Məhkəmə qərarları › İş №1(003)-464/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-464/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-464/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq qəsəbəsidəki nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin gümüşü kağızına bükülmüş formada 01 ədəd büküm kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 yanvar 2023-cü il tarixdə saat 11:00-da Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən “4 yol” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİnin 2-ci PŞ-nə aparılmış və orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,501 qram olmaqla ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,493 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən “Real” marketin yaxınlığına qədər saxlamaqla daşımış, 01 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən “Real” marketin yaxınlığında Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 2-ci PŞ-nə aparılmış və orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,493 qram olmaqla ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 10 ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. 06 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Suraxanı qəsəbəsinə getmiş və orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin almışdır. Elə həmin gün saat 11:00 radələrində Binə qəsəbəsi Atçılıq massivində yerləşən “4 yol” marketin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ondan da özünü təqdim etməsini tələb etmişlər. O, özünü onlara təqdim etdikdən sonra onlar onun narkotik vasitələrdən istifadə etməyi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onu Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. O etiraz etməyib onlarla birlikdə 2-ci PŞ-nə getmişdir. Polis şöbəsində narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün vəkil dəvət olunmuş və o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və əvvəlcə əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməyini təklif etmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü cibindən çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin 01 büküm psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadə etmək məqsədi ilə bir ədəd gümüşü kağıza bükülmüş içərisində adını “şüşə” kimi bildiyi metamfetamin adlı psixotrop maddəni alıb üzərində gəzdirmiş, həmin gün axşam saatlarında Binə Atçılıq qəsəbəsində yerləşən “Real” marketin yaxınlığında küçədə piyada hərəkətdə olan zaman mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Onlar ondan adını soruşduqda o da onlara özünü təqdim etmişdir. Bundan sonra onlar onu 2-ci PŞ-nə dəvət etmiş, o da könüllü olaraq onlarla birlikdə 2-ci PŞ-nə gəlmişdir. PŞ-də narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün vəkil dəvət olunmuş və o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və əvvəlcə əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməyini təklif etmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü cibindən çıxararaq təqdim etmiş və sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin 01 büküm psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Törətdiyi əməlləri etiraf edir və peşmançılıq çəkir, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunun nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 06 yanvar 2023-cü il tarixdə saat 11:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və özünün iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Binə qəsəbəsi, Atçılıq massivində yerləşən “4 yol” marketin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Xəzər RPİ-nin 2ci PŞ-nə gətirilmiş və bu barədə Polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkilişlə müdafiəçinin və 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə təhqiqatçı, polis leytenantı Nicat Cahangirov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən baxış zamanı bükümün içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən, o, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, onu Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan psixotrop maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 Ağabala oğlu göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmişlər və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zaur adlı şəxsin xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Binə atçılıq qəsəbəsi, “Real” marketin yanında yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə 1-ci PŞ-nə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa, könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş maddəni təqdim edib narkotik vasitə olan “şüşə” deyilən metamfetamin olduğunu, onu xx.xx.2023-cü il tarixdə günorta saatlarında Maştağa qəsəbəsində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açıldıqda psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan psixotrop maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 Ağabala oğlunun göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/635 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vətəndaş Təqsirləndirilən şəxs …» sözlər və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,493 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,493 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 0,443 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/54 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vətəndaş Təqsirləndirilən şəxs …» sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,501 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,501 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 0,451 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manat təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - 0,493 qram və 0,501 qram çəkidə psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalıq – 0,442 qram və 0,451 qram çəkilərdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 yanvar 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə təyin edilmiş cəzadan azad edildiyindən, qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənii əldə edib saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 6 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 7 yanvar 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 1 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 3 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 6 yanvar 2023cü il tarixdən 7 yanvar 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün və 1 fevral 2023-cü il tarixdən 3 fevral 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün, cəmi 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,442 qram və 0,451 qram çəkilərdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 136,00 (yüz otuz altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X1, X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 30 iş saatına görə 180,00 (yüz səksən) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 10 iş saatına görə 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 7 iş saatına görə cəmi 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 222,00 (iki yüz iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 6 yanvar 2023-cü il tarixdən 7 yanvar 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün və 1 fevral 2023-cü il tarixdən 3 fevral 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün, cəmi 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 03 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,442 qram və 0,451 qram çəkilərdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 136,00 (yüz otuz altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləi X1 180,00 (yüz səksən) manat və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 222,00 (iki yüz iyirmi iki) məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar