Məhkəmə qərarları › İş №1(003)-452/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-452/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-452/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkii Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Xızı rayonu, Şorabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 2022-ci ildə Şahid4 Abış oğluna qarşı törətdiyi cinayət əməlinə görə onun şikayəti əsasında məhkum olunmasını cüzi səbəb kimi bəhanə edərək qəsdən qisas almaq məqsədilə 17 aprel 2025-ci il tarixdə saat 18:55 rədələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu vaxt ictimai yer olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki “Lerik Veri” adlı kafenin giriş hissəsində yerləşməklə Şahid4 qardaşı Zərərçəkmiş şəxs bərbər işlədiyi bərbərxanaya gələrək oradakı müştərilərin gözü qarşısında əvvəlcədən əynindəki gödəkçəsinin sağ cibində gizlətməklə özü ilə gətirdiyi mətbəx bıçağını çıxardıb sağ əlində dəstəyindən tutub nümayiş etdirməklə Zərərçəkmiş şəxs üzərinə yeriyib heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarının qərəzli surətdə pozulması ilə ifadə olunan hərəkətlərlə eqoizm nümayiş etdirərək əlindəki bıçağı silah qismində istifadə olunan əşya kimi tətbiq etməklə Zərərçəkmiş şəxs hücum edib onun sol qolu nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona sol saidin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirib silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində Rabil adlı şəxslə dava etdiyi üçün Xəzər Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 2021-ci il tarixdə Rabillə dava etdiyindən onun dişləri və burnu sınmışdır. O, azad olunduqdan sonra Rabilə yaxınlaşmış, burnunu və dişlərini düzəltdilməsi üçün ondan pul istəmişdir. Rabil ona pul verməyəcəyini dedikdə o, bu barədə onun qardaşı Lerik-Veri kafesinin giriş hissəsində bərbərxanada bərbər işləyən Nailə bildirmək üçün yaxınlaşmışdır. Lakin Nail də onu “bu gün-sabah” deyərək yola vermişdir. Bu səbələ o, xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində evdə oturub çörək yeyərək spirtli içki olan araq içmişdir. O, içki içdikdən sonra Nailin ona pul verməməsi yadına düşmüş və o, evindəki mətbəxdən bıçaq götürərək əynində olan gödəkçənin sağ cibində gizlədib evdən çıxaraq Nailin işlədiyi bərbərxanaya gəlmişdir. O, bərbərxananın qapısını açan kimi cibindən bıçağı çıxardıb Nailin üzərinə getmişdir ki, onu qorxudaraq dişlərini və burnunu düzəltdirsin. O, bərbərxanaya daxil olub əlində bıçaq Nailin üzərinə gedən zaman orada olan üzdən tanıdığı, lakin adını sonradan bildiyi Seyran, Rəşad və Ramazan adlı şəslər onun əlindən bıçağı almışlar. O, bərbərxanadan çölə çıxmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə aparmışlar. O, Zərərçəkmiş şəxs vurmamış, sərxoş vəziyyətdə onun işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Lerik Veri” kafesinin girişində yerləşən bərbərxanaya gedərək onun dişlərini və burnunu düzəltdirməsi üçün əlində olan bıçaqla qorxutmaq istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, X5 savxozunda yerləşən "Lerik Veri" kafesinin giriş hissəsində olan bərbərxanada bir neçe ildir ki, bərbər işləyir. xx.xx.2025-ci il tarixdə təxminən saat 18:50də işlədiyi bərbərxanda müştərinin saqqalını qırxırmış. Bərbərxanada həmin müştəridən əlavə Rəşad və Seyran adlı müştərilər var imiş. O, əynində olan köynəyinin qollarını dirsəyə qədər çirmələyib müştərinin saqqalını qırxarkən üzdən tanıdığı Ceyhun adlı şəxs bərbərxananın qapısını açıb içəri nəzər yetirib çıxib getmişdir. Təxminən 10 dəqiqə sonra müştərinin saqqalını maşinka ilə düzəldərken Ceyhun əlində bıçaqla barbərxanaya daxil olub içəridə olan müştərilərə demişdir ki, “buranı tərk edin, Naili indi bıçaqlayacağam.” Bundan sonra Ceyhun əlindəki bıçağı ona tərəf aparmışdır ki, ona xəsarət yetirsin. Lakin, onun üzü ona tərəf olduğu üçün Ceyhunun onu bıçaqla vurmaq istədiyini görüb sol əlini irəli vermişdir ki, əlindən tutsun və Ceyhun onu vura bilməsin. Həmin vaxt Ceyhunun əlindəki bıçağın uc hissəsi onun sol qoluna dəyib dirsəkdən aşağı hissəsini kesmişdir. Həmin vaxt Ceyhunun əlində biçaqla bərbərxanaya daxil olmasinı görən qohumu Ramazan bərbərxanaya daxil olmuş, bərbərxanada olan Şahid3 fürsətdən istifadə edərək Ceyhunu arxadan qucaqlamış, Ramazan bıçağı Ceyhunun əlindən almışdır. Ceyhunun əlindən Ramazan bıçağı aldıqdan sonra Ceyhun bərbərxanadan çıxıb getmişdir. O, qolundan xəsarət aldığı üçün DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Abış oğlu bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2021-ci il tarixdə onun Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş münaqişə nəticəsində ona Xəzər Rayon Məhkəməsində hökm verilmişdir. Təxminən 5-6 ay bundan qabaq Ceyhun ona yaxınlaşaraq bildirmişdir ki, “sənin dustağın olmuşam buna görə də mənə pul verməlisən.” O, da Ceyhunu həyətdən qovmuşdur. Bundan sonra Ceyhunla heç bir əlaqəsi olmamışdır. 17 aprel 2025-ci il tarixdə Ceyhunun qardaşı Nailin işlədiyi bərbərxanaya gedərək Naili bıçaqla vurduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Lerik-Veri” kafesinin giriş hissəsində bərbərxanada bərbər olaraq işləyir. xx.xx.2025-ci il tarixdə təxminən saat 18:50 radələrində saçını düzəltdirmək üçün Nailin yanına getmişdir. Orada onun iş stolunda bir nəfər tanımadığı müştəri var idi. Buna görə də Nailin yanında digər üzdən tanıdığı, lakin adını bilmədiyi müştərisi ilə əyləşərək növbəsini gözləyirmiş. Bu zaman bərbərxananın qapısı açılmış və bir nəfər tanımadığı şəxs əlində dəstəyi qara rəngli bıçaqla içəri daxil olaraq onlara tərəf üzünü tutaraq qışqırmışdır ki, çölə çıxın və əlindəki bıçaqla Nailin üzərinə getmişdir. Bu zaman Nail müştərinin saqqalanı düzəltdiyindən səsə üzünü əlində bıçaq olan şəxsə çevirmiş və həmin şəxs əlindəki bıçaqla Nailə zərbə vurmuş, Nail geri çəkilsədə bıçaq onun qoluna dəymişdir. O, cəld ayağa duraraq həmin şəxsin sağ qolunun bilək və dirsəkdən yuxarı hissəsindən tutaraq onu bərbərxananın künc hissəsinə sıxmış və bıçağı yerə atmasını tələb etmişdir. Sonra həmin şəxs bərbərxananı tərk etmişdir. Bundan sonra Nail Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etdiyindən polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qohumumdur və onunla münasibətləri normaldır. xx.xx.2025-ci il tarixdə təxminən saat 18:50 radələrində o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Lerik-Veri kafesindən çıxaraq evə getmək istəyən zaman kafenin giriş hissəsində Nailin işlədiyi bərbərxanada səsküy gəldiyini eşidib ora yaxınlaşmış və içəri daxil olduqda Seyranın bir nəfəri bərbərxananın küncünə tərəf sıxaraq əlindən tutub bıçağı yerə atmasını tələb etdiyini görmüş və tez Seyrana kömək edərək həmin şəxsin əlindəki bıçağı yerə atmasına köməklik etmişdir. Hadisə zamanı o xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2026-ci il tarixli qərardan məlum olur ki, fakt üzrə CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır; - xx.xx.2025-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd dəstəyi qara rəngli olan bıçağı təqdim edərək 17 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirməsini təsdiq etmişdir; - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli, 1/3648 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vardır; - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan aydın olur ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Lerik Veri” kafesinin girişindəki bərbərxanada baş vermişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərəfindən keçirilmiş məhkəmətibbi ekspertizanın xx.xx.2025-ci il tarixli, 338 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol saidin kəsilmiş yaraları,kəsici təsirə malik əşya (alət(ola bilsin ki bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən bir gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi A.Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(003)-218/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 ay 26 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 ay 24 gün müddətinə islah işləri cəzası təyin edilmişdir. Bundan başqa o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixində AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən şərti azad edilmişdir; - Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/583/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfikəsici, ucu deşici xüsusiyyətə malik təsəruffat-məişət təyinatlı mətbəx bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir; - xx.xx.2025-ci il tarixli diskə baxış protokolundan görünür ki, 1 nəfər başında kepka, uzun gödəkçə ilə gələrək yanda olan plastik materialından olan ağ rəngli yarı hissəsi şüşədən olan qapını açıb içəri daxil olur, bir neçə saniyyədən sonra həmin qapıdan üzərində bərbər pünyarı olan bir nəfər şəxs çıxır. Bir nəfər şəxs isə əlinda telefon danıșa-danıșa qapıdan içəri daxil olur. Bir neça saniyədən sonra bir nəfər həmin bașında kepka olan șəxsi qapıdan çölə çıxardırlar və həmin şəxs oradan uzaqlaşaraq gedir. Baxış zamanı zərərçəkmiş șəxs Zərərçəkmiş şəxs bildirdi ki, başında kepka əynində gödəkçə olan bərbərxanaya daxil olmuş șəxs Təqsirləndirilən şəxsdur, bərbərxanadan üzərində bərbər punyarı ilə çıxan șəxs onun tanımadığı müştərisidir, Əlində telefonla danışa-danışa bərbərxanaya daxil olan şəxs Şahid1dur, Ceyhunu bərbərxanadan çıxaran şəxs isə əmisi oğlu Seyrandır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 221.3-cü maddəsinə görə bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2023-cü il tarixində cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ekspertiza tədqiqatının dəyəri ondan tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut kimi tanınmış 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində və həmin qərara dəyişikliklər edilməsi haqqında 28 aprel 2025-ci il tarixli 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış və Xəzər RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 330 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 08 saat vaxta görə 88 manat məbləğində, ümumilikdə 418 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar