Məhkəmə qərarları › İş №1(003)-451/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-451/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-451/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 01 azyaşlı uşağı olan, Şəki rayonu, Bağbanlar küçəsi ev 59V, mənzil 10-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dəqiq tarixini müəyyənləşdirmək mümkün olmayan 2023-cü ilin iyul ayının ortalarında əvvəl tanıdığı Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid işə düzəlməsinə kömək edə biləcək şəxs axtardığını öyrənib bildikdən sonra özünü ona işgüzar şəxs kimi göstərərək geniş əlaqədlərinin olduğunu deyib 7000 manat mələğində pul verdiyi halda Şahid Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yeni açılmış 292 saylı orta məktəbə xadimə işinə düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq inandırıb razılaşdıqdan bir neçə gün sonra özünün yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivi adlanan ərazidə yerləşən nömrəsiz fərdi evinin qarşısında görüşdüyü Zərərçəkmiş şəxs eyni niyyətlə orada 7000 manat məbləğində pulu əlbəəl alaraq verdiyi vədə əməl etməyib aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində 02 azyaşlı övladı vardır. Buzovna qəsəbəsində kafe işlətmişdir. Həmin kafedə müştəri kimi Zərərçəkmiş şəxs tanımışdır. Etibarın arvadı Elza üçün iş axtardığını bilmişdir. Maddi vəziyyəti pis olduğundan Şahid işə düzəldəcəyinə dair yalandan vəd vermişdir. Bunun müqabilində Elzanın əri Zərərçəkmiş şəxs 7000 manat pul almış və həmin pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Etdiyi əməldən peşmandır. X3 vurduğu ziyanı tam olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Dursun adlı şəxsi sonuncunun işlətdiyi kafeyə tez-tez getdiyi üçün tanımışdır. Təqsirləndirilən şəxs onun yoldaşını işə düzətdirəcəyinə vəd vermişdir. Dursun tanışları vasitəsilə Elzanı məktəbə işə düzəldəcəyinə söz verib 7000 manat pul almışdır. Sonra Dursun ondan qaçmağa başlamış və o, aldadıldığını başa düşüb şikayət etmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid zərərçəkmiş şəxs X2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində saxlanılaraq, Xəzər rayon 2-ci PŞ-nə gətirilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə 181.2.1, 181.2.2, 29, 120.2.5, 120.2.7, 120.7.11, 66.3, 120.2.1, 29, 186.2.2-ci maddələri ilə təqsirli bilinib 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 01 il 08 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir; - xx.xx.2025-ci tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, o, axtarışa verilmişdir; - xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Nizami rayonu ərazisində saxlanılaraq, Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; - Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli ərizədən aydın olur ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir; - E-məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü Dərya - Təqsirləndirilən şəxs övladıdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər; 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı vardır, bununlada amnistiya aktının 1.16-cı bəndində göstərilən şəxslər kateqoriyasına daxildir. Yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu kateqoriyadan olan şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 9 saat vaxta görə 99 manat olmaqla məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********17 0026 6117, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar