Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-442/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1966-cı il tarixdə ermənistan SSR-nin vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Sahə № 143/19 ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə gecə saat 00:50 radələrində idarə etdiyi özünə məxsus “VAZ-2106” minik markalı **-ND-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba prospektində Bilgəh qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və s.) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, hər hansı səbəbdən (yuxusuzluq, yorğunluq və s.) avtomobilin idarə olunmasında çətinlik olduğu vəziyyətdə avtomobili idarə etməməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyyatsızlıqdan idarəetməni itirib yolun sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz” markalı **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, həmin vaxt “Mercedes” markalı avtomobilin yük yerindən əşyalar götürən Zərərçəkmiş şəxs1 toqquşmuş avtomobillər arasında qalması nəticəsində sonuncunun travmatik şokla müşayiət olunan dizaltı və baldırın yuxarı üçdə bir səviyyəsində yumşaq toxuma deffekti, damar-sinir dəstəsinin tam zədələnməsi, baldır sümüklərinin orta və yuxarı üçdə bir səviyyəsində açıq, çoxqəlpəli, oynaqdaxili sümük deffekti ilə nəticələnmiş yerdəyişmiş sınıqları, sağ aşağı ətrafın dizaltı və baldırın yuxarı üçdə bir səviyyəsində travmatik, subtotal amputasiyası ilə nəticələnən, dərəcəsinə görə yuxarıda qeyd olunan travma kompleksi nəticəsində sağ budun aşağı üçdə biri səviyyəsindən postravmatik amputasiyası ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin daimi (dayanıqlı) itirilməsinə səbəb olduğundan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, həmçinin Zərərçəkmiş şəxs2 2570 manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Sahə 143/19 ünvanda qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır və “VAZ-2106” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. 15 may 2022-ci il tarixdə, saat 00:20 radələrində o, idarə etdiyi “VAZ-2106” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Buzovna qəsəbəsindən Bilgəh qəsəbəsi istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olduğu zaman, Xəzər rayonu Zuğulba şosesində istifadə etdiyi dərman qəflətən avtomaşının ayaqaltı hissəsinə düşmüşdür. O, avtomaşını dayandırmadan əyilib dərmanı götürmüş və başını qaldıran zaman təxminən 20 metr qarşıda, yolun sağ tərəfində “Mercedes Benz” markalı avtomobilin dayandığını və bir nəfər şəxsin avtomaşının yük yerindən nəsə götürdüyünü görmüşdür. Məsafə yaxın olduğundan, o, əyləci basa bilməmiş və həmin avtomaşının arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində həmin avtomaşının arxa tərəfində olan şəxs avtomaşınların arasında qalaraq ayaq nahiyəsindən xəsarət almışdır. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının köməyi ilə həmin şəxs xəstəxanaya aparılmış və sonradan onun sağ ayağının amputasiya olunmasını bilmişdir. O, həmin avtomaşının dayanmasını 20 metr məsafədən görmüş, lakin dərmanı ayaqaltıdan götürdükdən sonra məsafə çox yaxın olduğundan avtomaşını dayandıra bilməmişdir. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəyərək xəstəxanaya 3000 manat ödəniş etmiş və onlarla barışmağa dəfələrlə cəhd etmiş, kredit götürüb yenə onlara maddi yardım göstərəcəyini, amputasiya edilmiş ayaq üçün gücü çatdığı məbləğə protez düzəltdirəcəyini bildirmiş və hazırkı məhkəmə iclasında bunları yenə bildirir, lakin zərərçəkmiş şəxslərin ona qarşı irəli sürdükləri tələbləri yerinə yetirmək onun maddi imkanı xaricində olduğu üçün hələlik barışıq əldə edə bilməmişdir. Özü İİ qrup əlildir, təqaüdçüdür, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Əliyev küçəsində nömrəsiz fərdi evdə kirayədə yaşayır. 15 may 2022-ci il tarixdə, təxminən saat 00:10 radələrində qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi özünə məxsus “Mercedes” markalı **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə iş yoldaşları Şahid1, Şahid3 və qardaşı Elnurun qonşusu İlqarla birlikdə Bakı şəhərindən yaşadıqları Buzovna qəsəbəsinə gələrkən, Buzovna qəsəbəsi Zuğulba prospektində “Vəlinin apteki” deyilən yerin yaxınlığında Elnur onu, Fuad və Rövşəni avtomobildən düşürtmək məqsədi ilə avtomobili yolun sağ kənarında olan avtobus dayanacağında saxlamış, qəza işıqlarını yandırdıqdan sonra avtomobilin qapısının kilidini açaraq onlara avtomobildən düşə biləcəklərini bildirmişdir. Onlar avtomobildən yerə düşmüşlər. O, Fuadla birlikdə şəxsi əşyalarını götürmək məqsədi ilə avtomobilin yük yerinə tərəf getmiş, Elnur yük yerini açmışdır. O, avtomobilin arxa sol tərəfindən, Fuad isə avtomobilin arxa sağ tərəfindən yük yerinə tərəf yaxınlaşmış, yüklərini götürməyə çalışarkən qəflətən qəza baş vermiş və sağ ayağı avtomobilin arxa tərəfinə düşdüyündən, “VAZ-2106” markalı avtomobilin sürücüsü gəldiyi sürətlə əyləci basmadan onu vurub qardaşına məxsus “Mercedes” markalı avtomobilə çırpmışdır. Nəticədə, sağ ayağından ağır xəsarət alaraq yerə yıxılmış və qan itirməyə başlamışdır. Onu qardaşı Elnurun və avtomobildə olan digər şəxslərin köməkliyi ilə təcili yardım avtomobilinə yerləşdirərək xəstəxanaya aparmışlar. Xəstəxanaya çatandan sonra huşunu tam olaraq itirmiş və ayılanda artıq sağ ayağının həkimlər tərəfindən amputasiya olunduğunu bilmişdir. Hadisə baş verəndən sonra hadisəni törətməkdə təqsirli olan - sonradan adını bildiyi “VAZ-2106” markalı avtomobilin sürücüsü Maarif adlı şəxs ona qarşı soyuq münasibət göstərərək onunla kifayət qədər maraqlanmamışdır. Belə ki, hadisə baş verəndən bu günə kimi müalicəsi və dərmanlarına 15000 manata yaxın xərci çıxmışdır və məsrəflər hələ də uzun müddətli olmaqla davam edəcəkdir. Sağ ayağı kəsildiyindən protez qoyulmalıdır, həkim tərəfindən ona məsləhət görülən protezin qiyməti kifayət qədər yüksəkdir, həmin protezi almağa maddi imkanı yoxdur, çünki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində əlil olduğu üçün hazırda işləyə bilmədiyinə görə çox böyük çətinliklə dolanır, müalicəsi ilə əlaqədar çoxlu borcu vardır, onu bu vəziyyətə salan sürücü Maarif isə onunla heç bir əlaqə saxlamadan yalnız xəstəxanaya 3000 manat ödəniş etməklə kifayətlənmiş, onunla bir dəfə də olsun belə maraqlanmamış və baş vermiş hadisə ilə bağlı onunla görüşüb hər hansı üzrxahlıq etməmiş, müalicə xərclərinə köməklik göstərməmişdir. Halbuki, qeyd etdiyi kimi, o, indiyə qədər öz müalicəsinə xeyli məbləğdə pul xərcləmişdir, müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir. Təqsirləndirilən şəxsin indi ona etdiyi təkliflər isə onu qane etmir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və törətdiyi əməlinə görə ona müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla, ailəsilə birlikdə Bakı şəhəri Buzovna qəsəbəsi Zuğulba prospekti 2 ünvanda yaşayır. 15 may 2022-ci il tarixdə, təxminən saat 00:10 radələrində idarə etdiyi özünə məxsus “Mercedes” markalı **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə qardaşı Zərərçəkmiş şəxs1, onun iş yoldaşları Şahid1, Şahid3 və qonşusu İlqarla birlikdə Bakı şəhərindən yaşadıqları Buzovna qəsəbəsinə gələrkən, Buzovna qəsəbəsi Zuğulba prospektində “Vəlinin apteki” deyilən yerin yaxınlığında o, qardaşı Asimi, Fuad və Rövşəni avtomobildən düşürtmək məqsədi ilə avtomobili yolun sağ kənarında olan avtobus dayanacağında saxlamış, qəza işıqlarını yandırdıqdan sonra avtomobilin qapısının kilidini açaraq onlara avtomobildən düşə biləcəklərini demişdir. Onlar avtomobildən yerə düşmüşlər. Qardaşı Asim iş yoldaşı Fuadla birlikdə şəxsi əşyalarını götürmək məqsədi ilə avtomobilin yük yerinə tərəf getmişlər. O, yük yerini açmış, Asim avtomobilin arxa sol tərəfindən, Fuad isə avtomobilin arxa sağ tərəfindən yük yerinə tərəf yaxınlaşmışlar. Onlar yüklərini götürmək istəyərkən qəflətən “VAZ-2106” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü gəldiyi sürətlə əyləci basmadan qardaşı Asimi vurub ona məxsus “Mercedes” markalı avtomobilin arxa sol tərəfinə çırpmışdır. Nəticədə Asim sağ ayağından ağır xəsarət alaraq yerə yıxılmış və qan itirməyə başlamışdır. Onlar yoldan keçən təcili tibbi yardım maşını ilə Asimi xəstəxanaya aparmışlar. Xəstəxanaya çatandan sonra Asimin sağ ayağı həkimlər tərəfindən amputasiya edilmişdir. Hadisə nəticəsində Asimdən başqa onun iş yoldaşı Şahid1 də xəsarət almışdır. Qeyd olunan hadisə baş verəndən sonra hadisəni törətməkdə təqsirli olan - sonradan adını bildiyi “VAZ-2106” markalı avtomobilin sürücüsü Maarif adlı şəxs onlara qarşı soyuq münasibət göstərərək qardaşı Asimlə kifayət qədər maraqlanmamışdır. Belə ki, hadisə baş verəndən bu günə kimi Asimin müalicəsi və dərmanlarına 15000 manata yaxın xərclərinin çıxmışdır, məsrəflər hələ də uzun müddətli olmaqla davam edəcəkdir. Asimin sağ ayağı kəsildiyindən protez qoyulmalıdır, lakin onların həmin protezi almağa maddi imkanlarının yoxdur. “VAZ-2106” markalı avtomobilin sürücüsü Maarif isə onlarla heç bir əlaqə saxlamadan xəstəxanaya 3000 manat ödəniş etməklə kifayətlənmiş, onlarla bir dəfə də olsun belə, maraqlanmamış və baş vermiş hadisə ilə bağlı onlarla görüşüb hər hansı üzrxahlıq etməmişdir. Hadisə nəticəsində ona məxsus “Mercedes” markalı avtomobilə dəymiş maddi ziyanın ümumi dəyəri 2570 manat təşkil etmiş və bu barədə tərtib edilmiş rəyi təqdim etmişdir. Bundan əlavə avtomobilin ekspertizadan keçirilməsi üçün xidmət haqqı kimi 100 manat da pul ödəmiş və bu barədə olan qəbzi də təqdim etmişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və törətdiyi əməlinə görə ona ona müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 15 may 2022-ci il tarixdə, təxminən saat 00:10 radələrində iş yoldaşı Asimin qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı **-LO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə iş yoldaşları Zərərçəkmiş şəxs1, Şahid3 və sonradan Elnurun qonşusu olduğunu bildiyi İlqarla birlikdə Bakı şəhərindən yaşadıqları Buzovna qəsəbəsinə gələrkən, Buzovna qəsəbəsi, Zuğulba prospektində “Vəlinin apteki” deyilən yerin yaxınlığında Elnur onu, Asimi və Rövşəni avtomobildən düşürtmək məqsədi ilə avtomobili yolun sağ kənarında olan avtobus dayanacağında saxlamış, qəza işıqlarını yandırdıqdan sonra avtomobilin qapısının kilidini açaraq onlara avtomobildən düşə biləcəklərini bildirmişdir. Onlar avtomobildən yerə düşmüş və o, Asimlə birlikdə şəxsi əşyalarını götürmək məqsədi ilə avtomobilin yük yerinə tərəf getmişlər. Elnur yük yerini açmış, Asim avtomobilin arxa sol tərəfindən, o isə avtomobilin arxa sağ tərəfindən yük yerinə tərəf yaxınlaşmış, yüklərini götürməyə çalışarkən qəflətən qəza baş vermiş və avtomobil onları vurmuşdur. Həmin vaxt Asimin sağ ayağı avtomobilin arxa tərəfinə düşdüyündən “VAZ-2106” markalı avtomobilin sürücüsü gəldiyi sürətlə əyləci basmadan Asimi vurub Elnura məxsus “Mercedes” markalı avtomobilə çırpmış, onu isə sağ diz və sağ bud nahiyyəsindən vurub kənara tullamışdır. Həmin vaxt o, zərbənin təsirindən yerə yıxılmış, həmin yerdə olan şəxslər köməklik edib onu ayağa qaldırmışlar. Görmüşdür ki, Asim ona nisbətən daha ağır xəsarət alıb və ayağından qan axır. Köməklik edib onu təcili yardım avtomobili ilə xəstəxanaya yola salmış və xəstəxanada Asimin sağ ayağı amputasiya olunmuşdur. Hadisə baş verən ərəfədə o qədər də ağrı hiss etməmiş, lakin getdikcə ağrıları yaranmış və buna görə də Travmatologiya İnstitutunda müayinə olunmuş və məlum olmuşdur ki, hadisə nəticəsində sağ diz oynağı əzilmişdir. Hadisə baş verəndən sonra adını sonradan bildiyi Maarif adlı sürücü nə onunla, nə də Asimlə maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 da Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə onun da şahidlər Şahid1 və Şahid3 ifadələrinə uyğun məzmunda ifadə verməklə onların göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 15 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba prospektində Bilgəh qəsəbəsi istiqamətində baş vermişdir. Həmin yol asfalt örtüklü, hamar və quru, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Hadisə baş verən yerdə hərəkət iki istiqamətli olmaqla hər istiqamətdə dörd zolaqlı yol mövcuddur. Yolun ümumi eni 24 metrdir, bir istiqamətdə yolun ümumi eni 12 metrdir. Hadisə yerində tormoz izi yoxdur. Hadisə sutkanın qaranlıq vaxtı baş vermişdir, yol süni işıqlarla işıqlandırılmışdır. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin 02 iyun 2022-ci il tarixli 614 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət – travmatik şokla müşayiət olunan dizaltı və baldırın yuxarı üçdə bir səviyyəsində yumşaq toxuma deffekti, damar-sinir dəstəsinin tam zədələnməsi, baldır sümüklərinin orta və yuxarı üçdə bir səviyyəsində açıq, çoxqəlpəli, oynaqdaxili sümük deffekti ilə nəticələnmiş yerdəyişmiş sınıqları, sağ aşağı ətrafın dizaltı və baldırın yuxarı üçdə bir səviyyəsində travmatik, subtotal amputasiyası küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “Baku City” Hospitala müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 15 may 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər. Dərəcəsinə görə yuxarıda qeyd olunan travma kompleksi nəticəsində sağ budun aşağı üçdə biri səviyyəsindən postravmatik amputasiyası ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin daimi (dayanıqlı) itirilməsinə səbəb olduğundan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan “Bakı Ekspertiza Mərkəzi”nin əmtəəşünaslıq ekspertizasının 26 iyun 2022-ci il tarixli ME0094/22 nömrəli rəyindən görünür ki, 2008-ci il buraxılış ili olan, Mercedes markalı, **-LO-*** dövlər qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan “Mercedes” markalı avtomobilə hazırki vəziyyətdə hazırki vəziyyətdə ümumi qiymət təxminən 2570 (iki min beş yüz yetmiş) manat müəyyən edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 iyul 2022-ci il tarixli 8/1896 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2106” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. İş materiallarında olan 15 may 2022-ci il tarixli 1/2138 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından göründüyü kimi Təqsirləndirilən şəxs hadisə zamanı sükan arxasında ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş AC seriyalı 418479 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən, eləcə də Xəzər RPİ-nin DYPŞ-nin məkubundan göründüyü kimi, Təqsirləndirilən şəxs 18 may 2018-ci il tarixdə AC seriyalı 418479 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06 iyul 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olma cinayətini törətməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, barışmağa dəfələrlə cəhd edərək zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəməsini, İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 24,00 (iyirmi dörd) manat olmaqla ümumilikdə 84,00 (səksən dörd) manat məbləğində vəsait məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 24,00 (iyirmi dörd) manat olmaqla ümumilikdə 84,00 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-442/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-442/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver