdim olunması vacibdir. Lakin, bu günə qədər Təqsirləndirilən şəxs müayinə olunmaq üçün ekspert komissiyasına müraciət etməmişdir. Bu səbəbdən qərarın icra edilməsi mümkün olmamış və cinayət işinin materialları icrasız geri qaytarılır. İş mateiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)- 475/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Xəzər rayon prokurorluğuna göndərilmiş xx.xx.2023-cü il tarixli 1(003)-397/2023 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi ilə əlaqədar qeyd edilən faktın araşdırılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin MSY-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli bilinən vətəndaş Təqsirləndirilən şəxs MSY-nə gətirilən vaxt onun üstünə baxış keçirildi. Bədənində aşkar edilmiş xəsarətlər: Boyun nahiyəsinin sağ tərəfində kəsilmiş yara izi aşkar edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvünlanmış xx.xx.2023-cü il tarixli 3-16-17/40/2-6790/2023 saylı məktubdan görünür ki, tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1993cü il təvəllüdlü, ünvan 3 ünvanında yaşamış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasında vəfat etmişdir. İş materiallarında olan MTE və PAB X5 30 dekabr 2023-cü il tarixli 186 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş beyin maddəsinin və ağciyərlərin ödemi, qaraciyərin ocaqlı piy distrofiyası, ürəyin xroniki işemik xəstəliyinin kəskinləşməsi və kardioskleroz nəticəsində baş vermiş kəskin ağciyər-ürək çatmazlığı nəticəsində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Həsən Əliyev tərəfindən qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan şəxs – Təqsirləndirilən şəxs ölməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs ailəsinə ünvanladığı xx.xx.2024-ci il tarixli 1(003)-44/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasında ölməsi barədə məlumat verilmiş və Azərbaycan Respublikası CPM-nin 106-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə məhkəməyə məlumat vermələri xahiş edilmiş, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi bildirilmişdir. İş materiallarında olan və Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizədən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş mateiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən xx.xx.2023-cü il tarixdə daxil olmuş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması faktı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə vermiş oldüğu ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidlərin 25 may 2023-cü il tarixli iclasında vermiş olduqları ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsi məqsədə uyğundur. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,799 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə həmin məbləğ Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 15 saat) ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,799 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs öldüyünə görə iş üzrə 65,00 (altmış beş) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Möylut oğluna ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar