Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-450/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1, Təqsirləndirilən şəxs Sarvari Hejratın iştirakı ilə, 03 aprel 1992-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Nanqarhar vilayətində doğulmuş, evli, orta təhsili, işləməyən, məhkumluğu olmayan, Əfqanıstan İslam Respublikasının Nanqarhar vilayətində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Sarvari Hejratın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29,318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Sarvari Hejrat tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə X7 getmək məqsədi ilə 08 iyun 2022-ci il tarixdə saat 11:19 radələrində Pakistan İslam Respublikası vətəndaşı Kakar Mateen adlı şəxsin adına verilmiş, lakin öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış CQ9674712 nömrəli pasportunu Naxçıvan MR Culfa rayonu ərazisində yerləşən "Culfa" SNM-də qəsdən biləbilə təqdim edərək İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçmiş, bundan başqa 27 iyun 2022-ci il tarixdə saat 10:54 radələrində Azərbaycan Respublikasından X7 getmək məqsədilə 0710 saylı Bakı-Dubay aviareysi ilə X7 gedən zaman Pakistan İslam Respublikası vətəndaşı Kakar Mateen adlı şəxsin adına verilmiş, lakin öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış CQ9674712 nömrəli pasportu Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən "Heydər Əliyev" Beynəlxalq Aeroportunda sərhəd nəzarətinə bilə-bilə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Azərbaycan Respublikasından Birləşmiş Ərəb Əmirlikləri istiqamətində müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq təkrarən keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşkarı tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Sarvari Hejrat özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 1992-ci ildə Əfqanıstan İslam Respublikasının Nangarhar vilayətində doğulmuş, orada böyümüş, orta təhsil almış və hazırda da orada yaşayır, rəsmi heç bir işlə məşğul olmamış, fərdi qaydada fəhlə kimi fəaliyyət göstərmişdir. Evlidir və dörd övlad sahibidir. O, Əfqanıstan İslam Respublikasının onsuzda kasıb və həmişə problemlərlə yadda qalan ölkə olduğunu, 2021-ci ildə Əfqanıstan İslam Respublikasında "Taliban" hərəkatının hakimiyyətə gəldikdən sonra qüvvəyə minən qanunların ölkənin siyasi, sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırdığından, insanların problemlərinin çoxaldığından, xüsusən maddi vəziyyətlərinin minimum səviyyəyə endiyindən, bu səbəblərdən digər Əfqanıstan vətəndaşları kimi dolanışığında çətinliklərlə üzləşdiyindən ölkəni tərk etmək və nisbətən sadalanan problemlərin daha az olduğu ölkədə yaşamaq üçün getməyin yollarını axtarmağa başladır. Atası ona X5 Dubay şəhərinə getməyi demiş, orada işləməyi və maddi vəziyyətinin normallaşdıqdan sonra Əfqanıstana qayıdıb ailə üzvlərini də həmin ölkəyə aparmağı təklif etmişdir və bu məqsədlə tanımadığı şəxslər vasitəsilə əldə etdiyi yeni pasportunun atası tərəfindən ona verildiyini demişdir. Atasının təqdim etdiyi pasportda öz fotoşəklidir, lakin həmin pasport Pakistan İslam Respublikasına məxsusdur, həmin pasportda adı Kakar Mateen kimi qeyd olunmuşdur, lakin əsl adı və soyadı Təqsirləndirilən şəxsdir və Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. Atası ona Pakistan İslam Respublikasına məxsus yaşayış kartı, Pakistan İslam Respublikasına məxsus "COVİD-19" pasportu, Mavriki Respublikasına məxsus pasport və Mavriki Respublikasına məxsus daimi yaşayış kartını da vermişdir. O, həmin pasportların və yaşayış kartlarının tamamilə saxta olduğunu bilirdi, təxminən 2 ay əvvəl Pakistan İslam Respublikasına məxsus pasportdan istifadə edərək X10 Respublikasına getmiş, İranın Tehran şəhərində təxminən 1 ay qaldıqdan sonra oradan BƏƏ-nin Dubay şəhərinə gedə bilməyəcəyini görüb atası ilə əlaqə saxlamışdır, buna görə də atası ona İrandan Azərbaycana getməyi, oradan isə tranzit yolla Dubaya getməsini demişdir, bu yolları atasının Pakistanda yaşayan Şahin adlı tanışı göstərmiş, atası isə ona demişdir. Atası Şahin adlı şəxsin mobil nömrəsini də verib zərurət yaranarsa onunla əlaqə saxlamasını tapşırmış, lakin buna ehtiyac qalmamışdır və sonuncu ilə telefon danışığı aparmamışdır. O, 08 iyun 2022-ci il tarixdə Culfa sərhəd nəzarəti şöbəsindən dövlət sərhədini Pakistan İslam Respublikasına məxsus saxta pasportundan istifadə edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş və həmin pasportdan yenidən istifadə edərək bilet almış 09 iyun 2022-ci il tarixdə Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir, Bakı şəhərinə çatdıqdan sonra taksi ilə otellərin birinə getmiş və 27 iyun 2022-ci il tarixədək həmin oteldə qalmışdır, həmin otelin adını və harada yerləşməsini isə xatırlamır, arabir Bakı şəhərində gəzintiyə çıxmış, yenidən həmin otelə qayıtmışdır. O, 27 iyun 2022-ci il tarixdə X5 Dubay şəhərinə getmək məqsədilə "Heydər Əliyev" Beynəlxalq Aeroportuna getmiş və Pakistan İslam Respublikasına məxsus, saxta olduğunu əvvəlcədən bildiyi, Kakar Mateen adlı şəxsin adına verilmiş pasportu sərhəd naryadına təqdim edərək həmin saxta pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmək istəmiş, lakin sərhəd naryadı tərəfindən yoxlanış zamanı həmin pasportun saxta olması şübhəsi ilə həmin tarixdə saat təxminən 21:54 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət əməli törətdiyini, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xidmətdə olduğu zaman 27 iyun 2022-ci il tarixdə saat 10:54 radələrində «X11 Aeroportunda» sərhəd nəzarəti şöbəsinin Terminal 1 uçub getmə xəttində «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətində olan zaman o, R-710 saylı «Bakı-Dubay» aviareysi ilə Azərbaycan Respublikasından X7 getmək istəyən, 03 noyabr 1995-ci il təvəllüdlü Pakistan Respublikasının vətəndaşı Kakar Mateenin təqdim etdiyi CQ9674712 nömrəli Pakistan pasportunu rəsmiləşdirilən zaman pasportun məlumat səhifəsinin saxta olmasını müəyyən etmişdir. Bu barədə "Heydər Əliyev" X3 Nəzarəti Şöbəsinin zabit-nəzarətçisi Şahid1 məlumat vermişdir. Həmin istiqamətdə hərəkət edərək Pakistan Respublikasının vətəndaşı Kakar Mateenin pasportuna Şahid1 təkrar baxış keçirmişdir, Pakistan pasportunun qismən saxta olmasını dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 21 sentyabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmətə qəbul olunduğunu, 16 fevral 2017-ci il tarixdən Bakı şəhər, Xəzər rayonu ərazisində yerləşən "Heydər Əliyev" Beynəlxalq Aeroportu sərhəd nəzarəti şöbəsində zabit nəzarətçi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etdiyini, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı 27 iyun 2022-ci il tarixdə saat 09.00dan, 28 iyun 2022-ci il tarixdə saat 09.00-dək «X11 Aeroportunda» sərhəd nəzarəti şöbəsinin Terminal 1 uçub getmə zalında «növbə rəisi» sərhəd naryadı xidmətinə təyin olunduğunu, xidmətdə olduğu zaman 27 iyun 2022-ci il tarixdə saat 10:54 radələrində «X11 Aeroportunda» sərhəd nəzarəti şöbəsinin Terminal 1 uçub getmə xəttində «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətində olan baş gizir Şahid2 ona R-710 saylı «Bakı-Dubay» aviareysi ilə Azərbaycan Respublikasından X7 getmək istəyən, 03 noyabr 1995-ci il təvvəlüdlü Pakistan Respublikasının vətəndaşı Kakar Mateenin təqdim etdiyi CQ9674712 nömrəli Pakistan pasportunu rəsmiləşdirilən zaman pasportun məlumat səhifəsinin saxtalaşdırılması barədə məlumat verdiyini, həmin istiqamətdə hərəkət edərək Pakistan Respublikasının vətəndaşı Kakar Mateenin pasportuna təkrar baxış keçirdiyini, Pakistan pasportunun qismən saxta olmasını dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etdiyini, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində «X11 Aeroportunda» sərhəd nəzarəti şöbəsində saxlanıldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının 14 iyul 2022-ci il tarixli 5/756 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Kakar Mateen adına olan CQ9674712 nömrəli Pakistan İslam Respublikasının pasportunun, eləcə də Təqsirləndirilən şəxs saxlanılarkən ondan götürülmüş P6044608 nömrəli Mavriki Respublikasının pasportu, 54***-*******-1 nömrəli yaşayış kartının, QF********** nömrəli "COVİD-19" immunitet sertifikatı və M**********04B nömrəli yaşayış kartının blankı axınlı printerdə çap edilmiş və pasportlar "SDU X9" xüsusi kompüter proqramındakı həqiqi pasportun nümunəsi ilə eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Sarvari Hejrat dövlət sərhədini üzərində özünəməxsus fotoşəkili olan özgəsinə məxsus CQ9674712 nömrəli Pakistan İslam Respublikası posportu ilə keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Əfqanıstan İslam Respublikasında doğulmuş Sarvari Hejratın məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 28 iyun 2022-ci il tarixdə Sarvari Hejrat Azərbaycan Respublikası CM-nin 318.1 və 29,318.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, AR DSX-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə-kapitanı Emil İsmayılzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29.06. 2022-ci il tarixli qərardan görünür ki, Sarvari Hejrat AR DSX-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə-kapitanı Emil İsmayılzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 318.1 və 29,318.1-ci maddələri ilə təqsirləndirilən şəxs Sarvari Hejrat barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Sarvari Hejratın əməli Azərbaycan Respublikası CM-nin 318.1 və 29,318.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Sarvari Hejrat tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan Pakistan İslam Respublikası vətəndaşı Kakar Mateenin adına verilmiş CQ9674712 nömrəli pasport və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 53,65 (əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci Sarvari Hejratdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Sarvari Hejrat Azərbaycan Respublikası CM-nin 29,318.1 və 318.1 -ci maddələri ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 27 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Sarvari Hejrat barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Sarvari Hejratdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Sarvari Hejrat əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Maddi sübut olan Pakistan İslam Respublikası vətəndaşı Kakar Mateenin adına verilmiş CQ9674712 nömrəli pasport və 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs Sarvari Hejratın hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Sarvari Hejrata isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-450/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-450/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver