Məhkəmə qərarları › İş №1(003)-468/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-468/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-468/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şuşa şəhəri M.P.Vaqif küçəsi ev 3 mənzil 11-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Günəşli” sanatoriyasında yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-518/2023 saylı 14 iyul 2023-cü il tarixli hökmü ilə cəzaçəkməsinin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və hazırda həmin cəzanı çəkən, hazırkı cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,693 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Xəzər RPİnin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtaış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 16:00-də Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi «Günəşli» sanatoriyasınını yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd qara rəngil kağıza bükülmüş içərisində təmiz çəkisi 0,693 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 10 ildir ki, narkotik maddələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Mərdəkan qəsəbəsi «Günəşli» sanatoriyasının yaxınlığında olarkən 2 nəfər polis işçisi ona yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməyini tələb etmişlər. O da polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlar onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu deyib onu 1-ci PŞ-nə dəvət etmişlər. Orada olan zaman polis əməkdaşları ona üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı zərurəti olduğunu demiş, hüquqlarının müdafəsi üçün vəkil dəvət etmişlər. Əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra isə polis əməkdaşları üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd içərisində narkotik vasitə heroin olan qara rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata özü istifadə etmək üçün alıb üstündə gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdirilmə aparılmış, tərtib edilmiş sənədlər o və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşman olduğunu bildirir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Mrkamil oğlu göstərdi ki, Əməliyyat qrupunun rəhbəri qismində olmaqla həmin şöbənin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi «Günəşli» sanatoriyasının yaxınlığında saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə 1-ci PŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 1-ci PŞ-nə getmişdir. PŞ-də təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş içərisində narkotik vasitə-heroin olan bükümü çıxarıb təqdim etmiş, büküm açıldıqda içərisində narkotik vasitə-heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin heroin olduğunu, onu xx.xx.2023cü il tarixdə özü istifadə etmək üçün Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 Mrkamil oğlunun göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2023-cü il tarixli, 6/907 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 157” möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən …..» və s. sözlər, imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 0,693 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,693 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,643 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (yüz on) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2023cü il tarixli, 2408 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,693 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,643 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-518/2023 saylı 14 iyul 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması faktı məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-518/2023 saylı 14 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 09 may 2023-cü il tarixdən 10 may 2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-518/2023 saylı 14 iyul 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 10 may 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 fevral 2023cü il tarixdən 16 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün və 09 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün, ümumilikdə 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 14 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,643 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-518/2023 saylı 14 iyul 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün və 09 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün, ümumilikdə 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 14 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,643 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110,00 (yüz on) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar