Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-46/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Migar Namizəd qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Sabir qızının iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Buzobna qəsəbəsi A.Rəhimov küçəsi 9-cu döngə ev 7 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanının yaxınlığına kimi daşımış, həmin gün saat 09:05 radələrində Xəzər RPl-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 11:00- da 2-ci PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,336 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında olarkən evinin qapısı döyülmüşdür. Çölə çıxanda 2 nəfər şəxs onu çağırmışdır. Həmin şəxslər maşında olan adamı tanıyıb-tanımamasına baxmasını istəmişlər. O, isə razı olmamışdır. Sonra həmin şəxslər polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, isə xəstə anası olduğunu deyib razılaşmamışdır. Bu zaman polis əməkdaşları onu tutmuşlar. Sonra polislər onu zorla maşına mindirib polis şöbəsinə aparmışlar. Təxmini olaraq səhər saat 9 radələrində tutulmuşdur. Həmin vaxtı üzərində narkotik vasitə olmamışdır. Tutulduqdan sonra onu 2-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində üzərini axtarmışlar, lakin narkotik vasitə aşkar edilməmişdir. Edilmiş təzyiqlərdən çəkinərək üzərində narkotik vasitə olmasını demişdir. Onun heç bir təqsiri yoxdur. Onun evindən aparılmasını videomüşahidə kameraları çəkmişdir. Həmin videogörüntüləri təqdim etmişdir. Qeyd olunanları nəzərə alıb barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 oğlu göstərdi ki, 22 aprel 2024-cü il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan “Vüsal” adlı şəxsin yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Bununla bağlı “Vüsal” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu bilinmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun və Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 22 aprel 2024-cü il tarixdə, saat 09:05 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq 2-ci PŞ-nə dəvət edilmişdir. Şöbənin inzibati binasında onun, Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi Şahid2 və vəkilin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış, baxış və götürmə keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü araşdırmaya təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman ona qarşı hər-hansı psixoloji təsir və ya fiziki təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında verilən suala cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs aprel ayında əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq 2-ci PŞ-nə dəvət etmişlər. Onlarda əvvəldən məlumat var idi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Bölməyə gətirildikdə üzərinə baxış keçirildi, 01 ədəd büküm çıxdı. Özünün olduğunu etiraf etdi. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman ona qarşı hər-hansı psixoloji təsir və ya fiziki təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Şahid2 verdiyi ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09.05-də Təqsirləndirilən şəxs tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00-11:20 radələrində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilərkən o, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində narkotik vasitə -heroin olan bükümü təqdim etmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2189 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş: DİN "Arayışlar üçün N 193" dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli, 4056 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumatlara əsasən koordinatlar üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:00-dan saat 09:06-dək yaşayış yerində (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağaəmi Rəhimov küçəsi, 9-cu döngə, ev 7) olmuş, saat 09:07-də hərəkətı başlayaraq saat 09:15-dən saat 16:14-dək Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində, saat 16:27-dən başlayaraq həmin rayon Polis İdarəsində saxlanılmışdır; - Məhkəmə iclasında video diskdə olan görüntülərə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, 22 aprel 2024-cü il tarixdə səhər 09:03:05 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yanında 02 (iki) avtomobil saxlayır. Sonradan polis əməkdaşları olduğu bilinən şəxslər düşərək evə daxil olur. Bir qədər sonra həmin şəxslər Təqsirləndirilən şəxs evdən çıxararaq gəldikləri avtomobilə mindirib aparırlar. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.2-ci maddəsinə görə cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.7-ci maddəsinə görə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə görə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham axtarış və baxış keçirilməsi haqqında protokola, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə əsaslanmışdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, şahid Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs yaşayış evinin yaxınlığında saxladıqlarını bildirmişdir. Digər şahid Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi vəzifəsində xidmət edən Şahid2 isə ona məxsus telefon nömrəsinin anten dairəsinin əməliyyat tədbiri zamanı digər ərazidə olmasını izah edə bilməmişdir. Axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokola münasibətdə məhkəmə hesab edir ki, bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin protokolun sübutedici qüvvəsi yoxdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində, yaşadığı evin yaxınlığında saxlanılmış, sonra isə polis şöbəsinə gətirilmişdir. Halbuki, videodiskdə olan görüntülərdən və Bakı Şəhər Probasiya İdarəsinin cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs həmin gün saat 09:06-dək evində olmuşdur. Bu hallar isə şahid qismində ifadə verən polis əməkdaşlarının ifadələrinə şübhə ilə yanaşmağa və mötəbər sübut kimi qəbul etməməyə əsaslar verir. Bundan başqa Təqsirləndirilən şəxs tutulandan dərhal sonra hadisə yerində üzərinə baxış keçirilməməsi, 2-ci Polis Şöbəsinə aparılması, bu zaman üzərinin yoxlanması zamanı narkotik vasitənin aşkar edilməsi əsaslı şübhələr doğurur. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olması ehtimal olunsa belə, bu müddət ərzində onu özündən kənarlaşdırmaması (tullamaması) məhkəmə tərəfindən inanadırıcı qəbul edilmir. Ekspertiza rəylərinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyi yalnız təqdim edilmiş kütlənin narkotik vasitə olması faktını təsdiq etsə də, onun Təqsirləndirilən şəxs aidiyyatına dair heç bir sübut əhəmiyyəti təşkil etmir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 4056 saylı rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyini müəyyən etsə də, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu qəbul etmiş və bununla əlaqədar olaraq CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Bu səbəbdən də bu ekspertiza rəyidə hazırki ittihamın əsası kimi qəbul oluna bilməz. Eyni zamanda məhkəmə istintaqı zamanı iş materiallarını tədqiq edərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saat 22 aprel 2024-cü il tarixdə 09:06 radələrində evdə olmuş, lakin şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09:05-də yaşadığı evin yəni ünvan 5 ünvanının yaxınlığında tutulmuşdur. Halbuki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd dvd diskə baxış keçirilərkən müəyyən edilir ki, polis işçiləri Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq onu yaşadığı evindən çıxararaq Polis Bölməsinə aparılılar. Qeyd edilənlərdən aydın görünür ki, ibtidai istintaq hərəkətləri kobud pozuntular edilərək aparılmışdır. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X3 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına, həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi–hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən həmin əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən narkotik vasitə - heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,336 qram narkotik vasitə - heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Xəzər RPİ-nin saxlanc otağında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə belə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 114 məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2, 42, 346-349, 350-353 və 356, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin . Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,286 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Xəzər RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin narkotik maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə Sabir qızı tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 68 saat vaxta görə 748 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-46/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-46/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver