Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-472/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-ǝzici xassəyə malik soyuq silah əldə edib özündə saxlamış, 23 yanvar 2024-cü il tarixdə onu yük çantasında gəzdirməklə Bakı-Saratov aviareysilə uçmaq üçün “Heydər Əliyev” Beynəlxalq Aeroportuna gələrkən özü ilə gətirmiş, həmin gün saat 13:05 radələrində T-1 X1 Baş İdarəsinin postundakı X-Ray monitorunda yoxlamadan keçən zaman ona məxsus göy rəngli yük çantasından Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən həmin soyuq silah hesab edilən 01 ədəd kastet (beşbarmaq) aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasının Saratov şəhərində yaşayır. Təqribən oktyabr ayının ortalarında şəxsi işlərilə əlaqədar Azərbaycana gəlmişdir. İşlərini bitirdikdən sonra 23 yanvar 2024-cü il tarixə Saratov-Bakı aviareysinə bilet aldırdığına görə Yevlaxdan Bakıya gəlmişdir. Həmin gün saat təqribən 13:20 radələrində taksi ilə gəlib “Heydər Əliyev” Beynəlxalq Aeroportunda düşmüş və T1 Terminalının «B» girişində quraşdırılan yoxlama postuna yaxınlaşmışdır. Orada xidmət aparan əməkdaşlar üzərində olan əşyaları monitor yoxlamasında olan plastik qaba qoymağı tələb etmişlər. O, üzərində olan telefonunu plastik qaba qoyub monitordan keçmişdir. Çantalarını isə yoxlanması üçün monitora qoymuşdur. Çantalar monitordan çıxdıqdan sonra orada nəzarət edən Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşı ondan çantada olan metal əşyalar barədə soruşduqda, çantasında metal əşya olmadığını bildirmişdir. Sonra həmin əməkdaş ona bildirmişdi ki, çantası monitordan keçərkən içərisində soyuq silah hesab olunan və gəzdirilməsi qadağan olunmuş beşbarmaq əksi görünür. Sonra o, həmin çantanı götürüb kənarda açmış və paltarlarının arasından beşbarmaq çıxartmışdır. Sonra oraya digər əməkdaşlar gəlmiş, protokollaşdırılaraq onu və həmin beşbarmağı polis əməkdaşına təhvil vermişlər. Həmin kasteti (beşbarmağı) təqribən 5-6 il əvvəl yaşadığı Yevlax şəhərində yerdən tapmışdır. Həmin vaxtdan onu evdə şkafda saxlamış, Bakıya gələrkən tələsərək paltarlarını çantaya yığanda, həmin beşbarmaq da onların arasında çantaya düşmüşdür. Onun çantada olmasından xəbəri olmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə beşbarmaq adı ilə bildiyi həmin kastetin soyuq silah hesab olunmasını və əldə edib gəzdirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu bilmişdir. Lakin həmin beşbarmağın çantada olmasından xəbəri olmamışdır. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 oğlu qeyd etdi ki, o, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Sərnişin Daşımalarına Nəzarət Xidmətinin rentgen qurğuları üzrə inspektoru vəzifəsində işləyir. 23 yanvar 2024-cü il tarixdə “Heydər Əliyev” Beynəlxalq Aeroportunun T1 Terminalının «B» zonasında girişdə xidmətdə olmuşdur. Saat təqribən 13:05 radələrində terminala daxil olan sərnişinləri və digər şəxsləri yoxlamadan keçirərkən, sonradan şəxsiyyəti məlum olan, Bakı-Saratov aviareysinin sərnişini vətəndaş Təqsirləndirilən şəxs yük çantasını yoxlamadan keçirərkən, əşyaların arasında beşbarmağa oxşar predmetin görüntüsünü müəyyən etmişdir. Əvvəllər də iş təcrübəsində belə bir fakt olduğuna görə, həmin predmetin beşbarmaq olmasını təxmini müəyyən etmişdir. Həmin sərnişindən çantasında belə bir əşya olub olmamasını soruşduqda, o, bildirmişdir ki, çantasında elə bir predmet yoxdur. Dərhal yaxınlıqda olan böyük inspektor və qrup rəhbəri Vüsal Mövsümova bu barədə məlumat vermişdir. X7 həmin sərnişinlə birlikdə çantadakı əşyaları çıxarıb baxdıqda, çantada olan əşyaların arasından 01 ədəd metal beşbarmaq aşkar olunmuşdur. Sonra növbə rəisi də həmin posta gələrək polisə məlumat vermiş, təlimata uyğun olaraq bu barədə akt tərtib etmişlər və həmin şəxsi akt və maddi sübutla birlikdə araşdırma aparılması üçün polis əməkdaşına təhvil vermişlər. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Sərnişin Daşımalarına Nəzarət Xidmətinin böyük inspektoru, qrup rəhbəri X4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/207 saylı rəyinən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 İdarəsinin İB-nin baş müstəntiqi Ə.Ələkbərov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - xx.xx.2024-cü il tarixli 2313C saylı aktdan aydın olur ki, Bakı-Saratov istiqamətində uçan Təqsirləndirilən şəxs çantasına baxış zamanı 01 ədəd beşbarmaq aşkar edilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs çantasını X-RAY qurğusundan keçərməsi, sonra Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşının qurğunun monitorunun önündəki masada yazı (akt) yazması, Təqsirləndirilən şəxs həmin aktı imzalaması və oraya polis əməkdaşlarının gəlməsi qeyd olunur. - Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd kastet (beşbarmaq) maddi sübut kimi tanınmışdır. - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Yevlax şəhər 1 saylı Ərazi Dairəsi üzrə Nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 01 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və X5 İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd soyuq silah hesab edilən kastet (beşbarmaq) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 64 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, X5 İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd kastet (beşbarmaq) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-472/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-472/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver