Məhkəmə qərarları › İş №1(003)-445/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-445/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-445/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Naxçıvan MR-nın Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-nın Ordubad rayonunun Gənzə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd kustar üsulla dəyənək tipində hazırlanmış, vurucu, əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı, üzərində sonradan hər-hansı əlavə və dəyişiklik edilməmiş soyuq silahı əldə edib 05 iyun 2021-ci il tarixli Moskva-Bakı aviareysilə çantasında Azərbaycan Respublikasına gətirərək Bakı şəhərində üzərində gəzdirmiş, 06 iyun 2021-ci il saat 16:30-da Bakı-Naxçıvan aviareysilə Naxçıvan Muxtar Respublikasına getmək üçün X5 X2 X1 Baş İdarəsinin postundakı X- Ray monitorunda yoxlamadan keçən zaman ona məxsus əl çantasından Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən həmin soyuq silah hesab olunan metal dəyənək aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2018-ci ilin avqust ayında işləmək üçün Moskva şəhərinə getmiş, orada işləri yaxşı alınmadığına görə müxtəlif işlərlə məşğul olmuşdur. Ən son taksi fəaliyyətilə məşğul olmuşdur. Nişanlı olduğuna görə valideynlərinin təkidiylə ailə qurmaq üçün Naxçıvana qayıtmalı olmuşdur. 05 iyun 2021-ci il tarixə bilet alıb Bakıya uçmuş, Bakıda endikdən sonra Lökbatan qəsəbəsində yerləşən Binə Bazarına gedib toy kostyumu almışdır. Oradan gəlib aerokassada səhəri günə Naxçıvana aviabilet almış və qayıdıb həmin bazarda olan oteldə qalmışdır. Səhəri gün, yəni 06 iyun 2021-ci il tarixdə, saat 16:25 radələrində Naxçıvana uçmaq üçün X5 Aeroportuna gəlmişdir. X3 Təhlükəsizlik xidmətinin X-RAY yoxlama monitoruna çatanda çantalarını yoxlamadan keçirmək üçün monitora qoymuş, çantalar monitordan keçdikdə orada xidmət aparan qadın əməkdaş çantasında hər hansı metal əşya olub-olmamasını soruşmuşdur. O, bildirmişdir ki, çantasında metal dəyənək var. Həmin əməkdaş onu təqdim etməyini tələb etdikdə, o, dəyənəyi çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, onu Moskvada olarkən almış və qayıdanda özü ilə gətirmiş, lakin Azərbaycana gətirilməsinin qadağan olmasını bilməmişdir. Sonra oraya digər əməkdaşlar da gəlmiş, bu barədə müvafiq sənədləşmə aparılmış, akt tərtib olunmuş və o, reysə buraxılmamışdır. Bir qədər sonra onu həmin aktla birlikdə polis əməkdaşlarına təhvil vermişlər. Həmin dəyənəyi Moskvada suvenir dükanından açıq satışdan 500 rubla almışdır. Orada qadağan olmadığına görə həmin əşyadan çox adamın maşınında olmuşdur. Ona görə də taksidə işləyəndə onu alıb, zərurət yaranarsa özünü müdafiə etmək üçün maşına qoymuşdur. Orada sərxoş sərnişinlərin, azərbaycanlıları sevməyənlərin taksi sürücülərinə qarşı quldurluq, döymə, hətta öldürmə kimi cinayətləri dəfələrlə olmuşdur. Həmin əşyanın sadə və səliqəli metal parçası olaraq, silindrik anten kimi içərisinə yığılıb qaldığına və suvenir dükanından açıq satışdan aldığına görə soyuq silah hesab olunmasını, ümumiyyətlə təyinatını, Azərbaycanda qadağan olmasını bilməmişdir. Əgər onu küçədə tanımadığı şəxsin əlindən almış olsaydı, soyuq silah olmasını güman edərdi. Onu adi bir suvenir kimi saxlamaq məqsədilə çantasına qoyub özü ilə Azərbaycan Respublikasına gətirmişdir. Moskva şəhərində olarkən həmin əşyadan kiməsə xəsarət yetirməklə və sair üsulla istifadə etməmiş, necə almışdırsa, həmin formada da saxlamışdır. Bir neçə dəfə açılıbaçılmamasını yoxlamışdır. İlk dəfə törətdiyi bu əməldən səmimi peşman olmuşdur. Bundan başda, 21 iyul 2021-ci il tarixdə ailə qurmuşdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Aviasiya Təhlükəsizliyi Xidmətinin mütəxəssisi Şahid1 qızı göstərdi ki, o, 06 iyun 2021-ci il tarixdə X5 Aeroportunun X3 xidmətdə olmuşdur. Funksional vəzifəsi həmin gün terminala daxil olan sərnişinlərin və digər şəxslərin baqaj və əl yüklərinin X-RAY qurğusu vasitəsilə yoxlanmadan keçirilməsi olmuşdur. Saat təqribən 16:30 radələrində 257 saylı Bakı-Naxçıvan aviareysinin sərnişinləri uçuşa gedərkən, sonradan şəxsiyyəti məlum olan vətəndaş Təqsirləndirilən şəxs yük çantasını yoxlamadan keçirərkən, əşyaların arasında yığılmış vəziyyətdə metal dəyənək aşkar etmişdir. Əvvəllər də onun iş təcrübəsində belə bir fakt olduğuna görə, həmin dəyənəyi yığılmış vəziyyətdə görərkən nə olduğunu dərhal bilmişdir. Həmin sərnişindən əşyanı təqdim etməyi tələb etdikdə, o, çantadan həmin dəyənəyi çıxardıb təqdim etmiş və Moskva şəhərində olarkən alıb özü ilə gətirdiyini bildirmişdir. Dərhal bu barədə növbə rəisi Zəfər müəllimə məlumat vermiş, onun göstərişi ilə qrup rəhbəri Şahid2 oraya gəlmiş və təlimata uyğun olaraq bu barədə akt tərtib etmişlər. Təqsirləndirilən şəxs akt və maddi sübutla birlikdə araşdırma aparılması üçün polis əməkdaşına təhvil vermişlər. Əşyanın təqdim olunması və aktın tərtib olunması ilə əlaqədar Təqsirləndirilən şəxs hər hansı qeyri-səmimi münasibət göstərməmiş, özü həmin dəyənəyi çıxarıb təqdim etmiş, adi hal kimi onu Moskvada olarkən orada açıq satışdan alıb özü ilə gəldiyini etiraf etmiş, buna görrə Azərbaycan Respublikasında hər hansı qadağa və məsuliyyət olmasını bilmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 qızının göstərdiklərini təsdiq etdi. İş materiallarından görünür ki, ilkin araşdırma zamanı Aviasiya Təhlükəsizliyi Baş İdarəsindən əldə edilmiş 01 (bir) ədəd CD-R diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskə 01 hissədən ibarət, X5 X4 Terminalının 1-ci mərtəbəsindəki gediş yoxlaması postunda, 06 iyun 2021-ci il tarixdə saat 16:25-dən başlamaqla 50 dəqiqə müşahidə kamerasının bir rakursdan apardığı çəkilişin görüntüləri köçürülmüşdür. Çəkilişin ilk dəqiqəsində Təqsirləndirilən şəxs X-Ray yoxlama monitoruna yaxınlaşır, çantalarına monitor yoxlamasına qoyub özü də keçir və Aviasiya Təhlükəsizliyi Xidməti əməkdaşı əl metalaxtaran cihazı ilə onu yoxlayır. Onun çantaları X-RAY qurğusunun çıxışında görsənərkən monitorda xidmət aparan Aviasiya Təhlükəsizli Xidmətinin qadın əməkdaşı ona doğru çevrilib nəsə deyir. Bundan sonra Təqsirləndirilən şəxs çantalarından birini yerə qoyub açır, içərisindən sözü gedən metal dəyənəyi çıxararaq ona yaxınlaşan həmin qadın əməkdaşa verir. Sonra o, çantalarının qurğunun üstündən götürüb yerə qoyur və metal arakəsmənin o biri üzündən ona yaxınlaşan digər Aviasiya Təhlükəsizli Xidməti əməkdaşı ilə danışır. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəqiqə gəzişib telefonla danışır. Sonra polis əməkdaşları oraya yaxınlaşır. Akt tərtib olunur. Saat 17:05də Təqsirləndirilən şəxs aktı imzalayır. Saat 17:12-də müvafiq təhvil-təslim həyata keçirildikdən sonra polis əməkdaşı akt və Təqsirləndirilən şəxslə birlikdə oradan uzaqlaşır. Çəkiliş saat 17:15-də başa çatır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizanın 11 iyun 2021-ci il tarixli, 3/1020 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manatdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 (bir) ədəd metal dəyənək cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılmasından ötrü X6 İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15 iyul 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən soyuq silah əldə edərək gəzdirmə cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ondan aşkar olunmuş dəyənəyin soyuq silah hesab olunmasını və əldə edilib gəzdirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmasını bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, onun bu məzmunda verdiyi ifadə özünü müdafiə kimi qiymətləndirilməklə, məhkəmə-trasoloji ekspertizanın rəyi və digər istintaq materialları ilə təkzib edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf etməsini və peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Naxçıvan MR-nın Ordubad rayonunun Gənzə kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan MR-nın Ordubad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Naxçıvan MR-nın Ordubad rayonunun İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X6 İdarəsində saxlanılan 01 (bir) ədəd soyuq silah hesab edilən metal dəyənək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Möylut oğluna Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Möylut oğluna ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan MR-nın Ordubad rayonunun Gənzə kəndindəki evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan MR-nın Ordubad rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan MR-nın Ordubad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X6 İdarəsində saxlanılan 01 (bir) ədəd soyuq silah hesab edilən metal dəyənək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 64,00 (altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar