Məhkəmə qərarları › İş №1(003)-440/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-440/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-440/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə № 222 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 12 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs qızına məxsus yaşayış sahəsi hesab olunan ünvan 2 ünvanın həyətinə, oradan isə evin plastik pəncərəsini dəmir parçası ilə açaraq evə qanunsuz daxil olaraq qonaq otağının divarına bərkidilmiş sonuncuya məxsus 01 ədəd 450 manat qiymətində “Samsung” markalı, UE43N5300AU modelli televizoru və 01 ədəd 70 manat qiymətində “W-026” markalı smart qol saatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 520 (beş yüz iyirmi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, heç bir oğurluq etməmişdir, əməli etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq edilmişdir. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı bildirdi ki, onun ünvan 3 ünvanında fərdi yaşayış evi vardır və həmin evdə ailəsi ilə birlikdə yaşayır. 1998-ci ildən etibarən DİN-nin Polis Akademiyasında operator vəzifəsində işləyir və polis baş serjantıdır. 12 aprel 2022-ci iltarixdə işə işə getmək üçün saat 08:45-də evin qapı və pəncərəsini bağlayıb əyat yoldaşı ilə birlikdə çıxmışdır. Həmin gün saat 18:45-də evə qayıdıb həyətə girmiş və evin zal otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olduğunda zalda divarda olan 01 ədəd 900 manat dəyərində "Samsung" markalı 108 diaqonallı televizorun və həmin otaqda masanın üzərində olan ona məxsus01 ədəd 70 manat dəyərində "w-026" markalı, smart qol saatını oğurlayaraq getmişlər. Evin digər otaqlarına baxmış, heç bir yerin dağıdılmadığını gördükdə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun heç kimlə ədavəti və mübahisəsi olmamışdır. Yaşadığı evin ətrafında heç bir kamera olmamışdır. Oğurluq nəticəsində ona 970 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, qeyd olunan oğurluq cinayətini o, Şükür adlı şəxslə birlikdə törətmişdir. Şükürlə o, Buzovna qəsəbəsi sakini kimi tanış olmuş və 10 ildir ki münasibətləri vardır. 12 aprel 2022-ci il tarixdə səhər saatlarında o, Şükürlə hal-əhval tutmaq üçün onun yaşadığı Buzovna qəsəbəsindəki evinə getmiş, evdə olan zaman Şükür ona bildirmişdir ki, kasıbçılıqdan əziyyət çəkir və xalasının evindən oğurluq etmək fikrindədir. Həmçinin, Şükür bildirmişdir ki, xalası hər gün tezdən evdən çıxır və axşam saat 18:00-da evə qayıdır. Həmin ərəfədə evdə olan televizoru oğurlayaraq satmaq olar. Onun həmin ərəfədə işi olmadığından və pulsuzluqdan əziyyət çəkdiyindən o, Şükürlə razılaşmış, həmin gün yəni, 12 aprel 2022-ci il tarixdə saat təxminən 15 radələrində Şükürün xalasının yaşadığı Buzovna qəsəbəsində yerləşən evinin qarşısına getdikdən sonra o, daş hasardan həyətə keçmiş və həyətin dəmir davazasını açmış, Şükür də darvazadan içəriyə keçmişdir. Bundan sonra Şükür həyətdən dəmir parçası götürərək ona vermiş və o, evin qonaq otağına açılan pəncərəsini həmin dəmir parçası ilə sıxaraq açmış, içəriyə daxil olmuşdur. Bundan sonra Şükürdə onun arxasınca içəriyə daxil olmuşdur. O, Şükürlə birlikdə həmin qonaq otağında olan televizoru götürərək əvvəlcə həyətə düşmüşlər, daha sonra dəmir darvazadan televizoru küçəyə çıxararaq darvazanı arxadan bağlamış və hasardan küçəyə keçmişdir. Bundan sonra təxminən 200 metr məsafədə yola qədər getmiş və yoldan təsadüfi markasını və nömrəsini xatırlamadığı taksi saxlayaraq Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığına getmişlər. Orada Şükürün göstərdiyi lombarda girmişlər və televizoru lombarda qoyaraq pul götürmək istədiyini bildirmişdir. Bundan sonra o, öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və 250 manat müqabilində televizoru lombarda qoymuşdur. Lombardda olarkən o, televizorun özünə məxsus olduğunu bildirmişdir. Əldə etdikləri 250 manat pulun 125 manatını o, götürmüş, 125 manatını isə Şükürə vermişdir. Bundan sonra o, yaşadığı evə getmiş və Şükürlə əlaqə saxlamamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2022-ci ilin mart ayının 1-dən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 74 üvanında yerləşən lombardı fərdi qaydada işlədir. 12 aprel 2022-ci il tarixdə təxminən saat 18 radələrində işlədiyi ünvana bir nəfər şəxs gələrək özünə məxsus televizoru lombarda girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O həmin televizora baxmış və 250 manat məbləğində pul verə biləcəyini bildirmişdir. Aylıq isə həmin 250 manat müqabilində həmin şəxs 50 manat pul ödəyəcəkdi. Bundan sonra o həmin şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüş və təqdim etdiyi “Samsung” markalı televizora görə həmin şəxsə 250 manat pul vermişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini, qeydiyyat aparılmış kitabçanın kserosurətini və həmin televizoru təqdim etmişdir. Həmin şəxs televizorun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün girov qayduğunu bildirmişdir. Girov tabeli yazılmış və bir nüsxəsi həmin Təqsirləndirilən şəxs vermiş, bir nüsxəsi isə onda qalmışdır. Lakin, həmin girov tabelini ehtiyac olmadığından o saxlamamışdır. Həmin vaxt ona şəxsiyyət vəsiqəsinin surətini təqdim edən Şahid2 tək olmuşdur. Küçədə isə onu digər şəxsin gözləyib gözləməməyindən xəbəri olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 may 2022-ci il il tarixli, 9/3685 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Rusiya Federasiyası istehsalı, “Samsung” markalı, UE43N5300AU modelli televizorun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 450,00 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 16 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, X3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən verilmiş 9/057-13361-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı şəhəri Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 10 may 2022-ci il tarixli Könüllü təqdim etmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs qızına məxsus 01 ədəd “Samsung” markalı televizor Şahid1 götürülmüşdür. İş materiallarında olan 10 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “Samsung” markalı televizor Zərərçəkmiş şəxs qızına təqdim olunmuş və o, həmin 01 ədəd “Samsung” markalı televizorun ona məxsus olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-499/2022 saylı, 17 noyabr 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxsin, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” İş üzrə maddi sübut olan 01 ədəd Rusiya Federasiyası istehsalı, “Samsung” markalı, UE43N5300AU modelli televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızına qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd Rusiya Federasiyası istehsalı, “Samsung” markalı, UE43N5300AU modelli televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızına qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar