Məhkəmə qərarları › İş №1(003)-443/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-443/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-443/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1971-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 4(003)- 174/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün külli miqdarda təmiz çəkisi 2,873 qram 01 ədəd bükümdə ağ kristallik küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi M.Maqomayev adına olan küçədə yerdən taparaq əldə edib, üzərində saxlayaraq daşımış və 28 aprel 2021-ci il tarixdə saat 19:00 radəsində Bakı şəhəri Xəzər RPİ CAŞ-nin əməkdaşları tərəfindən o, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi M.Maqomayev küçəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və Polis idarəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən təmiz çəkisi 2,873 qram 01 ədəd bükümdə ağ kristalik küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb sənədləşdirilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ay bundan əvvəl çoxlarının “şüşə” adlandırdığı pisxotrop maddə olan metamfetamin qəbul etməyə başlamışdır. Metamfetamini həmişə müxtəlif yerlərdən, tanımadığı şəxslərdən imkanı çatdığı qədər alır. 27 aprel 2021-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə gəzərkən yerdən bir ədəd içində ağ rəngi kristallik dənəvari maddə olan sellofan parçasının bükülüsunu görmüş, həmin maddəni metamfetaminə oxşadaraq bükülünü götürüb açmış və görmüşdür ki, içindəki həqiqətən metamfetamindir. Tapdıği metamfetamini özü istifadə etmək məqsədi ilə əynindəki şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. 28 aprel 2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı küçədə, evlərinin qarşısında olarkən mülki geyimdə olan iki nəfər ona yaxınlaşmış, özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirib ona üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamağından şübhələndiklərini bildirmişlər. O, üzərində belə maddə olmadığını desə də, onlar şübhələri yoxlamaq üçün onu Xəzər RPİ-nə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə Polis idarəsinə gəlmişdir. Orada təhqiqatçı tərəfindən ona təqdim olunmuş siyahıda adı olan vəkil Vaqf Qədirov özünün istəyi ilə müdafiəçi kimi dəvət edilmiş, vəkilin iştrakı ilə əvvəlcə şübhəli şəxs olaraq hüquq və vəzifələri izah edilmiş, sonra isə videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış aparılmamışdan öncə ona üzərində qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki şalvarının sağ yan cbində saxladığı bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üstünü axtarsalar da, üzərində qanunsuz heç nə aşkar edilməmişdir. Polis əməkdaşları üzərində saxladığı sellofan bükümü açaraq içində nə olduğunu soruşduqda, o, onlara bildirmişdir ki, həmin maddə psixotrop maddə olan, “şüşə” kimi adlandırılan metamfetamindir, onu bir gün əvvəl yaşadığı küçədən tapmış, özü qəbul etmək məqsədi ilə üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş narkorik vasitə qablaşdırılmış, faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İlk dəfə törətdiyi əməlini etiraf edir və peşmançılıq çəkir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xəzər rayonu Türkan qəsəbəsində narkotik vasitələrin, eləcədə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, yəni mütəmadi olaraq narkotik vasitənin əldə edilməsi və qəbulu ilə məşğul olan “İlham” adlı şəxsin ifşa olunması məqsədi ilə alınmış məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və şöbənin digər əməliyyat müvəkkili, polis polis kapitanı Şahid2 olmuşdur. 28 aprel 2021-ci il tarixdə saat 19 radəsində əməliyyat qrupu ilə birgə Türkan qəsəbəsi M.Maqomayev küçəsinə gəlmişlər. Onlar oradaəlamətləri “İlham” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi görmüş, ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünü şübhəli və eləcə də həyəcanlı apardığından, onlar onu Xəzər RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zərurəti olması rəhbərliyə məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xəzər RPİ TŞ-nin təhqiqatçı, polis mayoru Azər Səmədova tapşırılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla yanaşı, onun hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən Vəkil bürosundan vəkil X2 dəvət edilmiş, üzərinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, o, üzərində özü istifadə etmək üçün saxladığı “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamin olmasını bildirmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş, kristal formalı maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Şifahi sorgusual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə psixotrop maddə metamfetamindir, həmin maddəni saxlanılmamışdan bir gün əvvəl Türkan qəsəbəsində yaşadığı evinin qarşısındakı küçədə yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılaraq götürülmüşdür. Tərtib edilmiş sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ CAŞ-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 29 aprel 2021-ci il tarixli 6/1711 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 43” dairəvi möhür əks olan “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri qeyd edilmiş bir ədəd zərfin içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 2,873 qram olan ağ rəngli, kristall şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 2,873 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 2,823 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz, doxsan) manatdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahıİ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizanın 15 iyul 2021-ci il tarixli 2340 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindironu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2,873 qram çəkidə olan olan psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 2,823 qram olan psixotrop maddə - metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 iyun 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üstündə saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 28 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 2,823 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 109,90 (bir yüz doqquz, doxsan) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 30 (otuz) iş saatına görə cəmi 180,00 (bir yüz səksən) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir)il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 28aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 2,823 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz, doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 180,00 (bir yüz səksən) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat olmaqla cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar