Məhkəmə qərarları › İş №1(003)-449/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-449/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-449/2022 28.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Sahib zada Salamzainin 03 fevral 2003-cü ildə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sahib zada Salamzai Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz keçmiş və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz keçməyə cəhd etmişdir. Belə ki, Sahib zada Salamzai Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədilə 08 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Culfa sərhəd buraxılış məntəqəsində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan, yəni Pakistan İslam Respublikasının vətəndaşı Ali Hassanın adına rəsmiləşdirilmiş, lakin özünün fotoşəkli vurulmuş AH ******* nömrəli pasportu bilə-bilə sərhəd naryadına təqdim edərək İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bundan başqa, Sahib zada Salamzai Turkiyəyə qanunsuz yolla getmək məqsədilə 27 iyun 2022-ci il tarixdə, saat 20 radələrində X6 Aeroportunda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən qəsdən qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan, yəni Pakistan İslam Respublikasının vətəndaşı Ali Hassanın adına rəsmiləşdirilmiş, lakin özünün fotoşəkli vurulmuş AH ******* nömrəli pasportu bilə-bilə sərhəd naryadına təqdim edərək Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçməyə cəhd edərkə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Sahib zada Salamzai özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olmaqla orada yaşayır. Əfqanıstan İslam Respublikasının pasportu ilə ölkədən çıxmaq mümkün olmadığından orada Xalid adlı şəxsə 6000 ABŞ dolları məbləğində pul verərək özünün şəkli vurulmuş, lakin Pakistan İslam Respublikasının vətəndaşı Ali Hassanın adına rəsmiləşdirilmiş pasport alaraq həmin pasportdan istifadə edərək Əfqanıstandan İrana, İrandan isə 08 iyun 2022-ci il tarixdə Naxçıvana keçmişdir. Oradan isə Bakı şəhərinə gəlmişdir. Azərbaycana gəlməkdə məqsədi jurnalistika fakultəsində təhsil almaq olmuşdur. Lakin sənədlərin düzgün olmadığını bildiyi üçün 27 iyun 2022-ci il tarixdə X6 Aeroportuna gələrək saxta pasportla Türkiyə Respublikasına getmək istəmişdir. Lakin hava limanında onun təqdim etdiyi pasportun saxta olduğu məlum olduğu üçün onu saxlamışlar. Törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını və oxumaq istəyini nəzərə alaraq həbsdə olduğu müddət nəzərə alınaraq həbsdən azad olunmasını məhkəmədən xahiş etdi. Sahib zada Salamzainin təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, X6 Aeroportu Sərhəd nəzarəti şöbəsinin nəzarətçisi vəzifəsində işləyir. 27 iyun 2022-ci il tarixdə, saat 20:40 radələrində R-03335 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmək istəyən Pakistan İslam Respublikasının vətəndaşı Ali Hassanın təqdim etdiyi AH ******* nömrəli pasportu rəsmiləşdirən zaman pasportun qismən saxta olduğunu aşkar edib bu barədə növbə rəisi Şahid2 məruzə etmişdir. Növbə rəisi gələrək pasportun saxta olduğunu dəqiqləşdirdikdən sonra aidiyyəti üzrə rəhbərliyə raportla məruzə etmişdir. Bundan sonra X11 nəzarəti şöbəsində saxlanılmışdır. Ali Hassan söhbət zamanı 03 fevral 2003-cü ildə Əfqanıstan İslam Respublikasında anadan olduğunu, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində yaşadığını və Sahib zada Salamzain olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X6 Aeroportu Sərhəd nəzarəti şöbəsinin zabit nəzarətçisi Şahid2 istintaq zamanı Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. 28 noyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, növbədən sonra olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət sərhəd xidmətinin “Culfa” Sərhəd nəzarət məntəqəsinin zabit nəzarətçisi vəzifəsində işləyir. 08 iyun 2022-ci il tarixdə, saat 11:21 radələrində xidmətdə olduğu zaman İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfər şəxs özünü Pakistan İslam Respublikasının vətəndaşı Ali Hassan kimi təqdim edərək pasportu təqdim etmişdir. O, pasportu götürüb baxmış və pasportda fotoşəkildəki şəxslə onu təqdim edən şəxsin eyni şəxs olduğunu müəyyən etmiş və onun anket məlumatlarının dəqiqləşdirdikdən sonra heç bir şübhə olmadığından pasportu həmin şəxsə qaytarmışdır. 21 noyabr 2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, Naxçıvan Muxtar Respublikasında yaşadığı üçün məhkəmə iclasında iştirak də bilməyəcəyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-portret ekspertizasının 25 iyul 2022-ci il tarixli, 3/993 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ali Hassanın adına rəsmiləşdirilmiş AH9645411 nömrəli Pakistan İslam Respublikasının pasportunda əks olunmuş fotşəkildə və təqdim olunmuş A4 formatlı vərəqdə əks olunmuş P02827397 nömrəli pasportda olan fotoşəkildə eyni bir kişi cinsli şəxs əks olunmuşdur. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-texniki ekspertizasının 25 iyul 2022-ci il tarixli, 5/831 nömrəli rəyindən görünür ki, Ali Hassan adına olan AH9645411 nömrəli Pakistan İslam Respublikasının pasportunun 1-ci vərəqi axınlı printerdə çap edilmişdir və “SDU X4” xüsusi komputer proqramındakı həqiqi pasportun nümunəsi ilə eynilik təşkil etmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 08 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 03 fevral 2003-cü ildə Əfqanıstan İslam Respublikasında anadan olmuş Sahib zada Salamzainin məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Sahib zada Salamzainin əməli Azərbaycan Respublikası CM-nin 318.1 və 29, 318.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Sahib zada Salamzainin əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Sahib zada Salamzainin cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Sahib zada Salamzainə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 318.1 və 29, 318.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş Şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Sahib zada Salamzai 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şübhəli şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Sahib zada Salamzai 29 iyun 2022-ci il tarixdə Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02 iyul 2022ci il tarixli qərarından görünür ki, Sahib zada Salamzainin barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 29 iyun 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Sahib zada Salamzai Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 28 iyun 2022-ci il tarixdən hesab olunmalıdır. Sahib zada Salamzainin barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə müəyyən olundu ki, təqsirləndirilən şəxs Sahib zada X5 Respublikasının vətəndaşı olmaqla həmin ölkədə yaşayır və ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiq edilməməsi üçün CM-nin 52.1-ci maddəsində göstərilən əsaslardan heç biri yoxdur. Məhkəmə hesab edir ki, Sahib zada Salamzai ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X9 sübut kimi tanınma haqqında 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Ali X3 adına verilmiş AH9645411 nömrəli Pakistan İslam Respublikasının pasportu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Pakistan İslam Respublikasının vətəndaşı Ali X3 adına verilmiş AH9645411 nömrəli Pakistan İslam Respublikasının pasportu cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 199,65 (yüz doxsan doqquz manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Sahib zada Salamzaidən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Sahib zada Salamzai Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Sahib zada Salamzai cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 28 iyun 2022-ci il tarixdən hesab edilsin. Sahib zada Salamzainin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sahib zada Salamzai ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut Pakistan İslam Respublikasının vətəndaşı Ali X3 adına verilmiş AH9645411 nömrəli Pakistan İslam Respublikasının pasportu cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 199,65 (yüz doxsan doqquz manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Sahib zada Salamzaidən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Sahib zada Salamzainə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar