Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-449/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 noyabr 2023-cü il tarixdə saat 15:26 radələrində Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “Heydər Əliyev” X2 Qulam Böyükağa oğlunun hava limanının 1-ci Terminalının, B Giriş zonasında quraşdırılmış ATBİ-yə məxsus X-RAY aparatından yoxlamadan keçərkən özünə məxsus 2 ədəd mobil telefonu, 1 ədəd avtomobil açarını və 1 ədəd qara rəngli pul kisəsini qara rəngli plastik qabda X-RAY aparatından yoxlamadan keçirdikdən sonra onun diqqətinin yayınmasından istifadə edərək həmin plastik qabdan içərisində həmin dövrün məzənnəsi ilə 5950 manat dəyərində 3500 ABŞ dolları və 1500 Azərbaycan manatı olan 1 ədəd qara rəngli pul kisəsini götürüb gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs 7450 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Murad adlı şəxsi bir-neçə müddətdir tanıyır, sonuncu ilə hərdən-bir görüşüb hal-əhval tuturmuşlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Muradla Xəzər rayonu Binə qəsəbəsində görüşüb birlikdə pul qazanmaq üçün X5 Aeroportuna gəlmişlər. Burada xarici sərnişinlər tapıb öz xeyrlərini götürmək şərtilə taksilərə ötürürmüşlər. Hava limanının Terminal 1-in “B” zonasının girişinə Muradla birlikdə yaxınlaşmışdır. Aviasiya Təhlükəsizlik Baş İdarəsinin yoxlama postuna yaxınlaşıb sərnişinlərin X-RAY yoxlamasından çıxan əşyalarına baxan zaman tanımadığı sərnişinlərə məxsus qara rəngli plastik qutuda olan 2 ədəd mobil telefon,1 ədəd avtomobil açarı və 1 ədəd qara rəngli pul kisəsini görmüşdür. Maddi durumu yaxşı oldmadığı üçün, bir anlıq tamahına güc gələ bilməyib, həmin qara rəngli qutuda olan pul kisəsini götürmüşdür. Murada heç bir söz demədən, iş olmamasını səbəb gətirərək Muradla birlikdə Terminalı tərk etmişlər. Hava limanının çıxışında yolda hərəkətdə olan taksini saxladıb Muradla birlikdə taksıyə əyləşib, Binə qəsəbəsində taksidən düşmüşlər. Murada pul qabını oğurladığımı bildirməmək üçün taksidə olarkən pul qabını sonuncu göstərməmiş və bu barədə məlumat verməmişdir. Taksidən düşdükdən sonra Muradla hazırkı olduğu yerdə 1 saatdan sonra görüşmək şərti ilə ayrılmışlar. Sonra bir kənara çəkilib, pul kisəsini açmış və içərisində 1714 ABŞ dolları 472 manat pul Kapital banka məxsus 5 ədəd plastik kart, 1 ədəd Beynəlxalq banka məxsus plastik kart, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi olduğunu müəyyən etmişdir. 1 saat sonra Muradla görüşüb, tanışı Kəmalənin yaşadığı ünvana gəlmişlər. Axşamadək pul qabında olan manatdan istifadə etmiş, lakin, nə Kəmaləyə nə də Murada bu barədə heç bir məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Binə qəsəbəsində yerləşən pul dəyişmə məntəqəsində 1214 ABŞ dollarını dəyişmişdir. Həmin gün iki saatdan sonra X5 hava limanına yaxınlaşaraq 1714 ABŞ dollarından qalan 500 ABŞ dollarını Naxçıvan terminalıda gəlib milli valyutaya dəyişmiş və yenidən Binə qəsəbəsinə tanışı Kəmalənin yaşadığı ünvana geri qayıtmışdır. xx.xx.2023cü il tarixdə Binə qəsəbəsində olarkən, Hava NPİ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, oğurluq cinayətində şübhəli olduğunu bildirərək Hava NPİ-yə dəvət etmişlər. Hava NPİ-yə gələrkən ümumi götürdüyü pullardan üzərində 440 manat qalmışdır. Murad oğurluq hadisəsində heç bir köməklik etməmiş, ümumiyyətlə heç sonradan da sonuncunun onun oğurluq etməyi barədə məlumatı olmamışdır. Həmin pulları şəxsi maraqları üçün istifadə etmiş. Özünə paltar almış, bir-neçə restoranda oturub yemək yemiş, qalan pulu online kazino oyunlarına yatırmış və həmin məbləği uduzmuşdur. Polis əməkdaşları onu Hava NPİ-yə dəvət edərkən üzərində həmin puldan cəmi 440 manat pul qalmışdır. Aidiyyatı üzrə həmin pulu polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, dostu Rafail Rusiya Federasiyasında yaşadığı üçün ildə 1-2 dəfə Bakıya gəlirmiş. xx.xx.2023-cü il tarixdə dostu Rafaili yola salmaq üçün sonuncunun ardınca yaşadığı Xətai rayonuna getmiş, Rəfailin Moskvaya 18:05 radələrində uçmaq üçün bileti olmuşdur. O, şəxsi avtomobilinə əyləşərək Rafaili hava limanına aparmaq üçün sonuncu ilə görüşmüşdür. Rafaili götürdükdən sonra 14:20 radələrində X5 hava limanına gətirmişdir. Avtomobildən endikdən sonra dostu Rafail ilə Hava limanının girişinə yaxınlaşmışdır. X-Ray aparatından yoxlamadan keçmək üçün yük çantalarını lentin üzərinə qoyduqdan sonra 3500 ABŞ dolları, 1500 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Beynəlxalq və Kapital banklara məxsus ümumilikdə 6 ədəd plastik kartlar olan pul kisəsini və 2 ədəd mobil telefonu, avtomobil açarını, qara rengli plastmas qutuya yoxlamadan keçmək üçün qoymuşdur. Yük çantalarını yoxlamadan keçirdikdən sonra götürüb kənara qoyan zaman qara rəngli plastmas qutuya qoyduğu 2 ədəd mobil telefonu, avtomobil açarını götürmüşdür. Bu barədə dərhal DiN-nin 102 xidmətinə zəng edərək mənə məxsus 3500 ABȘ dolları, 1500 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Beynəlxalq və Kapital banklara məxsus ümumilikdə 6 ədəd plastik kartların oğurlanması barədə məlumat vermişdir. Ona məxsus pul kisəsində 6 ədəd bank kartı olmuşdur. Əlavə olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, əvvəllər ilkin araşdırma zamanı izahatında və istintaq dövründə ifadələrində göstərdiklərini bir daha təsdiq edir və qeyd olunan bank kartlarına dair "xxxx" ASC-dən aldığı çıxarışları Hava NPİ-nin İB-nə təqdim etmişdir. Bank məlumatlarına dair çıxarışdanda göründüyü kimi oğurlanmış pul kisəsində olmuş ona məxsus bank kartlarına heç bir müdaxilə olmamışdır. Hesabdan heç bir məbləğ çıxarılmamış və kartlarına heç bir cəhd olunmamışdır. Həmçinin bunu da qeydə etmək istəmişdir ki, pul kisəsi oğurlanana kimi dərhal həmin kartları bloklamışdır. Ona görə də istintaq dövründə bununla əlaqədar ona heç bir maddi ziyan dəymədiyini və şikayətinin olmadığını bildirmişdir. Kapital bankın kartlarından əlavə Beynəlxalq banka məxsus 01 ədəd kart barəsində onun bacısına məxsus olmasını və pul kisəsi oğurlanan zaman həmin kartın etibarlılıq müddəti 5 ay öncədən bitdiyini bildirmişdir. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bilirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, avtomobili nasaz olduğu üçün hal-hazırda işləmir. Təqsirləndirilən şəxs bir neçə müddətdir tanıyır, sonuncu ilə taksi işləyərkən Bakı şəhərində tanış olmuşdur. Adil ilə bundan sonra aralarında münasibət yaranmış və hərdən bir görüşüb hal-əhval tuturmuşlar. xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində olarkən təsadüfən Adil ilə ratlaşmış, biraz söhbət etmiş və sonuncuya avtomobilimin işləmədiyini, maddi durumumun yaxşı olmadığını bildirmişdir. Adil birlikdə X5 Aeroportuna getməyi və orada terminal daxilində xarici sərnişinlər taparaq öz xeyrlərini götürmək şərtilə təksilərə ötürərək pul qazana biləcəklərini demişdir. Təqribən saat 14:00 radələrində Adil ilə birlikdə X5 Aeroportuna gəlmişlər. Hava limanının Terminal 1-in “B” zonasının girişinə Adil ilə birlikdə yaxınlaşmışdır. Adildən qabaq yoxlama monitoruna yaxınlaşmış üzərində olan əşyalarını plastik qaba yerləşdirib, yoxlama monitoruna yerləşdirmişdir. Yoxlamadan keçib qarşı tərəfdə Adili gözləmişdir. Sonra Adil bilinməyən səbəbdən onu geri çağırmışdır. O, sonuncunun yanına gəlmiş və nə baş verdiyini soruşmuşdur. Adil işin alınmadığını və Aeroportu tərk etmələrini bildirmişdir. Onlar Aeroportu tərk etmiş, Adil yolda hərəkətdə olan taksini saxlatmış və birlikdə taksi ilə Binə qəsəbəsinə gəlmişlər. Adil 1 saatlıq işinin olduğunu, 1 saat sonra hazırda olduqları yerdə görüşmələrini bildirmişdir. 1 saat sonra onlar Adillə həmin yerdə görüşmüş və ortaq tanışları Kamalənin yaşadığı ünvana gəlmişlər. Axşam saatlarında Adil yenidən işinin olduğunu bildirmiş, evi tərk etmiş və təqribən 1 saat sonra evə qayıtmışdır. Axşam birlikdə qalmış və səhər xx.xx.2023-cü il tarixdə Adil birazdan qayıdacağını bildirərək evi tərk etmişdir. Bir-neçə saat sonra Adil gəlmədiyi üçün sonuncuya zəng etmiş, lakin Adil zənglərinə cavab verməmişdir. Adilin törətmiş oğlunq hadisəsi barədə heç bir məlumatı yoxdur. Əgər bilsəymiş ki, Adil oğurluq edib, sonuncuya öz iradını bildirərək, sahibinə geri qaytarmasını tələb edərmiş, etməyəcəyi təqdirdə bu barədə polisə məlumat verərmiş. Adil Ələkbərovun üzərində birdən-birə bu qədər pulun olması heç bir şübhə yaratmamış, çünki sonuncunun oğurluq etməsindən məlumatım olmamış, həmçinin də Adil üzərində pul olmasını nə aeroportda, nə taksidə nə də ki, evdə olarkən bildirməmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə bir nəfər adını bilmədiyi şəxs yaşadığı evin qarşısında olarkən ona yaxınlaşıb kirayə ev istədiyini bildirmişdir. O, sonuncuya bildirmişdir ki, yaşadığı evin yanında balaca 1 otaq var, 10 manata 1 günlük kirayə verilir, oda adını Adil kimi təqdim edərək həmin otağı götürməyə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Adil kirayə götürdüyü otağına yaxınlaşdığını görmüşdür. Adil adlı şəxsi əvəllər tanımamış, sadəcə olaraq xx.xx.2023-cü il tarixdə mənzil kirayə istəyən zaman tanımışdır. xx.xx.2023 cü il tarixdə Adil ona yaxınlaşaraq pul kisəsini təqdim edib onda qalmasını xahiş etmiş, o, da həmin pul kisəsini götürüb otağın içərisində televizorun qarşısına qoyub sonrada sonuncuya qaytarmışdır. O, həmin pul kisəsini götürüərkən, açıb içərisinə baxmamış. Adil bir müddət sonra qayıdıb həmin pul kisəsini ondan götürmüşdür. Adil onun evində 2 gün qalmışdır. Həmin vaxt ərzində başqa pis bir hərəkətini görməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinənərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş, 21-1/3-6866 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-539/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə saat 19:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 14 noyabr 2023-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqında qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 15 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi ittiham aktı ilə birlikdə Bakı Şəhər Prokurorluğuna göndərilmiş, xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Prokurorunun müavini baş ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən ittiham aktı təsdiq edilmədən cinayət işinin əlavə istintaq aparılması üçün müstəntiqə qaytarılması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi yenidən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə ibtidai istintaq müddəti Bakı şəhər prokuroru, İİİ dərəcəli ədliyyə müşaviri Elşən Abbasov tərəfindən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsilə elan edilmiş ittihamın məzmununda dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək, barəsində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən cinayət əməli törətmişdir. Lakin o, əvvəlki hökm üzrə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirləndirilərək azadlığın məhdudlaşdırılması cəzasına yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər AR CM-nin 177.1-ci maddəsi ilə məhkum olunmuş və ona Xəzər Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Həmin hökm üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası icra edilmədən o, yenidən AR CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunmamışdır. Məhkəmə onun islah edilməsi və cəzanın məqsədinə nail olmaq üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən “Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.” İş üzrə maddi sübutlar 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd "xxxx" ASC-yə məxsus “4127 2211 0926 0572” nömrəli, "xxxx" ASC-yə məxsus “4169 7414 9788 7313”, “4169 7377 0617 7959”, “5404 0852 3892 0724”, “5239 1517 56468701” və “4169 7388 05469826” nömrəli bank kartlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd "xxxx" ASC-yə məxsus “4127 2211 0926 0572” nömrəli, "xxxx" ASC-yə məxsus “4169 7414 9788 7313”, “4169 7377 0617 7959”, “5404 0852 3892 0724”, “5239 1517 56468701” və “4169 7388 05469826” nömrəli bank kartlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-449/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-449/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver