Məhkəmə qərarları › İş №1(003)-452/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-452/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-452/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X13 Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Biləsuvar rayonunda doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Sovxoz yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Verilmiş ittihama görə Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə axşam saatlarında qardaşı Şahid1 Məhərrəm oğlunun arvadı Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Şahid2 ilə telefonla danışıb görüşərək yaxın intim münasibətdə olması səbəbindən onunla mübahisə edib yaşadıqları Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə Sovxoz yaşayış massivində yerləşən nömrəsiz fərdi evdən qovduqdan sonra, Zərərçəkmiş şəxs Şahid2 yaşadığı qonşuluqdakı nömrəsiz fərdi evdə olduğunu öyrənərək 12 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində Şahid2 Xəzər rayonu Binə qəsəbəsi Binə Sovxoz yaşayış massivində yaşadığı nömrəsiz fərdi evə gedərək Şahid2 və Zərərçəkmiş şəxs orada olduqlarını görüb söhbət edərək uşaqları ona verməsini tələb etdikdə Zərərçəkmiş şəxs buna etiraz etdiyi üçün onunla evin həyətində söhbətini davam etdirərək həyətin qaranlıq yerinə apararaq aralarında şəxsi münasibətlərin pozulması səbəbindən yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əli ilə vuraraq ona döş qəfəsinin nöqtəşəkilli qansızması, özü ilə götürdüyü istintaqa məlum olmayan kəsici-deşici xassəyə malik kağız kəsmək üçün nəzərdə tutulmuş bıçaqla vurub sağ dirsəyin sıyrığı, sağ budun deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun qardaşının arvadı olmuşdur. X8 telefonla danışmağının şahidi olmuş, ona xəbər vermiş, o da qardaşıgilə getmiş, həmin avxt qardaşının uşaqları məktəbdə olmuş, qardaşı uşaqları məktəbdən gətirmək üçün getmiş, uşaqları evə gətirmiş, sonra ona İlhənin evdən qaçması məlum olmuş, İlahə evdən qaçandan sonra İlahənin qaçdığı Zaurun yaşadığı ev getmiş, ora getməkdə məqsədi isə İlahəyə belə problemlər yaratmamasını demək istəməsi olmuşdur.Təqsirləndirilən şəxs həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, ustadır, evlərin təmiri işlərini görür. İlahə ilə Zaurun evdə olduğunu görmüşdür. O, İlahədən uşaqları istəmişdir. Sonra o, İlahəyə bildirmişdir ki, Binə qəsəbəsini tərk edib Cəlilabad rayonuna getsin. İlahə ona uşaqları verməyəcəyini və Cəlilabad rayonuna getməyəcəyini bildirmişdir. Həmin vaxt onların arasında sözlə mübahisə baş vermişdir. Həmin vaxt o, İlahənin qardaşları ilə əlaqə saxlamışdır. İlahə barədə qardaşlarına demişdir. Onlar bacısından imtina etdiklərini bildirmişlər. Daha sonra o, bu barədə İlahənin atasına demişdir. O, işdən çıxan zaman təsadüfən işdə işlətdiyi kağız bıçağını əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Onun sol əli bir neçə il bundan əvvəl kəsildiyi üçün hazırda tam olaraq işlədə bilmir. O, sol əlini cibindən çıxardan zaman cibində olan kağız bıçağı təsadüfən yerə düşmüş, əyilib bıçağı yerdən götürmüşdür. Həmin vaxt İlahə bıçağı yerdən götürdüyünü görmüşdür. İlahə onun yerdən bıçaq götürdüyünü görüb hər iki əlini hərəkət etdirməyə başlamışdır. Həmin vaxt onun sol əlində olan kağız bıçağın İlahənin sağ qoluna dəyməsini ehtimal etmişdir. Bundan sonra isə oradan çıxıb getmişdir. Həmçinin İlahənin sinəsinə əli ilə vurmamışdır, qəsdən sonuncuya heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, özünün qismən etiraf ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən qabaq evdə əri ilə dava-dalaşı olmuş, bundan sonra əri qaynı Yaşarı çağırmış, Yaşar gələnə kimi yoldaşı onu döymüş, həmin vaxt evdə azyaşlı uşaqları olmuş, Yaşar gələndən sonra ona ya get özünü öldür ya da evi tərk elə demiş, bundan sonra Zauru çağırmış və Zaur gələrək onu və azyaşlı uşağını görürərək qardaşının evinə aparmışdır. Bundan bir gün sonra digər iki uşağı da yanına gəlmişdir. Uşaqları yanına gələndən sonra qaynı Yaşar ora gəlmişdir. Birinci normal danışmış, artıq-əksik heç nə danışmamışdır. Sonra onu evin həyətinə söhbət etmək üçün çağırmışdır. O, isə inanıb, güvənərək onunla həyətə getmişdir. Bir qədər Yaşar onunla söhbət etdikdən sonra cibindən nəsə çıxartmağa çalışdığını hiss edib ondan bir qədər uzaqlaşmışdır. Yaşar isə ona yaxın gəl söhbət edirəm dedikdən sonra ona yaxınlaşan zaman Yaşar cibindən çıxartdığı bıçağa oxşar əşya ilə onun sənəsindən, qolundan və əyağından vurmuşdur. Həmçinin onu təhqir etmişdir. Həmin vaxt Yaşarın içkili olduğunu hiss etmişdir. Yaşar onu vurduqdan sonra qışqırmış, səsə evdəki uşaqlar, Zaur və evdə olan digər adamlar gəlmişdir. Yaşar onu heç bir səbəb göstərmədən vurmuşdur. Verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, hadisə baş verən vaxt evdə uşaqları, Zaur, Zaurun qardaşı və qardaşının arvadı olmuşdur. Həmin ev isə Zaurun qardaşına məxsus olmuşdur. Qışqırdıqdan sonra evdəki adamlar gələn zaman Yaşar oradan qaçmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ona məlumat verərək evdə döyüldüyünü demiş, bundan sonra İlahəni və onun uşağını qardaşına məxsus evə gətirmiş, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs ora gəlmiş, İlahə ilə söhbət etmək istədiyini demiş, ona heç bir problem, münaqişə olmayacağına söz vermiş, daha sonra İlahə və Yaşar evin həyətinə düşmüş, o isə evdə qalmış, bir qədər sonra həyətdən qaşqırıq səsləri gəldiyini eşidib həyətə düşmüş, orada İlahənin xəsarət aldığını görmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, İlahə ilə arasında faktiki ər-arvad münasibətləri olmuş, Yaşar qardaşının evinə gəldikdən sonra ona düzgün hərəkət etmədiyin demiş, o isə düzgün hərəkət etmədiyini qəbul etdiyini bildirmiş, həmin vaxt Yaşarla ancaq söhbət etmiş, aralarında hər hansı bir mübahisə, münaqişə olmamışdır. Yaşar ona İlahəyə heç nə etməyəcəyinə söz verdiyinə görə həyətə düşməmiş, evdə qalmış, Yaşarın isə İlahəni vurduğunu görməmiş, həyətdən səs-küy eşitdiyinə görə bayıra çaxmış, çıxan vaxtı isə Yaşarın qaçdığını görmüşdür. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 Məhərrəm oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 Məhərrəm oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Savxoz yeni yaşayış massivində yaşayır. 2010-cu ildə rəsmi olaraq X6 ilə ailə həyatı qurmuşdur. 3 az yaşlı övladı vardır. Hazırda fərdi evlərdə usta kimi işləyir. Ailə həyatı qurduqdan sonra o, Zərərçəkmiş şəxs ilə bir müddət Cəlilabad rayonunda yaşamışdır. Daha sonra isə o, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə köçmüşdür. O, qardaşı Təqsirləndirilən şəxs qonşuluğunda yaşamışdır. X2 isə heç bir yerdə işləmir. O, qonşuluqda yaşayan və işləyən bəzi qonşuların uşaqlarına pul qarşılığında dayəlik etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında işdən evə gəlmişdir. Həmin vaxt o, X2nın Zaur adlı şəxlə danışdığını görmüşdür. O, arvadı ilə mübahsiə etməyə başlamışdır. Onların səslərinə qardaşı Yaşar gəlmişdir. Mübahisələrinin səbəbini soruşmuşdur. O, qardaşı Yaşara İlahənin başqa kişi ilə telefonla danışdığını demişdir. Qardaşı Yaşar uşaqların harada olduğunu soruşmuşdur. İlahə uşaqların 2-nin idmanda olduğunu demişdir. Qardaşı Yaşar ona idmanda olan uşaqları götürməyini onun evinə aparmağını demişdir. Balaca övladı isə həmin vaxt evdə olmuşdur. O, uşaqlarının arxasınca getmişdir. Qardaşı Yaşar isə öz evinə getmişdir. O, uşaqlarını idmandan götürüb evinə gələn zaman İlahənin az yaşlı uşağı ilə evdə olmadığını görmüşdür. Təxminən 2 gündən sonra o, arvadı İlahənin Zaur adlı şəxsin evində yaşadığını öyrənmişdir. Qardaşı Yaşar onun yaşadığı evə getmişdir ki, uşaqları ondan alsın. Lakin onun getməyinə icazə verməmişdir. Orada İlahə ilə Yaşar arasında olan mübahisədən onun sonradan məlumatı olmuşdur. Bundan başqa o, hadisə barədə 3-ci PŞ-də məlumatlı olmuş, Zərərçəkmiş şəxs vurmamış, Zərərçəkmiş şəxs ona ayrılmaq istəməyi barədə heç bir söz deməmişdir. İş materiallarına əlavə olunmuş Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2024-cü il tarixli, 26 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin nöqtəşəkilli qansızması, sağ dirsəyin sıyrığı küt əşya (əşyalar); sağ budun deşilmiş-kəsilmiş yarası isə deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş: -məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Hüseyn Məmmədov tərəfindən Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Hüseyn Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən xəsarət yetirməməsi, cibində olan oboy kəsmək üçün nəzərdə tutulmuş bıçaq cibindən yerə düşdükdən sonra həmin bıçağı yerdən götürərkən zərərçəkmiş şəxsin təsadüfən xəsarət almasını ehtimal etməsi ilə bağlı məhkəmə iclası zamanı verdiyi ifadəyə tənqidi yanaşır, özünü müfadiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə mülki iddia, maddi sübut yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 120 məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar