Məhkəmə qərarları › İş №1(003)-449/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-449/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-449/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1977-ci il tarixdə Qazax rayonunun Abbasbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Qazax rayonunun Abbasbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi nömrəsiz evdə kirayənişin yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-323/2021 saylı 07 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 avqust 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq formada talamaq məqsədi ilə 19 dekabr 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Yusif Qasımov küçəsi ilə mobil telefonla danışaraq piyada hərəkət edən vətəndaş X3 arxadan yaxınlaşaraq sonuncunun 500 manat qiymətində “Samsung” markalı, “A30” “**********86723” və “**********86721” İMEİ kodlu modelli mobil telefonunu əlindən alıb hadisə yerindən qaçaraq uzaqlaşmaqla Zərərçəkmiş şəxs 500 manat məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 10 ildən çoxdur ki, tikinti sahəsində usta kimi çalışır. Ailəsi Qazaxda yaşayır, o isə Bakı şəhərində kirayə yaşayb işləyir. Əvvəllər də soyğunçuluqla məhkumluğu olmuşdur. Sonuncu dəfə 2020-ci ilin dekabr ayında Xəzər rayonu dəniz kənarında tikintidə dəmirçi kimi işləməyə başlayaraq təxminən 2-3 gün orada işləmişdir. İşdən ayrıldığı sonuncu gün - yəni 19 dekabr 2020-ci il tarixdə saat 22 radələrində işdən çıxıb Mərdəkan qəsəbəsi ərazisində “stansiya” adlanan yerdə adını xatırlamadığı kafedə oturub spirtli içki içmişdir. Daha sonra kafedən çıxıb taksi ilə şəhərə gəlmək üçün piyada şəkildə irəliləməyə başlamış, həmin vaxt qabağında bir nəfər qadının sağ əlində, sağ qulağına telefonu tutub kiminləsə danışaraq hərəkət etdiyini görmüşdür. Pula ehtiyacı olduğundan və İçkili olmağının da təsiri nəticəsində o, həmin qadının tək olmasından istifadə edib onun telefonunu əlindən alıb qaçmaq qərarına gəlmişdir. Asta-asta arxadan qadına yaxınlaşaraq qəfil telefonu onun əlindən dartaraq alıb üzü “Araz” marketə tərəf qaçmışdır. Qadından uzaqlaşdıqdan sonra üzü şəhərə tərəf gedən 1 manatlıq taksilərdən birinə əyləşib yaşadığı Xətai rayonu ərazisinə gəlmişdir. Bir neçə gün sonra “Samsung A30” markalı mobil telefonu Əhmədli qəsəbəsi ərazisində yerləşən telefon dükanlarının birinə 150 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlini etiraf edir və peşmançılıq çəkir, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 19 dekabr 2020-ci il tarixdə saat 22:00 radələrində Şüvəlan qəsəbəsi A.İldırım küçəsi ilə yaşadığı Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi ev 17 istiqamətində özünə məxsus, “Samsung” markalı, “A30” modelli mobil telefonunu sağ əli ilə tutub sağ qulağına söykəyib danışaraq piyada hərəkət etmişdir. Arxasınca ondan təxminən 7-8 addım aralıda bir nəfər də hərəkət etmişdir. Həmin şəxsin kim olduğunu bilməsə də, arxasınca piyada hərəkət edən şəxsin olduğunu hiss etmişdir. Bir dəfə ani arxaya çevrilib gələn şəxsin kişi cinsinə mənsub olduğunu görüb yoluna davam etmişdir. A.İldırım küçəsindən Y.Qasımov küçəsinə keçmiş və bir qədər hərəkət etmişdir. Küçədə heç kim olmamışdır. Birdən arxadan gələn şəxs ona yaxınlaşaraq həmin mobil telefonunu anidən əlindən dartıb qaçmışdır. O, arxaya çevrilib həmin şəxsdən dayanmağı, telefonunu qaytarmağı tələb etmişdir. Lakin həmin şəxs onun tələblərinə məhəl qoymayıb üzü A.İldırım küçəsi istiqamətində qaçmağa davam etmişdir. Həmin şəxsin ardınca qaçıb dayanmasını, telefonunu qaytarmasını tələb etmiş, lakin telefonunu əlindən alıb qaçan şəxs köhnə məscidə tərəf qaçmış, o, ona çata bilməmişdir. Təxminən 50-60 metr həmin şəxsi təqib etmiş, ona çata bilməyəcəyini görüb təqibi dayandırmış və çıxıb evə qayıtmış, DİN “102” xidmətinə məlumat vermişdir. Polis tərəfindən onun ərizəsi alınmış, əraziyə baxış keçirilmiş, telefonunu əlindən alıb qaçan şəxsin axtarışı başlanmışdır. Təqsirləndirilən şəxs indiyə qədər onun telefonunu qaytarmadığı üçün, o, ondan şikayətçidir. Buna görə də ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, təxminən 20 ilə yaxındır ki, telefon sahəsində çalışır, bu illər ərzində müxtəlif yerlərdə, müxtəlif telefon dükanları olmuş, son 4 il ərzində isə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 23 ünvanında fəaliyyət göstərmişdir. Dükanında həm telefonların təmiri ilə, həm də ikinci əl işlənmiş telefonların alışı və satışı ilə məşğul olur. Sonuncu dəfə 25 dekabr 2020-ci il tarixdə dükanda olarkən arıq bədən quruluşlu, orta boylu, orta yaşlı bir nəfər dükanına gələrək əlindəki “Samsung A30” markalı mobil telefonu ona göstərib satmaq istədiyini demişdir. O, həmin şəxsin əlindəki telefona baxış keçirib telefonu 150 manat məbləğində qiymətləndirərək ala biləcəyini demiş, həmin şəxs də onunla razılaşmışdır. Daha sonra o, həmin şəxsdən təqdim etdiyi telefonun özünə məxsus olub-olmamasını, oğurluq yolu ilə əldə edilib-edilməməsini soruşmuş, həmin şəxs ona telefonun özünə məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. O, həmin şəxsə inanaraq ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin şəxs ona öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsində ad və soyadın Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Daha sonra o, həmin şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardaraq vəsiqəni özünə qaytarmışdır. Kserosurətin üzərində müvafiq qeydlər aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədə imza etmişdir. Daha sonra o, 150 manat verərək Təqsirləndirilən şəxs telefonu almış, sonra Asif dükandan çıxıb getmişdir. İş materiallarında olan Elektron məlumat daşıyıcısına baxış protokolundan görünür ki, təqdim edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 03 ədəd “.mp4” formatlı videogörüntü mövcuddur. Həmin videogörüntülər “**********165” “**********171” və “**********186” adları ilə qeyd olunmuşdur. “**********165” adlı fayla baxış keçirdikdə, həmin faylın 01 dəqiqə 18 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün 01-ci saniyəsindən etibarən ikitərəfli yoldan ibarət küçənin olduğu yer əks olunur. Yolun kənarında isə ağacların olduğu səki vardır. Havanın qaranlıq olduğu müşahidə olunur. Videogörüntünün 05-ci saniyəsindən etibarən yolun kənarında taksi maşınından müştərinin düşdüyü əks olunur. Videogörüntünün 10-cu saniyəsindən etibarən yolun digər tərəfində ağacların olduğu səki hissəsində qadın cinsindən olan bir nəfər şəxsin əlində telefon səki ilə hərəkət etdiyi müşahidə olunur. Videogörüntünün 40-cı saniyəsindən etibarən əlində telefon ilə hərəkət edən qadın küçənin tinindən dönərək gözdən itir. Videogörüntünün 57-ci saniyəsindən etibarən isə həmin səki ilə kişi cinsindən olan bir nəfər şəxsin hərəkət etdiyi vəvideogörüntünün 01-ci dəqiqəsinin 16-cı saniyəsindən etibarən həmin kişi cinsindən olan şəxs küçənin tinindən dönərək gözdən itdiyi müşahidə olunur. “**********171” adlı fayla baxış keçirdikdə, həmin faylın 11 saniyədən ibarət olduğu müəyyən olunur. Videogörüntünün 1-ci saniyəsindən etibarən kişi cinsindən olan bir nəfər şəxsin qaçaraq yolu bir tərəfdən digər tərəfə keçdiyi və videogörüntünün 10-cu saniyəsindən etibarən gözdən itdiyi əks olunur. “**********186” adlı fayla baxış keçirdikdə, həmin faylın 20 saniyədən ibarət olduğu müəyyən olunur. Videogörüntünün 1-ci saniyəsindən etibarən bir nəfər əynində qara gödəkçə, qara şərf, cins şalvar və qara ayaqqabı olan bir nəfər kişi cinsindən olan şəxsin yolun kənarı ilə hərəkət etdiyi əks olunur. Videogörüntünün 12-ci saniyəsindən etibarən həmin kişi cinsindən olan şəxs nəzarət-müşahidə kamerasını görərək üzünü əli ilə gizlədir. Baxış zamanı Zərərçəkmiş şəxs videogörüntüdə əks olunan və əlində telefon, səkinin kənarı ilkə hərəkət edən qadının özü olduğunu vurğulamış, Təqsirləndirilən şəxs da hər üç videogörüntüdə əks olunan kişi cinsindən olan şəxsin özü olduğunu və Zərərçəkmiş şəxs məxsus “Samsung A 30” markalı mobil telefonu da ehtiyac üzündən taladığını səmimi şəkildə etiraf etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İş üzrə tərtib edilmiş baxış və götürmə haqqında protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid ünvan 2 ünvanında fəaliyyət göstərən dükanında telefonların alış və satışının aparıldığı qeydiyyat kitabının telefonların alışı bölməsinə baxış keçirilən zaman 25 dekabr 2021-ci il tarixdə “Samsung A30” markalı mobil telefonun Təqsirləndirilən şəxs 150 manat məbləğində alındığı aşkar olunur. Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefonu satmasını təsdiq edən müvafiq sənədlərin surətləri götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər soygunçuluq cinayəti törətdiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublksı CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublksı CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (və ya götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 06 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən 500 manat məbləğdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X4 və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 20 (iyirmi) iş saatına görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 06 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat olmaqla cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar