Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-466/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən ictimai yer hesab olunan «Təndir» restoranın həyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hərəkətlər edərək heç bir əsasılı səbəb olmadan həmin yerdə olan kənar şəsxlərin gözü qarşısında Zərərçəkmiş şəxs ilə mübahisə edib yumruqla qəsdən sonuncunun baş nahiyəsinə zərbə endirib zərərçəkmiş şəxsin təpə nahiyəsinin, sağ almacıq nahiyəsinin hematomaları, sağ almacıq nahiyəsinin qansızması, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının yumşaq toxumalarının postravmatik gərilməsi və əzilməsi ilə nəticələlən sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarəti yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanliq hərəkətləri etmişdir. Məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Buzovna qəsəbəsində yerləşən «Təndir» adlı kafedə ofisiant işləyir. Zərərçəkmiş şəxs dəfələrlə kafeyə gəldiyi müddətdə ona xidmət göstərmişdir. 19 aprel 2022-ci il tarixdə, saat 16-17 radələrində Hüseyn adlı iş yodaşı ilə kafenin giriş qapısının qarşısında dayanıb telefonda gülməli videoçarxa baxıb yüksək səslə gülərkən kafenin qarşısından maşınla keçən Zərərçəkmiş şəxs maşını saxlayıb onun ünvanıma nalayiq ifadə işlədərək nə üçün güldüyünü soruşmuşdur. O isə ona əhəmiyyət verməmişdir. Lakin Mərhəmət yenə onu təhqir etmiş və maşından düşüb üzərinə hücum edərək yumruq və sillə ilə onu vurmaq istəmişdir. O, kafenin həyətinə daxil olmuş və Mərhəmət yenə də, onun üzərinə gəlmişdir. Mərhəmətin onu vuracağını fikirləşib yumruqla onun sifətindən bir dəfə vurmuşdur. Həmin vaxt kafeni işlədən Azad adlı şəxs də, orada olmşdur. Törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsiri onun əməlini etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Təndir» adlı kafedə yemək yeyib, çay içmişdir. Kafedə ofisiant işləyən Rəvan adlı uşaq ona xidmət etmişdir. Sonuncu dəfə 19 aprel 2022-ci il tarixdə, saat 16:30 radələrində idarə etdiyi avtomobillə kafenin qarşısından keçərkən kafenin çöl qapısının qarşısında dayanan Rəvan və tanışı onu görən kimi uca səslə biədəb səs çıxarmışdır. Həmin səsi ona çıxardığını düşünüb Rəvana həmin səsi öz valideynlərinə çıxarmasını demişdir. Rəvan kinayə ilə ona «yaxşı get-get» demişdir. Maşını sürüb getmək istədikdə Rəvan təkrar eyni səsi çıxarmışdır. O, maşından düşərək Rəvanın yanına gəlmiş və sözlə mübahisə etmişlər. Rəvan uşaq olduğu üçün kafeyə daxil olaraq kafenin sahibinə iradını bildirmək istəmişdir. Lakin Rəvan onun kafeyə girməsinə mane olmaq üçün sinəsindən itələmiş, lakin o, içəri girmişdir. Kafenin həyətində əlbəyaxa olmuşlar və Rəvan sol əli ilə başının sağ tərəfindən zərbə vurmuşdur. Kafedə olan tanımadığı müştərilər onu tutub saxlamışlar, Rəvan isə qaçıb getmişdir. O, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə 2-ci Polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş 420 manat məbləğində ziyanın ödənilməsini tələb etdiyini bildirdi, Təqsirləndirilən şəxs ağır cəzanın təyin edilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Təndir» adlı kafedə ofisiant işləyir. Zərərçəkmiş şəxs həmin kafeyə gəlib-getdiyi üçün tanıyır. 19 aprel 2022-ci il tarixdə, saat 16 radələrində kafedə ofsiant işəlyən Rəvan ilə birlikdə kafenin giriş qapısının qarşısında telefonda gülməli videoçarxa baxıb yüksək səslə gülərkən kafenin qarşısından maşınla keçən Mərhəmət maşından düşmədən Rəvanın ünvanıma nalayiq ifadə işlədərək gülməsinin səbəbini soruşmuşdur. Lakin onlar əhəmyyət verməyib ona gülmədiklərini demişlər. Mərhəmət maşını sürüb getmək istədikdə yenə uca səslə gülmüşlər. Bundan sonra Mərhəmət maşını saxlayıb Rəvanı təhqir edərək onun üstünə gəlmişdir. Onun gəldiyini görüb kafenin həyətinə daxil olmuşlar və orada Rəvan ilə Mərhəmət əlbəyaxa olmuşlar. Rəvan qaçıb soyuducunun arxasına keçmiş və qəflətən Mərhəmətin baş nahiyəsinə yumruq ilə bir dəfə vurmuşdur. Kafedə olan müştərilər və kafeni işlədən Azad onları ayırmış, Rəvanı və onu kafenin otağına salmışlar. Bundan sonra baş verənlərlən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 28 aprel 2022-ci il tarixli, 414 nömrəli rəyindən görünür ki, “1. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-təpə nahiyəsinin, sağ almacıq nahiyəsinin hematomaları, sağ almacıq nahiyəsinin qansızması, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının yumşaq toxumalarının postravmatik gərilməsi və əzilməsi küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun «X2» X1 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 29 aprel 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir.
2. Hadisə haqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur”. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 17 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 2005-ci ildə Şəki şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 17 (on yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, 102 (yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ :
Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 102 (yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Əkrəm Qəhrəmanov