Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-457/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3də yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-27/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 14 yanvar 2023-cü il tarixdən hesablanan və Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun 14 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 20 radəsində tanışı X1 məqsədi olmadan pulsuz və əvəzsiz olaraq özü istifadə etmək məqsədi ilə 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,315 qram olan narkotik vasitə heroini qanunsuz əldə edərək Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Leon Palace” adı ilə fəaliyyət göstərən şadlıq sarayının qarşısına daşıyaraq üzərində saxlamış və 14 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində Xəzər RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində o, qeyd olunan ünvanda narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman əynində olan tünd qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən X2 əldə etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 0,315 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. 14 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Binə qəsəbəsi 160 saylı marşrut avtobusunun sonuncu dayanacağının yaxınlığında yaşayan “Talıb” adlı şəxslə görüşmüşdür. O, Talıbın narkotik vasitələrdən istifadə etməsini bildiyinə görə ondan özü istifadə etmək üçün “kakos” kimi bildiyi narkotik vasitə heroin istəmiş və bədənində ağrıların olmasını demişdir. Talıb ona heç bir qarşılıq olmadan bir büküm narkotik vasitə heroin vermişdir ki, istifadə etsin və ağrıları keçsin. Talıbın ona verdiyi narkotik vasitənin bir hissəsini istifadə etmiş, digər hissəsini isə üzərində saxlamışdır ki, sonra istifadə etsin. Həmin gün saat 22 radəsində o, Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “LEON PAlACE” şadlıq sarayının qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, sonra onun özünü təqdim etməyini demişlər. O, onlara özünü təqdim etmiş və onlar ona narkotik vasitə saxlamağından şübhəli olduqlarını deyərək onu Xəzər RPİ-nə dəvət etmişlər. Orada olan zaman ona üzərinə videoçəkilişlə şəxsi axtarış, baxış keçiriləcəyi bildirilmiş, o, etiraz etməmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra isə üzərində qanuna zidd əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki tünd qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdəki maddəni çıxardaraq təqdim etmişdir. Onu da bildirir ki, o, tutulan zaman elə hesab etmişdir ki, onun üzərində narkotik vasitə olmasını polis əməkdaşlarına Talıb demişdir. O da qərəzli olaraq Talıbdan pul qarşılığında narkotik vasitə almağını ilkin təhqiqat zamanı izahatında bildirmişdir. Əsl həqiqətdə isə Talıb ona narkotik vasitəni pulsuz və əvəzsiz vermişdir ki, istifadə etsin və bədənində olan ağrılar kəsilsin. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunan hər hansı başqa əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, həmin zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-də CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, yəni mütəmadi olaraq narkotik vasitələrin əldə edilməsi və qəbulu ilə məşğul olan «Sülhəddin» adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və RPİ-nin CAŞnin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 da iştirak etmişdir. 14 yanvar 2023-cü il tarixdə saat 22 radələrində əməliyyat qrupu ilə birgə əməliyyat məlumatı əsasında Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “LEON PALACE” adlı şadlıq sarayının yaxınlığında «Sülhəddin» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi görərək ona yaxınlaşmış və özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar onu Xəzər RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Polis idarəsinə gətirildikdən sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Əvvəlcə ona hüquq vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan tünd qəhvəyi rəngli gödəkcənin sağ cibindən 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş, sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddənin “kakos” kimi bildiyi narkotik vasitə heroindir, onu 14 yanvar 2023-cü il tarixdə səhər saatlarında Binə qəsəbəsi 160 saylı marşrut avtobusunun sonuncu dayanacağı kimi tanınan yerdən “Talıb” adlı şəxs ona vermişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunan hər hansı başqa əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, həmin zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 15 yanvar 2023-cü il tarixli 6/244 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №43” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,315 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 0,315 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,265 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli, 1246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aqsılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlərdə ümumi təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış – 0,265 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir . Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzkirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2023-cü il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1-ci maddəsinə tövsif edilərək barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-27/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərarı ilə 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 14 yanvar 2023-cü il tarixdən hesablanmış, 08 may 2023-cü il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun 14 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində 14 yanvar 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək saxlanıldığı 4 (dörd) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,265 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 30 iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 13 iş saatına görə 78,00 (yetmiş səkkiz) manat olmaqla ümumilikdə 258,00 (iki yüz əlli səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində 14 yanvar 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək saxlanıldığı 4 (dörd) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,265 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 78,00 (yetmiş şəkkiz) manat olmaqla ümumilikdə 258,00 (iki yüz əlli səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-457/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-457/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver