Məhkəmə qərarları › İş №1(003)-453/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-453/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-453/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ evi 833 “B” ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-258/2022 sayl 04 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, şəffaf rəngli sellofana bükülmüş formada 01 ədəd büküm narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 03 iyun 2022-ci il tarixdə saat 13:05-də Xəzər RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Şimal Dres qəsəbəsi Bağlar yeni yaşayış sahəsi yaxınlığında saxlanılaraq Xəzər RPİ-nə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindəki 01 şəffaf rəngli sellofana bükülmüş, təmiz çəkisi 0,617 qram olan, qəhvəyi rəngli və kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 6-7 ildir ki, narkotik vasitələrə aludə olmuşdur. 03 iyun 2022-ci il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsi ərazisində “Stansiya” adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə 1 büküm narkotik vasitə heroin almış və onu əynindəki qara rəngli şalvarının sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir. Həmin tarixdə günorta saatlarında evdən küçəyə çıxıb şalvarının cibində olan heroini qəbul etmək üçün yaşadığı evdən bir qədər aralaşan zaman Şimal Dres qəsəbəsi Bağlar yeni yaşayış sahəsinin yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda, o, özünü təqdim etmiş, bundan sonra onlar onu Xəzər RPİ-nə dəvət etmişlər. Polis İdarəsində ona narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün oraya gətirildiyi bildirilmiş, hüquqlarının müdafiəsindən ötrü müdafiəçi dəvət edilmiş və təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə ondan üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, onu 03 iyun 2022-ci il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsi ərazisində “Stansiya” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin NMB-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, 03 iyun 2022-ci il tarixdə saat 13:05-də alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Xəzər rayonu Şimal Dres qəsəbəsi bağlar yeni yaşayış sahəsi yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və bu barədə Pois İdarəsinin rəisinin adına raport yazılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, idarəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkilişlə müdafiəçinin, onun və Şahid2 iştirakı ilə Xəzər RPİ-nin NMB-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, onu 03 iyun 2022ci il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsi ərazisində “Stansiya” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 6/3144 nömrəli, 04 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 43” möhür əksi, “1.Təqsirləndirilən şəxs..” və s. soyadlar, imzalar olan bir ədəd zərf təqdim olunmuşdur. Zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,617 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Təmiz çəkisi 0,617 qram olan heroinin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,567 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (bir yüz on) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 14 iyul 2022-ci il tarixli, 3807 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq - hazırkı çəkisi 0,567 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 mart 2005-ci il təvəllüdlü Fatimə Sultanova və 30 aprel 2007-ci il təvəllüdlü Samirə Sultanova adlı yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-390/2020 saylı, 25 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24 iyun 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 15 dekabr 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən X1 barəsində istintaq edilmiş ********* saylı cinayət işi üzrə məhkəməyə göndərilmiş Arayışdan görünür ki, 06 dekabr 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs statusu və 07 avqust 2021-ci il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-390/2020 saylı, 25 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-258/2022 sayl 04 iyun 2022-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 01 oktyabr 2022-ci il tarixli 21-1/3-01-01-8 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-390/2020 saylı, 25 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli Qərarı ilə onun cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 (bir) il azaldılmışdır. Məhkəmə hökmü və onun icrası barədə hakimin göstərişi 15 yanvar 2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum 05 yanvar 2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-258/2022 sayl 04 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəza müddətinin axımı 03 iyun 2022-ci il tarixdə dayandırılmışdır. 03 iyun 2022-ci il tarixə Təqsirləndirilən şəxs cəzasının 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gününü çəkmiş, 07 (yeddi) ay çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-390/2020 saylı, 25 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmış, hazırkı cinayət işi üzrə həbsə alındığı 03 iyun 2022-ci il tarixə üzərində çəkilməmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş qalan 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-390/2020 saylı, 25 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmaqla üzərində çəkilməmiş qalan 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 03 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (bir yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə baxışı zananı 10 saat) ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-390/2020 saylı, 25 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkizı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmaqla üzərində çəkilməmiş qalan 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 03 iyun 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110,00 (bir yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun Müdafiəçi ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar