Məhkəmə qərarları › İş №1(003)-46/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-46/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-46/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Naxçıvan MR, Şərur rayonu, Çomaxur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Çomaxur kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, X14 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 23:40 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan tanışları ilə bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Körpü” şadlıq evinin qarşısında Zərərçəkmiş şəxs2 söz atıb sataşaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə qəsdən vuraraq ona sol göz almasının ağlı qişasına qansızma, sol üst və alt göz qapaqlarının qançırları, sağ qulaqarxası nahiyəsinin hematoması və qançırı, sol dirsəyin, sağ dizin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığa yüngül dərəcəli zərər vuran xəsarətlər, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə əli ilə qəsdən vurub ona sağlamlığa zərər vurmayan sağ və sol qulağın sıyrıqları, qarnın, sol budun qançırları xəsarətləri yetirməklə, həmçinin, Zərərçəkmiş şəxs2 məxsus “Hunday-Accent” markalı **-ZU-*** dövlət nömrə nişanlı avtomobilinin sol günzgüsünü sındırıb 440 manat dəyərində maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, atası X4, anası X5 və həyat yoldaşı X7 və himayəsində olan 2015-ci il təvəllüdlü Çiçək və 2020-ci il təvəllüdlü Banu adlı iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. O, əvvəllər heç bir cinayət törətməyə görə məhkum olunmamışdır. Dolanışıq məqsədi ilə “Bakı İnternet” şirkətində fəhlə kimi Bakı şəhərində günəmuzd işləyir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs2 isə 6-7 ay əvvəl Binə qəsəbəsində kafedə görüb tanımış və aralarında normal münasibət olmuş, yəni telefonda dost kimi danışmışlar. O, 31.07.2021-ci il tarixdə saat 19 radələrində Binə qəsəbəsində məhlədən dostu olan Rəfailin Binə qəsəbəsində “Körpü” şadlıq evində keçirilən toy mərasimində iştirak etmək üçün əmisi oğlu X11 ilə birlikdə getmişdir. O, toyda masalardan birində əyləşib əmisi oğlu ilə yeyib spirtli içki qəbul etmişdir. Əmisi oğlunun işi olduğundan o, toydan saat 21 radələrində çıxaraq getmişdir. O, isə şadlıq evində qalmışdır və toyda olarkən o, orada tanışı Diananı görmüşdür, onunla normal salamlaşıb, hal-əhval tutmuşdur. O, toydan əvvəl də bilirmiş ki, dostu Rəfail Diananın bacısı qızı Lamiyə ilə evlənir. O, toyda olarkən Diananın yanında olan eyni masada əyləşən sonradan adının Emin olmasını bildiyi şəxsi tanımamışdır və onunla toy zamanı heç bir ünsiyyəti olmamışdır. Həmin gün saat 23:30 radələrində o, “Körpü” şadlıq evinin qarşısında bayırda dayanıb siqaret çəkərkən Diananın gəlin avtomobilin yanında toy iştirakçıları və Emin adlı şəxslə birlikdə dayanmasını və toyun pulunu müzakirə etmələrini görüb, Dianadan soruşmuşdur ki, “Nolub, salamatçılıqdır?”. Diana da ona hər şeyin qaydasında olmasını demişdir. Bu zaman Diananın yanında olan şəxs, yəni Emin ona yaxınlaşaraq qoluna girmiş və demişdir ki, “Gedək qırağa söhbət edək, sənə deyəcəm salamatçılıqdır, ya yox?”. O, da onunla şadlıq evinin qarşısında 10-15 metr kənara çəkilmişlər. Emin ondan soruşmuşdur ki, o kimdir ki Dianadan söz soruşur. O, da Eminə demişdir ki, tanışdırlar, normal söz soruşur. Bu zaman Eminlə aralarında mübahisə düşmüş və Emin ona əl-qol hərəkəti edərək onu təhqir etdikdə o, Eminin sifətinə və bədəninə yumruq və təpik zərbələri vuraraq dalaşmışlar. Emin də ona yumruq atsa da, o Eminin zərbələrindən yayınsa da sifətinə bir-iki zərbəsi dəymişdir. Bu zaman Diana oraya yaxınlaşıb ona qışqıraraq uşağının atasını niyə döyməsini dedikdə o başa düşmüşdür ki, Emin onun keçmiş əridir. Ətrafa yığılan toya gələn şəxslər onları aralaşdırmışlar. O, yolun kənarına keçmiş və əmisioğlu Turana zəng vuraraq ona dalaşmağını demişdir və Turan onu sakitləşdirirərək, avtomobillə adam göndərəcəyini onu aparacağını demişdir. Təxminən 10 dəqiqə sonra Binədə yaşayan əmisioğlu və onun ortaq tanışı Nicat adlı şəxs “Renault Megane” markalı avtomobili ilə gəlmiş və o, Nicatın avtomobilinə əyləşmişdir, avtomobillə şadlıq evinin qarşısından keçib gedəndə görmüşdür ki, Emin adlı şəxs yolun kənarı ilə piyada gedir. O, avtomobildən düşüb onu səsləyib demişdir ki, bəs onu tanımamışdır, gəl gedək söhbət edək üzrxahlığını da etsin. Lakin, Emin bu zaman ona yumruq atmış, o, da yenə əsəbləşmiş və ona badalaq verərək yerə yıxmışdır. Bu zaman Nicat arxadan onu qucaqlayıb avtomobilinə əyləşdirmiş və onu oradan uzaqlaşdırmışdır. Həmin münaqişə 31.07.2021-ci il tarixdə saat 23:40 radələrində Binə qəsəbəsi, “Körpü” şadlıq evinin qarşısında yolun səki hissəsində Eminin onu kənara çəkib təhqir etməsi səbəbindən aralarında baş vermiş, həmin dava-dalaş 10 dəqiqə davam etmiş və ətrafdakı şəxslərin onu ayırması ilə sona çatmışdır. İkinci dəfə isə 2 dəqiqə davam etmiş, 01.08.2021-ci il tarixdə saat 00:15 radələrində o barışıq məqsədi ilə Eminə şadlıq evinin yaxınlığında yenidən Emin onu səhv başa düşərək ona hücum çəkməsi səbəbindən baş vermiş və o, Emin onun ayağına badalaq vurduqdan sonra onun yerə yıxılması və Nicatın onu ayırması ilə sona çatmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda anası və öz uşağı ilə birlikdə yaşayır. O Zərərçəkmiş şəxs1 ilə 2012-ci ildə kəbin nikahı ilə ailə qurmuş və həmin nikahdan 2013-cü il təvəllüdlü Ayan Bayramova adlı qız övladı vardır. 2018-ci ildən etibarən isə artıq Zərərçəkmiş şəxs1 ayrılmışdır. O 2020-ci ildə “Hunday-Accent” markalı **-ZU-*** dövlət nömrə nişanlı 2015-ci il buraxılışlı ağ rəngli avtomobil almış və texniki passport öz adınadır və özü idarə edir. 31.07.2021-ci il tarixdə bacısı Ziba Rəhmanovanın qızının toy mərasimi ilə bağlı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Körpü” şadlıq evinə keçmiş əri Zərərçəkmiş şəxs1la və azyaşlı qızı Ayanla birlikdə öz idarə etdiyi “Hunday-Accent” markalı **-ZU-*** dövlət nömrə nişanlı avtomobil ilə getmişdir. Belə ki, toy mərasiminə Emin də onunla getmək istəməsinə görə o da onun xahişini yerə salmamışdır. Həmin gün toyda iştirak etdikdən sonra saat 23:50 radələrində qızı və Eminlə birlikdə toydan çıxıb öz avtomobilinə tərəf gedərkən orada bəy tərəfdən qonaq gələn və onu tanıyan Nural adlı şəxs arxadan səsləyərək “Bir dəqiqə olar səni” dediyini eşitsə də, onun sərxoş olmasını bildiyi üçün ona baş qoşmamışdır. Lakin bu vaxt Emin Nuralın onu çağırmasını eşidərək arxaya çevrilərək nə səbəbə onu çağırmasını soruşduqda, Nural Eminə yaxınlaşaraq onun qoluna girmiş və “bir dəqiqə səninlə işi var, gəl keçək kənara” deyərək onu şadlıq evinin yan tərəfinə apararkən ani anda Nural əlinin yumruq zərbəsi ilə sifətinə vurmuş və Emin müvazinətini itirib yerə yıxılanda yerdə yumruq və təpik zərbələri ilə döyməyə başlamış, o Emini qorumaq üçün araya girəndə Nural təpiklə ayağına, əli ilə başına, qarnına bir neçə dəfə vurmuş və avtomobilinin yanında hadisə baş verdiyi üçün elə Nural yaxında olan avtomobilinin güzgüsünü vurub sındırmışdır. Həmin vaxt ətrafa Nuralın dostları və tanışları yığışmış, onlardan arıq bədənli “VAZ 2107” sürən oğlan və 2-3 nəfər Nuralın tanışları da Emini yerdə olarkən təpik və yumruq zərbələri ilə döymüşlər. Ətrafa yığılanlardan bəziləri isə onları ayırmışlar. Emin isə yerdə oturub əlləri ilə başını tutmuşdur. O da artıq azyaşlı qızını götürüb aralaşıb, avtomobilinə əyləşmiş və avtomobili sürüb qarşı yola tərəf dönüb saxlamışdır ki, Emin də gəlib minsin ki, onu da aparsın. Emin də yolu keçib onun avtomobili tərəfə gəldikdə onun arxası ilə Nural və 5-6 nəfər dostları Emini qaçaraq onu təqib etməyə başlamışlar. Emini həmin yolun kənarında Nural ayağına badalaq vuraraq yerə yıxmış, sonra Nural və yanındakı tanış və dostları Emini yumruq və təpik zərbələri ilə vurmağa başlamışlar. O avtomobillə ora yaxınlaşıb pəncərədən onlara Emini vurmamaları üçün qışqırdıqda Nural ona tərəf hücum çəkib yumruqla qulağından vurmuş, artıq o orada qala bilməmiş və azyaşlı qızı Ayan ağladığı üçün avtomobili sürüb oradan uzaqlaşmışdır. Həmin hadisədən sonra qızı Ayan sarsıntı keçirdiyi üçün onunla məşğul olmuş və səhəri gün, yəni 02.08.2021-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir, sonra isə təhqiqatçının göndərişi əsasında məhkəmə-tibbi ekspertizasından keçmişdir. Nural adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini bilir, Binə qəsəbəsində, Mehriban Qonşular küçəsində yaşayır və çox vaxt Binədəki müxtəlif kafelərdə oturur. Hadisə zamanı ona məxsus “Hunday-Accent” markalı **-ZU-*** dövlət nömrə nişanlı avtomobilinə 440 manat dəyərində maddi ziyan dəymiş, belə ki, avtomobilin sol qapısının güzgüsü sınmışdır. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmir. O Zərərçəkmiş şəxs2 ilə 2004-cu ildə tanış olmuş və ailəsindən əlavə onunla da ər-arvad kimi münasibəti olmuşdur. Diana ilə olan qeyri-rəsmi ailə münasibətindən 2012-ci ildə Ayan Bayramova adlı qız övladı olmuşdur. Bunu onun rəsmi həyat yoldaşı Rəqsanə Bayramova da bilir və uşağına görə razılaşmış və artıq 2016-cı ildən artıq o Diana ilə yaşamır. 31.07.2021-ci il tarixdə Binə əqəsəbəsində Körpü şadlıq evində Diananın bacısının qızı X3 toy mərasimi olmuş və o da Diana ilə razılaşmaqlarına əsasən həmin toy mərasiminə birlikdə onun “Hundai” markalı avtomobili ilə saat 18 radələrində qızları Ayanla birlikdə gəlmişlər. Həmin toy normal keçmiş və onlar masada əyləşib mərasimdə iştirak etmişlər. Daha sonra təxminən saat 23:40 radələrində şadlıq sarayından çıxıb Diana ilə onun avtomobilinə tərəf gedərkən şadlıq evinin həyətində küçədə tanımadığı şəxs Zərərçəkmiş şəxs2 söz ataraq sataşmışdır. Bundan sonra o həmin şəxsə yaxınlaşaraq sataşdığı şəxsin onun həyat yoldaşı olmasını bildirdikdə həmin şəxs əlini onun boynuna atıb onu boğmaq istədiyi zaman onları yanlarında olan tanımadığı toya gələn şəxslər ayırmışdır. O daha həmin şəxsə baş qoşmamışdır və o Diananın avtomobilinə əyləşib evə getməyə başlamışlar. Lakin sonradan Diana ona baldızı Qəmər Rəhmanovanın dalınca şadlıq evinə qayıtmağını demişdir. O da özü onun avtomobildən düşərək piyada Körpü şadlıq evinə qayıtmışdır. Diana da avtomobili döndərib şadlıq evinə qayıtmışdır ki, bacısı Qəməri götürsün. Bu zaman sonradan adının Nural olmasını bildiyi şəxs yanına əlavə 4-5 nəfər şəxlə şadlıq evinin qarşısında küçədə ona yaxınlaşmış və onlardan biri avtomaşını saxlayıb ondan avtomobilə oturmağı və onunla söhbət edəcəyini bildirmişdir. O da buna etiraz etmiş və bu zaman Nural əlinin yumruq zərbəsi ilə onun sifətinə vurmuşdur və o müvazinətini itirib yerə yıxılanda Nural və yanındakı 4-5 nəfər tanımadığı şəxslər onu yumruq və təpik zərbələri ilə döyməyə başlamışlar, onu qorumaq üçün Diana araya girəndə Nural təpiklə onu da vurmuşdur və avtomobilinin də güzgüsünü vurub sındırmışdır. Həmin vaxt ətrafa Nuralın tanışları və ayırmaq istəyən toya gələnlər yığışmışlar. O Nuralın və yanındakı şəxslərin zərbələrindən özünü əlləri ilə qorumağa çalışmış, ətrafda yığılanlardan bəziləri onu Nuralın əlindən almışlar. Daha sonra qadınlar və kişilər ora yığışanda Nural və yanındakılar çıxıb getmişlər. O da bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir və daha sonra ərizə, izahat verdikdən sonra göndəriş əsasında bir gün sonra məhkəmə-tibbi ekspertizasından keçmişdir. Həmin hadisə 31.07.2021-ci il tarixdə saat 23:40 radələrində Binə qəsbəsi, “Körpü” şadlıq evinin qarşısında sonra isə üzbəüz yolun kənarında baş vermiş və təxminən 15-20 dəqiqə davam etmişdir. Onu vuran şəxsləri əvvəllər tanımamış, yalnız Nural adlı şəxsi Diana tanıyır və o da toyda ilkin olaraq Nuralla mübahisəsi düşmüş, sonradan Nural və ətrafdakı 4-5 nəfər şəxslərlə birlikdə onu yerə yıxıb əl və ayaq zərbələri ilə döyərək ona müxtəlif bədən xəsarətləri yetirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, Şahid1 2 ildir ki, tanıyır və birlikdə şərikli Binə qəsəbəsində idman zalı işlədirlər. Rəsmi olaraq isə H.Əliyev adına hava limanında qeyri standart baqajın emalı şöbəsində nəzarətçi işləyir. Təqsirləndirilən şəxs isə Turanın əmisi oğlu kimi Binə qəsəbəsindən tanımış, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs2 da əvvəllər tanımamış və aralarında heç bir münasibəti olmamışdır. 31.07.2021-ci il tarixdə saat saat 23:50 radələrində o Binə qəsəbəsində idman zalında olarkən şəriki Turan onun mobil nömrəsinə zəng edərək ondan xahiş etmişdir ki, özünü Binə qəsəbəsinə “Körpü” şadlıq evinə çatdırsın, belə ki, oraya toya gedən əmisi oğlu Təqsirləndirilən şəxs kiminləsə dava etmişdir və onu götürüb Binə qəsəbəsinə evinə gətirsin, özünün də oraya taksi ilə gələcəyini demişdir. O da razılaşmışdır və təxminən 10 dəqiqə sonra özünə məxsus “Reno Megan” markalı **-RF-*** dövlət nömrə nişanlı qara rəngli avtomobili ilə Binə qəsəbəsinə, yolun kənarında olan “Körpü” şadlıq evinin qarşısına gəlmişdir. Turan da həmin ərəfədə oraya çatmışdır. Artıq 01.08.2021-ci il saat 00:10 radələrində o Turanla birlikdə Nuralın dayandığı yerə gəlib avtomobili saxlayıb düşmüş və Nuraldan nə baş verməsini soruşmuşlar, o isə demişdir ki, gözləyin həmin adamı tapım, söhbəti aydınlaşdıraq. Turan və o isə ona demişlər ki, lazım deyil uzatmasın və onu avtomobilinə əyləşdirmişlər. Daha sonra o avtomobili sürüb uzaqlaşmaq istədikdə, Nural yolun kənarında avtomobili saxlatmışdır ki, yolda keçən tanış qadın və iki uşaqlarını götürüb Binəyə aparaq, o da razılaşmışdır, avtombili saxlamış və Nural maşından düşmüş, lakin, həmin vaxt sonradan adının Emin olmasını bildiyi şəxsi görüb onun üstünə getmişdir. O və Turan da avtomobildən düşmüşlər və Nural həmin şəxslə mübahisə etməyə başlamışdır və ayağı ilə badalaq vuraraq onu yerə yıxmışdır. O isə tez Nuralı arxadan tutaraq yerə yıxdığı şəxsi vurmasına imkan verməmiş və onu aralayıb Turanla birlikdə öz avtomobilinə əyləşdirmişdir və onu Binə qəsəbəsinə aparıb Turanla birlikdə çay içib onu sakitləşməyindən əmin olduqdan sonra onu Binə qəsəbəsinə evinə aparmışlar və onlar da çıxıb öz evlərinə getmişlər. Nuralla söhbət zamanı, o sərxoş olduğu üçün Rəfailin evləndiyi qız tərəfdən qohumu olan adını bilmədiyi şəxslə aralarında söz mübahisəsi olmasını və sonradan əlbəyaxa dalaşmasını demişdir. Həmin münaqişə zamanı Zərərçəkmiş şəxs1 vurmamış, Nuralın kiminlə dalaşmasını bilməmiş, hadisədən sonra ora yaxınlaşmış, Nuralı danlayıb avtomobilinə əyləşdirib aparmaq istədikdə o yenə avtomobildən düşüb dalaşdığı şəxsə yenidən hücum etdikdə o Nuralı tutub aralaşdırıb hadisə yerindən uzaqlaşdırmışdır ki, dava böyüməsin. O həmin gün heç kimlə dalaşmamış və heç kimi vurub xəsarət yetirməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O dolanışıq məqsədi ilə dostu Nicat adlı Lənkəran rayonundan olan şəxslə birlikdə Binə qəsəbəsində idman zalı işlədir və ağır çəki qaldırma üzrə müəllim işləyir, Azərbaycan Milli komandasının üzvüdür. Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. 31.07.2021-ci il tarixdə Binə qəsəbəsindən tanıdığı Rəfail adlı şəxsin toy mərasimi olmuş və o da dəvət edildiyi üçün gəlin avtomobil kanvoyunu VAZ 2107 markalı Nuralın idarə etdiyi avtomobillə müşayiət edərək həmin gün saat 18 radələrində Xəzər rayonu, Binə qəsəbəsi “Körpü” şadlıq evinə gəlmişlər. O Nuralla birlikdə şadlıq evində bir masada əyləşmişlər, Nuraldan başqa həmin masada onun tanış və dostları əyləşmişdir, lakin o onları tanımır. O toyda yemək yemiş, lakin spirtli içki içməmişdir və toyun pulunu yazdırıb təxminən saat 21 radələrində çıxıb Binə qəsəbəsinə iş yerinə getmişdir. Daha sonra həmin gün Nural onun mobil nömrəsinə saat 23 radələrində zəng edərək harada olmağını soruşmuş, o da Binə qəsəbəsində idman zalında olduğunu və bağlayıb çıxacağını demişdir və ondan nə səbəbə soruşmasını maraqlandıqda, Nural bildirmişdir ki, toydan çıxanda bir nəfər şəxslə dalaşmasını və onu gəlib aparmağını xahiş etmişdir. O Nuralı sakitləşdirmiş və şəriki Nicatın “Reno” markalı qara rəngli avtomobili ilə Nicatla “Körpü” şadlıq evinə 20 dəqiqəyə gedib çatmışlar. Artıq 01.08.2021-ci il saat 00:20 radələri olarmış, o Nuralın dayandığı yerdə avtomobili saxlayıb düşmüş və Nuraldan nə baş verməsini soruşduqda o demişdir ki, gözləyin həmin adamı tapım, söhbəti aydınlaşdıraq. O isə Nurala demişdir ki, lazım deyil uzatmasın və onu Nicatın avtomobilinə əyləşdirmişlər. Daha sonra isə o Nuralın sakitləşməyindən əmin olduqdan sonra onu Nicatla birlikdə Binə qəsəbəsinə evinə aparmışlar və onlar da çıxıb öz evlərinə getmişlər. Nuralla söhbət zamanı, Nural ona sərxoş olduğu üçün Rəfailin evləndiyi qız tərəfdən qohumu olan adını bilmədiyi şəxslə aralarında söz mübahisəsi olmasını və sonradan əlbəyaxa dalaşmasını demişdir. Nuralın həmin vaxt əlində xəsarətlər olmuş, əlini dəsmalla bükmüşdür və ondan soruşduqda, Nural ona dava-dalaş zamanı avtomobilin güzgüsünə yumruq atması ilə izah etmişdir, daha o kimin avtomobili olmasını maraqlanmamışdır. O Təqsirləndirilən şəxs yanına gecə saatlarında Nicatla birgə gələndə orada dava-dalaş olmamış və yolun kənarında Nuralın tanışları ilə birlikdə dayanmasını görüb onu avtomobilə əyləşdirib aparmışlar. O və Nicat həmin dava dalaşda iştirak etməmiş və heç kimi döyməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 10 avqust 2021-ci il tarixli, 909 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz almasının ağlı qişasının qansızması, sol üst və alt göz qapaqlarının qançırarı, sağ qulaqarxası nahiyənin hematoması və qançırı, sol dirsəyin, sağ dizin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən 31.07.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 10 avqust 2021-ci il tarixli, 912 saylı ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ və sol qulağın sıyrıqları, qarnın, sol budun qançırları küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmətibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 31.07.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28.10.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 18.10.2021-ci il tarixli protokoldan görünür ki, 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Musa Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 572058 saylı, 09 mart 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası Aynur İsmayılova olan X9 08.10.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.03.2021-ci il tarixdə 1624 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 572059 saylı, 09 mart 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası Aynur İsmayılova olan X8 21.03.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.03.2021-ci il tarixdə 1625 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Xəzər RPİ tərəfindən 11 may 2022-ci il tarixli, 055-10492-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin İstintaq Şöbəsində AR CM-nin 221.2.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxsla əlbir olan bir qrup naməlum şəxs barəsində ayrılmış ********* nömrəli cinayət işi üzrə qeyd olunan naməlum şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından həmin cinayət işi üzrə icraat AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 26.04.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 26.04.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12, 59.1.13 maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşmasn olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.10.2021-ci il tarixdən 20.10.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, X14 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar