Məhkəmə qərarları › İş №1(003)-450/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-450/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-450/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdə gecə saat 23:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində yerləşən ictimai yer hesab olunan “Nargilə” kafesində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan silah qismində istifadə olunan avtomobilin təkər açarı ilə qəsdən X3 vuraraq ona alın nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü məhkəmə iclasında təqsirli bilməyərək göstərdi ki, 2022-ci ilin dekabr ayının əvvəllərindən qohumu Siyabın Elçin ilə birlikdə icarəyə götürüb işlətdiyi Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində yerləşən “Nargilə” kafesində işləməyə başlamışdır. Belə ki, o, kafedə sifarişləri dəftərə yazaraq onlara köməklik edirmiş. 11 dekabr 2022-ci il tarixdə, axşam saatlarında həmin “Nargilə” kafesində Elçin ilə birlikdə yeyib-içməyə başlamışlar. Həmin vaxt o, həddindən artıq sərxoş olduğundan özünü idarə edə bilmirmiş və nə səbəbdən Elçin ilə mübahisə etdiyini də xatırlamır. Lakin mübahisə zamanı o, Elçini söyüb təhqir edərək kafedə olan dəmir əşya ilə onun alın nahiyəsindən vurmağını xatırlasa da, lakin konkret olaraq onu dəmir açarla vurmağını xatırlamır. Lakin etdiyi əmələ görə səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, həmin hadisə vaxtı o, Elçin ilə yeyib-içib sonra dalaşmışdır. Belə ki, Elçin səsgücləndiricisini götürmək istəmiş, orada olan heykəlçikləri qırmışdır. Həmin vaxt onlar sadəcə itələşmişlər, amma o, Elçini təkər açarı ilə vurmamışdır. Sadəcə olaraq, həmin vaxt Elçinin ürəyi getmiş və yerə yıxılaraq alnından xəsarət almışdır. Polislər onu çağıraraq pul istəmiş və bu hadisəni törətdiyini boynuna almasını tələb etmişlər. Zərərçəkmiş şəxs də ondan barışıq üçün pul istəyir. Söz-söhbətin böyüyüb şişməməsi üçün zərərçəkmiş şəxsin müalicə xərclərinə köməklik göstərmişdir. Özünü təqsirli bilmir, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 göstərdi ki, 2022-ci ilin oktyabr ayından tanışı Siyab ilə birlikdə Buzovna qəsəbəsində yerləşən «Nargilə» kafesini icarəyə götürüb işlətmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərindən Siyabın məsləhəti ilə onun qohumu Tale də onların kafesinə işləməyə gəlmişdir. Belə ki, Tale kafedə sifarişləri dəftərə yazaraq onlara köməklik edirmiş. 11 dekabr 2022-ci il tarixdə, həmişəki kimi kafedə müştərilər də var imiş. Siyab da işdə olmadığından Tale içkili halda müşrərilərlə kobud davranırmış. Saat 23:50 radələrində Tale heç bir səbəb olmadan müştərilərin gözü qarşısında onu söyüb təhqir etməyə başlamışdır. Tale əvvəllər də bir neçə dəfə onu söyüb təhqir etmişdir deyə, o, artıq dözə bilməmiş və Siyab da işdə olmadığından Talehə heç nə deməmişdir. Çünki onun xasiyyətini bilirmişdir ki, Tale davaya meyilli adamdır. Bu səbəbdən də demişdir ki, daha işləmək istəmir və əşyalarını yığıb gedir. Bundan sonra özünə məxsus əşyalarını çölə qapının qarşısına yığıb taksi çağırmışdır ki, getsin. Taksi gələnə kimi kafeyə dönüb gödəkçəsini götürmüşdür ki, çölə çıxsın. Həmin vaxt Tale müştərilərin gözü qarşısında qəflətən əlindəki dəmir alətlə onun alın nahiyəsindən vuraraq ona xəsarət yetirmiş və o, zərbənin təsirindən yerə yıxılaraq huşunu itirmişdir. Sonradan bilmişdir ki, orada olan müştərilər onu həyətə çıxarıblar ki, ayılsın. Tale isə onu o vəziyyətdə qoyub arxa qapıdan qaçaraq getmişdir. Aradan bir az keçmiş hadisə yerinə təcili yardımın gəldiyini görmüş və həkimlər ona ilk tibbi yardım göstərmişlər. Artıq o, özünə gəlmiş və sonradan bilmişdir, eləcə də orada olan müştərilər ona demişlər ki, Tale onu əlindəki təkər açarı ilə vurmuşdur. Sonradan hadisə yerinə gələn Siyab onu idarə etdiyi «Reno» markalı avtomobilinə qoyub 26 saylı xəstəxanaya gətirmişdir. Xəstəxanada həkimlər tərəfindən xəsarət aldığı nahiyəyə 9 ədəd tikiş qoyulmuş və o, evə buraxılmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona hər hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 2022-ci ilin oktyabr ayından tanışı X5 ilə birlikdə Buzovna qəsəbəsində yerləşən «Nargilə» kafesini icarəyə götürüb işlədimiş. 2022-ci ilin dekabr ayının əvvəllərindən onun məsləhəti ilə qohumu Təqsirləndirilən şəxs da onların kafesində işləməyə gəlmişdir. Belə ki, o, çox vaxt işdə olduğundan məsləhət görmüşdür ki, Tale kafedə işləsin. Tale kafedə sifarişləri dəftərə yazaraq onlara köməklik edirmiş. 12 dekabr 2022-ci il tarixdə, saat 00:30 radələrində kafeyə gələrkən Elçinin alın nahiyəsində xəsarət olduğunu və yanında polislər olduğunu görmüşdür. Polislər Elçini ona təhvil verib çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, 11 dekabr 2022-ci il tarixdə, axşam saatlarında o, kafedə olmadığı zaman Tale ilə Elçin birlikdə oturub yeyib-içdikdən sonra onlar mübahisə etmişlər və Tale hansısa bir əşya ilə Elçini vuraraq xəsarət yetirmişdir. Həmin vaxt əvvəlcə Elçin ona yıxılaraq başının küncə dəydiyini demişdir. O, Elçini idarə etdiyi «Reno» markalı avtomobilinə qoyub 26 saylı xəstəxanaya aparmış, orada həkimlər tərəfindən Elçinin xəsarət aldığı nahiyəyə 9 ədəd tikiş qoyulmuş və evə buraxılmışdır. Elçini evlərinə apararaq onun atasına bir gün sonra gəlinb onu yenə həkimə aparacağını demiş, ertəsi gün isə onların “102” xidmətinə zəng elədiklərini eşitmişdir. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X5 Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deyib bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 26 dekabr 2022-ci il tarixli 1726 saylı rəyindən görünür ki, X2 bədəni üzərində alın nahiyəsinin kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət kəsici təsirə malik əşya (alət) təsirindən onun «X14» X13 müraciətindən az əvvəl törənmiş, xx.xx.2022-ci il tarixdə törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, X1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 14 mart 2023cü il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlil gətirərək X4 hadisə vaxtı sadəcə itələdiyini, lakin onu təkər açarı ilə vurmadığını, polislərin onu bu əməli törətdiyinə məcbur etmələrini bildirmiş, lakin onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 13 aprel 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar