Məhkəmə qərarları › İş №1(003)-45/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-45/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-45/2021 27.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1971-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ evi 75-də qeydiyyatla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-263/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər vurmuşdur, zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 75 saylı bağ evində bacısı Zərərçəkmiş şəxs1 ilə heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə mübahisə edib yumruq və təpiklə əvvəlcə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, sonra isə əlinə götürdüyü stulu zərbə ilə ataraq Zərərçəkmiş şəxs1 qəsdən sağ bazunun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının posttravmatik hemartrozu ilə xarakterizə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvuran bədən xəsarətləri, bundan sonra isə ona mane olmaq istəyən Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə ayağı ilə zərbə vuraraq, Zərərçəkmiş şəxs2 qəsdən qarının ön divarının fluktasiyaedici hematoması ilə xarakterizə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 128-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 75 saylı bağ evində qeydiyyatla yaşayır. Əvvəllər narkotikdən istifadəyə və oğurluq cinayəti etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Rəsmi iş yeri yoxdur, arada iş tapanda fəhləlik edib özünü dolandırır. xx xxxxxxxx 2020-ci il tarixdə içkili vəziyyətdə heç bir səbəb olmadan evdə olan bəzi əşyaları sındırmış, lakin bacısı Leylanı və bacısı qızı Məryamı vuraraq onlara xəsarət yetirməmişdir. Onların göstərdikləri yalan və böhtandır. İçkili olduğuna görə əşyaları vurub sındırmışdır, başqa səbəb olmayıb, həmin vaxt ona Leyla və Məryam xəsarət yetirməmişlər. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlam bağları bağ 75-də yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Eldar içki düşkünüdür, içki qəbul etdikdən sonra evdə heç bir səbəb olmadan münaqişə yaradır, belə hallar evdə dəfələrlə olmuşdur. Sonuncu dəfə xx xxxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Eldar içkili vəziyyətdə evdə heç bir səbəb olmadan münaqişə yaratmışdır. Münaqişə zamanı Eldar onu və qızı Məryamı heç bir səbəb olmadan təhqir etmiş, hər ikisinin bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetirmişdir. Bununla kifayətlənməyib evdə nə əşya varsa hamısını üstlərinə atmış, divara çırpıb sındırmış, əlinə keçirdiyi taxta stulu onun üstünə atmış, stul sağ qoluna dəymişdir. Qolunda dəhşətli ağrılar olmuşdur. Evdə qızı Məryam ilə tək olmuş, Məryam araya girib onu ayırmaq istəyəndə Eldar təpiklə Məryamın qarın nahiyəsindən zərbələr vurmuşdur. Eldar heç cür sakitləşmirmiş, sakitləşməsi, onları daha vurmasın deyə yalvarmış, lakin Eldar hərəkətlərinə davam etmişdir. Hadisə təxminən 2 saat çəkmişdir, həmin vaxt yanlarında kimsə olmamış, hadisəni kənardan görən olmamış, hadisə zamanı Eldara əl qaldırmamışlar. Hazırda Eldar ilə barışmamışdır, ondan şikayətçidir və Eldara törətdiyi əməllərinə görə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Eldar içki düşkünüdür, içki qəbul etdikdən sonra evdə münaqişə yaradır, belə hallar evdə dəfələrlə olmuşdur. Sonuncu dəfə xx xxxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Eldar içkili vəziyyətdə evdə heç bir səbəb olmadan münaqişə yaratmışdır. Münaqişə zamanı Eldar onu və anası Leylanı heç bir səbəb olmadan təhqir etmiş, hər ikisinin bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetirmişdir. Bununla kifayətlənməyib stulu Leylanın üstünə zərbə ilə atmış, evdə bir çox əşyaları yerə çırparaq sındırmış, yararsız vəziyyətə salmışdır. Evdə Leyla ilə tək olmuş, araya girib Leylanı Eldardan ayırmaq istəyəndə Eldar təpiklə, yumruqla onun qarın nahiyəsindən zərbələr vurmuşdur. Hadisə təxminən 2 saat çəkmişdir, həmin vaxt yanlarında kimsə olmamış, hadisəni kənardan görən olmamışdır. Hazırda Eldar ilə barışmamışdır, ondan şikayətçidir və Eldara törətdiyi əməllərinə görə ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1009 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının posttravmatik hemartrozu küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxxx 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 1010 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət - qarının ön divarının fluktasiyaedici hematoması küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxxx 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 1/4655 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşmə protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs1 hadisə zamanı sərxoş vəziyyətdə ev əşyalarını dağıtdığını, onu və qızı Məryamı yumruq, təpik zərbələri ilə vurduğunu, eyni zamanda taxta stulu üzərinə ataraq xəsarət yetirdiyini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən doldurulmuş xx xxxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.3 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 128-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 128-ci maddələri ilə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 128-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndilən şəxsə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar