Məhkəmə qərarları › İş №1(003)-448/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-448/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-448/2025 03.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağ massivi, yeni sahə, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivi, M.Namazov küçəsində evinin yaxınlığında olan zaman saat təxminən 20-00 radələrində, evin yaxınlığında yaranmış mübahisə zamanı münaqişə zəminində keçmiş qaynanası Zərərçəkmiş şəxs qəsdən əli ilə ilə bədəninin müxtəlif nahiyyəsinə vurması və itələməsi nəticəsində sonuncuya sifətin sağ yarısının hematoması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu-çiyin oynağının yumşaq toxumalarının əzilməsi kimi qəsdən sağlamlığına “yüngül” zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs onun keçmiş qaynanasıdır. Qaynanaslgilnən eyni məhəllədə yaşayırlar. Ona məxsus əşyaların qaytarılması ilə bağlı aralarında müəyyən problemlər vardır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində anası Təhminə ilə marketdən çıxaraq evə gedən zaman yolda keçmiş qaynanası Zərərçəkmiş şəxs ilə rastlaşmışlar. Anası Zərərçəkmiş şəxs ona məxsus olan əşyaları qaytarmasını tələb etmişdir. Afət isə əşyaların onda olmadığını, tapdığı təqdirdə qaytaracağını bildirmişdir. Aralarında mübahisə yaranmış və anası xəstə olduğu üçün Afətin yaxasında tutaraq bir kənara itələmişdir. Lakin Afəti vurmamışdır. Daha sonra Zərərçəkmiş şəxs yerdən daş parçası götürərək anası tərəfə atmışdır. Daha sonra onlar oradan ayrılaraq yaşadıqları ünvana getmişlər Zərərçəkmiş şəxs məhkəmədə qeyd etdi ki, X3 onun oğludur və o, 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Lakin, ailədaxili mübahisələr səbəbindən 1 il əvvəl Vüsalə ilə oğlu boşanmışlar. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində marketdən evə gələn zaman evinin yaxınlığında keçmiş gəlini Vüsalə və onun anası Təhminə ilə rastlaşmışlar.Həmin vaxt Vüsalə ona yaxınlaşaraq gümüş boyunbağı və qolbaq, özünə məxsus olan pencəyin onlarda qalmasını söylərək təcili olaraq qaytarmasını tələb etmiş və əli ilə bir neçə dəfə çiyin nahiyyəsinə vurmuşdur. Əşyaları tapan kimi ona qaytaracağını söyləyən zaman Vüsalə sillə ilə bir dəfə sağ üz nahiyyəsinə qəsdən vurmuşdur. O,Vüsaləni özündən uzaqlaşdırmaq üçün yerdən torpaq topasını götürərək ona tərəf atmışdır. Lakin, ona xəsarət yetirməmişdir. Daha sonra evə qayıtdıqdan sonra oğluna bu barədə məlumat vermiş və oğlu Aydın bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirdi ki, Təqsirləndirilən şəxs onun qızıdır, 2023-cü il tarixdə ailə həyatı qurmuşdur. Bir neçə aydan sonra qayınanası Afət ailə daxilində müdaxilələr etdiyi üçün boşanmışlar. xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində marketdən qızı ilə evə gedən zaman təsadüfən yolda Afətlə rastlaşmışlar. Həmin vaxt Afətdən qızına məxsus olan bəzi əşyaları qaytarmasım tələb etsə də, sonuncu əşyaların onlarda olmadığını söyləmişdir. Aralarında mübahisə yaranmış və qızı Təqsirləndirilən şəxs onu uzaqlaşdırmaq üçün sinəsindən tutaraq itələmişdir. Afət isə yerdən daş parçasını götürərək ona tərəf atmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 xx.xx.2025-ci il tarixli 723 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sifətin sağ yarısının hematoması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu-çiyin oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasıyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarda olan ifadələır, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası növündə cəza təyin edilməli, tutulduğu müddət cəzasına hesablanmalı, cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsieləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın və cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar