Məhkəmə qərarları › İş №1(003)-458/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-458/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-458/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yeri getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi - 0,321 qram olan kustar üsulla hazırlanmış psixotropik maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 22 fevral 2023-cü il tarixdə saat 17:05-də Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və həmin gün saat 18:20-də Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Həsən Əkbərovun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin qızılı rəngli kağızma bükülmüş 01 büküm təmiz çəkisi 0,321 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, hal-hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Psixotrop maddə istifadəçisidir və təxminən bir ildir ki, istifadə edir. Öz istifadəsi üçün psixotrop maddəni əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alır. Sonuncu dəfə 22 fevral 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadə etmək məqsədi ilə metamfetamin alıb üzərində gəzdirmişdir. Həmin gün yəni, 22 fevral 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qəbulunda şübhəli olduğundan Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirərək təhvil vermişlər. Bundan sonra polis şöbəsində narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün vəkil dəvət olunmuş və o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmiş, bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini və əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməyini bildirmişlər. Başa düşmüşdür ki, polis əməkdaşları üzərinə baxış keçirsələr üzərində olan psixotrop maddəni aşkar edəcəklər, ona görə əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümün içərisində olan psixotrop maddəni təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin psixotrop maddə “şüşə” kimi tanıdığı metamfetamindir. Həmin metamfetamini Suraxanı rayonu ərazisindən öz şəxsi istifadəsi üçün almışdır, başqa məqsədi olmamışdır, həmin maddədən başqa üzərində heç bir qadağan olunmuş əşya və maddə yoxdur. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi olunan psixotrop maddədən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Göstərilən psixotrop maddə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerində qablaşdırılaraq götürülmüş, bu barədə polis əməkdaşı protokol tərtib edib iştirakçılara ucadan oxumuş, protokolun doğruluğu, həmçinin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə qablaşdlırıldığı zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən polis şəbəsinə dəvət olunarkən heç bir fiziki və psixoloji təsirə məruz qalmamışdır. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Qeyd olunanlar nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-də baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, hazırda Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. 22 fevral 2023-cü il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsi, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs anket məlumatlarının müəyyənləşdirilərkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, on və Xəzər RPİ-nin 1-ci PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 22 fevral 2023-cü il tarixdə, saat 17:05 radələrində tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi ərazisində yaşadığı evin yaxınlığında küçədə hərəkətdə olduğu zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr olduğundan Təqsirləndirilən şəxs saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və bu barədə onun tərəfindən tərtib edilmiş raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən təhqiqat şöbəsinə göstəriş verilmiş və araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında onun, Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3, Xəzər RPİnin 1-ci PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid2 və vəkil X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində baxış və şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla baş təhqiqatçı tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir və o, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata almış və şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirərkən orada olan maddənin psixotrop maddəyə bənzər maddə olması aşkar edildi və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə baş təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində baxış və şəxsi axtarış aparılan zaman ona qarşı hər-hansı fiziki təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin polis sahə inspektoru Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarından olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1089 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zərflər üçün №157 dairəvi möhür əksi, “Şübhəli şəxs:... Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,321 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarından olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmişdir və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2152 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidləri, kannabioidlərin və psixostimulyasitorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcduri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,321 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,271 qramı maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, qismində 24 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 fevral 2023cü il tarixdən 24 fevral 2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, 12 evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,271 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (bir yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, 12 evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,271 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110,00 (bir yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 90 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 24 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar