Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-471/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Kürdəmir rayonunun Böyük Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Kürdəmir rayonunun Böyük Kəngərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-471/2023 saylı 24 iyul 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 15 sentyabr 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,250 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, 14 mart 2023-cü il tarixdə saat 19:00 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən 149 nömrəli məktəbin arxasında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrdən bir müddətdir ki, istifadə edir. 14 mart 2023-cü il tarixdə saat 19 radələrində Binə qəsəbəsində 149 nömrəli məktəbin arxasında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyi tələb etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdasları xidmət apardıqları ərazidə baș vermiş bir sıra oğurluq hadisələri ilə bağlı onu Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə PŞ-nə getmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı ona üzərində hər hansı bir qanunsuz əşya olubolmadığı barədə sual vermiş, olduğu təqdirdə onu çıxarıb könüllü təqdim etməyini təklif etmiş, o da əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu, onu 14 mart 2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsi ərazisində tanimadığı șəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, həmin zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi bu əməli etiraf edir və peşmançılıq çəkir, himayəsində yetkinlik yaşına çatmayan 3 uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Хəzər RPİ-nin 3-cü PŞ-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, 14 mart 2023-cü il tarixdə 3-cü PŞnin polis sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə ərazidə baş vermiş bir sİra oğurluq hadisələri ilə bağlı xidmətdə olduqları zaman saat 19 radələrində Binə qəsəbəsi Ə.lsazadə küçəsində yerləşən 149 nömrəli orta məktəbin arxasında özünü şübhəli aparan bir nəfər şəxs diqqətlərini cəlb etdiyinə görə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini teqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməyi tələb etmiş, həmin şəxs özünü təqdim etdikdən sonra onu 3-cü PŞ-nin inzibati binasına dəvət etmiş, həmin şəxs onların təklifinə etiraz etməyərək onlarla birlikdə 3-cũ PŞ-nin inzibati binasına gəldikdən sonra onun şəxsin X4 olduğu müəyyən olunmuşdur. Bundan sonra Elburuz Sadiqovun barəsində arașdırma aparlması baş təhqiqatçı, polis mayoru Anar Hacıyevə həvalə edilmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı Elburuz Sadiqov üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı barədə sual vermiş, olduğu təqdirdə onu çıxarıb könüllü təqdim etməyini təklif etmiş, Elburuz Sadiqov da əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu, onu 14 mart 2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsi ərazisində tanimadığı șəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, lakin Elburuz Sadiqovun üzərindən qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Elburuz Sadiqovun təqdim etdiyi narkotik vasitə heroin tərəflərindən götürülərək zərfə qoyulub qablaşdırılmış, həmin zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi, polis kapitanı Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 15 mart 2023-cü il tarixli 6/1575 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi, “..Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə: soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,250 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,250 qram, tədqiqata sərf edilən miqdar - 0,050 qram, qalıq - 0,200 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,00 (səksən səkkiz) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 2364 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,250 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalıq qalmış – 0,200 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 dekabr 2007-ci il təvəllüdlü Ayşən Sadıqova, 15 dekabr 2008-ci il təvəllüdlü Nərmin Sadıqova və 10 oktyabr 2015-ci il təvəllüdlü Murad Sadıqov adlı yetkinlik yaşına çatmayan 3 uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, barəsində Xətai RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 14 oktyabr 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-494/2022 saylı 16 noyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində 12 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) bir günə 2 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(011)- 494/2022 saylı 16 noyabr 2022-ci il tarixli hökmü 7 dekabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 30 noyabr 2023cü il tarixli 61-2022/5 saylı məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-494/2022 saylı 16 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkməkdən boyun qaçırdığına görə barəsində Kürdəmir Rayon Məhkəməsinin 7(041)-4/2023 saylı 06 mart 2023-cü il tarixli qərarı ilə tutulması müəyyən edilmişdir. Məhkum gəlib qeydiyyatdan keçmədiyi üçün cəzamüddəti hesablanmamış və cəza çəkilməmiş qalmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2022-cü il tarixli 1(011)-494/2023 saylı hökmü ilə təyin olunmuş və 21 dekabr 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2022-cü il tarixli 1(011)-494/2023 saylı hökmü ilə təyin olunmuş və 21 dekabr 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-471/2023 saylı 24 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ tərəfindən məhkəməyə ünvanlanmış 15 sentyabr 2023-cü il tarixli 3-13-45-3/2-10201/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən Xətai rayonu ərazisində yeri müəyyən edilərək tutulmuş və aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 mart 2023cü il tarixdən 16 mart 2023-cü il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 15 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 88,00 (səksən səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri vəkili X3 və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili vəkili X3 15 iş saatına görə 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 18 iş saatına görə 108,00 (yüz səkkiz) manat olmaqla ümumilikdə 198,00 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2022-cü il tarixli 1(011)-494/2023 saylı hökmü ilə təyin olunmuş və 21 dekabr 2023-cü il tarixə çəkilməmiş qalan 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88,00 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Maşallsh oğluna 108,00 (yüz səkkiz) manat olmaqla ümumilikdə 198,00 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-471/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-471/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver